Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-323/2025 07.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X7 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi X9 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, 2-1(120)-3425/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinə qarşı şəhid statusunun və şəhidlik vəsiqəsinin verilməsi barədə öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, mərhum oğlu X8 şəhid statusunun və şəhidlik vəsiqəsinin verilməsi barədə öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) 20 dekabr 2024-cü il tarixli, 2- 1(120)-3425/2024 nömrəli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Birinci insyansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, X5 xx.xx.2000-ci il tarixdə silahla davranış qaydalarını pozması nəticəsində silah əlində açılaraq göbək nahiyəsindən dəyməsi və vəfat etməsi, N №-li hərbi hissə komandirinin xx.xx.2000-ci il tarixli 20 №-li əmrilə şəxsi heyətin siyahısından çıxarılması və xx.xx.2000ci il tarixdə Cəlilabad rayonunda dəfn olunması barədə məlumat qeyd edilmişdir. Beləliklə, X1 hərbi xidmət zamanı həlak olması qeyd edilsə də, onun ölümünün səbəb əlaqəsi – Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda, ölümün şəraiti – həlak olma və ya vəfat etmə, eləcə də ölümün başvermə anı – hərbi əməliyyatlar və ya xidməti vəzifəsinin icrası zamanı olması hadisədə öz əksini tapmamışdır. X1 döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı deyil, özünü odlu silahdan vuraraq həlak olduğundan onun şəhid hesab edilməsi “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun tələblərinə zidd olacaqdır. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, oğlu Ramil Babayev xx.xx.2000-ci il tarixdə N saylı hərbi hissədə xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuşdur. X16 xidməti vəzifəsinin icrası zamanı həlak olması N saylı hərbi hissənin xx.xx.2000-ci il tarixli 75 nömrəli arayışı və AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin xx.xx.2019-cu il tarixli arayışı ilə də təsdiq edilir və bu hal mərhum oğluna şəhidlik statusunun verilməsi üçün əsasların olduğunu təsdiq edir. Ona görə ki, mərhum oğlu Ramil Babayev döyüş bölgəsində olan hərbi hissədə xidməti vəzifəsinin icrası zamanı həlak olmuşdur. Bu baxımdan həlak olmuş X16 qanunla müəyyən edilmiş meyarlara əsasən, həlak olmanın bütün hallarında şəhid adını alması imkanı aydın ifadə edilir. Cavabdehin iddiaya qarşı imtina və etiraz dəlilləri ondan ibarət olmuşdur ki, Xidmətin Cəlilabad rayon şöbəsində saxlanılan uçot sənədlərinə, Tərtər Hərbi Prokurorluğunun xx.xx.2007-ci il tarixli 19HP3217 nömrəli və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2019-cu il tarixli HP-xx/xx-6177 nömrəli məktublarına əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri X6 xx.xx.2000-ci il tarixdə xidməti istifadə üçün ona verilmiş avtomat silahdan atəş açaraq özünü öldürməsi faktı üzrə xx.xx.2000-ci il tarixdə əvvəl qüvvədə olmuş Azərbaycan Respublikası CM-in 100-cü maddəsi ilə (özünü öldürmək dərəcəsinə çatdırmaq) Tərtər Hərbi Prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılması və xx.xx.2000-cı il tarixdə həmin cinayət işinin icraatına əvvəl qüvvədə olmuş Azərbaycan Respublikası CPM-in 10.2-ci maddəsinə (əməldə cinayət tərkibi olmadığına görə) əsasən xitam verilmişdir. Bu səbəbdən Xidmətin Cəlilabad rayon şöbəsi tərəfindən mərhum R.K.Babayevə “şəhid" adının və ailə üzvlərinə “şəhid ailəsi statusu”nun verilməsi mümkün olmamışdır. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir. Şikayətdə həmçinin bildirilir ki, cavabdeh orqan Ramil Babayevin özünü öldürməsini təsdiq edəcək sübut təqdim etməmiş, bu hal tam sübuta yetirilməmiş, məhkəmə yalnız təqdim edilmiş məktubla kifayətlənmişdir. Halbuki iş üzrə birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X10 və X4 mərhum Ramil Babayevin uzaq məsafədən açılmış atəş nəticəsində həlak olduğunu təsdiq etmişlər. Birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmamışdır. Prosessual məsələlər İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin olunmasının xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli məktublarından görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin əsgəri X6 xx.xx.2000-ci il tarixdə odlu silahdan açılan atəş nəticəsində aldığı xəsarətlərdən ölməsi faktına görə xx.xx.2000-ci il tarixdə Tərtər Qarnizonu Hərbi Prokurorluğunda xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-in 100-cü maddəsinin 1-ci hissəsi ilə 19/25506 №-li cinayət işi başlanmış və həmin cinayət işinin icraatına xx.xx.2000-ci il tarixdə xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası CPM-in 10-cu maddəsinin 2-ci bəndi və 215-ci maddəsinin 2-ci hissəsinə əsasən xitam verilmişdir. Tərtər Hərbi Prokurorluğunun Ekspert Komissiyası Azərbaycan Respublikası Baş Prokurorluğunun Mərkəzi Ekspert Komissiyasının üzvlərinin iştirakı ilə Tərtər Hərbi Prokurorluğunun 1992-2017-ci illər ərzində fəaliyyəti dövründə toplanmış sənədlərin bir qismi elmi texniki dəyərini və təcrübi əhəmiyyətini itirdiyinə görə məhv edildiyindən R.K.Babayevin ölməsi faktı ilə bağlı istintaq olunmuş cinayət işi üzrə zəruri sənədlərin surətlərinin və ölümünün səbəbləri barədə ətraflı məlumatın təqdim olunması qeyri-mümkündür. -Tərtər Hərbi Prokurorluğunun xx.xx.2007-ci il tarixli məktubunda bildirilir ki, X11 xx.xx.2000-ci il tarixdə xidməti istifadə üçün ona verilmiş avtomat silahdan atəş açaraq özünü öldürmüşdür. Həmin faktla bağlı xx.xx.2000-ci il tarixdə əvvəl qüvvədə olmuş Azərbaycan Respublikası CM-in 100-cü maddəsi ilə cinayət işi başlanaraq istintaq edilmişdir. xx.xx.2000-ci il tarixdə həmin cinayət işinin icraatına əvvəl qüvvədə olmuş Azərbaycan Respublikası CPM-in 10-cu maddəsinin 2-ci bəndinə əsasən xitam verilmişdir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə qeyd edilməlidir ki, mövcud qanunvericiliklə şəhid hesab edilən şəxslərin dəqiq kateqoriyası müəyyən edilmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində verilmiş şəhid adının anlayışına görə şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na görə bu Qaydalar Azərbaycan Respublikasının azadlığı, istiqlaliyyəti, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatda itkin düşmüş və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunun və sosial müdafiəsinin tənzimlənməsi, həyata keçirilməsi üzrə əsas tələbləri müəyyən edir. Həmin Qaydaların:- 1.1.bəndinə görə Şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. bəndinə görə aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X2 Xidmətində, X3 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. 4.1. bəndinə görə şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X2 Xidmətinin, X3 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. İş materiallarından göründüyü kimi mərhum X12 hərbi xidməti vəzifəsinin icrası zamanı qətlə yetirilsə də, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın tələbləri mərhum R.Babayevə şamil oluna bilməz. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, 2-1(120)-3425/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-323/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-323/2025
07.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver