Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-329/2023 11.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Dəmirova Nəcimə Arif qızının, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun sosial ödənişlərin təyinatı üzrə filialının nümayəndəsi Şükürlü Leyla Kamran qızının iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 03 may 2023-cü il tarixli, 2-1(120)-1631/2023 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun sosial ödənişlərin təyinatı üzrə filialına qarşı ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Lənkəran Mənzil İstismar İdarəsində və xx.xx.1991-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Lənkəran Savalan kiçik müəssisəsində işlədiyi dövrlər sosial sığorta stajı kimi nəzərə alınaraq yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Amilya Hüseynova) 03 may 2023-cü il tarixli, 2-1(120)-1631/2023 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Qərardan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1956-cı il tarixdə doğulmuş iddiaçı ilk əmək fəaliyyətinə xx.xx.1973-cü il tarixdə başlamış, 28 avqust 1974-cü il tarixdə Bakı Sənaye-Pedoqoji Texnikumuna qəbul edilmiş, 03 dekabr 1974-cü il tarixdə hərbi xidmətə getdiyi üçün texnikumdan xaric edilmiş, 25 noyabr 1976-cı il tarixdə hərbi xidməti başa vurduqdan sonra 07 dekabr 1976-cı il tarixdə yenidən texnikuma bərpa edilmiş, 05 iyul 1979-cu il tarixdə texnikumu bitirmişdir. xx.xx.1979-cu il tarixdən xx.xx.1983-cü il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Lənkəran Mənzil İstismar İdarəsində işləmişdir. Eyni zamanda 01 iyun 1991-ci il tarixdə Lənkəran şəhər Savalan Kiçik Müəssisəsinə iş icraçısı vəzifəsinə qəbul edilmiş və 01 mart 1997-ci il tarixədək həmin müəssisədə işləmişdir. İşlədiyi bütün illər onun əmək kitabçasında qeyd edilmişdir. Əmək pensiyasına çıxmaq üçün lazımi sənədləri toplayıb, Dövlət Sosial Müdafiə Fondunun sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına təqdim etmiş, lakin cavabdeh inzibati orqan ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edərək ona ancaq sosial pensiya təyin etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinə təqdim etdiyi sənədlərdə onun sığorta stajı 33 il 10 ay 04 gün təşkil edir, lakin birinci instansiya məhkəməsi onun təqdim etdiyi sənədlərə tam hüquqi qiymət verməmişdir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi Şükürlü Leyla Kamran qızı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək həmçinin bildirdi ki, İddiaçı əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajı yoxdur. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə Lənkəran rayonu, Kərgəlan kəndində doğulmuş, Lənkəran rayonu, Kərgəlan kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli **********4 nömrəli imtina məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixində pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə əsasən əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Təqdim edilən əmək kitabçasına, hərbi biletin və təhsil haqqında diplomun surətlərinə əsasən sığorta stajı (xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək hərbi xidmətdə olduğu dövr, xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək və xx.xx.1974-cü il tarixdən xx.xx.1979-cu il tarixədək təhsil aldığı illər) 11 il 7 ay 28 gün təşkil edir. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Təqdim edilən əmək kitabçasının surətində mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək və xx.xx.1991-ci il tarixdən xx.xx.1997-ci il tarixədək əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Fondun 1 saylı Lənkəran-Astara regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən Lənkəran Mənzil İstismar İdarəsinin xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək olan əməkhaqqı cədvəllərində adına (ad, soyad, ata adı) rast gəlinməyib. Dövlət Arxivinin Lənkəran filialının xx.xx.2022-ci il tarixli № B/231 saylı arxiv arayışına əsasən Lənkəran şəhər Savalan kiçik müəssisəsinin xx.xx.1991-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək olan arxiv sənədləri Dövlət Arxivinin Lənkəran filialına təhvil verilmədiyi üçün sözügedən müəssisədən əmək haqqı alıb-almadığını müəyyən etmək mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə sənədlər təqdim edəcəyi təqdirdə sığorta stajı qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən sizə xx.xx.2021-ci il tarixdən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilib, xx.xx.2022-ci il tarixindən 180 manata çatdırılmışdır. İşdə olan BT №021034 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1974-1979cu illərdə SSR dövlət texniki peşə təhsili komitəsinin Bakı Sənaye-Pedaqoji texnikumunda “Sənaye-mülki tikinti” ixtisası üzrə təhsil almışdır. İşdə olan НЗ ******* nömrəli hərbi biletin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1974-xx.xx.1976-cı illərdə hərbi xidmətdə olmuşdur. İşdə olan iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1997-ci il tarixədək müxtəlif iş yerlərində işlədiyi qeyd edilmişdir. İşdə olan Lənkəran şəhər Mənzil Təsərrüfatı İdarəsinin xx.xx.2023-cü il tarixli, 19 nömrəli məktubundan görünür ki, müəssisənin keçmiş işçisi İddiaçı həqiqətən 1983-cü ildən 1994-cü ilə qədər müəssisədə işləmişdir. 1983-cü ilin əmr kitabı olmadığından 1983cü ili üzləşdirmək mümkün olmadı. 1994-cü ildə ixtisara düşdüyü əmrin surətini, işlədiyi illər üzrə aldığı əmək haqqı cədvəllərinin surəti göndərilmişdir. Əmrdə və əmək haqqı cədvəllərində İddiaçı Bayramov Əflatun kimi yazılmışdır. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-52963/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. Adıçəkilən şəxsin təqdim etdiyi hərbi biletin və diplomun surətinə əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmət və təhsil illəri, əmək kitabçasının surətinə əsasən xx.xx.1973-cü il tarixindən xx.xx.1974-cü il tarixinədək, xx.xx.1979-cu il tarixindən xx.xx.1983-cü il tarixinədək, xx.xx.1983-cü il tarixindən xx.xx.1984-cü il tarixinədək, xx.xx.1991-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla ümumilikdə 16 il 5 ay 8 gün mübahisələndirilməyən dövr kimi sığorta stajı müəyyən edilmişdir. İddiaçı Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Pensiya altsisteminə əsasən pensiya kapitalı qeydə alınmamışdır. İşdə olan xx.xx.2022-ci il tarixli DSMF publik hüquqi şəxsin 1 saylı Lənkəran-Astara Regional Filialının aktından görünür ki, İddiaçı xx.xx.1973-cü il tarixdən 09 nömrəli əmrlə Lənkəran şəhər 34 nömrəli orta texniki məktəbinə bənna ixtisası üzrə qəbul olunmuş, xx.xx.1974-cü il tarixli 14 nömrəli əmrlə həmin ixtisas üzrə tam kursu bitirmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli DSMF publik hüquqi şəxsin 1 saylı Lənkəran-Astara Regional Filialının aktından görünür ki, Lənkəran Mənzil İstismar Kontorunun əmrlər kitabına xx.xx.1994-cü il tarixli 37 nömrəli əmrdə Bayramov Əflatun adı qeyd olunmuşdur. 1983-cü ilə aid əmrlər kitabı saxlanılmadığından işə qəbul olma əmrini üzləşdirmək mümkün olmamışdır. xx.xx.1992-ci il tarixdə 01 nömrəli əmrdə Bayramov Əflatunun usta vəzifəsindən fəhlə işinə keçməsi qeyd olunmuşdur. Lənkəran MİK-nın əmrlər kitablarında İddiaçı adı aşkar edilməmişdir. Lənkəran MİK-nın əmək haqqı kitablarında İddiaçı adı aşkar olunmadı. Bayramov Əflatun adına aşağıdakı kimi əmək haqqları qeyd olunmuşdur: 1992-11 ay (İİ-Xİİ), 1993-8 ay(İ-Vİİİ), 1994-5 ay (İ-İİİ-İV-V-Vİ). Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sosial sığorta stajı ─ əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) (maddə 7). İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə kişilərə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan 65 yaşı tamam olmuşdur. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. Birinci instansiya məhkəməsi iddiaçının ümumi iş stajının 25 il olmaması əsası ilə iddianı təmin etməmişdir. İddiaçının apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, onun birinci instansiya məhkəməsinə təqdim etdiyi sənədlərlə sığorta stajı 33 il 10 ay 4 gün təşkil edir, lakin məhəkəm tərəfindən bu hala tam hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.1973-cü il tarixdən xx.xx.1997-ci il tarixədək olan mübahisəsiz və mübahisəli stajını nəzərə alsaq belə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün stajı yetərli deyildir. Belə ki, iddiaçının xx.xx.1973cü il tarixdən xx.xx.1974-cü il tarixədək 34 nömrəli orta texniki məktəbdəki stajını, xx.xx.1974-cü il tarixdən xx.xx.1979-cu il tarixədək təhsil aldığı illəri (təhsil aldığı dövrdə xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olmuşdur), xx.xx.1979cu il tarixdən xx.xx.1983-cü il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Lənkəran Mənzil İstismar İdarəsində və xx.xx.1991-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Lənkəran şəhər Savalan kiçik müəssisəsində işlədiyi dövrlər nəzərə alınsa belə onun 25 il stajı düzəlmir. İddiaçının təqdim etdiyi sənədlərdən görünür ki, müəyyən illərdə onun stajları üst-üstə düşür. Belə ki, xx.xx.1983-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Lənkəran Mənzil İstismar İdarəsində və xx.xx.1991-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Lənkəran şəhər Savalan kiçik müəssisəsində işləmişdir. İddiaçı müəyyən illərdə iki yerdə işləsə belə yalnız iki iş yerindən biri staj kimi nəzə alınır. Eyni zamanda iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən sonrakı dövrdə sosial siğorta stajı və pensiya kapitalı qeydə alınmamışdır. Belə olan halda da, fərdi hesabının sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı olmayan iddiaçının qanunvericiliklə tələb olunan 25 ildən az sığorta stajının olduğu müəyyən olunur ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət etmir. Eyni zamanda, əlavə sosial sığorta stajının olması ilə bağlı da iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bu səbəbdən, məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı iddia tələbində haqlı deyildir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 03 may 2023-cü il tarixli, 2-1(120)-1631/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-329/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-329/2023
11.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver