Məhkəmə qərarları › İş №2-1(106)-32/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-32/2023

23.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-32/2023 23.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı işi üzrə Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Həsənov Müşfiq Kamil oğlu və X10 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “X2 «Azərbaycan Milli Qəhrəmanı» adına təltif olunması üçün təqdimat verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Şirvan İnzibati Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli 2-1(120)-502/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı oğlu X11 xx.xx.1974-cü ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində doğulmuş, xx.xx.1994-cü ildə Ağdam uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. X3 “Azərbaycan Milli Qəhramanı” adına təltif olunması üçün təqdimat verilməsi ilə əlaqədar inzibati orqana müraciət etmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 08 iyul 2019-cu il tarixli, 1/S-9440 nömrəli məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh mövqeyini onunla əsaslandırmışdır ki, Müdafiə Nazirliyinin təltif komissiyasında Silahlı Qüvvələrdə xidmət keçmiş hərbi qulluqçuların təltif edilməsi məsələsinə “Azərbaycan Respublikası Silahlı Qüvvələrində Azərbaycan Respublikasının orden və medalları ilə təltif etmə, fəxri adlar və mükafatların verilmə qaydaları haqqında” Təlimatın tələblərinə müvafiq olaraq, xidmət etdikləri hərbi hissə komandirlərinin təqdim etdikləri və yuxarı qərargahlarda müsbət baxılmış təqdimat əsasında baxıla bilər. Mərhum oğlu Məhəmməd Süleymanovun təltif olunması barədə Müdafiə Nazirliyinin Təltif komissiyasına təqdimat daxil olmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, X2 «Azərbaycanın Milli Qəhrəmanı» adına təltif olunması üçün təqdimat verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbinin əsası kimi göstərmişdir ki, oğlu X11 1974-cü il iyun ayının 28-də Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olmuşdur. Mənfur Ermənistan dövləti Azərbaycan torpaqlarını işğal etmək niyyətini həyata keçirmək istiqamətində hərəkətə başladıqdan bir müddət sonra qaçqınçılıq dövründə doğma el-obadan didərgin düşüb başqa ərazilərdə məskunlaşmışlar. Həmin vaxtı onun bir oğlu Manaf Süleymanov N saylı hərbi hissədə qulluq etmişdir. Erməni işğalçılarına nifrət hissi ailənin son beşiyi X1 olaraq qardaşının xidmət etdiyi hərbi hissəyə aparmışdır. Qısa müddət ərzində hərbinin qayda-qanunlarına yiyələnərək, xidməti istifadəsində qumbaratan silahın sirlərini qavramışdır. 1992 və 1993-cü illərdə Cəbrayıl uğrunda gedən döyüşlərdə şəxsi hərbi fədakarlık göstərərək düşmənin 1 ədəd tankını, 1 ədəd BMP-sini, çox sayda texnikasını, piyadaların döyüş maşınını və 20-dən artıq canlı qüvvəsini məhv etmişdir. Ağdam uğrunda gedən döyüşlərdə hərbi fədakarlıq nümunəsi göstərərək düşmənin 2 tankını məhv etmişdir. Ağdam uğrunda gedən növbəti döyüşdə mühasirədə qalan döyüş yoldaşlarını düşmənin döyüş texnikasını irəliləməyə qoymayaraq mühasirədən çıxarmışdır. Həmin döyüşdə düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində qəlpədən yaralanmış və 02 yanvar 1994-cü ildə şəhid olmuşdur. Komandanlıq tərəfindən döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə o, müsbət xasiyyətiəndirilmiş, döyüş yoldaşları onun yüksək ada təltif olunması üçün müraciətlər etmiş, həmçinin komandanlıq tərəfindən «Azərbaycanın Milli Qəhrəmanı» fəxri adı verilməsi üçün təqdimat verilmişdir. Təqdimatda göstərilir ki, siravi X11 N №-li hərbi hissənin tərkibində döyüşdüyü müddət ərzində erməni quldurlarına qarşı Azərbaycan torpaqlarının azadlığı uğrunda qəhrəmancasına vuruşmuş və həlak olmuşdur. Komandanlıq tərəfindən verilən bütün tapşırıqların öhdəsindən gəlməyi bacarırmışdır, özünü bacarıqlı, nizam-intizamlı bir əsgər kimi tanıtmışdır. Bu xasiyyətlərinə görə 31 dekabr 1993-cü il tarixdə Ağdamın Güllücə kəndinin ətrafında yerləşən böyük kanalın müdafiəsi uğrunda gedən döyüşlərdə düşmənin bir tankını və 5 nəfər canlı qüvvəsini məhv etmişdir. xx.xx.1994-cü il tarixdə quduzlaşmış düşmənin hücumunu dəf edərkən aldığı mərmi qəlpəsi nəticəsində şəhid olmuşdur. Bu səbəblərdən göstərdiyi qəhrəmanlıqlara görə «Azərbaycanın Milli Qəhrəmanı» adına təltif olunması üçün təqdimat təqdim olunmuşdur. Bundan sonra təltif sənədləri Müdafiə Nazirliyi tərəfindən itirilmişdir. Belə ki, Füzuli rayon Hərbi Komissarı, polkovnik leytnant İ.Xudiyevin imzaladığı xx.xx.2002-ci il tarixli 668 №-li məktubda göstərilir ki, 1997-ci ildə X11 haqqında topladığı təltif sənədlərini sabiq icra başçısı, hal-hazırda Milli Məclisin deputatı K.Əliyev, Müdafiə Nazirinin köməkçisi mayor Ə.Babayevlə telefonla danışdıqdan sonra sənədlərin ona əl ilə çatdırılmasını xahiş etmişdir. O, isə həmin vaxtı sənədləri Müdafiə Nazirliyinin giriş qapısındakı komendant vasitəsi ilə mayor Babayevə çatdırılması üçün vermişdir. Sənədlərin şəxsən mayor Babayevə verməyini xahiş etsə də, komendat kənar şəxslərin ora buraxılmamasını bildirirək sənədləri şəxsən çatdıracağını bildirmiş və ona verməyi tələb etmişdir. Həmin sənədlərin sonrakı taleyi qaranlıq qalmışdır. Yalnız sənədlərin surəti komissarlıqda qalmış və o da həmin surətləri əldə etmişdir. O, Azərbaycan Respublikası Prezidentinə müraciət etmiş, müraciət Müdafiə Nazirliyinə göndərilmiş və həmin orqandan ona verilmiş olan cavabda bildirilmişdir ki, Müdafiə Nazirliyinin təltif komissiyasında Silahlı qüvvələrdə xidmət keçmiş hərbi qulluqçuların təltif edilməsi məsələsinə «Azərbaycan Respublikası silahlı qüvvələrində Azərbaycan Respublikasının orden və medalları ilə təltif etmək, fəxri adlar və mükafatların verilmə qaydaları haqqında» Təlimatın tələblərinə müvafiq olaraq, xidmət etdikləri hərbi hissə komandirlərinin təqdim etdikləri və yuxarı qərargahlarda müsbət baxılmış təqdimat əsasında baxıla bilər. Məktub onunla yekunlaşır ki, mərhum oğlu Məhəmməd Süleymanovun təltif olunması barədə Müdafiə Nazirliyinin Təltif komissiyasına təqdimat daxil olmamışdır. Bu məktula onların ailənin hüquqları pozulub. Belə ki, mərhum oğlu layiq olduğu «Azərbaycanın Milli Qəhrəmanı» adına təltif olunmamışdır. Halbuki onun barəsində təqdimat şəhid olduğu tarixdən az sonra verilmiş, lakin Müdafiə Nazirliyində həmin sənədlər itirilmişdir. Bununla da «Azərbaycan Respublikası silahlı qüvvələrində Azərbaycan Respublikasının orden və medalları ilə təltif etmək, fəxri adlar və mükafatların verilmə qaydaları haqqında» Təlimatın tələbləri pozulmuşdur. Qeyd edilmiş faktiki və hüquqi əsaslara görə o, öhdəlik müəyyən olunması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məcburetmə haqqında iddia onlara oğlunun layiq olduğu fəxri adın verilməsi üçün zəruridir. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının tələbinin mahiyyəti, onun şəhid övladı X6 “Azərbaycanın Milli Qəhrəmanı” adına təltif olunması üçün təqdimatın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, “Azərbaycanın Milli Qəhrəmanı” adının müəyyən olunması haqqında Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən “Azərbaycanın Milli Qəhrəmanı” adı Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə verilir. “Azərbaycanın Milli Qəhrəmanı” adı Azərbaycan Respublikasının Prezidenti tərəfindən onun öz təşəbbüsü ilə və ya irəli sürülmüş vəsatətlərə əsasən verilir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini-Kadrlar İdarəsinin xx.xx.2021-ci il tarixli 1/S20055 nömrəli məktubunda isə göstərilir ki, X6 N nömrəli hərbi hissədə xidmət edərkən Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidməti və rəşadətinin olması barədə hər hansı bir məlumata, həmçinin bu məlumatları təsdiq edən heç bir rəsmi sənədə rast gəlinməmişdir. Yuxarıda göstərildiyi kimi, mərhum M.İddiaçı təltifi ilə bağlı Müdafiə Nazirliyində hər hansı bir sənəd yoxdur. Bundan başqa, hərbi hissənin və ya digər qurumların konkret şəxsin “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülməsi barədə Müdafiə Nazirliyi qarşısında vəsatət qaldırması, təqdimat verilməsi cavabdehin həmin təqdimatı aidiyyəti üzrə təqdim etmək vəzifəsini yaratmır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının iddiaçı X9 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 2-1(102)- 2848/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarında göstərilir ki, “Azərbaycanın milli Qəhrəmanı” adına layiq görülməsinə dair təqdimatın yuxarı icra orqanına verilməsi bilavasitə cavabdeh orqanın mülahizəsindən asılı olmaqla sonuncunun diskresion səlahiyyətinə aiddir. İddiaçının arzuladığı tələbə uyğun inzibati orqanın üzərinə vəzifə qoyulması isə cavabdeh inzibati orqanın birbaşa diskresion səlahiyyətinə müdaxilə təşkil etmiş olar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Odur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müfdafiə Nazirliyinə qarşı iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Şirvan İnzibati Məhkəməsinin 22 sentyabr 2022-cı il tarixli, 2-1(120)-502/2022 saylı qərarı ilə (hakim A.A.Hüseynova) iddia təmin edilməmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, “Azərbaycan Milli Qəhrəmanı” adına layiq görülməsinə dair təqdimatın yuxarı icra orqanına verilməsi bilavasitə cavabdeh orqanı mülahizəsindən asılı olmaqla sonuncunun diskresion səlahiyyətinə aiddir. İddiaçının arzuladığı tələbə uyğun inzibati orqanın üzərinə vəzifənin qoyulması isə cavabdeh inzibati orqanın birbaşa diskression səlahiyyətinə müdaxilə təşkil etmiş olar. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin imtinası qanunidir, cavabdeh inzibati orqan məhz qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçıya X2 «Azərbaycan Milli Qəhramanı» adına təltif olunması üçün təqdimat verilməsindən imtina etmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək qərarın tam ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeri qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının apellyasiya şikayəti iddia ərizəsi ilə eynilik təşkil edir. İddiaçı əlavə olaraq apellyasiya şikayətində bildirmişdir ki, Şirvan İnzibati Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2-1(120)-502/2022 nömrəli qərarı əsassız və qanunsuzdur. Belə ki, qərarda yalnız hakimin şəxsi mülahizəsi, cavabdeh tərəfin mənafeyi əsas götürülmüş, iddiaçının mənafeyi nəzərə alınmamış, işin faktiki hallarına qiymət verilməmiş, işə baxılarkən Azərbaycan Respublikası MM-nin 1.1-ci maddəsinin və Azərbaycan Respublikası MPMnin 2, 9.2, 9.3, 14.1, 80 və 88-ci maddələrinin, Azərbaycan Respublikasl İPM-nin 68.2-ci maddəsinin tələbləri pozulmuşdur. Faktiki olaraq məhkəmə mübahisəni araşdırmamış, cavabdehin mənafeyi naminə, onun xeyrinə olan xüsusatları qərara köçürməklə kifayətlənmişdir. Şirvan İnzibati Məhkəmənin 22 sentyabr 2022-ci il tarixli, 2-1(120)- 502/2022 nömrəli qərarından görünür ki, tələbinin təmin edilməməsinin əsas səbəbi kimi mərhum oğlunun təltif olunması barədə Müdafiə Nazirliyinin təltif komisiyyasına təqdimat daxil olmaması göstərilib. Halbuki, məhkəməyə təqdim edilmiş, yuxarıda göstərilən sənədlərdən görünür ki, belə bir təqdimat olmuş və nazirliyə təqdim edilmişdir. Bu fakt sənədlərin surətləri ilə təsdiq olunmaqla heç bir mübahisə doğurmur. Deməli, Müdafiə Nazirliyinin mərhum oğlunun təltif edilməsi barədə təqdimat-vəsatət verməsi üçün əsas vardır, lakin bunu əsaslı səbəb olmadan etmir. Ona görə də məhkəmə cavabdehin üzərinə həmin öhdəliyi qoya bilər. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutları tam və hərtərəfli, obyektiv qiymətləndirmədən, düzgün olmayan nəticəyə gəlmişdir.işdə olan döyüşçü Məhəmməd Süleymanovun döyüş yoldaşlarının və hərbi rəhbərləri olan S.S.Mirzəyev, A.İ.Əliyev, M.H.Verdiyev, H.T.Həsənov, İ.R.Zeynalov, E.İ.Quliyev, E.V.Quliyev, A.Y.Xankişiyev, Xanəhmədov, C.M.Nuriyev, Ə.M.Səfərov, K.T.Səfərov, X.Ə.Mehdiyev, H.T.Həsənov, İ.R.Zeynalov, A.N.Göyüşov tərəfindən edilmiş müraciətlərə əsasən, 1-ci bölüyün əsgəri X11 1992 və 1993-cü ildə Cəbrayıl uğrunda gedən döyüşlərdə şəxsi hərbi fədakarlıq göstərərək düşmənin 1 ədəd tankını, 1 ədəd BMP-ni, piyadaların döyüş maşınını və 20 dən artıq canlı qüvvəsini məhv etmişdir. X11 döyüşlərini Ağdam uğrunda gedən döyüşlərdə davam etdirərək, orada da hərbi fədakarlıq nümunəsi göstərərək, düşmənin 2 tankını məhv etmişdir. Ağdam uğrunda gedən növbəti döyüşlərdə mühasirədə qalan döyüş yoldaşlarını düşmənin döyüş texnikasını irəliləməyə qoymayaraq mühasirədən çıxarmışdır. Həmin döyüşdə düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində qəlpədən yaralanmış və 02 yanvar 1994-cü ildə şəhid olmuşdur. Xahiş etmişlər ki, X11 barədə qərar qəbul edərkən bunlar nəzərə alınsın. X4 Qarabağda etdiyi fədakarlığa görə rəhbərlik tərəfindən Milli qəhrəman kimi rəsmiləşdirilmişdir. Həmin sənəd başqasının xahişi ilə də itirilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2019-cu il tarixli, 1/S-9440 saylı məktubuna əsasən, Azərbaycan Respublikası Prezidentinə ünvanlanan müraciətə Müdafiə Nazirliyinin Şəxsi Heyyət Baş İdarəsinin Kadrlar Şöbəsində baxılmışdır. Müdafiə Nazirliyinin təltif Komissiyasında Silahlı Qüvvələrdə xidmət keçmiş hərbi qulluqçuların təltif edilməsi məsləsinə “Azərbaycan Respublikası silahlı qüvvələrində Azərbaycan Respublikasının orden və medalları ilə təltif etmək, fəxri adlar və mükafatların verilmə qaydaları haqqında” təlimatın tələblərinə müvafiq olaraq, xidmət etdikləri hərbi hissə komandirlərinin təqdim etgdikləri və yuxarı qərargahlarda baxılmış təqdimat əsasında baxıla bilər. Mərhum oğlu Məhəmməd Süleymanovun təltif olunması barədə Müdafiə nazirliyinə təqdimat göndərilsə də, bunu nəzərə almırlar. Füzuli rayon Hərbi Komissarlığının 668, xx.xx.2020-ci il tarixli məktuba əsasən şəhid X12 haqqında toplanan təltif sənədləri sabiq icra hakimiyyəti başçısı, halhazırda Milli Məclisin deputatı K.Əliyev, Müdafiə Nazirinin köməkçisi mayor Ə.Babayevlə telefonla danışdıqdan sonra sənədlərin ona əl ilə çatdırılmasını xahiş etmişdir. O, isə həmin vaxt sənədləri Müdafiə Nazirliyinin giriş qapısındakı komendant vasitəsilə mayor Babayevə çatdırılması üçün vermişdir. Sənədin şəxsən mayor Babayevə verilməsini xahiş etsə də, komendant kənar şəxslərin buraxılmamasını bildirərək sənədləri şəxsən çatdıracağını bildirmiş və ona verməyini tələb etmişdir. Bütün bunlar 1997-ci ilə təsadüf edir. İş materiallarına X2 döyüş yoldaşlarının hərbi rəhbərlərinin izahatları, müraciətləri, N saylı hərbi hissə tərəfindən verilmiş xəsiyyətnamə və təqdimatın surətləri əlavə edilmişdir. Məhkəmə işə baxarkən onun irəli sürdüyü dəlilləri nəzərə almamış, bununla prosessual qanunvericiliyin tələbləri pozulmuşdur. Məhkəmə mübahisəni araşdırarkən qeyd etdiyi hallara qiymət verməmiş və düzgün olmayan nəticəyə gəlmişdir. Qanunun tələblərindən göründüyü kimi, cavabdehin ondan əlavə sənədlər tələb etməsinə səlahiyyəti yoxdur. Şəhid oğlu cavabdehin tabeliyində olan hərbi hissədə xidmət etmişdir və cavabdeh özünün tabeçiliyində olan hərbi hissə və ya digər təşkilatlardan zəruri sənədləri tələb edə bilər. Bundan əvvəl, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli qərarı ilə onun qaldırdığı həmin məsələyə baxılması Müdafiə Nazirliyinə həvalə edilmiş, lakin cavabdeh təşkilat ötən müddətdə heç bir iş görməmişdir. Məhkəmə iclasında bu barədə fikir bildirməsinə baxmayaraq, məhkəmə bu hala hüquqi qiymət verməmişdir. Qeyd edilənlərə əsasən məhkəmənin qərarı qanunsuz və əsassızdır. Ona görə də Azərbaycan Respublikası İPM-nin tələblərinə əsasən Şirvan İnzibati Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli 2-1(120)-502/2022 saylı qərarını tam ləğv edib iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Prosessual məsələlər Apellyasiya məhkəməsində iddiaçı apellyasiya şikayətini müdafiə edib, şikayətin dəlillərinə uyğun izahat verərək Şirvan İnzibati Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli 2-1(120)-502/2022 nömrəli qərarının ləğv olunmasını və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəmə kollegiyasına məlumat verilməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq İnzibati Prosessual Məcəllə Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgünhəlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin halların müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. İşin hallarından müəyyən edilir ki, iddiaçı şəhid X3 “Azərbaycan Milli Qəhramanı” adına təltif olunması üçün təqdimat verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. İnzibati orqanın belə öhdəliyin olub-olmamasının müəyyən edilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirinin 17 may 2004-cü il tarixli, 223 saylı əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində Azərbaycan Respublikasının orden və medalları ilə təltif etmə, fəxri adlar və mükafatların verilmə qaydaları haqqında Təlimatın aşağıdakı müddəaları təhlil olunmalıdır. Belə ki həmin Təlimatın: 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ən yüksək fərqlənmə dərəcəsi olan “Azərbaycanın Milli Qəhrəmanı” adı, əsasən, Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə verilir. “Azərbaycanın Milli Qəhrəmanı” adı Azərbaycan Respublikasının Prezidenti tərəfindən onun öz təşəbbüsü ilə və ya irəli sürülmüş vəsatətlərə əsasən verilir. 7-ci maddəsinə əsasən Silahlı Qüvvələrin hərbi qulluqçularının, fəhlə və qulluqçularının müvafiq orden və medallarla təltif olunması, onlara Azərbaycan Respublikasının yüksək fərqlənmə dərəcəsi və fəxri adlarının verilməsi barədə təqdimatlar Azərbaycan Respublikası Müdafiə naziri tərəfindən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına göndərilir. Təltifi Müdafiə nazirinin səlahiyyətində olan medallar üçün təqdimatlar isə Müdafiə nazirinə təqdim olunur; 8-ci maddəsinə əsasən təltif sənədlərinin tərtibatı, Azərbaycan Respublikasının orden və medallarının vaxtında verilməsinin təşkili, təltif olunma haqqında sənədlərin hazırlanması və təqdim edilməsi, orden və medalların verilməsi hesabat sənədlərinin hazırlanması Silahlı Qüvvələrin kadrlar orqanlarına həvalə edilir. 10-cu maddəsinə əsasən bütün təltif sənədləri “Silahlı Qüvvələrin şəxsi heyətinin təltif olunması və fəxri adlara təqdim edilməsi üzrə komissiya”da baxıldıqdan sonra Azərbaycan Respublikasının Müdafiə nazirinə təqdim olunur. 11-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı X5 21-ci maddəsinə əsasən öz tabeliyində olan hərbi qulluqçuları bu Əsasnamənin 3-cü maddəsində göstərilmiş xidmətlərə görə Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmağa təqdim etmək hüququ alay (briqada) komandirlərinə, onlara bərabər və böyük komandirlərə, əlahiddə tabor (İİİ dərəcəli gəmilər divizionu) komandirlərinə, həmçinin tabor (İİİ dərəcəli gəmi) komandirlərinin intizam səlahiyyətlərinə malik olan əlahiddə hissə komandirlərinə (rəislərinə) verilir; 12-ci maddəsinə əsasən Silahlı Qüvvələrin fəhlə və qulluqçularının Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmağa təqdim edilməsi, bir qayda olaraq, Müdafiə Nazirliyinin hərbi hissələrinin, birlik, birləşmə komandirləri, idarə və hərbi təhsil müəssisələrinin, təşkilat və müəssisələrin rəisləri tərəfindən təltifə təqdim olunanların iş yerləri üzrə həmkarlar təşkilatları ilə razılaşdırılaraq həyata keçirilir. 22-ci maddəsinə əsasən təqdimatlar üç nüsxədə tərtib olunur. Hərbi hissə, birlik, birləşmə, idarə, müəssisə və təşkilatların hərbi qulluqçuları, fəhlə və qulluqçuları üçün tərtib olunmuş təqdimatların birinci və ikinci nüsxələri birbaşa rəislərin rəyi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri və qoşun növləri komandanlarının (rəislərinin), Müdafiə Nazirliyinin idarə, müstəqil şöbə və xidmətlərinin rəislərinin rəyi üçün onlara göndərilir. Təqdimatların birinci və ikinci nüsxələri bilavasitə rəislərin rəylərindən sonra Müdafiə Nazirliyinin Kadrlar və Hərbi Təhsil İdarəsinə təqdim edilir. Təqdimatın üçüncü nüsxəsi onun tərtib olunduğu hərbi hissədə saxlanılır. Təqdimatların surətləri saxlanılmayan kadr orqanları Azərbaycan Respublikasının orden və medalları ilə təltifə təqdim olunmuş şəxslərin fərdi uçotunu aparır. Müdafiə Nazirliyinin Kadrlar və Hərbi Təhsil İdarəsinə daxil olmuş təltif sənədləri Müdafiə nazirinin əmri ilə yaradılmış təltif komissiyasına təqdim edilir. Təltif komissiyasında baxılaraq haqqında müsbət qərar qəbul edilmiş təltif sənədləri qərar qəbul olunması üçün Azərbaycan Respublikası Müdafiə nazirinə məruzə olunur. 23-cü maddəsiinə əsasən haqqında müsbət qərar qəbul edilmiş təqdimatlar əsasında Müdafiə Nazirliyinin Kadrlar və Hərbi Təhsil İdarəsində Silahlı Qüvvələrin hərbi qulluqçularının, fəhlə və qulluqçularının Azərbaycan Respublikasının orden və medalları ilə (təltif səlahiyyəti Azərbaycan Respublikası Müdafiə nazirinə verilmiş medallardan başqa) təltif olunması barədə Azərbaycan Respublikası Prezidentinə Müdafiə nazirinin təqdimatı layihəsi hazırlanır. Yuxarıda qeyd olunan normaların qarşılıqlı təhlili onu deməyə əsas verir ki, hərbi qulluqçuların təltif edilməsi və onlara fəxri adların verilməsi barədə təqdimatlar vermək səlahiyyəti məhdud şəxslərin dairəsinə aid edilmişdir. Həmin şəxslərin təqdimatı hərbi hissənin rəislərinin rəyi ilə daha sonra digər rəylərin alınması üçün Azərbaycan Respublikası Silahlı Qüvvələri və qoşun növləri komandanlarına, Müdafiə Nazirliyinin idarə, müstəqil şöbə və xidmətlərinin rəislərinə göndərilməlidir. Müsbət rəylər verildiyi halda, növbəti mərhələdə həmin sənədlər xüsusi yaradılmış təltif komissiyasına baxılmaq üçün təqdim edilir. Komissiya tərəfindən müsbət rəy qəbul olunduqda, qərar qəbul edilmək üçün Azərbaycan Respublikası Müdafiə nazirinə məruzə edilir. Orden və medallar ilə təltif olunması barədə sonuncu mərhələ olaraq Azərbaycan Respublikası Prezidentinə Müdafiə nazirinin təqdimatı layihəsi hazırlanır. Beləliklə də, qanunvericiliyin təhlilin nəticəsinə görə “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi müvafiq qurumların və komissiyanın, habelə Azərbaycan Respublikası Müdafiə nazirinin qiymətləndirilməsindən asılıdır və Azərbaycan Respublikası Prezidentinin səlahiyyətinə aid edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin apardığı hüquqi qiymətləndirmə ilə qismən razılaşaraq hesab edir ki, məsələnin həlli inzibati orqanın diskresion səlahiyyətinə aiddir, ancaq bununla yanaşı müvafiq prosedur qaydalarına riayət edilməsi də gərəkdir. Qeyd etmək lazımdır ki, iddiaçıya münasibətdə bu qaydaların yerinə yetirilməsi müəyyən edilməmişdir. Nəzərə almaq lazımdır ki, cavabdeh inzibati orqan iddiaçıya cavab məktubunda onun tələbinin təmin edilməsindən imtina etməmiş, sadəcə Məhəmməd Süleymanovun təltif olunması barədə Müdafiə Nazirliyinin Təltif komissiyasına təqdimat daxil olmadığını bildirmişdir. Bununla yanaşı, iş materiallarında olan sənədlərən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Azərbaycanın Milli Qəhrəmanı” adına təltif olunması üçün təqdimat verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 4260/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə qismən təmin olunmuş, X2 “Azərbaycanın Milli Qəhrəmanı” adına təltif olunmasına layiq görülüb-görülməməsi məsələsinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınaraq, baxılmasının Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə olunması qərara alınmışdır. Eyni zamanda 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4260/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı məhkəmənin xx.xx.2020-ci il tarixli məktubu ilə icra olunması üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə göndərilmişdir. Həmin qərarla bağlı görülmüş icra tədbirlərinə dair Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2021-ci il tarixli, 1S-15089 saylı məktubunda qeyd olunmuşdur ki,...“Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə N nömrəli hərbi hissədə xidmət etmiş şəhid X8 “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi üçün təqdim olunan təqdimatın surətini və təqdimatın qeydiyyatı barədə məlumatın Şəxsi Heyət Baş İdarəsinin Kadrlar idarəsinə göndərilməsi üçün sorğu göndərilmiş, lakin təqdimat və qeydiyyatı barədə heç bir məlumatın olmadığı bildirilmişdir. Bundan əlavə, Müdafiə Nazirliyinin Təltif komissiyasına X2 təltif olunması barədə rəsmi qaydada heç bir təqdimatı və ya təltif sənədi daxil olmamışdır. Məlumat üçün bildirirəm ki, Müdafiə Nazirliyinin Təltif komissiyasında Silahlı Qüvvələrdə xidmət keçmiş hərbi qulluqçuların təltif edilməsi məsələsinə “Azərbaycan Respublikası Silahlı Qüvvələrində Azərbaycan Respublikasının orden və medalları ilə təltif etmə, fəxri adlar və mükafatların verilmə qaydaları haqqında” Təlimatın tələblərinə müvafiq olaraq, yalnız onların xidmət etdikləri hərbi hissə komandirlərinin təqdim etdikləri və yuxarı qərargahlarda müsbət baxılmış təqdimatlar əsasında baxıla bilər”. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən hazırkı iddianın qaldırılması üçün inzibati orqanın öhdəliyinin diskresion səlahiyyətlər çərçivəsində qanunla müəyyən olunmuş hüdudlar daxilində həyata keçirilibkeçirilməməsinin yoxlanılmasından əvvəl müvafiq prossedur qaydalarına (təqdimatın verilməsi, rəylərin toplanması, komissiyada baxılması və s.) əməl edilməsi zəruridir. Başqa sözlə, müvafiq Təlimatda inzibati orqanın publik hüquqdan irəli gələn öhdəliyinin icra edilməsindən əvvəl digər zəruri olan hərəkətlərin həyata keçirilməsi müəyyən edilmişdir. Ancaq iş materiallarında olan sənədlərdən müəyyən edilir ki, həmin qaydalara riayət olunmamışdır. Məhkəmə tərkibinin qənaəti ondan ibarətdir ki, hazırkı halda cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulduğu müəyyən olunmur, eləcə də onun qanunvercilikdə nəzərdə tutulmuş vəzifəsini yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Belə olan halda, İnzibati Prosessual Məcəllənin 35-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, hazırkı iddia tələbinin mümkünlük şərtləri ödənilmədiyindən iddia mümkün sayılmamalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2-1(120)-502/2022 nömrəli qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli 2-1(120)-502/2022 nömrəli nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar