Məhkəmə qərarları › İş №2-1(106)-318/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-318/2025

07.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-318/2025 07.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X1 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli, 2-1(120)-946/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, hərbi xidmət dövrü ərzində istifadə etmədiyi növbəti məzuniyyətə görə pul kompensasiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim P.Qurbanova) 09 yanvar 2025-ci il tarixli, 2- 1(120)-946/2025 nömrəli qərardadı ilə iddia mümkünsüz sayılmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ehtiyata buraxılma əmri qəbul edildikdən sonra aparılmış hər hansı bir araşdırma iddiaçını hazırki tələbi mübahisələndirmək imkanından məhrum etmirdi. Həmçinin iddiaçı ərizəsində xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət etdiyini bildirsə də, inzibati məhkəməyə yalnız xx.xx.2024-cü il tarixdə, yəni kifayət qədər uzun müddət ötürüldükdən sonra müraciət etmişdir. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində N №-li hərbi hissənin zabiti kimi həqiqi hərbi xidmət keçmişdir. xx.xx.1994-cü il tarixdə Müdafiə Nazirinin xx.xx.1995-ci il tarixli 0371 nömrəli əmrinə və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin xx.xx.1994-cü il tarixli 0380 nömrəli əmrinə əsasən "Hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin siyahısından çıxarılmışdır. Zabit kimi hərbi xidmət dövrü ərzində növbəti məzuniyyətdən, ümumiyyətlə, istifadə etməmişdir. Hərbi xidmət dövrü istifadə etmədiyi növbəti məzuniyyət günlərinə görə pul kompensasiyasının ödənilməsi üçün o, xx.xx.2023-cü il tarixdə cavabdehə ərizə ilə müraciət elmişdir. Bərdə hərbi birləşməsindən ona ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda bildirilir ki, pul kompensasiyasının ona ödənilməsi üçün sənədləri hazırlanır. Lakin bu günə qədər ona heç bir kompensasiya hesablanmamış və ödənilməmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia mübahisələndirməyə dair iddia növünə aid deyil, inzibati orqanın faktiki hərəkətsizliyi nəticəsində ona verilməyən məzuniyyətə dair kompensasiya tələbinə dairdir. Məhkəmə qeyd edilən normanın tətbiqində səhvə yol vermişdir. Mübahisələndirilən inzibati orqanın hərəkətsizliyinin edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində inzibati orqanın hərəkətsizliyinin mübahisələndirilməsinə dair müddət nəzərdə tutulmamışdır. Bu səbəbdən iddiaçı istinad edilən inzibati orqanın hərəkətsizliyinin mübahisələndirilməsi imkanını 30 iyun 2011-ci il tarixədək itirməmişdir. Odur ki, bu əsasa görə məhkəmənin iddia müddətinin ötürülməsi barədə dəlili əsaslı sayıla bilməz. Həmçinin analoji iddialar üzrə, yəni İPM qanuni qüvvəyə minməzdən əvvəl məzuniyyətə çıxmamış şəxslərin məzuniyyət hüquqları bərpa edilərək onlara kompensasiya ödənilmişdir. İddiaçı ilə eyni statusa malik olan şəxslərin iddialarının təmin olunmasına dair qanuni qüvvəyə minmiş kifayət qədər məhkəmə aktları mövcuddur. Prosessual məsələlər Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə etmiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəmdəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Əsaslandırma Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən hüquqi və fiziki şəxslərin hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı bələdiyyələr, icra hakimiyyəti orqanları və onların struktur qurumlarının cavabdeh qismində iştirak etdiyi işlər üzrə 2016-2017-ci illərdə məhkəmə təcrübəsi öyrənilərək məhkəmələrə tövsiyə olunmuşdur ki, “İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu”. Həmçinin “Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər”. Məhkəmə qeyd olunan tövsiyəni nəzərə alaraq hazırki iş üzrə də eyni hüquqi yanaşmanın tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, baxılan iş üzrə iddiaçı 1994 və 1995-ci illər ərzində istifadə etmədiyi növbəti məzuniyyətlərə görə pul kompensasiyasının ödənilməsini tələb etsə də, həmin məsələnin məhkəmə qaydasında mübahisələndirilməsi imkanı artıq aradan qalxmışdır və qüvvədə olan İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanını istisna edir. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaəti əsaslı hesab edərək qeyd edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli, 2-1(120)-946/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar