Məhkəmə qərarları › İş №2-1(106)-320/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-320/2023

01.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-320/2023 01.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əliyeva Nərmin Ramiz qızının, İddiaçı nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndələri Qarayev Elsevər Ələddin oğlunun və Ağayev Nazim Əbülfəz oğlunun iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2-1(120)-765/2023 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********160403 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Amilya Hüseynova) 26 aprel 2023-cü il tarixli, 2-1(120)-765/2023 nömrəli qərarı ilə iddianın qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin İddiaçı İV rüb 2017-ci ildən İİİ rüb 2021-ci ilədək olan dövr üzrə sahibkarlıq fəaliyyəti ilə bağlı aparılmış səyyar vergi yoxlamasının nəticələri üzrə qəbul etdiyi vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********160403 nömrəli qərarının 10456,9 manat vergi məbləği və həmin məbləğin 50%-ni təşkil edən 5228,45 manat maliyyə sanksiyası istisna olmaqla qalan hissədə ləğv edilməsi qərara alınmışdır. Qərardan cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin qərarında vergi ödəyicisinin gəlirlərini birbaşa müəyyən etmək mümkün olmadığı üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək tətbiq edilmişdir. Halbuki, xərc sənədlərinin təqdim olunubolunmamasından asılı olmayaraq, vergi orqanı mənfəət vergisinin hesablanması zamanı şərti rentabellik normasının tətbiq edilməsindən əvvəl Vergi Məcəlləsinin 67.1-67.13-cü maddəsində nəzərdə tutulmuş hərəkətlərin ardıcıllığına riayət etməli idi. Cavabdeh tərəfindən əlavə mənfəət vergisinin hesablanması üçün əsas iddiaçı tərəfindən mənfəətin düzgün əks etdirilməməsidir. Bu əsasın yaranmasınının səbəbi kimi cavabdeh xərc sənədlərinin iddiaçı tərəfindən təqdim edilməməsinə istinad etmişdir. Bu halda cavabdeh Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinin tələblərini tətbiq etməklə şərti rentabellik norması əsasında mənfəət vergisini hesablamışdır. Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən, bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Sadalanmış müddəaların tələblərindən göründüyü kimi, səyyar vergi yoxlaması keçirilən zaman sənədlər təqdim edilmədikdə və yaxud mühasibat uçotu müəyyən edilmiş qaydada aparılmadıqda, cavabdeh tərəfindən vergilərin əlaqəli məlumatlardan istifadə edilməklə hesablamaq hüququ nəzərdə tutulmuşdur. İlk olaraq belə əlaqəli məlumatlar kimi iddiaçıya aid olan məlumatlardan istifadə edilməsi müəyyən edilmişdir. Beləliklə, qanunveriliciyin müddəalarından göründüyü kimi, vergilərin hesablanmasının hüquqi əsasını ilk olaraq Vergi Məcəlləsinin 67.1-ci maddəsi təşkil edir ki, həmin maddədə birbaşa olaraq vergi ödəyicisinə aid məlumatlardan istifadə edilməsi nəzərdə tutulmuşdur. Həmin məlumatlar əsasında vergi ödəyicisinin gəlirini dəqiq müəyyən etmək mümkün olduğu halda, vergi orqanına 67.14-cü maddəyə əsasən artıq mənfəət vergisini hesablamaq hüququ verilmişdir. Hesabat dövrü ərzində ödənilməli olan ƏDV-nin məbləğinin hesablanması üçün aşağıdakı göstəricilər müəyyən edilməlidir: vergi tutulan dövriyyədən hesablanan verginin məbləği; elektron vergi hesab-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği. Beləliklə, maddələrin tələblərinə görə, ƏDV bir halda vergi tutulan dövriyyədən birbaşa olaraq 18 faizlə hesablanmalı, digər halda isə əgər vergi ödəyicisinin elektron vergi hesab-fakturaya əsasən verginin əvəzləşdirilməsi hüququ yaranmışdırsa, həmin məbləğ çıxmaqla hesablanmalıdır. Elektron vergi hesab-fakturanın vergi tutulan əməliyyatın aparıldığı gündən 5 gün ərzində verilməsi müəyyən edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh inzibati orqan apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən vergi qanunvericiliyinə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş, yoxlama ilə ümumilikdə vergilərin azaldılması müəyyən edilmiş, bununla əlaqədar səyyar vergi yoxlaması aktı tərtib edilmiş və maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmənin təyin etdiyi ekspert səyyar vergi yoxlaması aktında hesablamalar aparılarkən artıq ödəniş məbləği nəzərə alınmadan az hesablanmış vergi məbləğinin olduğunu müəyyənləşdirmiş, lakin azaldılmış məbləğin müəyyənləşdirilməsi qaydası rəydə əks olunmamışdır. Həmçinin yoxlama zamanı Vergi Məcəlləsinin maddələrinə əsasən tətbiq edilmiş maliyyə sanksiyası barədə rəydə məlumat verilməmişdir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi Qarayev Elsevər Ələddin oğlu məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddiaçının nümayəndəsi Vəkil məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, cavabdeh inzibati orqan qanunsuz qərar qəbul etmiş və əsassız vergi borcu hesablamışdır. Belə ki, cavabdeh inzibati orqan 2018-2021-ci illərdə iddiaçı tərəfindən gəlir vergisi, əlavə dəyər vergisi, sadələşdirilmiş vergi, ödəmə mənbəyində tutulan vergilər üzrə hesablanmış vergilərin azaldıldığını hesab edərək xx.xx.2021-ci il tarixli, **********151659 nömrəli qərar qəbul edərək xx.xx.2022-ci il tarixli səyyar vergi yoxlaması keçirmiş və nəticədə xx.xx.2022-ci il tarixli qərar qəbul edərək iddiaçıya ümumilikdə 229561,52 manat əlavə vergi, 444658,99 manat maliyyə sanksiyası hesablamışdır. Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən, bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Sadalanmış müddəaların tələblərindən göründüyü kimi, səyyar vergi yoxlaması keçirilən zaman sənədlər təqdim edilmədikdə və yaxud mühasibat uçotu müəyyən edilmiş qaydada aparılmadıqda, cavabdeh tərəfindən vergilərin əlaqəli məlumatlardan istifadə edilməklə hesablamaq hüququ nəzərdə tutulmuşdur. İlk olaraq belə əlaqəli məlumatlar kimi iddiaçıya aid olan məlumatlardan istifadə edilməsi müəyyən edilmişdir. Beləliklə, qanunveriliciyin müddəalarından göründüyü kimi, vergilərin hesablanmasının hüquqi əsasını ilk olaraq Vergi Məcəlləsinin 67.1-ci maddəsi təşkil edir ki, həmin maddədə birbaşa olaraq vergi ödəyicisinə aid məlumatlardan istifadə edilməsi nəzərdə tutulmuşdur. Həmin məlumatlar əsasında vergi ödəyicisinin gəlirini dəqiq müəyyən etmək mümkün olduğu halda, vergi orqanına 67.14-cü maddəyə əsasən artıq mənfəət vergisini hesablamaq hüququ verilmişdir. Hesabat dövrü ərzində ödənilməli olan ƏDV-nin məbləğinin hesablanması üçün aşağıdakı göstəricilər müəyyən edilməlidir: vergi tutulan dövriyyədən hesablanan verginin məbləği; elektron vergi hesab-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği. Beləliklə, maddələrin tələblərinə görə, ƏDV bir halda vergi tutulan dövriyyədən birbaşa olaraq 18 faizlə hesablanmalı, digər halda isə əgər vergi ödəyicisinin elektron vergi hesab-fakturaya əsasən verginin əvəzləşdirilməsi hüququ yaranmışdırsa, həmin məbləğ çıxmaqla hesablanmalıdır. Elektron vergi hesab-fakturanın vergi tutulan əməliyyatın aparıldığı gündən 5 gün ərzində verilməsi müəyyən edilmişdir. Cavabdeh inzibati orqan səyyar vergi yoxlaması (xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək) zamanı əsassız olaraq xx.xx.2021-ci il tarixli müddətin uzadılması, xx.xx.2022-ci il tarixli müvəqqəti dayandırma, xx.xx.2022-ci il tarixli müvəqqəti dayandırma, xx.xx.2022-ci il tarixli müvəqqəti dayandırma, xx.xx.2022-ci il tarixli müvəqqəti dayandırma, xx.xx.2022-ci il tarixli müvəqqəti dayandırma, xx.xx.2022-ci il tarixli müvəqqəti dayandırma, xx.xx.2022-ci il tarixli müvəqqəti dayandırma barədə qərarlarını Vergi Məcəlləsinin 38.7.2-ci maddəsini (səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək) əsas tutaraq qəbul etsə də bununla bağlı hər hansısa sübut təqdim edə bilməmişdir. İddiaçının nümayəndəsi qeyd edir ki, iddiaçının əmək qabiliyyətini müvəqqəti itirmə halı baş verməmişdir. Cavabdeh inzibati orqan səyyar vergi yoxlaması aktında və qəbul etdiyi qərarda əlavə hesabladığı vergiləri, eləcə də uzadılma və dayandırma barədə qərarlarını əsaslandıra bilməmiş və bu barədə mötəbər sübutlar təqdim etməmişdir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Həmin Məcəllənin 3.5-ci maddəsinə əsasən heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 3.9-cu maddəsinə əsasən vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 24.0.2-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Həmin Məcəllənin 38.3-cü və 38.3.5-ci maddələrinə əsasən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə vergi orqanları tərəfindən növbədənkənar vergi yoxlaması keçirilə bilər. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 54.0.1-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən haldır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 27 noyabr 2003-cü il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən, vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. İşin faktiki hallarından görünür ki, cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli **********151659 nömrəli qərarı ilə iddiaçının xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan vergi dövrü üzrə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama xx.xx.2021-ci il tarixdə başlanılmış xx.xx.2022-ci il tarixdə başa çatdırılaraq, nəticəsi xx.xx.2022-ci il tarixli **********152484 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmiş və onun əsasında xx.xx.2022-ci il tarixli, **********160403 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edilmişdir. 2018-2021-ci illərdə iddiaçı tərəfindən gəlir vergisi, əlavə dəyər vergisi, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları, ödəmə mənbəyində tutulan vergilər üzrə hesablanmış vergilərin azaldıldığını hesab edərək cavabdeh inzibati orqan iddiaçıya ümumilikdə 229561,52 manat əlavə vergi, 444658,99 manat maliyyə sanksiyası hesablamışdır. İddiaçı hazırda qeyd edilən qərarı mübahisələndirir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 fevral 2023-cü il tarixli, 9/8496 nömrəli rəyində bildirilmişdir ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, **********152484 nömrəli səyyar vergi yoxlaması aktından göründüyü kimi, vergi orqanı tərəfindən vergi ödəyicisinə əlavə hesablanmış vergilərin və məcburi dövlət sosial sığorta haqlarının ümumilikdə məbləği 229561,52 manat olmuşdur. Həmçinin xx.xx.2022-ci il tarixli, **********152484 nömrəli səyyar vergi yoxlaması aktında vergi ödəyicisinin şəxsi hesab vərəqəsi məlumatlarına əsasən həmin səyyar vergi yoxlamasının tərtib olunma tarixinə, yəni xx.xx.2022-ci il tarixə vergi ödəyicinin 150023,73 manat artıq ödəməsinin olduğu müəyyən edildi. Lakin, həmin aktda öz əksini tapmış 150023,73 manat artıq ödəniş məbləği son nəticədə əlavə olaraq büdcəyə hesablanmış 229561,52 manat məbləğində vergilər hesablanarkən nəzərə alınmamışdır. Yəni, xx.xx.2022-ci il tarixli, **********152484 nömrəli səyyar vergi yoxlaması aktında əlavə olaraq hesablanmış 229561,52 manat məbəğində vergilər və məcburi dövlət sosial sığorta haqqı məbləğinə 150023,73 manat artıq ödəniş məbləği yönəldilməmişdir. Tədqiqata əlavə olaraq təqdim edilmiş və vergi ödəyicisinin çap olunma tarixi xx.xx.2022-ci il olan şəxsi hesab vərəqəsi məlumatları nəzərə alınmaqla xx.xx.2022-ci il tarixli, **********152484 nömrəli səyyar vergi yoxlaması aktı ilə əlavə hesablanılmış vergi və məcburi dövlət sosial sığorta haqları üzrə yekunda vergi ödəyicisi tərəfindən ödənilməli olan qalıq borcun 10456,9 manat məbləğində olması müəyyən edilmişdir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən, yoxlamanın əhatə etdiyi dövr ərzində vergi ödəyicisi tərəfindən aparılmış əməliyyatlara görə xx.xx.2022-ci il tarixli, **********152484 nömrəli səyyar vergi yoxlaması aktı ilə əlavə hesablanılmış vergi və məcburi dövlət sosial sığorta haqları üzrə yekunda vergi ödəyicisi tərəfindən ödənilməli olan qalıq borcun 10456,9 manat məbləğində olması müəyyən edilmişdir. Göstərilənlərlə yanaşı qeyd edilir ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş idarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə başlanmış, xx.xx.2022-ci il tarixdə başa çatdırılaraq, nəticəsinin rəsmiləşdirildiyi xx.xx.2022-ci il tarixli **********152484 nömrəli səyyar vergi yoxlaması aktında hesablamalar aparılarkən artıq ödəniş məbləği nəzərə alınmadan az hesablanmış vergi məbləği müəyyən olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinin tələbinə görə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Göründüyü kimi, vergi orqanının əməkdaşları tərəfindən yoxlama zamanı hesablamalar aparılarkən iddiaçının artıq ödəniş məbləği nəzərə alınmadan 229561,52 manat az hesablanmış vergi məbləği müəyyən olunmuş, cavabdeh təşkilat isə zəruri araşdırma aparmadan xx.xx.2022-ci il tarixli, **********152484 nömrəli səyyar vergi yoxlaması aktını əsas götürərək vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********160403 nömrəli qərar qəbul etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Cavabdeh təşkilat Məhkəmə Ekspertizası Mərkəzinin 03 fevral 2023-cü il tarixli, 9/8496 nömrəli rəyinə etiraz edərək, rəydə qeyd olunan xx.xx.2022-ci il tarixə vergi ödəyicinin 150023,73 manat artıq ödəməsinin yoxlama zamanı nəzərə alındığını bildirsə də, məhkəməyə bunu təsdiq edən sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarında qeyd edilir ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Cavabdeh inzibati orqan birinci instansiya məhkəməsinin qərarından ümumi şəkildə apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməli olduğunu qeyd etmiş, lakin apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Cavabdeh inzibati orqan səyyar vergi yoxlaması zamanı əsassız olaraq xx.xx.2021ci il tarixli müddətin uzadılması, xx.xx.2022-ci il tarixli müvəqqəti dayandırma, xx.xx.2022ci il tarixli müvəqqəti dayandırma, xx.xx.2022-ci il tarixli müvəqqəti dayandırma, xx.xx.2022-ci il tarixli müvəqqəti dayandırma, xx.xx.2022-ci il tarixli müvəqqəti dayandırma, xx.xx.2022-ci il tarixli müvəqqəti dayandırma, xx.xx.2022-ci il tarixli müvəqqəti dayandırma barədə qərarlarını Vergi Məcəlləsinin 38.7.2-ci maddəsini (səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək) əsas tutaraq qəbul etsə də bununla bağlı hər hansısa sübut təqdim edə bilməmişdir. İddiaçının nümayəndəsi qeyd edir ki, iddiaçının əmək qabiliyyətini müvəqqəti itirmə halı baş verməmişdir. Cavabdeh inzibati orqan səyyar vergi yoxlaması aktında və qəbul etdiyi qərarda əlavə hesabladığı vergiləri, eləcə də uzadılma və dayandırma barədə qərarlarını əsaslandıra bilməmiş və bu barədə mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38-ci maddəsi səyyar vergi yoxlamasının iki növünü müəyyən etmişdir: növbəti və növbədənkənar. Vergi orqanı hər iki yoxlamanın keçirilməsi ilə bağlı qərar qəbul etsə də, sözügedən qərarlar inzibati akt hesab edilmirlər. Bununla yanaşı qeyd edilməlidir ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarın müstəqil inzibati akt kimi mübahisələndirilə bilməməsi, həmin yoxlamanın keçirilməsinin qanuniliyini qiymətləndirmək imkanından məhrum etmir. Belə ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin nəticələrinə dair tərtib edilmiş akt əsasında vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi barədə vergi orqanının qəbul etdiyi qərar inzibati məhkəmə icraatında mübahisələndirildiyi halda həm də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin qanuniliyi və əsaslılığı yoxlanılır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38-ci maddəsi vergi orqanına təqvim ili ərzində bir dəfə növbəti yoxlama keçirmək hüququ verir. Eyni zamanda, qanunvericiliyə əsasən konkret sadalanmış hallarda vergi orqanı həm də növbədənkənar səyyar vergi yoxlaması keçirə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və onlardan biri də vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergi tutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir (maddə 38.3.5). Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, vergi orqanı öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu onunla bağlıdır ki, səlahiyyətverici normanın məzmununa görə vergi orqanı belə yoxlamanı keçirə bilər. Lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər vergi orqanı növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlmişsə, onda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, vergi ödəyicisinin vergi orqanından diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin yoxlanılmasını da ehtiva edir. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından vergi orqanı istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Hazırkı iş üzrə isə cavabdeh inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə xx.xx.2022-ci il tarixli qərarında Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan əlaqəli məlumatları) göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır. Bundan əlavə, cavabdeh inzibati orqan həmin əlaqəli məlumatların nə olduğunu qərarında göstərməməklə yanaşı, səyyar vergi yoxlaması aktında da qeyd etməmiş, hətta məhkəmə icraatının gedişində də bildirməmişdir. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət iddiaçıya münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər. Nəzərə almaq lazımdır ki, cavabdeh inzibati orqan ümumiyyətlə bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara bağlıdır və həmin əsaslara istinad etməlidir. Bu zaman həm də xüsusilə nəzərə alınmalıdır ki, növbədənkənar vergi yoxlaması növbəti deyil, məhz növbədənkənardır və bu baxımdan əlahiddə yoxlama olduğuna görə, onun başlanılması haqqında qərar, yoxlamanın zəruriliyini şərtləndirən vergi qanunvericiliyində təsbit olunmuş əsaslar və hallar, diskresion səlahiyyətlərin legitim məqsədləri və mütənasiblik prinsipinin tələbləri baxımından daha ətraflı şəkildə açıqlanmalı və daha ciddi şəkildə əsaslandırılmalıdır. Qeyd olunmalıdır ki, mübahisəyə baxılması və onun həll edilməsi zamanı məhkəmə mübahisə predmeti olan qərarın qanuna uyğunluğuna həm də cavabdeh inzibati orqan tərəfindən istinad olunan həmin əsaslar üzərindən qiymət verir. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinin vergi yoxlamasının başlanılması ilə bağlı vergi qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan yan qaçmağın pərdələnmiş vasitəsi kimi istifadə olunması və vergi ödənişlərinin təmin edilməsinə yönəlmiş vergi inzibatçılığının asanlaşdırılması üçün praktik məqsədlər baxımından həmin maddəyə ümumi şəkildə istinad edilməsi yolverilməzdir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın, xüsusilə də növbədənkənar yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Lakin hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz növbədənkənar yoxlamanın təyin edilməsi qaydasında həyata keçirilməsi, yəni növbədənkənar yoxlamanın keçirilməsini zəruri edən şərtlərin mövcudluğu, bununla bağlı inzibati orqanın mülahizələri, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyi cavabdeh inzibati orqan tərəfindən dəqiq və aydın şəkildə “İnzibati icraat haqqında” Qanunun 61.2-ci maddəsinə uyğun olaraq əsaslandırılmamışdır. Başqa sözlə, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini zəruri edən dəlillərin və sənədlərin inzibati icraatın gedişində iddiaçıya bildirildiyi, iddiaçıya həmin dəlilləri təkzib edən sübutların təqdim edilməsi üçün şərait yaradıldığı, başqa sözlə, inzibati icraat çərçivəsində inzibati orqanla vergi ödəyicisi arasında inzibati icraatın başlanğıcı və gedişatı ilə bağlı, inzibati icraat materialları ilə bağlı “kommunikasiyanın” olduğu iş üzrə sübuta yetirilməmişdir. Halbuki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.2-ci və “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin tələbləri baxımından, inzibati orqan icraat zamanı xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin dinlənilmə hüququnu təmin etmək, qəbul olunması nəzərdə tutulan inzibati aktla bağlı onun mülahizələrini və arqumentlərini dinləmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Məhkəmə kollegiyası həmçinin xüsusi olaraq vurğulayır ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin qarşısını almaqdan ibarətdir. Nəzərə alınmalıdır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3-cü 85.4-cü, 90.3-cü və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” xx.xx.2011-ci il tarixli qərarı). Hazırkı mübahisəyə münasibətdə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə yuxarıda istinad olunan normaların tələbləri və həmin normaların təfsiri ilə bağlı məhkəmə kollegiyasının hüquqi mövqeyi baxımından cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul etdiyi qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanunauyğunluğu iş üzrə materiallarla təsdiq olunmur. Bu mənada cavabdeh inzibati orqan tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir. Aparılmış qanunsuz inzibati icraat nəticəsində qəbul edilmiş inzibati akt da qanunsuz və əsassız sayılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-775/2022 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə oxşarlıq təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqe ifadə edilmişdir. Qeyd edilməlidir ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-1-ci maddəsinə əsasən vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarları, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarları, habelə məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsilə həyata keçirilir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2-1(120)-765/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar