Məhkəmə qərarları › İş №2-1(106)-33/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-33/2025

03.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-33/2025 03.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2-1(120)-845/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı Texniki pasportda düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, X6 verilmiş **********63-12301 reyestr nömrəli texniki pasportda buraxılan texniki səhvin aradan qaldırılması və faktiki vəziyyətə uyğun tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin müvafiq qərardadı X8 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin (hakim Fehruz Abbasov) 28 noyabr 2023-cü il tarixli, 2- 1(120)-845/2023 nömrəli qərarı ilə iddianın təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul vəsaitinin İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (********** X2, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına köçürülməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İmişli bələdiyyəsinin 31 avqust 2001-ci il tarixli, 12 saylı iclas protokolunun qərarına əsasən İddiaçı ticarət obyekti tikmək məqsədi üçün İmişli şəhəri, Bakı küçəsində ayrılmış 124 kv.metr torpaq sahəsinin texniki parametrləri hazırki vəziyyətinə uyğun olaraq 124 kv.metr təşkil edir. Yəni, iddiaçının torpaq sahəsinə faktiki müdaxilə halı yoxdur. İddiaçı X6 verilmiş **********63-12301 reyestr nömrəli texniki pasportda buraxılan texniki səhvin aradan qaldırılması və faktiki vəziyyətə uyğun tərtib edilməsi tələbini irəli sürməklə 1,4 kv.m torpaq sahəsinin düzgün olmayaraq həmin texniki pasporta daxil edildiyini iddia etsə də, X6 məxsus **********63-12301 reyestr nömrəli texniki pasport düzgün tərtib edilmədiyi halda belə bir sənədin hüquqi cəhətdən iddiaçının hüquqlarını məhdudlaşdırdığını təsdiq edən heç bir dəlil-sübut məhkəməyə təqdim edilməmişdir. İş materiallarında olan ekspert rəyinə əsasən İddiaçı ticarət obyekti tikmək məqsədi üçün İmişli şəhəri, Bakı küçəsində ayrılmış 124.0 kv.metr torpaq sahəsinin sənədində hər hansı bir koordinat göstəricisi olmadığından və məhkəməyə bunun əksini təsdiq edən heç bir dəlil-sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, X6 məxsus **********63-12301 reyestr nömrəli texniki pasportun düzgün tərtib edilmədiyi halda belə iddiaçının hüquqlarına müdaxilə kimi qiymətləndirilməsinə heç bir hüquqi əsas yoxdur. X6 məxsus **********63-12301 reyestr nömrəli texniki pasportun İddiaçı hüquqlarına müdaxilə etməsinin sübuta yetirilməməsi isə iddiaçının hazırki iddia tələbini irəli sürmək üçün subyektiv hüququnun olmasını da istisna edir. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona İmişli şəhəri, Bakı küçəsində yerləşən qeyri-yaşayış sahəsinə (mağaza binasının yerləşdiyi 124 kv.m torpaq sahəsi) dair 05 aprel 1999-cu il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfındən qeydiyyat vəsiqəsi verilmişdir. Qeyri-yaşayış sahəsi 1999-cu il tarixdən onun istifadəsindədir və ona ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşir və həmin ildən o mağazada artırma işləri aparmamışdır. X6 mülkiyyətində olan 0,123 ha torpaq sahəsini 2010cu il tarixdə dövlət reyestrində qeydə almış torpaq sahəsinə aid texniki pasport verilmişdir. Aralarında olan mübahisə nəticəsində vəkili X9 tərəfindən xx.xx.2021-ci il tarixdə cavabdeh inzibati orqan 6 saylı Beyləqan Ərazi İdarəsinə sorğu göndərilmiş və cavabdeh tərəfındən xx.xx.2021-ci il tarixdə sorğuya cavab olaraq qeyd etmişlər ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sabirabad Ərazi İdarəsi tərəfındən tərtib edilmiş **********63-12301 reyestr nömrəli texniki pasportun düzgün tərtib edilmədiyinin müəyyən edildiyini, tərəflər arasında olan məhkəmə mübahisəsinin bitdikdən sonra hüquq sahibi tərəfindən Ərazi İdarəsinə və ya onun İmişli rayon şöbəsinə müraciət ediləcəyi təqdirdə hüquqların dövlət qeydiyyatı zamanı **********63-12301 reyestr nömrəli texniki pasportda buraxılan texniki səhvin aradan qaldırılması məsələsinə qanunamüvafıq qaydada baxılacağına, qeyd edilənləri nəzərə alaraq X6 məxsus əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 0,123 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları haqqında məlumat verilməsinin mümkün olmamasını qeyd etmişdir. **********63-12301 reyestr nömrəli texniki pasportda buraxılan texniki səhvin aradan qaldırılması ilə əlaqədar cavabdeh inzibati orqana ərizə ilə müraciət etmiş, lakin cavabdeh mübahisələrin məhkəmə qaydasında həll edildiyini qeyd etmişdir. Göründüyü kimi X6 verilmiş **********63-12301 reyestr nömrəli texniki pasport tərtib edilərkən torpaq sahəsinin döngə nöqtələri düzgün tərtib edilməmiş və ona məxsus olan mağazanın yerləşdiyi torpaq sahəsinə müdaxilə edilmişdir. Texniki pasportda buraxılmış səhvlər əsasında mülkiyyətçi olaraq hüquqları pozulmuşdıır. Buna baxmayaraq cavabdeh orqan buraxdığı səhvi aradan qaldırmamış və məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Cavabdeh imtina aktında konkret hüquqi dəlil göstərməmiş, X7 verilmiş **********63-12301 reyestr nömrəli texniki pasportda buraxılan texniki səhvin aradan qaldırılması və faktiki vəziyyətə uyğun tərtib edilməsi səlahiyyətlərinə malik olmadığını bildirmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikasının Qanununun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Üçüncü şəxsin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, İddiaçı qarşı qanunsuz tikintinin sökülməsi tələbi barədə iddia qaldıraraq ona məxsus mülkiyyət hüququ ilə xx.xx.2010-ci il tarixdə ********* nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış **********63-12301 reyester nömrəli daşınmaz əmlak obyektinin texniki paportunda göstərilmiş situasiya planına əsasən yeri və sərhədləri təyin edilən İmişli şəhəri Bakı küçəsində yerləşən 0.123 ha torpaq sahəsində qanunsuz inşa edilmiş divarın cavabdehin hesabına sökülməsini xahiş etmiş və İmişli Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(036)- 729/2021 saylı qətnaməsi ilə iddiası təmin olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 2(106)-154/2022 saylı qətnaməsi ilə İmişli Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(036)-729/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublilkası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-5795/2022 saylı qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 2(106)-154/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. MA ******* nömrəli «Hüquqlarm dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri»ndən Çıxarışın surətinə əsasən İmişli şəhəri, Bakı küçəsində yerləşən 0,123 ha torpaq sahəsi və üzərindəki 411,8 kv.m qeyri yaşayış sahəsi əmlak kompleksi-müəssisə kimi xx.xx.2010-cu il tarixdə **********63-12301 reyestr nömrəsi ilə onun xüsusi mülkiyyəti kimi daşmmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 04 nömrəli Qeydiyyat vəsiqəsinin surətinə əsasən İmişli şəhəri, Bakı küçəsində yerləşən qeyri-yaşayış binası 05 aprel 1999-cu il tarixdə İddiaçı xüsusi mülkiyyəti kimi 02 nömrəli reyestr kitabının 01ci səhifəsində 04 reyestr nömrəsi ilə 61 nömrəli inventar kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyata alınmışdır. 61 inventar nömrəli qeyri-yaşayış binasının Texniki pasportunun surətinə əsasən İddiaçı məxsus olan mağaza binasının-İmişli şəhəri, Bakı küçəsinə tərəf olan divarının uzunluğu 6,3 metr, qarşı tərəfə olan divarının uzunluğu isə 8,4 metr təşkil edir və bir-biri ilə düzxətt boyunca çəkilmiş yan divarlar vasitəsilə birləşərək qapalı sahə əmələ gətirir. **********63-12301 reyestr nömrəli Daşınmaz Əmlakın Texniki pasportunun surətinə əsasən İddiaçı məxsus olan mağaza binasının İmişli şəhəri, Bakı kuçəsi tərəfdən başlayaraq qarşı tərəfə uzanan yan divarının 10,0 metr (1:500 miqyasına uyğun) uzunluqda olan hissəsi ona məxsus olan 0,123 ha torpaq sahəsi ilə həmsərhəddir və ümumi sahəsi 411,8 kv.m olan qeyri-yaşayış sahəsinin A tikilisinin yan divarı ilə 5,4 metr (1:500 miqyasına uyğun) məsafədə yerləşir. İddiaçı məxsus olan mağaza binasının yan divarı ümumi sahəsi 411,8 kv.m olan qeyri-yaşayış sahəsinin A tikilisinin yan divarından bir tərəfdə 37,1 metr ( 23,3 +5,4+8,4), digər tərəfdə isə 35,0 (23,3+5,4+6,3) metr məsafədə yerləşir. 07 iyun 2022-ci il tarixli, 10/3057 saylı ekspert rəyindən görünür ki, “onun İmişli şəhəri, Bakı küçəsində mübahisəli ərazidə faktiki istifadəsində olan 1189 kv.m torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərə əsasən onun mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən olunmuş, həmçinin X1 və istifadəsində olan torpaq sahəsində inşa edilmiş ticarət obyektinin ona ayrılmış 124 kv.m torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən olunmuşdur. Rəyə əsasən İmişli şəhəri, Bakı küçəsində hüquqmüəyyənedici sənədlərlə onun sahiblik, istifadə və sərəncam vermək hüququna aid ona məxsus olan 1230 kv.m torpaq sahəsinin 5,88 kv.m hissəsinin İddiaçı, 35,12 kv.m hissəsinin isə başqa şəxslər tərəfındən istifadə olunduğu müəyyən olunmuşdur. Ekspertizanın rəyindən müəyyən edilir ki, İddiaçı onun sahiblik, istifadə və sərəncam vermək hüququna aid ona məxsus olan 1230 kv.m torpaq sahəsinin 5,88 kv.m hissəsinin istifadə edir. Yəni onun müdaxiləsi iddia olunan sahədən artıqdır. Apellyasiya şikayətlərinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Şikayətin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüququ normalarının tətbiqində səhvə yol verilmişdir. Prosessual məsələlər İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi apellyasiya şəkayətinin dəlillərini qəbul etməmiş və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Nümayəndə əlavə olaraq bildirmişdir ki, hüquq sahibinin, yəni texniki pasport adına verilmiş şəxsin özünün müraciəti olmadığından yol verilmiş pozuntunun aradan qaldırılması mümkün olmamışdır. Üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, gəlməmişdir. Məhkəmə kollegiyası işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -04 nömrəli Qeydiyyat vəsiqəsinin surətinə əsasən İmişli şəhəri, Bakı küçəsində yerləşən qeyri-yaşayış binası 05 aprel 1999-cu il tarixdə İddiaçı xüsusi mülkiyyəti kimi 02 nömrəli reyestr kitabının 01-ci səhifəsində 04 reyestr nömrəsi ilə 61 nömrəli inventar kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -İmişli bələdiyyəsinin xx.xx.2001-ci il tarixli, 12 nömrəli qərarından çıxarışın surətindən görünür ki, İmişli şəhəri, Bakı küçəsində yerləşən mağaza binasının altında 124 kv.m torpaq sahəsinin İddiaçı satılması qərara alınmışdır. -MA ******* nömrəli «Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri»ndən Çıxarışın surətinə əsasən İmişli şəhəri, Bakı küçəsində yerləşən 0,123 ha torpaq sahəsi və üzərindəki 411,8 kv/m qeyri-yaşayış sahəsi əmlak kompleksi-müəssisə kimi xx.xx.2010-cu il tarixdə **********63-12301 reyestr nömrəsi ilə X5 xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********36 nömrəli məktubunda bildirilmişdir ki, Ərazi İdarəsi tərəfindən tərtib edilmiş **********63-12301 reyestr nömrəli texniki pasport düzgün tərtib edilməmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/2133 nömrəli ekspert rəyində aşağıdakılar bildirilmişdir: -İmişli bələdiyyəsinin 31 avqust 2001-ci il tarixli, 12 saylı iclas protokolunun qərarına əsasən İddiaçı ticarət obyekti tikmək məqsədi üçün İmişli şəhəri, Bakı küçəsində ayrılmış 124.0 kv.metr torpaq sahəsinin naturada faktiki vəziyyəti üzrə koordinatları müəyyən edilmişdir: -Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş MA seriyalı, ******* nömrəli çıxarışa əsasən X5 mülkiyyətində olan 0.123 ha torpaq sahəsinin ilkin sənədinin koordinat göstəriciləri ilə, sonuncu sənədin koordinat göstəriciləri arasında uyğunsuzluq mövcuddur. Belə ki, məktubda qeyd olunur ki, cavabdeh X6 məxsus Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sabirabad Ərazi İdarəsi tərəfindən tərtib edilmiş **********63-12301 reyestr nömrəli texniki pasport düzgün tərtib edilməmişdir. Belə olan halda X6 məxsus İmişli şəhəri, Bakı küçəsində yerləşən əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 0.123 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarında dəyişiklik edilməlidir. -İmişli bələdiyyəsinin 31 avqust 2001-ci il tarixli, 12 saylı qərarına əsasən İddiaçı ticarət obyekti tikmək məqsədi üçün İmişli şəhəri, Bakı küçəsində ayrılmış 124.0 kv.metr torpaq sahəsininin ayrılması sənədində hər hansı bir koordinat göstəricisi olmadığından, həmin torpaq sahəsi ilə ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş MA seriyalı, ******* nömrəli çıxarışa əsasən X5 mülkiyyətində olan 0.123 ha torpaq sahəsinin koordinat göstəricilərinin üst-üstə düşübdüşməməsini müəyyən etmək mümkün olmamışdır. -İmişli bələdiyyəsinin 31 avqust 2001-ci il tarixli, 12 saylı iclas protokolunun qərarına əsasən İddiaçı ticarət obyekti tikmək məqsədi üçün İmişli şəhəri, Bakı küçəsində ayrılmış 124 kv.metr torpaq sahəsinin ilkin sənədində hər hansı koordinat göstəricisi qeyd olunmamışdır. Lakin torpaq sahəsinin texniki parametrləri hazırki vəziyyətinə uyğun olaraq 124 kv.metr təşkil edir. Məhkəmə kollegiyasının müvafiq qərardadına əsasən əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/3334 nömrəli ekspert rəyində aşağıdakılar bildirilmişdir: -İmişli bələdiyyəsinin 31 avqust 2001-ci il tarixli 12 saylı iclas protokolunun qərarına əsasən, İddiaçı İmişli şəhəri, Bakı küçəsində ayrılmış 124 kv.m torpaq sahəsinin faktiki istifadə vəziyyəti ilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş MA seriyalı ******* nömrəli çıxarışa əsasən X5 mülkiyyətində olan 0,123 ha (1230 kv.m) torpaq sahəsinin koordinat göstəriciləri üst-üstə düşmür. -05 aprel 1999-cu il tarixdə İddiaçı xüsusi mülkiyyəti kimi qeydiyyata alınmış İmişli şəhəri Bakı küçəsində yerləşən qeyri-yaşayış binası İmişli bələdiyyəsinin 31 avqust 2001 -ci il tarixli 12 saylı iclas protokolunun qərarına əsasən İddiaçı ayrılmış 124,0 kv.m torpaq sahəsinin faktiki koordinatları daxilində yerləşir. Birinci instansiya məhkəməsi öz qərarında iddiaçıya bələdiyyə tərəfindən ayrılmış 124.0 kv.metr torpaq sahəsinin sənədində hər hansı bir koordinat göstəricisi olmadığından X6 məxsus **********63-12301 reyestr nömrəli texniki pasportun düzgün tərtib edilmədiyi halda belə iddiaçının hüquqlarına müdaxilə kimi qiymətləndirilməsinə heç bir hüquqi əsas olmaması qənaətinə gəlsə də, müvafiq ekspertiza tədqiqatı nəticəsində iddiaçının mülkiyyətində olan qeyri-yaşayış binasının ona ayrılmış torpaq sahəsinin koordinatları daxilində yerləşməsi, həmçinin X5 mülkiyyətində olan 0.123 ha torpaq sahəsinin ilkin sənədinin koordinat göstəriciləri ilə sonuncu sənədin koordinat göstəriciləri arasında uyğunsuzluğun mövcud olması, eyni zamanda həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarında dəyişiklik edilməli olması qeyd olunmuşdur. Göründüyü kimi iddiaçı üçüncü şəxsin adına işlənmiş texniki pasportda düzəliş edilməsini tələb etməkdə haqlı olmuş, buna baxmayaraq, birinci instansiya məhkəməsi işin faktiki halına və təqdim edilmiş mötəbər sübutlara rəğmən səhv nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı üçüncü şəxsin adına işlənmiş texniki pasportda torpaq sahəsinin koordinatlarına düzəliş edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.31-ci bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işləri aparmaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 oktyabr 2010-cu il tarixli 171 saylı qərarı ilə təsdiq edilmiş «Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri»nin : -2.1-ci bəndinə görə, mərzçəkmə işləri - kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. -2.2-ci bəndinə görə mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrində aparılır. -2.3.4-cü bəndinə əsasən hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıb-satıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda mərzçəkmə işləri aparılır. -2.3.5-ci bəndinə əsasən torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə də mərzçəkmə işləri aparılır. -2.4.8-ci bəndinə görə mərzçəkmə işlərində həmçinin torpaq sahəsinin sərhədinin planölçüsünə və ya kadastr xəritələrinə istinad edilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 536 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin plan və ölçüsü”nün təsviri»nin 1-ci bəndinə görə bu sənəddə qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin plan və ölçüsü” təsvir edilir, 4-cü bəndinə görə isə plan və ölçü Əmlak Məsələləri Dövlət Komitənin müvafiq rayon (şəhər) ərazi idarəsinin rəisi və həmin plan və ölçünü tərtib etmiş icraçı tərəfindən imzalanır, möhürlə təsdiq olunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinin tələblərinə görə, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməlidir. Həmçinin qeyd edilməlidir ki, işin apellyasiya icraatı zamanı ekspertiza təyin edilmiş və ekspert rəyinin verilməsi üçün 50 (əlli) manat məhkəmə xərci yaranmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1 maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məcəllənin qeyd olunan tələbinə əsasən məhkəmə kollegiyası hesab edir ki, müvafiq razılığı nəzərə alınaraq, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81- 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2-1(120)-845/2023 nömrəli qərarı iddianın təmin edilməməsi hissəsində ləğv edilsin. İddia təmin edilsin. X5 adına işlənmiş **********63-12301 reyestr nömrəli texniki pasportda yol verilmiş texniki səhvin aradan qaldırılması və faktiki vəziyyətə uyğun tərtib edilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulsun. 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab №AZ43CTRE********************) köçürülsün. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar