Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-319/2025 24.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X5 və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2-1(120)-991/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Dövlət-Tibbi Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarının ona münasibətdə ləğv edilməsi və həmin vaxtdan orqanizmin funksiyalarıının 35-60 faiz pozulmasına uyğun olaraq əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim P.Qurbanova) 16 dekabr 2024-cü il tarixli, 2- 1(120)-991/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı əyani müayinəyə cəlb edilmiş, həmçinin iş üzrə iddiaçının sağlamlıq vəziyyətinin müəyyən edilməsi üçün tibbi ekspertiza təyin edilmiş və ekspert tərəfindən müvafiq rəylər verilmişdir. Əyani müayinə və ekspertiza zamanı iddiaçıda “obliterasiyaedən trombangit [Byurger xəstəliyi], obliterasiyaedici trombangit, hər iki aşağı ətrafın dizaltı baldır arteriyaların stenooklyuziyası, sağ ayağın İİ distal falanqasının tendovaginitinə görə ekzartikulyasiyadan sonrakı vəziyyət, periferik damarların dəqiqləşdirilməmiş xəstəliyi, sağ ayağın İİ barmağının ekzartikulyasiyadan sonrakı xroniki osteomieliti, yerişin pozulması, aşağı ətrafların İİİ-İV dərəcəli işemiyası (spazm)” diaqnozları öz təsdiqini tapsa da, həmin diaqnozlar əlilliyin müəyyən olunması meyarlarının hər hansı bəndinə uyğun hesab edilməmişdir. Beləliklə, iddiaçıda olan xəstəliklər xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2-ci bəndində, həmçinin Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əlavədə səciyyələnmiş xəstəliklərin əhatə dairəsinə düşmədiyindən cavabdeh inzibati orqanın hərəkətləri “İnzibati icraat haqqında” Qanunla müəyyən olunmuş icraat qaydalarına uyğun olaraq qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, N saylı hərbi hissədə hərbi xidmət keçərkən səhhətinə zərər dəymiş və sağlamlığını itirmişdir. xx.xx.1996-cı ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hospitalında müayinə və müalicə olunmuşdur. Ona «Sağ ayağın İİ distal falanqasının tendovaqınıtı» kliniki diaqnoz təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2009-cu il tarixli, 303 saylı qərarı ilə xəstəliyin səbəbi «Xəstəlik, hərbi xidmət dövründə alınmışdır» təsdiqini tapmışdır. Əlilliyin səbəbi hərbi xidmət dövrü ilə əlaqədar olmuşdur. Cavabdeh tərəfindən ona xx.xx.2009-cu ildə İİ dərəcəli əlillik təyin edilmişdir. Hər il ardıcıl tibbi müayinələrdən keçmişdir və əlillik dərəcəsi öz təsdiqini tapmışdır. İİ dərəcəli hərbi statuslu əlil olmaqla xx.xx.2009-cu il tarixdən xx.xx.2021-ci il tarixə kimi DSMF-nin Saatlı rayon şöbəsindən əlilliklə bağlı pensiya almışdır. 12 ildir ki, İİ dərəcəli əlildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş «Əlilliyin müəyyən olunması meyarlarına dair» Əsasnamənin 4.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Əlilliyi ilə bağlı əsas diaqnoz Əsasnamənin 2.2.12-ci bəndinə uyğundur. Əsasnamənin 6.1-ci bəndinə əsasən 2016-cı ilin aprel ayında TSERAS tərəfindən 2021-ci ili aprel ayına kimi əlillik müddətin 5 il müddətinə uzadılmışdır. 05 aprel 2021-ci il tarixdə əlillik dərəcəsinin təyinatı ilə bağlı o, Saatlı rayon X2 X7-Məsləhət Komissiyasının 0309003AANFJ saylı elektron göndərişi (Forma 088) əsasında cavabdehə müraciət etmişdir. TSEK-nın xx.xx.2021-ci il tarixli məlumatına əsasən ona xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixə kimi (5 illik müddətə) İİ dərəcəli əlillik təyin edilmişdir. Əlilliklə bağlı pensiyanın bərpası (davamı) ilə bağlı o, TSEK-nın müayinə aktını DSMF-nin Saatlı Rayon Şöbəsinə təqdim etmişdir. DSMF-nin Saatlı rayon şöbəsindən ona bildirilmişdir ki, cavabdeh orqan qanunsuz olaraq onun hərbi əlil statusu ilə bağlı Formanın qiymətləndirilməsinə dair nəticəni əsassız səbəbdən etibarsız hesab etmişdir. Cavabdeh orqanda əyani müayinədə olsa da, heç bir əsas olmadan 12 il ərzində əlil olmağına baxmayaraq cavabdeh qanunsuz olaraq onun əlilliyini etibarsız hesab etmişdir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan obarət olmuşdur ki, Dövlət Tibbi- Sosial Ekspertiza və X1-sosial ekspert komissiyası (bundan sonra – Komissiya) xx.xx.2022-ci il tarixdə vətəndaşların əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinə həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: 12) Saatlı rayon sakini xx.xx.1976-cı il təvəllüdlü İddiaçı əlillik vəziyyəti DTSERA-da əyani müayinə zamanı xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar verilmişdir. Yenidən əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinə aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2009-cu il tarixli 303 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sağ ayağın İİ distal falanqasının tendovaginiti” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Vətəndaş xx.xx.2022-ci il tarixdə DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin müayinəsi zamanı əlillik təyinatına əsas verən qan dövranı pozğunluğu əlamətləri və ya funksional pozuntular müəyyən edilmir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı hər iki diz oynağında şişkinlik, sızıltı, keyləşmə hissindən şikayət etmişdir. Müayinə zamanı hər iki aşağı ətrafda, ödem, trofik pozuntu izlənilməmiş, hərəkətlər tam həcmdə olmuş, yerli hərarət dəyişiksiz qeydə alınmışdır. DTSERA-da xx.xx.2022-ci il tarixli Aşağı ətraf arteriyalarının dopplerografiyası müayinəsinin nəticəsi “Magistral tipli trifazik axımları” kimi müəyyənləşdirilmişdir. Akademik M.A.Topçubaşov adına X3 xx.xx.2021-ci il tarixli Tibbi rəydə diaqnoz, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Anamnestik məlumatlarda, instrumental və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verən xroniki qan dövranı pozğunluğu əlamətləri aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi birbaşa cavabdehin yanlış qərarını əsas götürərək onun marağına uyğun qanunsuz qərar qəbul etmişdir. Məhkəmə təkrar və əlavə ekspertiza təyin etməmiş, iş materiallrında olan tibbi sənədlərə hüquqi qiymət verməmiş, onu ixtisaslı tibb müəssisəsinə müvafiq rəyin alınması üçün əyani müayinəyə göndərməmişdir. Məhkəmə işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, hüquqi əhəmiyyət kəsb edən faktları qiymətləndirməmişdir. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 303 №-li, xx.xx.2009-cu il tarixli qərarından görünür ki, Saatlı RHK tərəfindən 1995-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət dövründə aldığı və xx.xx.1996-cı ildə N saylı hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik - diaqnoz: «Sağ ayağın İİ distal falanqasının tendovaqiniti» (Saatlı RHK-nın xx.xx.2009-cu il tarixli 08.1.2009-cu il tarixli 6 nömrəli göndərişi, xx.xx.2009-cu il tarixli 6 nömrəli arayışı, 775 saylı xəstəlik tarixindən çıxarış epikrizinin surəti, hərbi biletdən çıxarış ilə təsdiq edilir) «xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır». -Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin elektron informasiya sistemindən elektron çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixli müayinə nəticəsində İddiaçı obliterasiya edən trombangiit (Byurger xəstəliyi), Obliterasiya edən (Byurger xəstəliyi), Obliterasiyaedici trombangit. Hər iki aşağı ətrafın dizaltı baldır arteriyalarının stenookluziyası? Sağ ayağın İİ distal falanqasının tendovagintinə görə ekzartikulasiyadan sonrakı vəziyyət diaqnozu qoyulmuş, imtinanın səbəbi kimi diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. -Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və X4” X8 tərəfindən verilmiş sağlamlıq vəziyyətinin təyininə dair 994/KEŞ nömrəli ekspert rəyində bildirilir ki, İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert omissiyası tərəfindən qiymətləndirilməsi ilə əlaqədar Saatlı Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin xx.xx.2021-ci il tarixli ******* AANEJ saylı göndəriş rəsmiləşdirilmişdir. Forma № 88 arayışda əsas diaqnoz qrafasında qeyd edilmiş Obliterasiyaedən trombangit (Byurger xəstəliyi). Hər iki aşağı ətrafın dizaltı-baldır arteriyalarının stenookluziyası. Sağ ayaqda İİ distal falanqasının tendovaginitinə görə kzartikulyasiyadan sonrakı vəziyyət” və əsas diaqnozun ağırlaşması qrafasında Periferik damarların dəqiqləşdirilməmiş xəstəliyi. Sağ ayağın İİ barmağının kzartikulyasiyadan sonrakı xroniki osteomieliti. Yerişin pozulması. Aşağı ətrafların İİİ-İV dərəcəli işemiyası (spazm)” diaqnozu nəzərə alınmaqla şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər hazırda əlillik təyini səviyyəsində olmadığından ona birinci, ikinci və ya üçüncü dərəcəli əlilliyin təyin olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin hər hansı bəndini aid etmək mümkün olmadı. İddiaçı əyani müayinəsi zamanı onda əsas diaqnozun ağırlaşmaları müəyyən edilmədi. İddiaçı qeyd edilən xəstəliklərlə əlaqədar o, sahə poliklinikasında qeydiyyatda olmaqla ambulator müalicə, reabilitasiya prosedurları, həmçinin xəstəliklərin kəskinləşəcəyi təqdirdə və zərurət yarandığı halda stasionar şəraitdə müalicə oluna bilər. -Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 19 iyul 2024-cü il tarixli qərarından görünür ki, əlavə əyani müayinəsinin araşdırılması aparılaraq müəyyən olundu ki, H. Əliyevə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2009-cu il tarixli 303 nömrəli Qərar verilmişdir. Həmin qərarda "Sağ ayağın İİ distal falanqasının tendovaginiti" diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır" kimi müəyyənləşdirilmişdir. Akademik M.A. Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin xx.xx.2021-ci il tarixli tibbi rəyində diaqnoz "Obliterasiyaedici trombangit. Hər iki aşağı ətrafda dizaltı-baldır arteriyalarının stenookluziyası. Aşağı ətrafların İİİ–İV dərəcəli xroniki işemiyası. Sağ ayağın İİ barmağının ekzartikulyasiyasından sonrakı xroniki osteomielit" kimi qeyd olunmuş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. DTSERA-da xx.xx.2024-cü il tarixli aşağı ətraf arteriyaların doppleroqrafiyası müayinəsinin nəticəsi "Sağ dorsalis pedis – bifazik-trifazik. Sol dorsalis pedis – trifazik. Magistral arteriyaların aterosklerozu" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Vətəndaş xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə DTSERA-da əyani müayinədən keçirilmiş, diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə yoxlayaraq hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən: 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın:- -1.1-ci bəndinə əsasən əlilliyin müəyyən olunması meyarları “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. -3.1-ci bəndinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Yuxarıda qeyd edilən ekspert rəyində göstərilmişdir ki, aşağı ətrafların İİİ-İV işemiyası (spazm) diaqnozu nəzərə alınmaqla şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər hazırda əlillik təyini səviyyəsində deyildir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçıda olan xəstəliklərin əlilliyin müəyyən olunması meyarlarının hər hansı bəndinə uyğun gəlməməsi barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2-1(120)-991/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-319/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-319/2025
24.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver