Məhkəmə qərarları › İş №2-1(106)-338/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-338/2025

01.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-338/2025 01.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X3 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 2-1(120)-535/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı qərarın dəyişdirilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Şirvan İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 973 saylı qərarının dəyişdirilməsini və “xəstəlikdir, hərbi xidmət dövründə almışdır” cümləsinin “xəstəlikdir, hərbi döyüş tapşırığını yerinə yetirərkən almışdır” cümləsi ilə əvəz edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 2-1(120)-535/2024 nömrəli qərarı ilə İddiaçı ərizəsi təmin edilməmişdir. Qərardan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Şikayət qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən məhkəmə kollegiyası tərəfindən iddiaçıya müvafiq yardım edilmiş, müddətin üzrlü səbəbdən ötürülməsi ilə bağlı sübut təqdim edilməsi tövsiyə olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iddiaçı bildirdi ki, apellyasiya şikayətinin verilməsini birinci instansiya məhkəməsində onun hüquqlarını müdafiə edən vəkilə həvalə etmiş, vəkil isə apellyasiya şikayəti verilməsi üçün prosessual müddəti ötürmüşdür. Odur ki, şikayət vermək buraxılmış müddətin üzrlü sayılmasını xahiş edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. -85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. -87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Şirvan İnzibati Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 2-1(120)-535/2024 nömrəli qərarı 29 dekabr 2024-cü il tarixdə poçt vasitəsilə iddiaçıya təhvil verilmişdir. Qeyd edilən qərardan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti isə 06 mart 2025-ci il tarixdə Şirvan İnzibati Məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi apellyasiya şikayəti 06 mart 2025-ci il tarixdə, yəni apellyasiya şikayətinin verilməsi müddəti bitdikdən 2 ay sonra verilmişdir. Bununla da Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddət ötürülmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Beləliklə, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarından apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüş, bununla yanaşı, məhkəmə kollegiyasına müddətin üzrlü səbəbdən buraxıldığını təsdiq edən mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının məhkəmə kollegiyasının iclasında göstərdikləri müddətin üzrlü hesab edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şirvan İnzibati Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 2-1(120)-535/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar