Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-338/2024 07.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Camalov Hüseyn Əli oğlunun, iddiaçının nümayəndəsi X4, cavabdehin nümayəndəsi X7 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 26 fevral 2024-cü il tarixli, 2-1(120)-8/2024 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X10 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müracitə edərək, 5 saylı Ərazi Vergilər Baş İdarəsinin «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2019-cu il tarixli, **********195303 nömrəli qərarının ləğv edilməsi barədə qərаr çıхаrılmаsını хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) 26 fevral 2024-cü il tarixli, 2- 1(120)-8/2024 nömrəli qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2019-cu il tarixli, **********195303 saylı qərarının ləğv edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY181258409 saylı, xx.xx.2019-cu il tarixli Çıxarışda Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan əlaqəli məlumatları) göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır. Bundan başqa, yoxlamanın müddəti 12 dəfə dayandırılmışdır. Cavabdeh orqan tərəfindən ekspertiza keçirilməmiş, mütəxəssis dəvət edilmədiyi halda yoxlama dayandırmalarının əsası kimi heç bir səbəb göstərilməmişdir. Həmçinin xx.xx.2019-cu il tarixdə əlavə vergi yoxlama tədbirlərinin keçrilməsi qərara alınmışdır. Nə səyyar vergi yoxlaması aktında, nə məhkəmə prosesi gedişatında yoxlamanın dayandırılması barədə qərarlar qəbul etsə də, bununla bağlı hər hansı sübut (bu halları təsdiq edən hər hansı sənəd) məhkəməyə təqdim etməmişdir. Cavabdeh əsassız olaraq yoxlama müddətini dayandırmış, bununla da Vergi Məcəlləsinin 38.7.2-ci maddəsinin tələblərini pozmuşdur. Qərardan cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə eyni iddia ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət olunmuşdur. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(121)-300/2020 nömrəli qərardadında idianın aidiyyati üzrə Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2018-ci il tarixli **********158593 saylı qərara əsasən növbədən xənar səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama nəticəsində xx.xx.2019 tarixli **********61506 nömrəli və xx.xx.2019-cu il tarixli **********120300 nömrəli aktlara əsasən xx.xx.2019-cu il tarixli **********195303 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunmuşdur.Qərarın yoxlama zamanı vergi ödəyicisinin gəlirləri sənədlərlə öz təsdiqinin tapmadığına görə Vergi məcəlləsinin 83.9 maddəsinə əsaslanaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il mart tarixli 55 nömrəli qərarına əsas tutaraq çəkilmiş xərclərə görə 20 faiz səviyyəsində rentabellik hesablanmışdır. Qərarda göstərilmiş 60993,03 manat hesablanmış gəlir vergisindən və həmin məbləğə görə 30496,52 manat maliyyə sanksiyası ilə razı deyil. Belə ki, qərarda vergi ödəyicisi tərəfindən büdcəyə çatası gəlir vergisinin 60993.3 manat azaldıldığı müəyyən edilmiş, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 30496,52 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Ümumilikdə qərara əsasən Əlavə dəyər vergisinə görə 81 manat azaldılmış və 40,50 manat maliyyə sanksiyası, Gəlir vergisinə görə 60993,03 manat azaldılmış və 30496,52 manat maliyyə sanksiyası, ƏDV məbləğinin ödənilməməsinə görə 3399,42 manat maliyyə sanksiyası, cəmi 61074.3 manat azaldılmış və 33936.,44 manat maliyyə sanksiyası olaraq, ümumilikdə 95010,47 manat məbləğ vergi məsulliyətinə cəlb olunmuşdur. xx.xx.2019-cu il tarixdə yoxlamanın nəticələri müzakirə olunarkən vergi müfəttişi X1 Məmməd Adil oğlunun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və mühasibinə özünün tərtib etdiyi cədvəli təqdim edərək bildirmişdir ki, onların tərəfindən təqdim olunmuş bəyannamələr və sənədlərdə (NKA-larin Z hesabatları) uyğunsuzluq olduğundan və yalnız xərc sənədləri tam olduğundan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il mart tarixli 55 nömrəli qərarın tətbiq etdiyini bildirdi. Vergi müfəttişi X2 xx.xx.2019-cu il tarixdə yoxlamanın nəticələri müzakirə olunarkən özünün tərtib etdiyi cədvəldə yalnız 2 ədəd NKA-nın Z hesabatı məlumatlarını nəzərə almış və nədən digər 4 ədəd NKA-nın Z hesabatlarını nəzərə almadığını soruşduqda, müfəttiş sənədləri tapa bilmədiyini bildirmişdir. Yoxlama zamanı yoxlamanı aparan vergi müfəttişinə gəlirləri və xərcləri təsdiq edən bütün sənədlər, o cümlədən Vergilər Nazirliyində onun adından qeydiyyatda olan 4 ədəd obyekt üzrə 6 ədəd KA-nın xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Z hesabatlar təqdim etdiklərini və xx.xx.2018-ci il tarixli götürülmə qərarı ilə bütün sənədlər götürüldüyünü və hər hansı sənədin olmaması barədə götürülmə haqqında qərarda qeyd olunmayaraq, hər hansı bir çatışmamazlıq barədə protokol tərtib edilməməsini bildirmişlər və əgər 2 ədəd NKA-nın Z hesabatları əldə varsa, digər səənədlərin olmadığı şübhə yaratdı. Əks halda bu barədə qeydlər aparılmalı idi. Vergi müfəttişi X6 yenidən sənədləri onlardan təqdim etmələrini xahiş etmişdir. xx.xx.2019-cu il tarixdə ona məxsus İ.İskəndərov küç. 71 ünvanda yerləşən 2 ədəd NKA-nm qeydiyyatda olduğu mağaza tam olaraq yandığından və yanğın nəicəsində sənəd və digər əmlaklar o cümlədən 2 ədəd NKA-rı yandığından həmin NKAnm Z hesabatlarını göndərə bilməmişlər. Lakin digər 2 ədəd NKA-nın Z hesabatlarını və verilmiş bəyannamələrlə sənədlər arasında olan uyğunsuluqları əsaslandıraraq tam aydın şəkildə göstərilmiş onlar tərəfdən tərtib olunmuş “ xx.xx.2017- xx.xx.2017-ci il dövr üçün Pərakəndə və Topdan satış üzrə dövriyyələrin və bəyannamələrin tərtibi cədvəlidə”xx.xx.2019- cu il tarixli **********520000 nömrəli məktubla 5 saylı Ərazi Vergilər İdarəsinə rəsmi olaraq təqdim edilmişdir. Həmin cədvəldə 644317,53 manat və 195461,11 manat məbləğlər istisna olmaqla qalan bütün məbləğlər yoxlamaya təqdim olunan sənədlərlə öz əksini tapmışdır. 644317,53 manat məbləğ yanan obyektdə olan 2 ədəd NKA-nın dövriyyəsidəki NKA-rı yandığından yenidən Z hesabatları təqdim edə bilməmişlər, lakin yuxarıda qeyd edildiyi kimi yoxlama dövründə həmin Z hesabatları yoxlama aparan vergi müfəttişi tərəfindən götürülmüşdir. 195461,11 manatlıq fərqin yaranma səbəbi bununla bağlıdır ki, əvvəlki yoxlama dövründə xx.xx.2017-ci il tarixli **********101716 nömrəli aktı ilə 2017-ci ilin yanvar-aprel ayları üzrə dövriyyənin həmin məbləğ qədər azaldılması aşkar edilmiş və 35183 manat ƏDV hesablanaraq tutulmuşdur. Buna görədə gəlir vergisi bəyannaməsində gəlirin həcmi 195461,11 manat məbləğdə artırılmışıdır. xx.xx.2019-cu il tarixli **********195303 qərarda onun gəlirlərini sənədlərlə təsdiqi tapmadığını əsaslandıra bilməməyi bildirilsə də o dəfələrlə 5 saylı Ərazi Vergilər İdarəsinə etirazını bildirərək, aidiyyatı sənədləri təqdim etmişdir və əsaslandırmışdır. Lakin bunlara baxmayaraq onların təqdim etdiyi sənədlər nəzərə alınmayaraq X6 2 ədəd NKA nın nəzərə aldığı və özünün tərtib etdiyi cədvəli əsas tutaraq sənədlərlə bəyannamələr arasında uyğunsuzluğun olduğunu bildirmişdir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, İddiaçı sahibkarlıq fəaliyyəti üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş, yoxlamanın nəticələri xx.xx.2019-cu il tarixli Aktla rəsmiləşdirilmişdir. Aparılmış səyyar vergi yoxlaması nəticəsində vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2017-ci ilin gəlir vergisi bəyannaməsinə əsasən malların, işlərin (xidmətlərin) təqdim edilməsindən ümumi gəlir 159 0117,77 manat, il ərzində malların, işlərin (xidmətlərin) təqdim edilməsinə çəkilmiş xərclərin cəmi 1.579.235,75 manat, o cümlədən, əmək haqqı və ona bərabər tutulan ödəmələr 108.285,30 manat, sosial sığorta haqqları 23.822,77 manat, mallar 1.413.438,03 manat, rabitə xərcləri 2.519,94 manat, bank xidməti üzrə xərclər 4.967,19 manat, bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər 625,00 manat, elektrik enerjisi xərcləri 6.209,04 manat, icarə haqqı (fiziki şəxslərə) xərcləri 2.010,00 manat, qaz xərcləri 1.667,00 manat, sığorta haqqları 408,84 manat, digər xərclər 15.282.64 manat olmaqla vergi ödəyicisinin vergiyə cəlb olunan gəliri 10.882,02 manat, gəlir vergisi 2.176,40 manat göstərilmişdir. Vergi ödəyicisi yoxlamanın əhatə etdiyi dövrdə müxtəlif malların idxalı, topdan, pərakəndə satışı və malların qablaşdırılması (fasovkası) ilə məşğul olmuşdur. Yoxlama zamanı vergi ödəyicisinin gəlirləri sənədlərlə öz təsdiqini tapmadığı üçün gəlirin müəyyən edilməsi üçün vergi ödəyicisinin gəliri Vergi Məcəlləsinin 83.9 maddəsinə əsaslanaraq “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarının 6.1.2-ci maddəsinə əsasən şərti rentabellik norması 20% səviyyəsində götürülməklə müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı əsasında vergi ödəyicisinin gəlirinin 1.895.082.90 manat, malların, işlərin (xidmətlərin) təqdim edilməsinə çəkilmiş xərclərin cəmi 1.579.235,75 manat, o cümlədən, əmək haqqı və ona bərabər tutulan ödəmələr 108.285,30 manat, sosial sığorta haqqları 23.822,77 manat, mallar 1.408.639,92 manat, rabitə xərcləri 2.519,94, bank xidməti üzrə xərclər 4.967,19 manat, biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər 625,00 manat (müqavilə əsasında içlərin görülməsi, xidmətlərin göstərilməsinə cəlb edilmiş şəxslərin plastik kartlarının alınması ilə bağlı xərclər), elektrik enerjisi xərcləri 6.209,04 manat, icarə haqqı (fiziki şəxslərə) xərcləri 2.010,00 manat, qaz xərcləri 1.667,00 manat, sığorta haqqları 408,84 manat, amortizasiya ayırmaları 20.080,75 manat olmaqla vergiyə cəlb olunan gəlirin 315.847,15 manat (1.895.082,9 - 1.579.235,75), gəlir vergisinin 63.169,43 manat (315.847,15 x 20%) olduğu müəyyən edildi. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001 -ci il tarixli 55 saylı qərarının tətbiqi nəticəsində vergi ödəyicisi tərəfindən büdcəyə çatası gəlir vergisinin 60.993,03 manat (63.169,43 -2.176.40) azaldıldığı müəyyən edilmişdir.Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1 -ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50%-i miqdarında, yəni 30.496,52 (60.993,03 x 50%) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.Bundan başqa yoxlanılan dövrdə vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamələrə əsasən ƏDV-yə 18% ilə cəlb olunan əməliyyatların dəyəri 1.657.222,07 manat, ƏDV-yə 0 dərəcə ilə cəlb olunan əməliyyatlar aparılmamış, ƏDV-dən azad olan əməliyyatlar 25.086,28 manat olmuş, yoxlanılan dövrdə büdcəyə hesablanmış ƏDV-nin məbləği 298 299.98 manat (1.657.222,07 x 18%) manat olmuşdur. Yoxlanılan dövrdə əvəzləşdirilən dövriyyə 1.942.257,93 manat, əvəzləşdirilməli ƏDV-nin məbləği 349.606.42 manat (1.942.257,93 x 18%), büdcədən ödəniləsi ƏDV-nin məbləği 51.398,41 1298.299,98 - 349.606,43) manat göstərilmişdir.Yoxlama zamanı ƏDVyə 18% ilə cəlb olunan əməliyyatların dəyəri 1.657.672,07 manat, ƏDV-yə 0 dərəcə ilə cəlb olunan əməliyyatlar aparılmamış, ƏDV-dən azad olan əməliyyatlar 25.086,28 manat olmuş, beləlilklə, yoxlanılan dövrdə büdcəyə hesablanmış ƏDV-nin məbləği 298.380,97 manat (1.657.722,07 x 18%) manat olmuşdur. Yoxlanılan dövrdə əvəzləşdirilən dövriyyə 1.942.257,93 manat əvəzləşdirilməli ƏDV-nin məbləği 349.606.42 manat (1.942.257,93 x 18%), büdcədən ödəniləsi ƏDV-nin məbləği 51.225,46 298.380,97 - 349.606.43) manat təşkil etmişdir. Beləliklə, vergi tutulan əməliyyatların dəyərinin düzgün müəyyənləşdirilməməsi səbəbindən büdcəyə çatası ƏDV məbləğinin 81.00 manat (450,0 x 18%) azaldılması müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1 -ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 % miqdarında, yəni 40.50 (81,0 x 50%) manat məbləğində maliyyə sanksiyasının tətbiq edilmişdir. Həmçinin vergi ödəyicisi tərəfindən xx.xx.2017-ci ildə "xxxx" MMC-yə ödənilmiş 250,00 manat məbləğin 45,00 manat ƏDV-si 29.11,2017-ci il tarixdə, xx.xx.2017-ci ildə "TUREL” MMC-yə ödənilmiş 16.949,16 manat məbləğin 3.050,85 manat ƏDV-si xx.xx.2017-ci il tarixdə, xx.xx.2017-ci ildə "xxxx" MMC-yə ödənilmiş 6.374,28 manat məbləğin 1.147,37 manat ƏDV məbləğindən 652,13 manatı xx.xx.2017-ci il tarixdə, xx.xx.2017-ci ildə "xxxx" MMC ilə aparılmış 25.423,73 manatlıq əməliyyatlara görə xx.xx.2017-ci il tarixdə 16.949,46 manatının, 04.01,2018-ci ildə isə 8.474,57 manatının ödənildiyi halda 4.576,27 manat ƏDV məbləği xx.xx.2017-ci il tarixdə ödənilmiş, beləliklə, 3050,85 manat məbləğ büdcəyə gecikdirilməklə (16.949,16 x 18%) ödənilmişdir. Yoxlama dövründə ümumilikdə 6.798,83 manat ƏDV məbləği malların dəyəri ödənilən gündən gec ödənilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən 6.798,83 manat ƏDV məbləğinin malların dəyəri ödənilən gündən gec ödənilməsinə görə 3.399,42 manat (6.798,83 x 50%)məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Yekunda sahibkar tərəfindən ümumilikdə 61.074.03 manat məbləğində vergilərin dövlət büdcəsindən yayındırılması faktları aşkar edilmişdir. 61.074,03 manat məbləğində, yəni xeyli miqdarda vergi ödəməkdən yayındığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1ci maddəsinə əsasən yoxlama materialları Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə təqdim edilmiş və cinayət işi açılmış, sahibkar hesablanmış 61074.03 manat məbləğində vergilərin ödənilməsinin nəzərə alınması barədə müraciəti əsasında cinayət işinin başlanması rədd edilmişdir. Əlavə olaraq bildirilir ki, vergi ödəyicisinə məxsus 2 (iki) obyekt 2019-cu ildə NKA-lar ilə birlikdə yanmışdır. Lakin vergi ödəyicisinə məxsus mühasibat sənədləri heç bir zərər görməmişdir. Qanunvericiliyə əsasən ƏDV bəyannamələri tərtib edilərkən bütün obyektlərin NKA-larının Z hesabatları çıxarılmalı, həmin Z hesabatlarına əsasən müvafiq mühasibat yazılışları edilməli, həmin Z hesabatları mühasibatlıqda saxlanılmalıdır. Başqa sözlə, vergi ödəyicisinin yanan obyektlərin Z hesabatlarını təqdim edə bilməməsinin heç bir əsası yoxdur. Bundan başqa 5 saylı ƏVİ tərəfindən xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək olan dövrdə sahibkar İddiaçı məxsus 4 obyektdə faktiki satış dövriyyəsinin müəyyən edilməsi üçün xronometraj metodu ilə müşahidə aparılmışdır. Bu müşahidə ilə sahibkara məxsus 4 obyektin orta günlük satış dövriyyəsi 3.292,44 manat (ƏDV-İİ) müəyyən edilmişdir. Halbuki, sahibkar İddiaçı tərəfindən 2015-ci ilin iyun ayında vergi orqanına təqdim edilmiş ƏDV bəyannaməsində satış dövriyyəsi 52.378,81 (ƏDV-İİ) manat, beləliklə, orta günlük dövriyyə 1.74Ş.96 manat, yəni faktiki satış dövriyyəsindən 1.546,48 manat və ya 47.0% az göstərilmişdir. Həmçinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrdə sahibkar İddiaçı məxsus 5 obyektdə (bir obyektin fəaliyyəti olmamışdır) faktiki satış dövriyyəsinin müəyyən edilməsi üçün xronometraj metodu ilə müşahidə aparılmışdır. Bu müşahidə ilə sahibkara məxsus 4 obyektin orta günlük satış dövriyyəsi 16.308.54 manat (ƏDV-İİ) müəyyən edilmişdir. Halbuki, sahibkar tərəfindən 2018-ci ilin avqust ayında vergi orqanına təqdim edilmiş ƏDV bəyannaməsində satış dövriyyəsi 306.903,27 (ƏDV-li) manat, beləliklə, orta günlük dövriyyə 9.900,11 manat, yəni faktiki satış dövriyyəsindən 6408.43 manat və ya 39.3% az göstərilmişdir. 5 saylı Ərazi Vergilər İdarəsinin tərəfindən İddiaçı sahibkarlıq fəaliyyəti üzrə keçirilmiş səyyar vergi yoxlaması nəticəsində tərtib edilmiş xx.xx.2016-cı il tarixli **********01838 nömrəli Aktda (yoxlanılan dövr: xx.xx.2015xx.xx.2016) sahibkar tərəfindən ümumilikdə 42.533,40 manat vergilərin (o cümlədən, ÖMV üzrə 42533.40 manat), 5 saylı ƏVİ tərəfindən İddiaçı sahibkarlıq fəaliyyəti üzrə keçirilmiş səyyar vergi yoxlaması nəticəsində tərtib edilmiş xx.xx.2017-ci il tarixli **********101716 nömrəli Aktda (yoxlanılan dövr:xx.xx.2016-xx.xx.2017) sahibkar tərəfindən ümumilikdə 66.663,06 manat məbləğində vergilərin (o cümlədən, gəlir vergisi üzrə 25.205,06 manat, ƏDV üzrə 35.183,00 manat, ÖMV üzrə 6.275,00 manat) dövlət büdcəsindən yayındırılması faktları aşkar edilmiş və bu faktlar vergi ödəyicisi tərəfindən təsdiq edilmişdir. Ümumilikdə İddiaçı sahibkarlıq fəaliyyəti üzrə keçirilmiş bütün səyyar vergi yoxlamalarında və operativ vergi nəzarəti tədbirlərində sahibkar tərəfindən vergi qanunvericiliyinin pozulması halları aşkar edilmiş, dövlət büdcəsinə çatası vergilərin gizlədilməsi (azaldılması), faktiki satış dövriyyəsinin azaldılması, fiziki şəxslərin əmək müqaviləsi (kontraktı) qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsi halları və dügər qanun pozuntular aşkar edilmişdir. Vergi ödəyicisində keçirilmiş bütün operativ nəzarət tədbirləri və səyyar vergi yoxlamaları zamanı ciddi qanun pozuntularının aşkar edilməsi göstərir ki, vergidən yayınma hallarını ört-basdır etmək üçün vergi ödəyicisi tərəfindən mühasibat uçotu bilərəkdən müvafiq qaydalara uyğun olaraq aparılmır. Bütün bu qanun pozuntusu hallarının davamlı mövcüdluğu və vergidən yayınma hallarını örtbasdır etmək üçün vergi ödəyicisi tərəfindən mühasibat uçotunun bilərəkdən müvafiq qaydalara uyğun olaraq aparılmaması hazırkı yoxlama zamanı Vergi Məcəlləsinin 67.1 və 83.9 maddəsinə əsaslanaraq “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarının tətbiqinə əsas vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh inzibati orqan apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil etmiş, şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı tərəfindən iddianın verilməsi ilə bağlı prosessual müddət ötürülməsinə və bu barədə müvafiq vəsatət təqdim edilməsinə baxmayaraq birinci instansiya məhkəməsi vəsatətə hüquqi qiymət verməmiş və işin bu halını araşdırmamışdır. Prosessual məsələlər Cavabdehin nümayəndəsi X11 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etdi. İddiaçının nümayəndəsi X10 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, **********195303 nömrəli qərarın qanuniliyinin yoxlanılmasıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə cavabdehin mübahisələndirilən qərarının qanuni olub-olmadığını müəyyənləşdirmək üçün vergi sahəsindəki müvafiq normalar təhlil edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin:- -14.6.3. maddəsinə əsasən eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət) bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, aşağıdakı qiymətləndirmə üsullarından istifadə edilə bilər: 14.6.3.1. Sonrakı (təkrar) satış qiymətinə əsasən. Malların (işlərin, xidmətlərin) bazar qiyməti həmin malların (işlərin, xidmətlərin) sonrakı (təkrar) satış qiymətinə əsasən müəyyən olunur. Bazar qiyməti sonrakı satış qiymətindən tətbiq olunmuş əlavələr çıxılmaqla müəyyənləşdirilir. 14.6.3.2. Dəyərin toplanması üsuluna əsasən. Bazar qiymətləri malları (işləri, xidmətləri) təqdim edənin əsaslandırılmış xərclərini və mənfəətini toplamaqla hesablanır. 14.6.3.3. Malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir. -16.1.3. maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. -23.1.1. maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. -23.1.2. maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, habelə yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüququdur. -36.3. maddəsinə əsasən bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, yol və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. -38.1. maddəsinə əsasən Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. -38.7.3. maddəsinə əsasən vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək səyyar vergi yoxlaması dayandırılır. -67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi)istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: (maddə 67.1.1) vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; (maddə 67.1.2) vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; (maddə 67.1.3) vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; (maddə 67.1.4) vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; (maddə 67.1.5) vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; (maddə 67.1.6) vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; (maddə 67.1.7) vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; (maddə 67.1.8) vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; (maddə 67.1.9) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. Məcəllənin 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: (maddə 67.2.1) eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; (maddə 67.2.2) eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; (maddə 67.2.3) fəaliyyət göstərilən ərazi. Məcəllənin 72.1-ci maddəsinə əsasən bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Məcəllənin 49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. İş materiallarında olan: --Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli, **********158593 nömrəli qərarından görünür ki, İddiaçı məxsus təsərrüfat subyektinin Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə may 2017-may 2018-ci il dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. -Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********161506 nömrəli aktından görünür ki, oxlama xx.xx.2018-ci il tarixdə başlamış və xx.xx.2019-cu il tarixdə başa çatdırılmışdır. Yoxlama xx.xx.2018-ci il tarixdə 30 gün müddətinə, xx.xx.2018-ci il tarixdə 30 gün müddətinə, xx.xx.2018-ci il tarixdə 34 gün müddətinə, xx.xx.2019-cu il tarixdə 31 gün müddətinə, xx.xx.2019-cu il tarixdə 28 gün müddətinə, xx.xx.2019-cu il tarixdə 10 gün müddətinə, xx.xx.2019-cu il tarixdə 25 gün müddətinə, xx.xx.2019-cu il tarixdə 15 gün müddətinə, xx.xx.2019-cu il tarixdə 31 gün müddətinə, xx.xx.2019-cu il tarixdə 31 gün müddətinə, xx.xx.2019-cu il tarixdə 34 gün müddətinə, xx.xx.2019-cu il tarixdə 32 gün müddətinə müvəqqəti dayandırılmış, xx.xx.2019-cu il tarixdə 30 gün müddətinə əlavə vergi yoxlaması tədirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Ekspertiza aparılmamış, mütəxəssis, tərcüməçi, müşahidəçi dəvət edilməmişdir. -Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2019-cu il tarixli, **********195303 nömrəli qərarından görünür ki, İddiaçı barəsində 61074,03 manat məbləğində vergi borcu hesablanmış, bunun müqabilində 33936.44 manat maliyyə sanksiyası tətbiq edilmişdir. -KY181258409 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışdan görünür ki, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə məlumat xx.xx.2018-ci il tarixində reyestrdə qeydiyyata alınmışdır. Yoxlamanın müddəti xx.xx.2018-xx.xx.2018-ci il müəyyən edilmişdir. xx.xx.2017-xx.xx.2018-ci illər yoxlanılan dövrlər müəyyən edilmiş, yoxlamanın növü növbədənkənar səyyar vergi yoxlaması, növbədənkənar yoxlamanın təyin edilməsi üçün əsas: vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin əlamətlərinin müəyyən edilməsi; Vergi Məcəlləsi, maddə 38.3.5 göstərilmişdir. -Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarəndan görünür ki, 61074.03 manat məbləğində mənfəət vergisini qanunla müəyyən edilmiş müddətdə dövlət büdcəsinə ödəməkdən yayındığına görə İddiaçı barəsində cinayət işinin başlanması bu əməli ilk dəfə törətməsi və vurulmuş ziyanı tamamilə ödəməsi ilə əlaqədar Azərbaycan Respublikası CPM-nin 40.4-cü maddəsinə əsasən rədd edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyun 2023-cü il tarixli, 9/2926 nömrəli ekspert rəyində göstərilmişdir ki, hazırki ekspertiza tədqiqatına sənədlər tam şəkildə təqdim edilməmişdir, xx.xx.2019-cu il tarixli, **********161506 saylı səyyar vergi yoxlaması aktının 4-cü səhifəsində yoxlamanın keçirilməsi üçün 18 qovluqdan ibarət zəruri olan sənədlərin götürüldüyü və götürülmənin xx.xx.2019-cu il tarixli “Sənədlərin və nümunə kimi əşyaların göürülməsi haqqında” Protokolla rəsmiləşdirildiyi göstərilsə də, hazırkı ekspertiza tədqiqatına 9 qovluqdan ibarət mühasibat sənədləri təqdim edilmişdir. Bundan başqa, vergi orqanı tərəfindən vergi ödəyicisinə hesablanmış vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarına və s. amillərə istinad olunmadan Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli Qərarına əsasən hesablanmışdır. Lakin iş materiallarında analoji müəssisənin mövcud olub-olmaması və s. məlumatlar öz əksini tapmamışdır. Yəni vergilər Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli (əlavə və dəyişikliklər 04 aprel 2003-cü il tarixli 42 saylı) Qərarına əsasən hesablanmamışdan əvvəl analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarına və s. amillərə istinad olunmalı idi. Belə ki, Vergi Məcəlləsinin 67.17-ci maddəsi 2022-ci ilin yanvar ayından qüvvəyə minmişdir ki, həmin maddədə aşağıdakılar göstərilmişdir:- Bu Məcəllənin 67-ci maddəsində şadlanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir. Yəni, sıra ardıcıllığının gözlənilməməsi ilə bağlı müddəa yoxlanılan dövrdə deyil, 2022-ci ilin yanvar ayından qüvvəyə minmişdir. Eyni zamanda qeyd edilir ki, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin müəyyən edilərək vergi orqanında olan məlumatlarına istinad edilərək hesablanma aparılması vergi orqanının səlahiyyətinə aiddir. Hazırkı rəyin tədqiqi hissəsində və yuxarıda göstərilənlər səbəblərdən (yəni sənədlər tam təqdim edilmədiyindən və yoxlama ilə vergilər Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli Qərarına əsasən hesablanmamışdan əvvəl analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarına və s. amillərə istinad olunaraq hesablanmalı olduğundan) səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində vergi ödəyicisi tərəfindən aparılmış əməliyyatlara görə əlavə olaraq hesablanmalı olan ƏDV-nin, mənfəət vergisinin və maliyyə sanksiyasının olub-olmamasını və ya hansı məbləğdə olmasını müəyyən etmək mümkün olmadı. Məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin “Vergitutma obyektinin ayrıayrı hallarda müəyyən edilməsi Qaydaları” adlanan 67-ci maddəsi mövcuddur ki, həmin hüquq norması 67.1-67.17-ci maddələrini əhatə edir. Həmin maddəyə əsasən vergi yoxlamasının aparılması zamanı vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən mümkün olmadıqda, ödənilməli olan verginin məbləği əlaqəli məlumatlardan istifadə edilməklə hesablana bilər. Xüsusilə qeyd edilməlidir ki, 67.17-ci maddə məcəlləyə 3 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmişdir. Hazıki iş üzrə keçirilmiş yoxlama tədbirləri, habelə qəbul edilmiş məsuliyyət qərarı həmin maddənin məcəlləyə əlavə edilməsindən əvvəlki dövrə təsadüf etməsinə rəğmən vergi orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə vergilər Vergi Məcəlləsinin 67-ci maddəsinin müəyyən etdiyi qaydada hesablanmalı olduğu halda, həmin Məcəllənin birbaşa 83.9-cu maddəsinin tələbləri çərçivəsində hesablanmışdır. Halbuki həmin Məcəllənin 67-ci maddəsinin tətbiqinin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan istifadə etməklə ödənilməli verginin məbləğinin hesablanılması qaydasının tətbiqini istisna edən əsasların mövcud olması cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə və iş üzrə materiallarla təsdiq olunmur. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə görə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vergi ödəyicisinin mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydaları»nın 1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmışdır və vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması qaydalarını müəyyən edir. Göründüyü kimi, Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əməl olunmadan, cavabdeh tərəfindən birbaşa həmin Məcəllənin 83.9-cu maddəsinə istinadən Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixi 55 saylı Qərarı ilə təsdiq olunmuş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən şərti rentabellik norması tətbiq edilməklə vergi ödəyicisinə vergi məbləği hesablanmışdır. Lakin diskresion səlahiyyətlərin məhz bu qaydada həyata keçirilməsini zəruri edən şərtlərin, habelə 67.14-cü maddəyə istinadən 83.9-cu maddənin tətbiqini, yəni verginin şərti rentabellik tətbiq edilməklə hesablanması qaydasının tətbiqini zəruri edən hüquqi əsasların və halların mövcudluğu cavabdeh tərəfindən əsaslandırılmamış, həmçinin məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməyə, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmağa borcludur. Bununla yanaşı mövcud qanunvericilik səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən zəruri sənədlər təqdim olunmadığı halda vergi orqanına əlaqəli məlumatlar, o cümlədən xronometraj metodu ilə müşahidənin nəticələri üzrə vergiləri hesablamaq hüququ verir, vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün müvafiq meyarlar (eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı və s.) nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından da istifadə edilməsi nəzərdə tutulmuşdur. Lakin vergi orqanı müvafiq əlaqəli məlumatlardan istifadə etməmiş və yalnız formal şəkildə ehtimallara əsaslanan vergi məbləğləri hesablamışdır. Vergi orqanının yoxlamanın əhatə etdiyi dövrün vergisini obyektiv üsullarla, məsələn xranometraj yolu ilə müəyyən etmək hüququ olsa da bunu etməmiş, təsərrüfat subyektində əvvəlki illərdə keçirilmiş xranometrajların nəticələrinə əsasən ehtimal etmişdir ki, iddiaçı vergi ödəməkdən yayınmağa meyllidir və cari dövrdə də yayınması güman edilir. Qeyd olunan hal vergi qanunvericiliyinin tələblərinə və prinsiplərinə tamamilə ziddir. Bundan əlavə birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehin növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsinə əsas kimi sadəcə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməsini, müvafiq qərarda növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları şərh etməməsini, yoxlamanın 12 dəfə əsassız olaraq dayandırılmasını vergi qanunvericiliyinin tələblərinin pozulması kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası həmçinin apellyasiya şikayətinin prosessual müddətlə bağlı iddianın mümkünlük şərtlərinə birinci instansiya məhkəməsi tərəfindən qiymət verilməməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, barəsində şikayət verilən məhkəmə qərarında bu məsələyə ayrıca qiymət verilmiş və məhkəmə öz qərarında qeyd etmişdir ki, mübahisələndirilən qərar iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə 15:00-da oxunmuş, iddiaçı 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı qərarının vergi məsuliyyətinə cəlb edilən 55.010.47 manat məbləğinin 91.489,55 manat məbləğdə azaldılması və 3.520,92 manat məbləğin vergi məsuliyyətinə cəlb edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şirvan Kommersiya Məhkəməsinin e2-2(121)-300/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilmiş, iddiaçıya aidiyyəti üzrə Şirvan inzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə poçt vasitəsilə müraciət etmiş, ərizə xx.xx.2020-ci il tarixdə məhkəmənin əməkdaşı tərəfindən qəbul edilmişdir. Şirvan İnzibati Məhkəməsi ilə Şirvan Kommersiya Məhkəməsi inzibati binalarının ayrılması prosesi zamanı iş səhvən Şirvan Kommersiya Məhkəməsinə aparılmış, Şirvan Kommersiya Məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixli məktubla (səh.60) sənədlər aidiyyati üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Odur ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük prosessual müddət ötürməmişdir. Qeyd olunan xüsusatlar iş materiallarında olan müvafiq sənədlərlə təsdiqini tapdığından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın prosessual müddətlə bağlı mümkünlük şərtlərini ətraflı araşdırmış və düzgün hüquqi nəticəyə gəlmişdir. Odur ki, işin araşdırılmış faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 26 fevral 2024-cü il tarixli, 2-1(120)-8/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-338/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-338/2024
07.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver