Məhkəmə qərarları › İş №2-1(106)-335/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-335/2024

18.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-335/2024 18.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, İddiaçı, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının nümayəndəsi X1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 29 mart 2024-cü il tarixli, 2-1(120)-1629/2024 nömrəli qərarından Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialına qarşı sosial müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixdə azadlıqdan məhrum edilməsi ilə əlaqədar müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim F.Abbasov) 29 mart 2024-cü il tarixli, 2- 1(120)-1629/2024 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxs kimi sosial adaptasiyası məqsədilə minimum aylıq əmək haqqının dörd misli məbləğində birdəfəlik pul müavinətinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mövcud qanunvericilik cəza çəkməkdən azad edilmiş şəxslərin adaptasiyası məqsədilə həyata keçirilən tədbirlərin konkret dairəsini və həmin tədbirlərinin həyata keçirən qurumları müəyyənləşdirmiş və bu tədbirlərin sırasına DSMF-nin yerli qurumları tərəfindən həyata keçirilən birdəfəlik pul müavinətinin verilməsini də aid etmişdir. «Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsində nəzərdə tutulmuş müddətlər penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin müraciət etməsinə deyil, aidiyyəti qurumlar tərəfindən adaptasiya tədbirlərinin həyata keçirilməsinə şamil olunur ki, bu da, həmin müddət başa çatdıqdan sonra müvafiq şəxsin ona birdəfəlik pul müavinətinin verilməsini tələb etməsinə maneə yaratmır. Həmçinin nəzərə alınmalıdır ki, cəza çəkməkdən azad edilmiş şəxslərin adaptasiyası fəaliyyətinin əlaqələndirilməsini də ayrıca inzibati orqan olsa da, hazırkı cavabdehin yuxarı təşkilatı (ƏƏSMN) həyata keçirir və müəyyən edilmiş tədbirlərin həmin müddət ərzində həyata keçirilməsinə məhz qeyd olunan təşkilat nəzarət etməli idi. «Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında» Azərbaycan Respublikası Qanununda cəza çəkməkdən azad edilmiş şəxslərə sosial adaptasiya məqsədilə birdəfəlik pul müavinətinin təkrar təyin olunmasından imtina edilməsi barədə heç bir hüquqi göstəriş yoxdur. Qərardan Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, o, azadlıqdan məhrum edilməsi ilə əlaqədar müavinətin təkrar təmin edilərək ödənilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən imtina olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununa (bundan sonra - Qanun) əsasən bu Qanun qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin cəmiyyətə sosial adaptasiyası sahəsində tədbirlərin həyata keçirilməsinin təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. Sözügedən Qanunun 1.0.3-cü maddəsinə əsasən penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası - penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, bu şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin və onlara təsir göstərə bilən kriminogen amillərin qarşısının alınması məqsədilə həyata keçirilən hüquqi, iqtisadi, təşkilati və sosialpsixoloji tədbirlər sistemidir. Qanunun 6.1.7-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə sosial adaptasiyaya ehtiyacı olan səxslərə birdəfəlik pul müavinəti verilir. Qanunun 8.1-ci maddəsinə əsasən sosial adaptasiya müddəti bir ildir. Müstəsna hallarda müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında bu müddət daha bir ilədək uzadıla bilər. Qanunun 14.1-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmis tibbi və sosial yardıma ehtiyacı olan səxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir. İddiaçı xx.xx.2021-ci tarixli, 1(032)- 67/2021 nömrəli Şirvan Şəhər Məhkəməsinin hökmü ilə AR CM-nin 234.1-ci və 69.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 09 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək cəza müddətini çəkib, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 ay 29 günü hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə ərizə ilə birdəfəlik müavinətin təyini ilə bağlı müraciət etmiş və xx.xx.2021-ci il tarixli qərarla 1000 (bir min) manat məbləğində birdəfəlik müavinət təyin olunmuşdur. Bundan sonra iddiaçı Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(032)-194/2022 nömrəli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək cəza müddətini çəkib, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 02 ay 22 günü hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Qanunun 6.1.7-ci maddəsinə uyğun olaraq cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti vermək cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirdir. Eyni zamanda Qanunun 8.1-ci maddəsinə əsasən sosial adaptasiya müddəti bir ildir. İddiaçıya xx.xx.2021-ci il tarixdə birdəfəlik müavinət təyin olunaraq ödənildiyindən sosial adaptasiyada olduğu 1 il müddətində yenidən azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyindən xx.xx.2023-cü il tarixdə həmin müavinətin təkrar təyin edilərək ödənilməsi mümkün hesab edilmir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri imtina və iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. Prosessual məsələlər Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının nümayəndəsi X5 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlilləri ilə oxşar məzmunlu izahat vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianının rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 04 avqust 2023- cü il tarixli, 7(002)- 698/2023 nömrəli qərarından çıxarışın surətindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum İddiaçı Şirvan Şəhər Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 1(032)-194/2022 nömrəli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 02 ay 22 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 saylı Cəzaçəkmə müəssisəsinin xx.xx.2023-cü il tarixli, 4417 nömrəli B formalı arayışına əsasən İddiaçı Şirvan Şəhər Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 1(032)-194/2022 nömrəli hökmü ilə təyin edilmiş 01 il 07 ay azadlıqdan məhrumetmə cəzasının xx.xx.2022ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan cəza müddətini çəkmiş və xx.xx.2023-cü il tarixdə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 02 ay 22 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. «Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında» Azərbaycan Respublikası Qanununun: -5.1-ci maddəsinə görə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası üzrə tədbirləri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Təhsil Nazirliyi və Səhiyyə Nazirliyi) həyata keçirirlər. Həmin Qanunun 5.4-cü maddəsinə görə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası sahəsindəki fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) tərəfindən əlaqələndirilir. Həmin Qanunun -6.1-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirlər aşağıdakılardır: - cəza çəkməkdən azad edilmiş şəxsləri qeydiyyata almaq, onlarla hazırlıq işlərini aparmaq (maddə 6.1.1); - sosial adaptasiya mərkəzləri yaratmaq (maddə 6.1.2); - daimi yaşayış sahəsi olmayan şəxsləri bu Qanunla müəyyən olunmuş müddətdə müvəqqəti yaşayış yeri ilə təmin etmək (maddə 6.1.3); - cəza çəkməkdən azad edilmiş şəxslərin peşə hazırlığı işinin təşkili, onların işlə, tibbi və sosial yardımla təmin edilməsi sahəsində müvafiq tədbirləri həyata keçirmək (maddə 6.1.4); - təhsil almalarına şərait yaratmaq (maddə 6.1.5); - şəxsiyyətini təsdiq edən və digər lazımi sənədlərlə təmin etmək (maddə 6.1.6); - cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti vermək (maddə 6.1.7); - cəza çəkməkdən azad edilmiş şəxslərə hüquqi, psixoloji və informasiya yardımı göstərmək (maddə 6.1.8). Həmin Qanunun 7.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) penitensiar müəssisələrin müdiriyyəti ilə birlikdə ayda bir dəfədən az olmayaraq sosial adaptasiyaya ehtiyacı olan cəza çəkməkdən azad ediləcək şəxsləri müəyyən edir və bu şəxsləri onların razılığı ilə qeydiyyata götürür. Qeydiyyata götürülmüş şəxslərə onların hüquq və azadlıqları, sosial adaptasiya tədbirlərinin məzmunu və həyata keçirilməsi qaydası izah olunur. -7.2-ci maddəsinə görə penitensiar müəssisələrdə sosial adaptasiya məqsədi ilə qeydiyyata götürülməmiş şəxslər, habelə digər dövlətlərdə cəza çəkməkdən azad edilmiş və Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşları üç ay ərzində ərizələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) tərəfindən qeydiyyata alınırlar. Həmin Qanunun 8.1-ci maddəsinə görə sosial adaptasiya müddəti bir ildir. Müstəsna hallarda müvafiq icra hakiimiyyəti orqanının (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin) qərarı əsasında bu müddət daha bir ilədək uzadıla bilər. Həmin Qanunun 9.1-ci maddəsinə görə cəza çəkməkdən azad edilmiş şəxslər onların barəsində qanunvericilikdə müəyyən edilmiş məhdudliyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda, digər qanunvericilik aktlarında, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilmiş bütün insan və vətəndaş hüquq və azadlıqlarından istifadə edirlər. Həmin Qanunun 9.2-ci maddəsinə görə cəza çəkməkdən azad edilmiş şəxslər onların hüquq və azadlıqlarını pozan, habelə hüquq və azadlıqlarının həyata keçirilməsinə mane olan qərar və hərəkətlərdən (hərəkətsizliklərdən) qanunvericiliklə müəyyən olunmuş qaydada tabeçilik qaydasında yuxarı orqanlara və ya məhkəməyə şikayət edə bilərlər. -14.1-ci maddəsinə görə cəza çəkməkdən azad edilmiş tibbi sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əmək haqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir. -Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında» Əsasnamənin 3.1.58-ci bəndinə görə öz səlahiyyətləri daxilində penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası üzrə tədbirləri həyata keçirmək, cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətinin verilməsini təmin etmək, cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası sahəsindəki fəaliyyəti əlaqələndirmək Nazirliyin vəzifələri sırasına daxildir. -Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2016-cı il tarixli 976 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında» Əsasnamənin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası, əhalinin əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər, kompensasiyalar və sosial yardımlarla təmin edilməsi, ahılların, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası, çətin həyat şəraitində olan şəxslərə sosial xidmət sahəsində tədbirləri həyata keçirən icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3.1.23-cü maddəsinə əsasən penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası üzrə tədbirləri həyata keçirmək, cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti vermək Fondun vəzifələrinə daxildir. -Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarına 7 nömrəli əlavənin (Müavinət, təqaüd və kompensasiyanm təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısının) 2.17- ci bəndinə əsasən cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik müavinətin təyin edilməsi üçün cəza çəkməkdən azad edilmə barədə cəzaçəkmə müəssisəsinin arayışı, məhkəmənin bəraətverici əsaslarla şəxsin cinayət məsuliyyətindən və ya cəzasının qalan hissəsini çəkməkdən azad edilməsi barədə qərarının surəti tələb olunur. Birinci instansiya məhkəməsi öz qərarında haqlı olaraq qeyd etmişdir ki, «Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında» Azərbaycan Respublikası Qanununda cəza çəkməkdən azad edilmiş şəxslərə sosial adaptasiya məqsədilə birdəfəlik pul müavinətinin təkrar təyin olunmasından imtina edilməsi barədə heç bir hüquqi göstəriş yoxdur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2-1(120)-1629/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar