Məhkəmə qərarları › İş №2-1(106)-322/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-322/2024

24.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-322/2024 24.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Əhmədov İsmayıl Həmid oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, cavabdehin nümayəndəsi Cavabdeh2nın iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının 3 il əvvəlki müddət fərqinin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 2-1(120)-422/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ailə başçısını itirməyinə görə təyin edilmiş pensiyasının son üç illik məbləğini hesablayıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-1417/2023 nömrəli qərardadı ilə, iddia tələbinə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının 3 il əvvəlki müddət fərqinin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ona yaşa görə xx.xx.2022-ci il tarixdən təyin edilmişdir. Mərhum həyat yoldaşı X3 xx.xx.2012- ci il tarixdə vəfat edib. Həmin tarixdən onun Ailə başçısını itirməyə görə pensiya hüququ yaranmışdır. Lakin hüquqi savadı olmadığına görə Ailə başçısının itirilməsinə görə pensiya hüququndan istifadə edə bilməmişdir. 2022-ci ilin mart ayında bu haqda eşitdikdən sonra müvafiq ərizə ilə cavabdeh orqana müraciət etmişdir. Bundan sonra ona Ailə Başçısının itirməyə görə pensiya təyin edilmişdir. O hesab edir ki, onun hüququ 2012-ci ildən artıq yaranmışdır. Bunu nəzərə alaraq Ailə Başçısının itirməyə görə təyin edilmiş pensiyanın son üç illik məbləğinin hesablanıb ona ödənilməsi tələbi ilə yenidən cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh həmin hüququnun təmin edilməsindən imtina etmişdir. Cavabdehin ona ünvanladığı 21 oktyabr 2022ci il tarixli **********7 saylı imtina məktubunda qeyd edilir ki, “yaşa görə əmək pensiyası ilə ailə başçısını itirməyə görə əmək pensiyası məbləğləri arasındakı fərq məbləğinin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmur. O hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olumasını xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı "ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasının son üç illik məbləğinin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair 2- 1(120)- 1417/2023 nömrəli inzibati iş vardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə əsasən işə dair etiraz təqdim edir və icraata qəbul edib hüquqi qiymət verilməsini xahiş edir. Hesab edir ki, iddiaçının iddia tələbi əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 17.1-ci maddəsinə əsasən, “ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur”. Qanunun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Həmçinin, həmin Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021- ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1- dək hər il 6 ay artırılır.Həmin Qanunun 34-cü maddəsinə əsasən əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. İddiaçı xx.xx.2022-ci il tarixdə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək ona ailə başçısının itirilməsinə görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, iddiaçıya 01,04.2022-ci ıl tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə Fondun Xüsusi şərtlərlə təyinatı üzrə mərkəzi filialına müraciət edərək ona təyin edilmiş ailə başçısının itirilməsinə görə əmək pensiyasının son üç illik məbləğinin ödənilməsini xahiş etmiş, Mərkəzi filial tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********7 nömrəli cavab məktubu ilə müraciətin müsbət həlli mümkün olmamışdır. Bundan sonra iddiaçı məhkəməyə müraciət edərək iddia ərizəsində ona təyin edilmiş ailə başçısının itirilməsinə görə əmək pensiyasının son üç ilinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddiaçının iddia ərizəsindəki tələblərinə münasibətdə qeyd etmək istərdik ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən müxtəiif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir.Belə ki, iddiaçının müraciətinə əsasən Fondun Maliyyə və mühasibatlıq üzrə mərkəzi filialı tərəfindən daxil olmuş məktuba və X8 Sistemindəki qeydlərə əsasən İddiaçı xx.xx.2022-ci il tarixədək yaşa görə əmək pensiyası ödənildiyi müəyyən edilmişdir.“Əmək pensiyaları haqqında” Qanunun 35.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası payı bu barədə ərizənin qeydə alındığı aydan sonrakı ayın 1dən ayrılır.Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 13 may 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasının 6.2-ci bəndinə əsasən pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1dən ödənilir.“Əmək pensiyaları haqqında” Qanunun 20.17.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçıya xx.xx.2022-ci il tarixdən müvafiq təminat xərcliyinin (972,55 manat) 80 faizi- 778,04 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı ailə başçısının itirilməsinə görə əmək pensiyasının hesablanaraq ödənilməsini istədiyi son üç il ərzində yaşa görə əmək pensiyası ödənilmişdir. Bu halda, iddiaçıya qanunvericiliyin tələblərinə əsasən öz seçimi ilə eyni anda yalnız bir pensiya təyin olunana biləcəyini nəzərə alaraq qeyd etmək lazımdır ki, iddiaçıya ailə başçısının itirilməsinə görə əmək pensiyasının təyin olunduğu xx.xx.2022-ci il tarixədək yaşa görə əmək pensiyası ödənildiyi müəyyən edilmiş, İddiaçı xx.xx.2012-ci il tarixdə həyat yoldaşının vəfat etməsi ilə birlikdə özünün ailə başçısını itirməyə görə pensiya hüququn yarandığını iddia etsə də, o həmin hüququnu yasa görə əmək pensiyası alaraq istifadə etmişdir. Əlavə olaraq qeyd etmək istərdik ki, yaşa görə əmək pensiyası ilə ailə başçısını itirməyə görə əmək pensiyası məbləğləri arasındakı fərq məbləğinin ödənilməsi barədə qanunvericilikdə hərhansı bir göstəriş yoxdur. Beləliklə, yuxarıda qeyd edilən əsaslara görə İddiaçı təyin edilmiş əmək pensiyasının son üç illik məbləğinin hesablanaraq ödənilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilmir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının inzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən İddiaçı “ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasının son üç illik məbləğinin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia tələbininin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 2-1(120)-422/2024 saylı qərarı ilə (hakim Amilya Hüseynova) iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası Məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 17.1-ci maddəsinə əsasən, “ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur”. Qanunun 12.1-ci maddəsinə əsasən Əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əməl pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 20.17.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçıya xx.xx.2022-ci il tarixdən müvafiq təminat xərcliyinin (972,55 manat) 80 faizi-778,04 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı sonradan cavabdehə müraciət edərək ona xx.xx.2022-ci il tarixdən təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyası ilə həmin vaxta qədər aldığı yaşa görə əmək pensiyası arasındakı fərqin əvvəlki 3 il üçün hesablanıb ödənilməsini xahiş etmiş lakin müraciətin müsbət həlli mümkün olmamışdır. Qeyd etmək istərdik ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. İddiaçıya qanunvericiliyin tələblərinə əsasən öz seçimi ilə eyni anda yalnız bir pensiya təyin oluna biləcəyini nəzərə alaraq qeyd etmək lazımdır ki, İddiaçı xx.xx.2012-ci il tarixdə həyat yoldaşının vəfat etməsi ilə birlikdə özünün ailə başçısını itirməyə görə pensiya hüququn yarandığını iddia etsə də, iddiaçıya ailə başçısının itirilməsinə görə əmək pensiyasının təyin olunduğu xx.xx.2022-ci il tarixədək yaşa görə əmək pensiyası ödənilmişdir. Beləliklə iddiaçı həmin hüququnu yaşa görə əmək pensiyası alaraq istifadə etmişdir. Əlavə olaraq qeyd etmək istərdik ki, yaşa görə əmək pensiyası ilə ailə başçısını itirməyə görə əmək pensiyası məbləğləri arasındakı fərq məbləğinin ödənilməsi barədə qanunvericilikdə hərhansı bir göstəriş yoxdur. Beləliklə, yuxarıda qeyd edilən əsaslara görə iddiaçıya xx.xx.2022-ci il tarixdən təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyası ilə həmin vaxta qədər aldığı yaşa görə əmək pensiyası arasındakı fərq məbləğinin xx.xx.2022-ci il tarixdən əvvəlki 3 il üçün hesablanaraq ödənilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilmir. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 2-1(120)-422/2024 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 2-1(120)-422/2024 saylı qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsədə məhkəmə iclasında iştirak etmir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları “Əmək pensiyaları haqqında” Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 4.1. “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. Maddə 5.1. Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzulan ilə yalnız bir pensiya təyin edilir. Maddə 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; Maddə 17.1. ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Maddə 18.2. Ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği bu Qanunun 13.3-cü və 13.3-1-ci maddələrində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyalarının ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Ailə üzvlərindən biri (bu Qanunun 20.1.13-cü maddəsinə uyğun olaraq ailə başçısının qulluq stajına görə əlavə təyin olunmuş əri (arvadı) və övladları istisna olmaqla) öz seçimi ilə digər növ əmək pensiyasını, yaxud bu Qanunun 14.4-cü maddəsinə əsasən sosial müavinəti (ailə başçısını itirməyə görə müavinət istisna olmaqla) aldıqda ona ailə başçısının itirilməsinə görə düşən əmək pensiyasının məbləği digər ailə üzvləri arasında bölüşdürülməklə onların əmək pensiyasının məbləği yenidən hesablanır. Maddə 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə 32.3. Ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Maddə 34 (münasibətlər yaranan dövrdəki redaksiyada). Əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının birinci instansiya məhkəməsində işə baxılan zaman tələbi (dəqiqləşdirildikdən sonra) “ailə başçısını itirməyə görə əmək pensiyasının 3 il əvvəlki müddət fərqinin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, qüvvədə olan qanunvericiliyin tələblərinə görə əmək pensiyası şəxsin onu almaq hüququ yarandığı gündən və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə təyin edilir. İddiaçı yaşa görə pensiya almış, sonradan cavabdeh inzibati orqana müraciət edərək ailə başçısını itirməyə görə pensiyanın ona təyin olunmasını xahiş etmişdir, yəni bir pensiya növündən digər pensiya növünə keçmişdir. İddiaçıya yaşa görə pensiya aldığı vaxtlarda onun ailə başçısını itirməyə görə pensiya (daha artıq məbləğdə) almaq hüququ artıq yaranmış, lakin sonuncu həmin hüquqdan həmin vaxt istifadə etməmişdir. Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X4 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı ailə başçısını itirməyə görə pensiya növünə keçidlə bağlı müraciət edən zaman əvvəlki dövr üçün fərq məbləğini tələb etməkdə haqlı olmuş və cavabdehin bunun qanunvericilikdə nəzərdə tutulmaması əsası ilə ona imtina etməsi qanunsuz olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə kollegiyası iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirilməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları “Əmək pensiyaları haqqında” Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; Həmin Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 32.3-cü maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. İşin məhkəmə tərəfindən müəyyən olunan hallarından görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.2022-ci ilədək yaşa görə əmək pensiyası ödənilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək ona ailə başçısının itirilməsinə görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, iddiaçıya xx.xx.2022-ci il tarixdən mərhum əri X2 təminat xərcliyinin (972.55 manat) 80 faizi – 778.04 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə Fondun Xüsusi şərtlərlə təyinatı üzrə mərkəzi filialına müraciət edərək ona təyin edilmiş ailə başçısının itirilməsinə görə əmək pensiyası ilə yaşa görə əmək pensiyasının arasında olan fərqinin son üç illik məbləğinin ödənilməsini xahiş etmiş, Mərkəzi filial tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********7 nömrəli cavab məktubu ilə müraciətin təmin olunmasından imtina olunmuşdur. Bundan sonra iddiaçı məhkəməyə müraciət edərək ona təyin edilmiş ailə başçısının itirilməsinə görə əmək pensiyasının son üç ilinin fərqini hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Yəni, mübahisəyə dair iş üzrə materiallardan görünür ki, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə hüquqi marağı 01 aprel 2022-ci il tarixdən, yəni ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasının təyin edilməsindən əvvəlki üç il üçün ona əvvəllər təyin olunmuş yaşa görə əmək pensiyası ilə ailə başçısını itirməyə görə əmək pensiyası arasında yaranmış fərqin ödənilməsindən ibarətdir. Məhkəmə kollegiyası iddianın hüquqi əsasına və apellyasiya şikayətinin dəlillərinə münasibətdə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq təkrar qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 31.2, 32.1- 1-ci maddələrinin tələblərinə əsasən iddiaçı ailə başçısını itirməyə görə pensiya növünə keçidlə bağlı müraciət edən zaman əvvəlki dövr üçün fərq məbləğini tələb etməkdə haqlı olmuşdur və cavabdehin bu halın qanunvericilikdə nəzərdə tutulmaması ilə bağlı əsaslandırması və iddiaçının müraciətindən imtina etməsi qanunsuz olmuşdur. Çünki, iddiaçının yaşa görə əmək pensiyası aldığı vaxtlarda onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ artıq yaranmış, lakin həmin hüquqdan vaxtında istifadə etməmişdir. İddiaçının artıq qazanılmış hüququndan, hüququnun yarandığı zaman istifadə etməməsi onun pensiya hüququnun məhdudlaşdırılması ilə nəticələnməməlidir. Apellyasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 6.2-ci bəndi pensiyanın bir növündən digər növünə keçməsini deyil, belə dəyişmə baş verdikdən sonra yeni növ pensiyanın hansı vaxtdan ödənilməsini müəyyən edir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan imtinanın əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmiş, sübutetmə yükünü həyata keçirə bilməmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 2-1(120)-422/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar