Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-335/2025 01.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X2 və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli, 2-1(120)-842/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, «Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə» xx.xx.2024-cü il tarixli, **********983000 nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli, 2-1(120)-842/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş şərti rentabellik normasını tətbiq edərək ödəməli olduğu gəlir vergisini hesablamışdır. Belə ki, iddiaçının xərclərə dair təsdiqedici sənədinin olmaması onun satdığı malların alışına hər hansı xərc çəkmədiyini göstərmir. Lakin vergi orqanı iddiaçının malların təqdim edilməsindən əldə edilən gəlirinin olduğunu qəbul etsə də, hər hansı olmadan həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri tanımaqdan imtina edir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, vergi orqanı tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası hesablanması barədə” 09 yanvar 2024-cü il tarixli **********83000 nömrəli qərara əsasən 2022-ci ilin gəlir vergisi üzrə 4269.07 manat əlavə vergi məbləği hesablanmışdır. 2022-ci il üzrə təqdim etdiyi gəlir vergisi bəyannaməsində 25481.40 manat gəlir, gəlirdən çıxılan xərc isə 21754.83 manat qeyd olunmasına baxmayaraq vergi orqanı tərəfindən onun 25481.40 manat gəlirindən heç bir xərc çıxılmadan gəlir vergisi hesablanmışdır. Bakı şəhərində təsərrüfat mallarının səyar satışı ilə məşğul olmuşdur. Sədərək T/M-də yerləşən təsərrüfat bazarından müxtəlif mal-material alıb, Bakı şəhərində fəaliyyət qöstərən MMC-lərin birinə satış etmişdir. 2022 ci ilin 3-cü rübündə işə başlamış, 3 ay işlədikdən sonra VÖEN üzərində fəaliyyətini dayandırmışdır. Bu müddət ərzində 25481.40 AZN gəlir əldə etmişdir. Bazardan rəsmi qaimə ala bilmədiyinə görə bütün hesablarını öz iş dəftərində aparmış və orada olan hesablarına görə 21754.83 azn pul xərc etmişdir. Vergi orqanına bu xərcləri gösdərsə də ona bildirdilər ki, bu xərci tam düzgün olmasını yoxlaya bilmirlər. Buna cavab olaraq vergi orqanına bildimək istəyir ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş əlavədə "Vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydalarının təsdiq edilməsi barədə" məlumat verilmişdir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, uçot-baza məlumatlarına əsasən İddiaçı xx.xx.2022-ci il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınıb. Uçot-baza məlumatlarına əsasən əsas fəaliyyət növünün “Mağaza, çadır və bazarlardan kənar mal satışından ibarət olduğu, qeydiyyatda heç bir təsərrüfat subyektinin (obyektinin) olmadığı müəyyən edilmişdir. Aparılan araşdırma zamanı İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə təqdim olunmuş 2022-ci il üzrə Gəlir vergisi bəyannaməsində “Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər" hissəsinin “Malın dəyəri” sətrində (1226.4-kodlu) 21232,83 manat və “Sosial sığorta haqları” sətrində (1226.2- kodlu) 522,0 manat göstərildiyi aşkar edilmişdir. Uçot baza məlumatlarına əsasən vergi ödəyicisi tərəfindən 2022-ci il ərzində mal (iş, xidmət) əldə edilmədiyi (E-qaimə, YGB, Alış aktları məlumatlarına əsasən) aşkar edildiyindən 21232,83 manat dəyərində təsdiqini tapmayan xərc müəyyən edilmiş və həmçinin 2022-ci ilin müvafiq rübləri üzrə təqdim olunan muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələrinə (hesabatı) görə hesablanmış sığorta haqlarının cəmi məbləğinin 409,50 manat olması səbəbindən kənarlaşmalar müəyyən edilmişdir. Qeyd olunanlar vergiyə cəlb edilən mənfəətin azaldılması və vergidən yayınma riskinin olması kimi qiymətləndirilmişdir. Qeyd olunan kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********488900 nömrəli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında uyğunsuzluq məktubu göndərilmiş və əsaslandırılmış yazılı izahat və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim olunması vergi ödəyicisindən tələb olunmuşdur. Vergi ödəyicisi xx.xx.2023-cü il tarixli **********488900 nömrəli məktuba əsasən heç bir əlavə sənəd və ya izahat vergi orqanına təqdim etməmişdir. Nəticədə yuxarıda qeyd olunanları nəzərə alaraq yaranmış uyğunsuzluqlar vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixli **********983000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar ilə aradan qaldırılmışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Şikayətin dəlilləri iddiaya qarşı etirazın məzmunu ilə eynilk təşkil edir. Prosessual məsələlər İddiaçının vəkili məhkəmə iclasında şikayətin dəlillərinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə cababdehə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti cavabdeh tərəfindən qəbul edilmiş «Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə» xx.xx.2024-cü il tarixli, **********983000 nömrəli qərarın qanuniliyinin yoxlanılmasıdır. İlk növbədə cavabdehin mübahisələndirilən qərarının qanuni olub-olmadığını müəyyənləşdirmək üçün vergi sahəsindəki müvafiq normalar təhlil edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin:- -16.1.1 -ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. -37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. -37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. -37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. -83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; -83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır (bu maddə 5 dekabr 2023-cü il tarixli 1033-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 83.9-cu maddə ləğv edilmişdir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalarında ümumi müddəa kimi göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin, o cümlədən idman mərc oyunlarını həyata keçirən vergi ödəyicisinin (mərc oyunlarının Operatorunun) və bu oyunların keçirilməsində vasitəçi olan agentin (mərc oyunları satıcısının) əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarını müəyyən edir (bu qaydalar Nazirlər Kabinetinin 30 iyul 2024-cü il tarixli 369 sayı qərarı ilə ləğv edilmişdir). Məhkəmə kollegiyası qeyd edir ki, həm Vergi Məcəlləsinin 89-cu maddəsində, həm də Nazirlər Kabinetinin 55 saylı qərarında vergilərin bu qaydalarla hesablanması hüququ yalnız vergi orqanına verilmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsinin qənaətinə görə iddiaçının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş şərti rentabellik normasını tətbiq edərək, ödəməli olduğu gəlir vergisini hesablamaqda haqlı olmuşdur. Belə ki, iddiaçının xərclərə dair təsdiqedici sənədinin olmaması onun satdığı malların alışına hər hansı xərc çəkmədiyini göstərmir. Bunun əksi olaraq, məhkəmə kollegiyası qeyd edir ki, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun: -1.1-ci maddəsinə əsasən bu qanun mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (bundan sonra mətndə - mühasibat uçotu subyektləri adlandırılacaq) tərəfindən mühasibat uçotunun təşkili və aparılması, o cümlədən maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi qaydalarını tənzimləyir. 3.1. Bütün mühasibat uçotu subyektlərində mühasibat uçotunun bu Qanunla müəyyən edilmiş müvafiq mühasibat uçotu standartlarına və uçot qaydalarına uyğun aparılması məcburidir. -2.1.6-cı maddəsinə əsasən mühasibat uçotu – mühasibat uçotu subyektlərinin aktivləri, öhdəlikləri, kapitalı, gəlir və xərcləri barədə məlumatların yığılması, qeydiyyatı və ümumiləşdirilməsi, habelə maliyyə, vergi və digər hesabatların tərtib edilməsi məqsədi ilə baş vermiş maliyyətəsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında məlumatların analitik və sintetik uçotunun aparılmasıdır. -2.1.10-cu maddəsinə əsasən mühasibat uçotu sənədi - ilkin uçot sənədləri, mühasibat uçotu registrləri, maliyyə hesabatları, habelə uçotun formalaşdırılması üçün tərtib edilən sənədlərdir. -2.1.11-ci maddəsinə əsasən ilkin uçot sənədləri – maliyyətəsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın: -1.4-cü bəndinə əsasən ciddi hesabat blankları təşkilati-hüquqi formasından asılı olmayaraq, təşkilatların və fərdi sahibkarların maliyyə-təsərrüfat fəaliyyətində əmtəəpul dövriyyəsini əks etdirən, forma və rekvizitləri müəyyən olunmuş qaydada təsdiq edilən, xüsusi seriya və nömrəsi olan ilkin uçot sənədidir. -3.2-ci bəndinə əsasən ciddi hesabat blanklarını onlara oxşar rekvizitlərə malik olan, ciddi hesabat blankları sayılmayan ilkin uçot sənədləri ilə əvəz etmək yol verilmir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2017-ci il tarixli Q-01 saylı Qərarı ilə təsdiq edilmiş “X1 Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”nın: -7.1-ci bəndinə əsasən mühasibat uçotu subyektləri Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş ilkin uçot sənədlərinin və uçot registrlərinin formalarından istifadə edir. Təsərrüfat əməliyyatlarının baş verməsi faktını əks etdirən ilkin uçot sənədləri mühasibat uçotu registrlərində yazılışlar üçün əsas hesab olunur. -7.2-ci bəndinə əsasən ilkin uçot sənədləri özündə sənədin (formanın) adı, nömrəsi, kodu, tərtib edilmə yeri, tarixi, sənədi tərtib edən mühasibat uçotu subyektinin adı, təsərrüfat əməliyyatlarının məzmunu, məsul şəxslərin vəzifələri, soyadı, adı, atasının adı, şəxsi imzaları kimi zəruri rekvizitlər əks etdirir. Əməliyyatların xarakterindən və mühasibat uçotu subyektinin fəaliyyətinin xüsusiyyətindən asılı olaraq ilkin uçot sənədlərinə digər əlavə rekvizitlərin daxil edilməsinə yol verilir. -7.3-cü bəndinə əsasən ilkin uçot sənədləri əməliyyatların baş verdiyi anda, bu mümkün olmadıqda isə əməliyyatlar başa çatdıqdan sonra tərtib edilməlidir. Yuxarıda qeyd olunan normaların qarşılıqlı təhlilindən belə nəticə əldə olunur ki, müəssisə və təşkilatlar, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslər mühasibat uçotunu, o cümlədən vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunu Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirməli və aparılan maliyyə-təsərrüfat əməliyyatlarını baş verdiyi anda (bu mümkün olmadıqda başa çatdıqdan sonra) qanunla müəyyən edilmiş qaydada təsdiq edilmiş, zəruri rekvizitləri özündə ehtiva edən və ciddi hesabat blankı sayılan ilin uçot sənədləri əsasında rəsmiləşdirməlidir. Beləliklə işin araşdırılmış faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli, 2-1(120)-842/2025 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-335/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-335/2025
01.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver