Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-333/2023 11.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Dəmirova Nəcimə Arif qızının, İddiaçı3, Maraqlı şəxs Sığorta Şirkəti ASC-nin nümayəndəsi X1 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh İmişli Rayon Mərkəzi Xəstəxanasına qarşı qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmiş sözügedən əlverişsiz inzibati aktın, yəni 13 avqust 2018-ci il tarixli xəstəlik vərəqəsinin ləğv edilməsi barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2-1(120)-1855/2022 nömrəli qərardadından Maraqlı şəxs Sığorta Şirkəti ASC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh İmişli Rayon Mərkəzi Xəstəxanasına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmiş əlverişsiz inzibati aktın, yəni 13 avqust 2018-ci il tarixli xəstəlik vərəqəsinin ləğv edilməsini xahiş etmişdirlər. Şirvan İnzibati Məhkəməsinin (hakim Hilal Nəcəfov) 03 noyabr 2022-ci il tarixli, 2- 1(120)-1855/2022 nömrəli qərarı ilə iddianın təmin edilməsi, qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmiş sözügedən əlverişsiz inzibati aktın, yəni 13 avqust 2018-ci il tarixli xəstəlik vərəqəsinin ləğv edilməsi qərara alınmışdır. Cavabdeh İmişli Rayon Mərkəzi Xəstəxanası tərəfindən Şirvan İnzibati Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2-1(120)-1855/2022 nömrəli qərarından apellyasiya şikayəti verilməmiş, qərar qanuni qüvvəyə minmiş, qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün 05 yanvar 2023-cü il tarixdə “İmişli Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsinə göndərilmiş və “İmişli Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi tərəfindən məhkəməyə ünvanlanmış 28 yanvar 2023-cü il tarixli, PHŞ-6-46/2- 103/2023 saylı məktuba əsasən mübahisələndirilən xəstəlik vərəqəsinin ləğv edildiyi müəyyən edilmişdir. Maraqlı şəxs Sığorta Şirkəti ASC 16 mart 2023-cü il tarixdə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmə barədə vəsatətlə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək Şirvan İnzibati Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2-1(120)-1855/2022 nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraatın təzələnməsini xahiş etmiş, lakin Şirvan İnzibati Məhkəməsinin (hakim Hilal Nəcəfov) 14 iyun 2023-cü il tarixli, 2-1(120)-1855/2022 nömrəli qərardadı ilə vəsatət təmin edilməmişdir. Qərardaddan Maraqlı şəxs Sığorta Şirkəti ASC tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçılar X6, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh İmişli Rayon Mərkəzi Xəstəxanasına qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmiş sözügedən əlverişsiz inzibati aktın, yəni 13 avqust 2018-ci il tarixli xəstəlik vərəqəsinin ləğv edilməsi tələbinə dair 2-1 (120)-1855/2022 №li inzibati iş üzrə 03 noyabr 2022-ci il tarixində iddianın təmin edilməsi qərara alınmışdır. Sözügedən məhkəmə qərarı Maraqlı şəxs Sığorta Şirkəti ASC-nin qanunla qorunan maraqlarına toxunmasına baxmayaraq sığorta şirkəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmamışdır. Belə ki, qərardan da göründüyü kimi, Maraqlı şəxs Sığorta Şirkəti ASC mübahisələndirilən inzibati akta istinad edərək sığortalının vəfatı ilə bağlı sığorta ödənişi verilməsi ilə bağlı öhdəliyinin olmadığını bildirmişdir. Bu zaman sığorta şirkəti tibb müəssisəsindən daxil olmuş məlumatlara istinad etmişdir. Bununla belə, nə qanun üzrə vərəsələr, nə də ki sığorta müqaviləsi üzrə faydalan şəxs olan "xxxx" Bank ASC sığorta şirkətinin yuxarıdakı mövqeyini mübahisələndirməmişdirlər. Bunun əvəzinə isə qanun üzrə vərəsələr məhkəmədə iddia qaldırmaqla kifayətlənmiş və sığorta şirkəti işin nəticəsindən birbaşa maraqlı olmağına baxmayaraq məhkəmə icraatına cəlb olunmamışdır. Qeyd edilən qərarın qəbul edilməsi ilə bağlı məlumat isə şikayətvermə ilə bağlı müddət keçdikdən sonra, yalnız 07 fevral 2023-cü il tarixdə İddiaçı3 tərəfindən sığorta şirkətinə ərizə ilə müraciət edilən zaman verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Maraqlı şəxs Sığorta Şirkəti ASC vəsatətdəki dəlillərə istinad edərək birinci instansiya məhkəməsinin qərardadından apellyasiya şikayəti vermişdir. Maraqlı şəxs Sığorta Şirkəti ASC apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı ilə razı olmadığını bildirmiş və həmin qərardadın ləğv edilərək vəsatətin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Prosessual məsələlər Maraqlı şəxs Sığorta Şirkəti ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və vəsatətin təmin edilməsini xahiş etdi. İddiaçı3 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və cavabdeh İmişli Rayon Mərkəzi Xəstəxanasının nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən digər iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və cavabdeh İmişli Rayon Mərkəzi Xəstəxanasının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2017-ci il tarixli qərarına əsasən, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qanunvericilikdə cəlbetmənin iki növü nəzərdə tutulmuşdur: adi cəlbetmə və zəruri cəlbetmə. Zəruri cəlbetmə o zaman yaranır ki, hüquqi mübahisənin mahiyyəti üzrə qərar üçüncü şəxslərin maraqlarına bilavasitə təsir etsin. Burada həlledici məqam cəlb edilən şəxslə tərəf arasındakı mövcud hüquq münasibəti deyil, hüquqi mübahisə ilə bağlı qərarın potensial təsiridir. Zəruri cəlbetmə o zaman mövcud olur ki, qəbul ediləcək məhkəmə qərarı tək inzibati məhkəmə icraatının tərəfləri barəsində deyil, həmçinin üçüncü şəxsə münasibətdə də hüquqi qüvvəyə malik olsun. Əgər məhkəmə qərarını üçüncü şəxsin hüquqlarına müdaxilə etmədən (başqa şəxs üçün hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi) qəbul etmək mümkün deyilsə, həmin şəxs mütləq məhkəmə icraatına cəlb edilməli və bu, zəruri cəlbetmə kimi qiymətləndirilməlidir. Bu hal bir qayda olaraq o zaman mövcud olur ki, üçüncü şəxsin mübahisəli hüquq münasibətlərində birbaşa iştirakı olsun və münasibətin hüquqi taleyi həll edildiyi zaman qəbul edilmiş qərar onun maraqlarına təsir etsin. Bu halda həmin şəxs üçüncü şəxs qismində, yəni iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir. Qeyd olunduğu kimi, məhkəmələr tərəfindən xidməti vəzifəsinə əsasən zəruri cəlb edilməli olan şəxslərin məhkəmə icraatına cəlb olunmaması onların prosessual statusdan məhrum edilməsi ilə nəticələnir və məhkəmə qərarından apellyasiya şikayəti vermək hüququnu məhdudlaşdırır. Belə ki, İnzibati Prosessual Məcəllənin 27-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçılarına iddiaçı, cavabdeh və icraata cəlb olunmuş üçüncü şəxslər aiddir. Həmin Məcəllənin 81.1-ci və 81.2-ci maddələrinə əsasən, inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Göründüyü kimi, inzibati məhkəmə icraatı zamanı apellyasiya şikayəti vermək hüququnun yalnız icraatın iştirakçılarına məxsus olduğu imperativ qaydada müəyyən edilmişdir. Qanunverici həmin normada göstərir ki, istənilən şəxs deyil, yalnız icraata cəlb olunmuş üçüncü şəxslər şikayət vermək hüququna malikdirlər. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə maraqlarına toxunan şəxsin məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə müvafiq olaraq üçüncü şəxs qismində işə cəlb edilməsi həmin şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğu hallarda mümkün hesab edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Həmin Məcəllənin 28.3-cü maddəsinə əsasən üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. Həmin Məcəllənin 28.4-cü maddəsinə əsasən inzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2022-ci il tarixli, 01/2022 nömrəli qərardadında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.3-cü və 28.5-ci maddələrinə əsasən istər cəlbetmə, istərsə də cəlbetmədən imtina haqqında məhkəmə ayrıca akt formasında qərardad çıxarmalıdır. Həmin qərardadlarda işin halları, cəlbetmənin və ya cəlbetmədən imtinanın səbəbləri göstərilməli, xüsusən qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunub-toxunmadığına dair məhkəmənin mövqeyi lazımi qaydada əsaslandırılmalıdır. Bundan başqa, məhkəmənin qərardadında həyata keçirilmiş cəlbetmənin adi, yoxsa zəruri cəlbetmə olduğunu mütləq göstərməlidir. Cəlbetmə barədə, eləcə də cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardad Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.3-cü maddəsinə əsasən inzibati prosesin bütün iştirakçılarına lazımi qaydada təqdim olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.4-cü maddəsinə əsasən inzibati məhkəmə icraatına cəlbetmə barədə qərardaddan şikayət verilə bilməz. Bunun əksinə olaraq cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardaddan isə şikayət verilə bilər. Məhkəmə cəlbetmə barədə qərardadı həm öz təşəbbüsü, həm də icraat iştirakçılarının vəsatəti ilə dəyişdirə və ya ləğv edə bilər, habelə üçüncü şəxsin icraatda iştirakına xitam verə bilər. Sözügedən prosessual hərəkətlər işə baxılması gedişində müvafiq əsasların yaranmasından asılı olaraq hər üç instansiya məhkəməsində edilə bilər. Bu zaman məhkəmə cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasın dəyişdiyinə və ya aradan qalxdığına, yaxud cəlbetmənin əvvəldən səhv olduğuna istinad etməlidir. Cəlbetmənin dəyişdirilməsi adi cəlbetmədən zəruri cəlbetməyə və ya əksinə keçidi nəzərdə tutur. Cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasların aradan qalxdığı hallarda məhkəmə icraata cəlb edilmiş üçüncü şəxsin məhkəmə icraatında iştirakına xitam verilməsi barədə qərardad qəbul edir. Bu halda üçüncü şəxsin məhkəmə icraatında iştirakına bu barədə qərardadın qüvvəyə mindiyi vaxtdan xitam verilmiş sayılır. Cəlbetmənin əvvəldən səhv olduğu hallarda isə məhkəmə cəlbetmə barədə qərardadı ləğv edir. Bu halda üçüncü şəxs məhkəmə icraatına cəlb edilməmiş sayılır. Maraqlı şəxs Sığorta Şirkəti ASC-nin nümayəndəsi vəsatətində və izahatında məhkəmə qərarının onların maraqlarına əhəmiyyətli dərəcədə toxunduğunu, qərarın qüvvədə olmasının onlar üçün sığorta ödənişindən imtinaya münasibətdə mövcud hüquqlarını və vəzifələrini dəyişdiyi və maddi öhdəlik yaratdığı kimi əsaslandırmışdır. Birinci instansiya məhkəməsi iş materiallarını və təqdim edilmiş sənədləri, ərizəçinin dəlillərini nəzərdən keçirərək qeyd etmişdir ki, Şirvan İnzibati Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2- 1(120)-1855/2022 nömrəli qərarının verilməsi üçün əsasın qeyd edilən xəstəlik vərəqələrinin heç bir müayinə, digər müalicə aparılmadan verilməsi, həmin diaqnozun qoyulması üçün qeyd edilən xəstəxanada hər hansı bir müayinə aparatının olmamasıdır ki, cavabdeh inzibati orqanın nümayəndəsi tərəfindən qeyd edilən hallar məhkəmə iclası zamanı öz təsdiqini tapmış və bu səbəbdən cavabdeh tərəfindən qeyd edilən qərardan apellyasiya şikayəti verilməmiş və dərhal icra olunmuşdur. Hazırkı halda verilmiş vəsatətdən də aydın görünür ki, ərizəçi Maraqlı şəxs Sığorta Şirkəti ASC barəsində yaranacağı iqtisadi öhdəlik səbəbindən məhkəmə qərarının ləğvini xahiş edir. Lakin birinci instansiya məhkəməsi hesab etmişdir ki, İmişli Rayon Mərkəzi Xəstəxanası tərəfindən xəstəlik vərəqəsi verilən zaman əsaslı müayinələr aparılsaydı, həmin qeyd edilən xəstəlik vərəqəsi verilməyəcəkdi. Belə olan halda Maraqlı şəxs Sığorta Şirkəti ASC tərəfindən yenə də sığorta ödənişinin ödənilməsi öhdəliyi yaranmış olacaqdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2022-ci il tarixli, 01/2022 saylı “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” qərardadında da qeyd edildiyi kimi, cəlbetmə üçün həlledici olan məsələlərdən biri də qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının mübahisə tərəfləri olmayan digər şəxslərin qanunla qorunan maraqlarına toxunma halını yaratmasıdır. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılmasından sonra yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir. Həlledici məqam cəlb edilən şəxslə tərəf arasındakı mövcud hüquq münasibəti deyil, hüquqi mübahisə ilə bağlı məhkəmənin qəbul edəcəyi qərarın potensial təsiridir. Əsas olmadan, hüquqi maraq müəyyən edilmədən, məhkəmə qərarının əsassız olması və cəlb ediləcəyi təqdirdə nəticənin dəyişə bilməsi ilə bağlı sübut təqdim etmədən vəsatətin verilməsi zəruri cəlbetmə üçün əsas ola bilməz. Belə olan halda qərarın formal əsaslarla ləğv edilməsi, icraatın təzələnməsi və yenidən baxılması yalnız iddiaçıya münasibətdə süründürməçiliyə, hüquqi müəyyənlik prinsipinin və konstitusion hüquqların pozulmasına gətirib çıxaracaqdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Maraqlı şəxs Sığorta Şirkəti ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2-1(120)-1855/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-333/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-333/2023
11.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver