Məhkəmə qərarları › İş №2-1(106)-330/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-330/2025

25.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-330/2025 25.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Hacıyev Pərviz Vaqif oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, X4 ilə, Şirvan İnzibati Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 2-1(120)-31/2025 nömrəli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçılar X1 və qeyrilərinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı ərazi vahidinin sərhədlərinin müəyyən edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar X6, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 və İddiaçı10 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lerik rayon Axunahiran kəndinin əvvəlki sərhədlərinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. Şirvan İnzibati Məhkəməsinin (hakim F.Abbasov) 27 yanvar 2025-ci il tarixli, 2- 1(120)-31/2025 nömrəli qərarı ilə iddianın təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul vəsaitinin iddiaçılar X6, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 və İddiaçı10 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ********** X3, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına köçürülməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, istər xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/544 nömrəli ekspert rəyindən, istərsə də Lənkəran Ərazi İdarəsinin mütəxəssis rəyindən müəyyən olunur ki, mövcud baza məlumatlarına əsasən torpaq islahatı zamanı Veri kənd sakinlərinin xüsusi mülkiyyətlərinə verilmiş və faktiki vəziyyətdə də Veri kənd sakinlərinin istifadələrində olan 12.92 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahələri ərazi vahidlərinin xəritələrinə əsasən Veri kəndinin deyil, Axunahiran kəndinin sərhəd hüdudları daxilində yerləşir. Beləliklə, Axunahiran kəndinin ərazi torpaqlarına aid olan 12.92 ha torpaq sahəsinin torpaq islahatı zamanı Veri kənd sakinlərinin xüsusi mülkiyyətlərinə verilməsinə baxmayaraq, bununla əlaqədar Axunahiran kəndinin sərhəd hüdudları dəyişdirilməmişdir. Həmçinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, **********02 nömrəli məktubundan və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/544 nömrəli ekspert rəyindən görünür ki, Lerik rayonu Axunahiran kəndi və Veri kəndlərinin ərazi vahidlərinin xəritələri Azərbaycan Respublikası Prezidentinin xx.xx.2010-cu il tarixli, 218 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na uyğun olaraq hazırlanmış, Lerik Rayon İcra Hakimiyyəti, eləcə də Veri kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik ilə razılaşdırılaraq ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilməsi üçün Milli Məclisə təhvil verilmiş, lakin həmin xəritələrin təsdiqi barədə hal-hazırki vaxtadək qərar qəbul edilməmişdir. Digər tərəfdən, iş materiallarına və iddiaçıların məhkəmə iclaslarında verdikləri izahatlara əsasən onların əsas məqsədi torpaq islahatı zamanı Veri kənd sakinlərinin xüsusi mülkiyyətlərinə verilmiş Axunahiran kəndinin ərazi torpaqlarına aid olan torpaq sahələrinin kənd sakinlərinə qaytarılmasına, habelə həmin torpaq sahələrinin Veri kəndinin ərazi torpaqlarına birləşdirilməsinin qarşısının alınmasına nail olmaqdır. Lakin məhkəməyə təqdim olunmuş sənədlərə əsasən Veri kənd sakinləri Axunahiran kəndinin ərazi torpaqlarına aid olan 12.92 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını Lerik Rayon Aqrar İslahat Komissiyasının hal-hazıradək qüvvədə olan və mübahisələndirilməyən 19 aprel 2000-ci il tarixli 64 nömrəli qərarı ilə qanuni əsaslarla əldə etmişlər. Məhkəmə iclasında iddiaçılara adı çəkilən qərarı mübahisələndirmək hüquqları izah olunmuş, lakin iddiaçılar bu hüquqlarından istifadə etməmişlər. Qərardan iddiaçılar İddiaçı2, İddiaçı7, İddiaçı4, İddiaçı10, İddiaçı9, İddiaçı8, İddiaçı5, İddiaçı3 və X6 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. İşin halları İddiaçılar tələbi onunla əsaslandırmışdır ki, Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 64 nömrəli qərarı ilə qanunsuz olaraq yaşadıqları Axunahiran kəndinə məxsus torpaq sahələrinin qonşu Veri kənd sakinlərinə verilməsindən narazı olduqlarından, xəritəyə əsasən Axunahiran kəndinin sahələrininin müəyyənləşdirilməsindən ötrü komissiyanın yaradılması və Milli Məclis qarşısında vəsatət qaldırılmasını xahiş etmişlər. Lerik Rayon İcra Hakimiyyət başçısının aparatından verilmiş xx.xx.2021-ci il tarixli, 2/1343 saylı məktubu ilə müraciətlərindən imtina edilmişdir. İmtina məktubunda göstərilir ki, 1997-1998-ci illərdə keçmiş Veri heyvandarlıq sovxozunda (Veri, Axunahiran və Babakücə kəndləri daxildir) torpaq islahatı hər bir kəndin sərhədləri nəzərə alınmaqla püşkatma yolu ilə aparılmış, dövlər aktları hazırlanaraq vətəndaşlara təqdim olunmuşdur. Veri kəndində bir qrup vətəndaşlara əkinə yararsız torpaq sahələri düşdüyü üçün həmin torpaq sahələrinin əkinə yararlı torpaq sahələri ilə əvəz olunması barədə keçmiş Veri X10 Komissiyasının qərarı nəzərə alınmaqla rayon aqrar islahat komissiyası tərəfindən xx.xx.2000-ci il tarixdə 64 nömrəli qərar qəbul olunmuş, “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktları yenidən hazırlanaraq vətəndaşlara təqdim olunmuşdur. Müraciətdə Veri kənd sakinlərinə verildiyi qeyd olunan torpaq sahəsi Veri kəndinin ərazisinə daxildir və Axunahiran kəndinin torpaq sahələri ilə həmsərhəddir. Kəndlər arasında sərhədlərinin müəyyənləşdirilməsindən ötrü komissiyanın yaradılması rayon icra hakimiyyətinin səlahiyyətindən xaricdədir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Şikayətlərin məzmunu eynilik təşkil etməklə, dəlillər ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki və hüquqi hallarına, həmçinin sübutlara düzgün qiymət verilməmişdir. Prosessual məsələlər Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçılar apellyasiya şikayətini müdafiə etməklə, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişlər. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: -Veri kənd X10 Komissiyasının 15 iyun 1999-cu il tarixli, 04 nömrəli iclas protokolunun və həmin protokolun müzakirəsi haqqında sənədin surətlərindən görünür ki, bölgüyə düşən əkinə və biçinə yararsız sahələrdən torpaq sahəsi ayrılmış payçıların yararlı torpaq sahələrinə köçürülməsi məqsədəuyğun hesab edilmiş, bölgüyə düşən yararsız sahələrinin bölgüyə düşməmiş sahələrlə əvəz edilməsi, bu məqsədlə “Alçalıq” adlı sahədəki sərhəddin bərpa olunmasının Lerik Rayon Aqrar İslahat Komissiyasından xahiş edilməsi qərara alınmışdır. -Lerik Rayon Aqrar İslahat Komissiyasının 19 aprel 2000-ci il tarixli, 64 nömrəli iclas protokolunun surətindən görünür ki, Veri kənd X10 Komissiyasının 15 iyun 1999-cu il tarixli, 04 nömrəli iclas protokolunun qərarı nəzərə alınmış, yararsız torpaq sahələrinin yararlı sahələrlə əvəz olunması barədə baş sxemdə düzəlişlərin edilməsi və dəyişikliklər edilmiş dövlət aktlarının faktiki aparılmış torpaq bölgüsünə uyğun yenidən hazırlanmasına razılıq verilməsi Dövlət Torpaq Komitəsindən xahiş edilmişdir. -Lerik Rayon İcra Hakimiyyətinin iddiaçı X5 ünvanlanladığı 05 oktyabr 2021-ci il tarixli, 2/1343 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: 1997-1998-ci illərdə keçmiş Veri heyvandarlıq sovxozunda (Veri, Axunahiran və Babakücə kəndləri daxildir) torpaq islahatı hər bir kəndin sərhədləri nəzərə alınmaqla püşkatma yolu ilə aparılmış, dövlər aktları hazırlanaraq vətəndaşlara təqdim olunmuşdur. Veri kəndində bir qrup vətəndaşlara əkinə yararsız torpaq sahələri düşdüyü üçün həmin torpaq sahələrinin əkinə yararlı torpaq sahələri ilə əvəz olunması barədə keçmiş Veri X10 Komissiyasının qərarı nəzərə alınmaqla rayon aqrar islahat komissiyası tərəfindən xx.xx.2000-ci il tarixdə 64 nömrəli qərar qəbul olunmuş, “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktları yenidən hazırlanaraq vətəndaşlara təqdim olunmuşdur. Müraciətdə Veri kənd sakinlərinə verildiyi qeyd olunan torpaq sahəsi Veri kəndinin ərazisinə daxildir və Axunahiran kəndinin torpaq sahələri ilə həmsərhəddir. Kəndlər arasında sərhədlərinin müəyyənləşdirilməsindən ötrü komissiyanın yaradılması rayon icra hakimiyyətinin səlahiyyətləri xaricindədir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X2 ünvanlanladığı xx.xx.2022-ci il tarixli, **********02 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2010-cu il tarixli, 218 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na uyğun olaraq 2015-ci ildə Lerik rayonu, Veri kənd inzibati dairəsinin və onun tərkibinə daxil olan Veri, Axunahiran, Babaküçə, Küsəkəran, Qələbin, Veri Əliabad kənd ərazi vahidlərinin xəritələri hazırlanmış, Lerik Rayon İcra Hakimiyyəti ilə razılaşdırılaraq Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunmuşdur. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/544 nömrəli ekspert rəyində aşağıdakılar bildirilmişdir:- İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-3330/2023 saylı mütəxəssis rəyinə əsasən Lerik rayonu Axunahiran kəndi ilə Veri kəndinin inzibati ərazi vahidlərinin xəritəsinə əsasən koordinatları müəyyən edilmişdir; İddiaçılar X6 və qeyriləri tərəfindən iddia olunan torpaq sahəsinin koordinatları yerində müəyyən olunmuşdur. Mövcud baza məlumatlarına əsasən araşdırma zamanı sözügedən mübahisəli torpaq sahəsinin 12.92 ha hissəsinin torpaq islahatı zamanı Veri kənd sakinlərinin xüsusi mülkiyyətlərinə verilmiş kənd təsərrüfatı təyinatlı pay torpaq sahələri olması və faktiki vəziyyətdə də həmin torpaq sahələrinin Veri kənd sakinlərinin istifadələrində olması müəyyən olunmuşdur; Araşdırma zamanı Axunahiran və Veri kəndlərinin keçmiş kolxoz və sovxoz, eləcə də torpaq islahatı vaxtlarında bir təsərrüfat daxilində olması müəyyən olunmuşdur; Lerik rayonu Axunahiran kəndi və Veri kəndlərinin ərazi vahidlərinin xəritələri Azərbaycan Respublikası Prezidentinin xx.xx.2010-cu il tarixli, 218 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na uyğun olaraq hazırlanmış, Lerik Rayon İcra Hakimiyyəti, eləcə də Veri kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik ilə razılaşdırılaraq ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilməsi üçün Milli Məclisə təhvil verilmişdir; Araşdırma zamanı Veri kənd sakinlərinin xüsusi mülkiyyətlərində və faktiki istifadələrində olan sözügedən kənd təsərrüfatı təyinatlı pay torpaq sahələrinin ərazi vahidlərinin xəritələrinə əsasən Veri kəndinin deyil, Axunahiran kəndinin sərhəd hüdudları daxilində yerləşməsi müəyyən olunmuşdur. Baxılan iş üzrə iddiaçıların hüquqi marağı yaşadıqları Lerik rayon Axunahiran kəndinin əvvəlki sərhədlərinin müəyyən edilməsi, həmin kəndin ərazisinin hansı həcmdə hissəsinin gigər kəndin sakinlərinin istifadəsinə və ya mülkiyyətinə verilməsinin müəyyənləşdirilməsindən ibarət olmuşdur ki, bu məsələyə işə birinci instansiya məhkəməsində baxılan zaman ekspert rəyi ilə aydınlıq gətirilmiş və hər iki kəndin ərazi vahidlərinin səlahiyyətli orqan tərəfindən hansı qaydada müəyyənləşdirilməsi öz əksini tapmışdır. Başqa sözlə, iddiaçıların hüquqi maraqlarını ödəyən məlumatlar icraat dövründə əldə edildiyindən işə mahiyyəti üzrə baxılması zərurəti aradan qalxmışdır. Belə olduğu təqdirdə iddiaçıların hüquqlarının məhdudlaşdırması halı da mövcud deyildir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən tələbə mahiyyəti üzrə deyil, iddianın mümkünlük şərtləri baxımından qiymət verilməli idi. Belə ki, inzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3 maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Qeyd olunanlara əsasən, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı iddianın təmin olunmadığı hissədə ləğv edilməli, iddia mümkünsüz sayılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayətləri qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 2-1(120)-31/2025 nömrəli qərarı iddianın təmin edilməməsi hissəsində ləğv edilsin. İddiaçılar X1 və qeyrilərinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı ərazi vahidinin sərhədlərinin müəyyən edilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar