Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-337/2025 01.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X2 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli, 2-1(120)-3790/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdehnə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, yaşadığı ünvan 1 ünvanındakı evin, ev muzeyi, açıq hava muzeyi və tarixi abidələrin tərkib hissələrində olan bu ərazidəki bütün tikililərə və əkililərə, eqzotik və dekorativ bütün varlıqlara təbii fəlakətlər və işğalçılıq, talançılıq səbəbi ilə vurulan maddi və mənəvi zərərlərin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli, 2-1(120)-3790/2024 nömrəli qərardadı ilə İddiaçı ərizəsi geri qaytarılmış və inzibati iş üzrə icraata xitam verilmişdir. Qərardaddan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. -85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. -87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Şirvan İnzibati Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli, 2-1(120)-3790/2024 nömrəli qərardadının surəti 29 oktyabr 2024-cü il tarixdə poçt vasitəsi ilə iddiaçıya göndərilmişdir. İddiaçı tərəfindən həmin qərardaddan 26 fevral 2025-ci il tarixdə poçt vasitəsi ilə apellyasiya şikayəti verilmişdir. Göründüyü kimi apellyasiya şikayəti 26 fevral 2025-ci il tarixdə, yəni apellyasiya şikayətinin verilməsi müddəti bitdikdən 4 ay sonra verilmişdir. Bununla da Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85-ci maddəsində nəzərdə tutulmuş 10 günlük müddəti ötürülmüşdür. İş materiallarında iddiaçının qeyd olunan qərardadın surətini hansı tarixdə əldə etməsi ilə bağlı sübut mövcud olmasa da, 29 oktyabr 2024-cü il tarixdə poçt vasitəsilə göndərilmiş qərardadın surətinin 4 ay ərzində iddiaçıya təhvil verilməməsi ağlabatan deyildir. Apellyasiyanın mümkünlüyü ilə bağlı dinlənilmə hüququnun təmin edilməsi, eləcə də ötürülmüş prosessual müddətin üzrlü sayılması üçün müvafiq sübutların təqdim edilməsinin həyata keçirilməsi məqsədilə iddiaçı məhkəməyə dəvət olunmuş, bu hallar ona ünvanlanan bildirişdə onun diqqətinə çatdırılmışdır. Lakin iddiaçı tərəfindən müddətin ötürülməsinin üzrlü səbəblərdən baş verməsini təsdiq edəcək hər hansı mötəbər sübut (sənəd) təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Beləliklə, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadından apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüş, bununla yanaşı, məhkəmə kollegiyasına müddətin üzrlü səbəbdən buraxıldığını təsdiq edən sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şirvan İnzibati Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli, 2-1(120)-3790/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-337/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-337/2025
01.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver