Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-331/2025 30.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X5 və Quliyev Ceyhun əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi ilə, Şirvan İnzibati Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli, 2-1(120)-2242/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə qarşı aktın ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-17-5/3-2-115/2023 nömrəli əmri ilə təyin edilmiş təhqiqat komissiyasının mart 2023-cü il tarixli aktının ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim F.Abbasov) 15 yanvar 2025-ci il tarixli, 2- 1(120)-2242/2025 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş «İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları»nın 1.8-ci bəndinə görə istehsalatda bədbəxt hadisələrin təhqiqatının vaxtında aparılmasına müvafiq şəraitin yaradılmasına, İZ formalı aktın düzgün tərtib edilməsinə, bədbəxt hadisənin başvermə səbəblərinin aradan qaldırılması üzrə tədbirlərin yerinə yetirməsinə işəgötürənə işəgötürən cavabdehdir. Bədbəxt hadisələri törədən səbəblərin aradan qaldırılması üzrə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsinə nəzarəti X6 həyata keçirir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 196 nömrəli qərarı ilə «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta ödənişinin təyin edilməsi üçün sənədlərin Siyahısı» təsdiq edilmişdir. Qərarda göstərilmişdir ki, bu Siyahı «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 2 iyul tarixli, 289 nömrəli Fərmanının 1.9-cu bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta ödənişinin sığortaçı tərəfindən təyin edilməsi aylıq və ya birdəfəlik sığorta ödənişləri üzrə (1.1.3-cü bənd) qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş istehsalatda bədbəxt hadisə haqqında aktın, yaxud sığorta olunanla bağlı istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmə qərarının surəti əsasında həyata keçirilir. Göründüyü kimi, mövcud qanunvericilik istehsalatda bədbəxt hadisə üzrə sığorta ödənişinin verilməsi üçün iki sənədi əsas götürür:- müəyyən edilmiş formada tərtib olunmuş istehsalatda bədbəxt hadisə haqqında akt, hansı ki, həmin akt şəxsin iş yeri tərəfindən verilir; sığorta olunanla bağlı istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmə qərarı, hansı ki, həmin işə mülki məhkəmə icraatı qaydasında baxılır. İstehsalat zədəsi aktının verilməsi ilə bağlı şəxslə iş yeri arasında yaranmış mübahisə əmək münasibətlərindən yaranır və mülki hüquq xarakterlidir. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-17-5/3- 2-115/2023 nömrəli əmri ilə təşkil edilmiş təhqiqat komissiyasi xx.xx.2023-cü il tarixdə Akt tərtib etmişdir. Bu Akta etiraz edir, təhqiqat komissiyasının araşdırması istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınma Qaydalarına, həmçinin istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması proseduruna ziddir və bunu aşağıdakılarla sübuta yetirir. Belə ki, həyat yoldaşı, X2 xx.xx.2021-ci il tarixdan “A+CO” ASC-də satış təmsilçisi vəzifəsində işləmiş, 28 aprel 2022-cü il tarixdı avtoqəza nəticəsinda halak olmuşdur. Həyat yoldaşı İ.Zeynallının “A+CO” ASC-də vəzifəsi hər gün Beyləqan rayonunda Cəmiyyətin məhsulların satışını təmsil etmək, terminal vasitəsi ilə sifarişləri qəbul etmək, götürülmüş sifarişləri icra etmək və proqramla ödəniş əməliyyatlarını həyata keçirmək işləri ilə məşğul olmaqdan ibarət olmuşdur. Yəni, həyat yoldaşı hər gün evdən çıxıb işə gedərkən Beyləqan rayon ərazisinda Cəmiyyətin məhsullarını satmaq məqsədi ilə rayonun müxtəlif yerlərinə gedir, alıcılarla görüşürdü. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-568/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü X3 təqsiri ucbatından avtoqəzanın baş verməsi sübuta yetmiş və M.Həsənov müəyyən müddətdə azadlıqdan məhrum edilmişdir. Aparılmış ibtidai və məhkəmə istintaqı ilə həyat yoldaşı İ.Zeynallı öz istiqamətində hərəkət edərkən (avtomobillə) M.Həsənovun idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozmaqla bədbəxt hadisəni törətməsi və İ.Zeynallının sürücülük hüququnun olması tam olaraq sübuta yetirilmişdir. Qaydalara əsasən bədbəxt hadisəni 11 (on bir) ay gizlətmiş və aktı imzalamaqdan üç gün imtina etmişdir. Halbuki, bu əməllər işəgötürənin üç min manatdan beş min manatadək və beş yüz manatdan iki min manatadək cərimələnməsinə səbəb olur və ya işəgötürən, yəni “A+CO” ASC-nin rəhbərliyi vaxtında məlumat verib, DƏMX-İ Qaydalara riayət etməyibdir. Bundan əlavə aktda izahatı alınan cəmiyyətin əməkdaşı, həyat yoldaşı İ.Zeynallının satış müdiri sonuncunun hadisə vaxtı işdə olduğunu təsdiqləyir. Bundan əlavə həyat yoldaşının həmin günü terminal vasitəsi ilə 20 (iyirmi) manat məbləğində ödəniş etməsi həyat yoldaşının hadisə vaxtı işdə olmasını təsdiq edir. Ancaq komissiya Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünü əsas götürərək, daha dəqiq hadisə vaxtı həyatını itirmiş digər şəxsin həyat yoldaşının verdiyi ifadəsini əsas tutaraq İ.Zeynallının hadisə vaxtı şəxsi məqsədləri üçün hər hansı işlə məşğul olduğu qənaətində gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Prosessual məsələlər Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakının təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır. Belə ki, surəti iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-17-5/3- 2-115/2023 nömrəli əmri ilə təşkil edilmiş təhqiqat komissiyası tərəfindən tərtib edilmiş aktın (tarixi və nömrəsi qeyd edilməmişdir) məzmunundan görünür ki, komissiya X1 ölümü ilə nəticələnmiş hadisənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş vərən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.4-cü bəndinə əsasən istehsalatda baş vərən bədbəxt hadisə kimi rəsmiləşdirilməməsi və uçota alınmaması qərarına gəlmiş və müvafiq rəy vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti haqqında Əsasnamənin 3.1.1-ci bəndinə əsasən “öz səlahiyyətləri daxilində əmək qanunvericiliyinə əməl olunması sahəsində, o cümlədən işçilərlə əmək münasibətlərinin əmək müqaviləsi (kontraktı) əsasında tənzimlənməsi, əmək müqaviləsinin (kontraktının) bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə mərkəzləşdirilmiş elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi, əməyin ödənilməsi, məzuniyyət və istirahət hüququnun təmin edilməsi, əməyin mühafizəsi, texniki təhlükəsizlik, əmək şəraiti, əmək xəsarəti ilə əlaqədar ödənclərin ödənilməsi, işçilərin və iş yerlərinin attestasiyası, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası, iş prosesində əmək və əməyin mühafizəsi tələblərinə (iş davamiyyəti, əməyin təhlükəsizliyi, əməyin gigiyenası, qadınların, əlilliyi olan şəxslərin, yaşı 18-dən az olan şəxslərin əməyindən istifadə olunması və s.) riayət edilməsi üzrə dövlət nəzarətini həyata keçirmək” Xidmətin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş vərən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.2-ci bəndinə əsasən işçilərin səhhətinin pozulması aşağıdakı hallarda təhqiq edilməlidir: -əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən; -müəssisəyə məxsus və müəssisənin müqaviləsi (sifarişi) əsasında kənar təşkilatlardan verilmiş nəqliyyatda işə gedərkən, yaxud işdən qayıdarkən; -müəssisənin ərazisində, yaxud başqa iş yerində iş vaxtı müəyyən edilmiş fasilələr də daxil olmaqla, işçi işə başlamazdan əvvəlki və ya işi qurtarıb müəssisədən çıxan vaxt ərzində; -keçirildiyi yerdən asılı olmayaraq, müəssisə tərəfindən iməclik tədbirləri keçirildiyi müddətdə; -işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddətdə; -istehsal avadanlıqları və obyektlərində qəza zamanı; növbə istirahətində olan işçilər (bələdçi, refrijator briqadasının işçisi, növbədə olan sürücü, dəniz, çay nəqliyyatlarının ekipaj və hava gəmilərinin heyət üzvləri, növbə ekspedisiya üsulu ilə işləyənlər və başqaları) növbə (vaxta) qəsəbəsinin ərazisində olduqları vaxt; -işçilər xidmət obyektlərinin arasında hərəkət etməklə (iş vaxtı ümumi istifadədə olan nəqliyyatda, yaxud piyada gedərkən, həmçinin işəgötürənin (onun vəzifəli şəxslərinin tapşırığını yerinə yetirərkən) fəaliyyət göstərdikləri müddətdə; -işəgötürənin yazılı sərəncamına əsasən, əmək vəzifələrini şəxsi minik maşınında yerinə yetirdiyi vaxt; -əmək vəzifələrini yerinə yetirərkən işçiyə başqa şəxs tərəfindən bədən xəsarətləri yetirildikdə, yaxud o öldürüldükdə; -əmək vəzifələrini yerinə yetirərkən itkin düşmə, zədələnmələr, peşə xəstəlikləri və zəhərlənmələr, istivurma, yanma, donma, suda boğulma, ildırım vurma, fauna və flora növləri ilə təmas nəticəsində zədələnmələr, tibbi rəyə əsasən istehsalatda əmək şəraiti ilə əlaqəli infarkt, insult, həmçinin təbii fəlakətlər (zəlzələ, sürüşmə, daşqın, qasırğa və s.) zamanı. Qaydaların 2.1-ci bəndinə görə ağırlıq dərəcəsindən asılı olmayaraq bütün növ xəsarətlər, bir nəfərin həlak olması və qrup halında baş vermiş bədbəxt hadisələrin təhqiqatı X6 Xidmətinin rəisinin (və ya onun tapşırığı ilə X6 Xidmətinin yerli bölməsinin) əmri ilə yaradılmış komissiya tərəfindən aparılır. 2.5. Təhqiqat komissiyası bədbəxt hadisənin səbəbini və iş yerinin şəraitini təhqiq edir, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının standartlarının pozulmasına yol vermiş şəxsləri aşkar edir. Hadisənin şahidlərindən və zərərçəkəndən izahatlar alır, bədbəxt hadisənin səbəblərini və onların aradan qaldırılması üzrə tədbirləri göstərməklə lazımi nüsxələrdən ibarət tədqiqat aktı tərtib edir və müəssisə tərəfindən hadisə barədə İZ formalı aktın düzgün olmasına nəzarət edir. 2.6. Bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada İZ formalı akt tərtib edilməli və onun 1 nüsxəsi mütləq zərər çəkən işçiyə təqdim olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş təsnifatda X6 Xidməti və onun yerli bölmələri inzibati orqan kimi nəzərdə tutulmuşdur. Qeyd olunan hüquqi tənzimləmə bazası onu deməyə əsas verir ki, X6 Xidməti inzibati orqan olaraq, müvafiq əsasnaməyə əsasən əmək xəsarəti ilə əlaqədar ödənclərin ödənilməsi, işçilərin və iş yerlərinin attestasiyası, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası, iş prosesində əmək və əməyin mühafizəsi tələblərinə riayət edilməsi üzrə dövlət nəzarətini həyata keçirən qurumdur və hazırki mübahisə onun tərəfindən yaradılmış komissiyanın şəxs üçün hüquqi nəticələr yaradan hərəkətindən və ya gəldiyi nəticədən yaranmışdır. Şəxsə istehsalatda bədbəxt hadisə üzrə sığorta ödənişinin və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən ödəncin verilməsi üçün 2 mərhələ tələb olunur:- birinci növbədə X6 Xidməti tərəfindən bədbəxt hadisənin təhqiqatı aparılmalı və müvafiq rəy verilməli, daha sonra isə işəgötürən tərərindən həmin təhqiqatın nəticələrinə uyğun olaraq ödənişlərin verilməsi üçün müvafiq sənədləşmə işləri aparılmalıdır. Hər iki mərhələ üzrə dövlət nəzarətini X6 Xidməti həyata keçirsə də, birinci mərhələdə Xidmət ünvanlandığı hüquqi və ya fiziki şəxs üçün hüquqi nəticələr yaradan hakimiyyət tədbirini həyata keçirir, ikinci mərhələdə isə əmək-hüquq münasibətlərinin düqzgün tənzimlənməsinə nəzarət edir. Odur ki, həmin qurumun yaratdığı komissiya hazırda iddiaçı üçün əlverişsiz olan inzibati akt qəbul edərkən əmək-hüquq münasibətləri ilə bağlı olan məsələni deyil, onun publik fəaliyyətindən və dövlət hakimiyyəti səlahiyyətlərindən irəli gələn münasibətlər müstəvisində yaranmış məsələni həll etmişdir. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli Qərarında təsbit edilmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə uyğun olaraq inzibati orqanın ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul etdiyi və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan məktub və ya digər rəsmi sənəd inzibati akt hesab edilməlidir. Hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı, inzibati aktın məzmunu da nəzərə alınmalıdır. X4 Məhkəməsi gəldiyi nəticəni əsaslandıran hallar kimi qeyd etmişdir ki: -İnzibati hüquqi akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən aktbaşa düşülür. -İnzibati hüquqi akt bir tərəfdən qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, digər tərəfdən isə fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir. -İnzibati aktın yaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi aktı qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul edilən şəxs çıxış edir. Beləliklə, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən, ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir. -“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda “inzibati akt” anlayışı özündə yalnız fərdi aktları ehtiva edir. Belə ki, Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Göstərilən maddənin mahiyyətini təhlil edərəkbelə nəticəyə gəlmək olar ki, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir:inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; hakimiyyət tədbiri olmalıdır. -Beləliklə, inzibati akt qanunvericiliklə müəyyən edilmiş qaydada publik idarəetmənin səlahiyyətli subyektləri tərəfindən qəbul edilir. -“İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində inzibati akt hesab edilən hakimiyyət tədbirinin əlamətləri sadalanaraq onların dəqiq adı və siyahısı göstərilməmişdir. Lakin maddənin dispozisiyası belə nəticəyə gəlməyə imkan verir ki, adından asılı olmayaraq hər hansı bir hakimiyyət orqanının sənədi həmin maddədə sadalanan əlamətləri özündə əks etdirdiyi təqdirdə inzibati akt hesab edilməlidir. Qeyd olunanlara baxmayaraq, birinci instansiya məhkəməsi tələbin məhkəmə aidiyyətini düzgün qiymətləndirməmiş, iddianın mümkünlük şərtlərini yuxarıda qeyd olunan normativ sənədlər baxımından dəyərləndirməmişdir. Beləliklə məhkəmə kollegiyası işin faktiki və hüquqi hallarını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli, 2-1(120)-2242/2025 nömrəli qərardadı ləğv edilməli, iş üzrə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli, 2-1(120)-2242/2025 nömrəli qərardadı ləğv edilsin. İnzibati iş baxılması üçün Şirvan İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(106)-331/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-331/2025
30.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver