Məhkəmə qərarları › İş №2-1(106)-321/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-321/2024

11.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-321/2024 11.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və X4 ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2, üçüncü şəxs Neftçala RİH-in nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı «torpaq sahəsinin mərzləşdirilməsi və kadastrı işlərinin aparılması öhdəliyinin cavabdehin üzərin qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 2-1(120)- 1497/2024 saylı qərardadından İddiaçı tərəfindən verilən apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçıcavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, “torpaq sahəsinin mərzləşdirilməsi və kadastrı işlərinin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-4298/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Neftçala rayon İcra Hakimiyyəti adi cəlbetmə qaydasında üçüncü şəxs qismində işə cəlb edilmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 2-1(120)-1497/2024 saylı qərаrdadı ilə (hakim Amilya Hüseynova) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iş üzrə növbəti prosessual hərəkətin aparılmasının davam etdirilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan ərazi idarəsinə qarşı (Neftçala Rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində cəlb olunmaqla) “mərzçəkmə və digər dövlət torpaq kadastrı işlərinin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət olunmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-l(120)-1497/2024 saylı qərardadı ilə iddia mümkün sayılmamış və qərardad müvafiq ərizə ilə məhkəməyədək icraat zamanı inzibati orqana müraciət etməməsi ilə əsaslandırılmışdır. Bildirir ki, iddia tələbinə uyğun məzmunlu ərizələrlə cavabdeh inzibati orqana lazımi müraciətlər edilmişdir. Belə ki, adından “torpaq sahəsinə dair plan və ölçünün təmin edilməsi ” (torpaq sahəsinin plan və ölçüsü həmin torpaq sahəsi barədə mərzləşdirmə və digər dövlət torpaq kadastrı işlərinin aparılması nəticəsində tərtib olunur) tələbi ilə cavabdeh orqana müraciət edilmiş, eyni zamanda Neftçala Rayon icra Hakimiyyətinə etdiyim eyni məzmunlu müraciət aidiyyəti üzrə cavabdeh orqana yönləndirilərək icarə hüququ ilə mənə məxsus torpaq sahəsinin naturada ölçülərinin müəyyən edilməsi və mənə tanıtdırılması xahiş edilmişdir. Lakin qarşı tərəf hərəkətsizlik göstərərək qeyd edilən müraciətlərə cavab verməkdən yayınmışdır. Torpaq sahəsinə dair mərzçəkmə işlərinin konkret olaraq hansı hərəkətlərdə ifadə olunması qanunvericiliklə dəqiq ifadə olunsa da, məhkəmə hazırkı iş üzrə məsələyə sadəcə formal baxış bucağından yanaşmış və istinad edilən maddi hüquq normasını pozmuşdur. torpaq sahəsinin plan və ölçüsü həmin torpaq sahəsinə dair mərzçəkmə və dövlət torpaq kadastrı işlərinin aparılması nəticəsində tərtib olunan dövlət sənədidir. Yəni plan və ölçünün tərtib edilməsi üçün yuxarıda göstərilən mərzçəkmə işləri kompleks tədbir olaraq aparılmalı və buna uyğun kadastr göstəriciləri müvafiq olaraq həmin sənəddə öz əksini tapmalıdır. Məhkəmə hazırkı iş üzrə qərardadda əsassız olaraq yuxarıda göstərilən anlayışları bir-birindən ayırmış, məhkəməyə təqdim edilən iddia ərizəsinin tələb hissəsi ilə cavabdeh inzibati orqana ünvanlanan müraciətlərdə göstərilən tələblərin eyni mənanı ifadə etdiyini nəzərə almamışdır. Göstərilənlərə əsasən Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)- 1497/2024 saylı qərardadının ləğv edilərək, iş üzrə növbəti prosessual hərəkətlərin aparılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-321/2024 saylı, 08 aprel 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadını bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 2-1(120)-1497/2024 saylı qərardadının ləğv edilərək iş üzrə növbəti prosessual hərəkətin aparılmasının davam etdirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan İnzibati Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 2-1(120)-1497/2024 saylı qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Neftçala RİH-in nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 2-1(120)-1497/2024 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilmişdir ki, “...İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir...Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci və 13-cü maddəsinin tələblərini pozmuş və bununla da iş üzrə düzgün nəticəyə gəlməmişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 2-1(120)-1497/2024 saylı qərаrdadı ləğv edilməli, iş təkrar baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiyası məhkəməsi iddianı mümkün saymamış və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçı torpaq sahəsinin mərzləşdirilməsi və kadastrı işlərinin aparılmasını Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə öhdəlik kimi qoyulmasını xahiş etmişdir, lakin iddia ərizəsinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin “Neftçala rayonu, “Kürağzı” X15 ərzisində yerləşən 5.0 ha torpaq sahəsinə dair icarə hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina olunması haqqında” məktubunu əlavə etmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçının hüquqi marağı torpaq sahəsinin mərzləşdirilməsi və kadastrı işlərinin aparılması ilə bağlıdır. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixli məhkəmə iclasında hüquqi yardım edilərək, “mərzçəkmə və digər dövlət kadastr işlərinin aparılması” barədə müraciətlə cavabdeh orqana müraciət və ya imtina məktubunun təqdim edilməsi təklif edilmişdir. Lakin İddiaçı iddia ərizəsini müdafiə edərək, lazımi müraciətlərinin etdiyini bildirsədə, cavabdeh orqana müvafiq tələblə müraciət və ya imtina məktubunu müvafiq sənədləri (cavabdehin imtina məktubunu) məhkəməyə təqdim etməmişdir. Növbəti məhkəmə iclasında İddiaçı tərəfindən məhkəməyə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanmış müraciət ərizəsini təqdim etmiş, müraciət ərizəsində qeyd edilən daşınmaz əşya üzərində icarə hüququnun qeydə alınması üçün torpaq sahəsinə dair plan və ölçünün təmin edilməsinə göstəriş verilməsini xahiş etmişdir, müraciət ərizəsinin ünvanlanması barədə poçt vasitəsilə çatdırılma barədə qəbz təqdim etmiş, qəbzin tarixi xx.xx.2023-cü il tarix göstərilmiş, iddia ərizəsi isə məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Məhkəmə tərəfindən yenidən xx.xx.2023-cü il tarixli məhkəmə iclasında hüquqi yardım edilərək, “mərzçəkmə və digər dövlət kadastr işlərinin aparılması” barədə müraciətlə cavabdeh orqana müraciət və ya imtina məktubunun təqdim edilməsi təklif edilmişdir. Lakin İddiaçı iddia ərizəsini müdafiə edərək, lazımi müraciətlərinin etdiyini bildirmişdir. Cavabdeh orqana müvafiq tələblə müraciət və ya imtina məktubunu müvafiq sənədləri (cavabdehin imtina məktubunu) məhkəməyə təqdim etməmiş, iddia tələbini dəqiqləşdirməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə proses iştirakçılarının ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə işə aid halların və faktların hərtərəfli tədqiq olunmasına yönəlmiş, obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən, iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırılmasını təmin edən və xüsusilə də şübhələri susmağa məcbur edən həcmdə araşdırma aparılmamışdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılması və öhdəliyin icrası haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi və həmin müraciətdən qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının ləğvini və işin təkrar baxılmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. İş materiallarında olan Neftçala rayon İcra Hakimiyyəti Başçısının 10 sentyabr 2014cü il tarixli Sərəncamından görünür ki, Neftçala rayonu, Bankə qəsəbə sakini X9 örüş torpaq sahəsinin icarəyə verilməsi barədə ərizəsi nəzərə alınaraq ona rayonun X14 Fondundan heyvandarlıqla məşğul olmaq məqsədi ilə 5.0 (beş) hektar örüş torpaq sahəsi 15 (on beş) il müddətinə icarəyə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-38/2-1237/202 nömrəli məktubundan görünür ki, İddiaçı Neftçala rayonu X15 ərazisində yerləşən 5.0 ha torpaq sahəsinə dair icarə hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş, lakin onun müraciətinin icrasından imtina edilmişdir. İş materiallarında olan Neftçala rayon İcra Hakimiyyəti xx.xx.2023-cü il tarixli 5-67/2- 1126/2023 saylı məktubundan görünür ki, İddiaçı Neftçala rayon İcra Hakimiyyəti Başçısının 10 avqust 2014-cü il tarixli Sərəncamı ilə ona ayrılmış 5 ha torpaq sahəsinin naturada (yerində) ölçülərək, ona tanıdılması (mərzçəkmə işlərinin aparılması) üçün Neftçala rayon İcra Hakimiyyətinə müraciət etmiş və Neftçala rayon İcra Hakimiyyəti həmin müraciəti əlavə olunan sənədlərlə birlikdə mahiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Neftçala rayon İcra Hakimiyyətinin nümayəndəsi izahatında bildirmişdir ki, həqiqətən də iddiaçı Neftçala rayon İcra Hakimiyyəti Başçısının 10 avqust 2014-cü il tarixli Sərəncamı ilə ona ayrılmış 5 ha torpaq sahəsinin naturada (yerində) ölçülərək, ona tanıdılması (mərzçəkmə işlərinin aparılması) üçün Neftçala rayon İcra Hakimiyyətinə müraciət etmiş və Neftçala rayon İcra Hakimiyyəti həmin müraciəti əlavə olunan sənədlərlə birlikdə mahiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə göndərmişdir. Məhkəmə araşdırması zamanı iş materiallarında oan sənədlərdən müəyyən edilmişdir ki, Neftçala rayon İcra Hakimiyyəti Başçısının 10 avqust 2014-cü il tarixli Sərəncamı ilə iddiaçıya 15 il müddətinə 5 ha torpaq sahəsi icarəyə verilmişdir. İddiaçı sözügedən torpaq sahəsi üzərində hüququnun qeydiyyata alınması üçün cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etmişdir. Lakin, cavabdeh qurum xx.xx.2023-cü il tarixli 3-21-3- 38/2-1237/202 nömrəli məktubla onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Bundan sonra iddiaçı həmin torpaq sahəsinin naturada (yerində) ölçülərək, ona tanıdılması (mərzçəkmə işlərinin aparılması) üçün Neftçala rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Neftçala rayon İcra Hakimiyyəti xx.xx.2023-cü il tarixli 5-67/2-1126/2023 saylı məktubla həmin müraciətin mahiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə göndərmişdir. Məhkəmə iclasında iştirak edən Neftçala rayon İcra Hakimiyyətinin nümayəndəsi izahatında bildirmişdir ki, həqiqətən də iddiaçı Neftçala rayon İcra Hakimiyyəti Başçısının 10 avqust 2014-cü il tarixli Sərəncamı ilə ona ayrılmış 5 ha torpaq sahəsinin naturada (yerində) ölçülərək, ona tanıdılması (mərzçəkmə işlərinin aparılması) üçün Neftçala rayon İcra Hakimiyyətinə müraciət etmiş və Neftçala rayon İcra Hakimiyyəti həmin müraciəti əlavə olunan sənədlərlə birlikdə mahiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə göndərmişdir. İddiaçı sərəncamla ona verilmiş torpaq sahəsinin naturada (yerində) ölçülərək, ona tanıdılmasını (mərzçəkmə işlərinin aparılmasını) cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin birinci instansiya məhkəməsi iddiaçının hazırki tələblə bağlı cavabvdehə müraciətinin olmamasını əsas gətirərək, iddianı qeyri mümkün hesab etmişdir. Məhkəmə kollegiyası müəyyən edilmiş işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 28.1 və 28.1.1-ci maddələrinə əsasən fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati icraatın başlanılması üçün əsasdır. Həmin Qanunun 28.2-ci maddəsinə əsasən bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. Həmin Qanunun 33.1-ci maddəsinə əsasən ərizəyə baxılması və həmin ərizə üzrə müvafiq inzibati aktın qəbul edilməsi başqa inzibati orqanın səlahiyyətlərinə aid olduğu halda, ərizəçinin müraciət etdiyi inzibati orqan ərizənin daxil olduğu vaxtdan ən geci 10 gün müddətində ərizəni və ona əlavə olunmuş sənədləri səlahiyyətli inzibati orqana göndərməlidir. Həmin Qanunun 33.2-ci maddəsinə əsasən ərizə və ona əlavə edilmiş sənədlərin səlahiyyətli inzibati orqana göndərilməsi barədə ərizəçiyə 6 gün müddətində yazılı şəkildə əsaslandırılmış məlumat verilməlidir. Həmin Qanunun 33.3-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində birbaşa nəzərdə tutulmamışdırsa, ərizəni müvafiq səlahiyyətli orqana göndərən inzibati orqan tərəfindən ərizənin mahiyyəti üzrə hər hansı rəy verilməsi yolverilməzdir. Həmin Qanunun 33.4-cü maddəsinə əsasən bu Qanunun 33.1-ci maddəsində nəzərdə tutulmuş hallarda ərizə qanunla müəyyən olunmuş müddətdə təqdim olunmuşdursa, ərizənin təqdim edilməsi ilə bağlı müddətə maraqlı şəxs tərəfindən əməl olunmuş sayılır. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunun 7.10cu maddəsinə əsasən müraciətə baxan subyektlər və ya onların vəzifəli şəxsləri müraciətdə irəli sürülən məsələlərin həlli onların səlahiyyətinə aid olmadıqda, müraciəti üç iş günündən gec olmayaraq aidiyyəti üzrə göndərir və müraciət edənə bu barədə məlumat verir. Müraciətdə göstərilən məsələ bir neçə müraciətə baxan subyektin səlahiyyətinə aid edildikdə müraciətin surəti üç iş günündən gec olmayaraq həmin subyektlərə göndərilir. Yuxarıda qeyd edilən hüquq normalarından görünür ki, fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati icraatın başlanılması üçün əsasdır. Müraciət üzrə irəli sürülən məsələ başqa orqanın səlahiyyətinə aid olduqda müraciətin daxil olduğu orqan həmin müraciət ərizəsini baxılması üçün həmin səlahiyyətli orqana göndərilməlidir. Həmin orqan müraciətə mahiyyəti üzrə baxmalı və nəticəsi barədə müraciət müəllifinə məlumat verməlidir. İş materiallarından görünür ki, iddiaçı mərzçəkmə işlərinin aparılması ilə bağlı iddiaçı Neftçala rayon İcra Hakimiyyətinə müraciət etmiş, Neftçala rayon İcra Hakimiyyəti isə yuxarıda qeyd edilən hüquq normalarına uyğun həmin müraciəti (ərizəni və ona əlavə olunmuş sənədləri), mahiyyəti üzrə baxılması üçün hazırkı iş üzrə cavabdeh olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə göndərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, belə olduğu halda iddiaçı iddia tələbində göstərilən məsələ ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş sayılır. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən məsələlər tam və hərtərəfli araşdırılmamışdır. Hansı ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə kolegiyasının mövqeyinə görə işə təkrar baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən dəlillər üzrə müvafiq araşdırma aparmalı, bununla bağlı təqdim olunmuş sənədləri tədqiq etməli, zərurət yaranarsa sorğular verməli və sübutlar tələb etməli və bundan sonra gəldiyi nəticəni əsaslandırmalıdır. Yuxarıda qeyd edilənlərdən çıxış edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna xidmət edən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz. Nəticə etibarı ilə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə təmin edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı birinci instansiya məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan halları, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 2-1(120)-1497/2024 saylı qərаrdadı ləğv edilməli, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 2-1(120)-1497/2024 saylı qərаrdadı ləğv edilsin, iş təkrar baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar