Məhkəmə qərarları › İş №2-1(106)-332/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-332/2024

09.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-332/2024 09.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X5 və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı “İddiaçı məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması” barədə iddia tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2-1(120)-1371/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı “İddiaçı məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Birinci instansiya məhkəməsində icraat və gəldiyi nəticə: İddia onunla əsaslandırılmışdır ki, valideynləri ailəvi olaraq xx.xx.1993-cü il tarixində Füzuli rayon ərazisinin erməni işğalçıları tərəfindən işğal olması səbəbindən məcburi köçkün olmuş və onlara məcburi köçkün statusu verilmişdir. xx.xx.2005-ci il tarixində anadan olduqdan sonra ona da məcburi köçkün statusu verilmişdir. Lakin 2022-ci ildən sonra həmin statusdan məhrum edilmişdir. Qeyd olunmuş əsasa uyğun olaraq məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi üçün bir çox aidiyyatı ünvanlara, o cümlədən. Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə çoxsaylı müraciətlər etsə də, həmin müraciətlərinin nəticəsi olmamışdır. Sonuncu müraciətinə iş üzrə cavabdeh Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli cavab məktubunda məcburi köçkün statusunun verilməsindən imtina olunmuşdur. İmtina məktubunda qeyd olunmuşdur: Füzuli rayonunun Əhmədbəyli kəndi işğaldan tam azad olduğundan, məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il müddətində, məcburi köçkünlərə bərabər tutulan şəxslər isə əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı və ya daimi məskunlaşdıqları vaxtadək qüvvədə olduğundan, 08 noyabr 2020-ci il tarixdən işğalda olan ərazilərin azad edilməsindən sonra, təmas xətti ləğv edildiyindən, qeydiyyatda olduğunuz kənd sakinlərinə xüsusi qaydada məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilinəsi dayandırıldığından məcburi köçkün statusunu təsdiq edən sənədin verilməsi imkan xaricindədir. Hesab edir ki, imtina olunması əsassızdır. Bununla bağlı olaraq bildirir ki, Füzuli rayon Əhmədbəyli kənd sakini atası Nümayəndə 23 avqust 1993-cü il tarixədək Füzuli rayonunun Əhmədbəyli kəndində yaşamış, məcburi köçkün olmuşdur. Hazırda məcburi köçkün kimi Əhmədbəyli kəndində məskunlaşıb yaşayır və vahid aylıq müavinət alır. Eyni zamanda, hal-hazırda anası X2 da məcburi köçkün statusu vardır və vahid aylıq müavinət alır. Diğər tərəfdən, yaşadığı Füzuli rayonunun Əhmədbəyli kəndində onunla həmyaşıd olan şəxslərə də həmin status şamil olunmuş və hazırda vahid aylıq müavinət alırlar. Lakin buna baxmayaraq Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən hal-hazıra kimi ona məcburi köçkün statusunu təsdiq edən vəsiqəni verməkdən imtina edir. Qeyd olunmuş faktiki və hüquqi əsaslara uyğun olaraq ona məcburi köçkün statusunun və statusu təsdiq edən vəsiqənin verilməsi öhtəliyinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2-1(120)-1371/2024 saylı qərarı (Şahəli Musayev) ilə iddia təmin edilmişdir. Apellyasiya şikayəti və onun geri götürülməsi: Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verilərək iş üzrə qəbul edilmiş Şirvan İnzibati Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2-1(120)-1371/2024 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Sonradan cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi apellyasiya instansiyası məhkəməsinə ünvanladığı 08 iyul 2024-cü il tarixli ərizəsində (vəsatətində) cavabdeh olaraq Şirvan İnzibati Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2- 1(120)-1371/2024 saylı qərarından vermiş olduqları apellyasiya şikayətini geri götürdüklərini bildirmişdirlər. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 88.1. Şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Maddə 88.3. şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin apellyasiya şikayətinin geri götürmə barədə ərizəsini nəzərə alaraq hesab edir ki, cavabdeh apellyasiya şikayətini geri götürdüyündən iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, iş materialına əlavə edilmiş cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi apellyasiya instansiyası məhkəməsinə ünvanladığı 08 iyul 2024-cü il tarixli ərizəsində (vəsatətində) cavabdeh olaraq Şirvan İnzibati Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2-1(120)-1371/2024 saylı qərarından vermiş olduqları apellyasiya şikayətini geri götürdüklərini bildirmişlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin geri götürmə barədə ərizəsini, iş materialları ilə birgə tədqiq edərək yuxarıda sadalanan prosessual hüquq normalarını əsas tutaraq hesab edir ki, cavabdehin apellyasiya şikayətinin geri götürmə barədə ərizəsi nəzərə alınaraq iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı “İddiaçı məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2-1(120)-1371/2024 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin apellyasiya şikayətini geri götürmə barədə ərizəsi təmin edilsin və apellyasiya şikayəti üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar