Məhkəmə qərarları › İş №2-1(106)-339/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-339/2024

28.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-339/2024 28.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 2-1(120)-1327/2024 nömrəli qərarından Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyası təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) 29 yanvar 2024-cü il tarixli, 2- 1(120)-1327/2024 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı pensiya hüququnun yarandığı gündən (xx.xx.2023-cü il tarixdən) yaşa görə əmək pensiyasının təyin edilmısi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi (aldığı müavinət çıxılmaqla) öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.2003-cü ilədək "xxxx" ASC-də işləməsi onun əmək kitabçasında qeyd olunduğu və iddiaçının işlədiyi dövrdə "xxxx" ASC-nin mövcudluğu, müvafiq əmrlərlə işə daxil olması və xaric olması təsdiq olunduğu üçün həmin ASC tərəfindən müəyyən dövr üçün ASC-yə məxsus, o cümlədən iddiaçının əmək fəaliyyətinə dair sənədlərin (əmrlər kitabının və əmək haqqı cədvəllərinin) arxivə təhvil verilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Qərardan Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əmək fəlaiyyətinə 01 sentyabr 1976-cı ildə başlamış, müxtəlif illər ərzində əmək fəaliyyəti tam olaraq 01 mart 2003-cü il tarixədək davam etmişdir. Belə ki, 01 sentyabr 1976-01 sentyabr 1978, 20 oktyabr 1978-05 yanvar 1984, 10 fevral 1984-01 aprel 1985, 12 aprel 1985-28 dekabr 1990, 05 aprel 1991-01 mart 2003-cü il tarixləri ərzində əmək fəaliyyəti davam etmişdir. Belə olan halda onun 28 il 11 ay 16 gün əmək stajı olmuşdur. Lakin qeyd edilənlərə baxmayaraq cavabdeh orqan tərəfindən əsassız olaraq yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, aparılmış inzibati icraat nəticəsində iddiaçının işlədiyi xx.xx.1991-ci il tarixdən xx.xx.2003cü il tarixədək olan dövrün işdən azad olunma barədə əmrində uyğunsuzluqlar aşkarlanmış və buna görə həmin dövr iddiaçının sosial sığorta stajına daxil edilməmişdir. Həmçinin tərtib edilmiş xx.xx.2023-cü il tarixli akta əsasən əməkhaqqı cədvəlləri saxlanılmadığı və xx.xx.2001-ci il tarixədək əmrlər kitabı saxlanılmadığı üçün vətəndaşın əmək kitabçasında qeyd olunmuş xx.xx.1991-ci il tarixindən xx.xx.2003-cü il tarixədək "xxxx" ASC-də olan əmək fəaliyyəti zamanı əmək haqqı alıb-almadığı və işə daxilolma əmri aşkarlanmamışdır. İddiaçının təqdim etdiyi əmək kitabçasının surətinə əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1984-cü il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək, xx.xx.1987-ci il tarixdən xx.xx.1990-cı il tarixədək əmək fəaliyyəti dövrü daxil olmaqla ümumilikdə xx.xx.2006-cı il tarixədək ona 14 il 21 gün iş stajı müəyyən edilmişdir. Əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1991-ci il tarixindən xx.xx.2003-cü il tarixədək dövrlərin araşdırılması zərurəti yaranmışdır. Fondun 1 saylı Lənkəran-Astara regional filialının müvafiq aktına əsasən "xxxx" ASC-də xx.xx.2003-cü il tarixində 1 №-li əmrlə işdən İddiaçı işdən azad olunmağı barədə əmr qeyd olunmuşdur. Lakin işdən azadolunma barədə əmrdə kənarlaşma aşkar olunduğuna görə (ad, soyad və ata adı əmrdəki digər yazı xətti ilə uyğun gəlmir.) xx.xx.1991-ci il tarixdən xx.xx.2003-cü il tarixinədək olan dövrün sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Həmçinin xx.xx.2006-cı il tarixdən onun fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri imtina aktı və iddiaya qarşı etirazla eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi. İddiaçıya məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, gəlməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə vermiş Şahid bildirmişdir ki, 1988-ci ildən 2004-cü ilədək Lənkəran şəhərindəki Universal Ticarət Müəssisəsinin nəzdində yerləşən idarədə müdir işləmişdir. 2011-ci ildən isə Lənkəran Məişət-Təmir ASC hərraca çıxarılmış, səhmlərini alaraq həmin səhmdar cəmiyyətin rəhbəri olmuşdur. Müəssisəni təhvil aldığı zaman əmək kitabçalarının bir çoxu hələ də saxlanılırdı və sahiblərinə qaytarılmamışdı. İddiaçı da əmək kitabçasının doldurulması ilə bağlı ona müraciət etmişdir. Ona məxsus əmək kitabçasında işə girməsi ilə bağlı qeydlər olsa da, işdən çıxması ilə bağlı qeyd yazılmamışdı. Bu səbəbdən də əmək müfəttişliyinin əməkdaşı ilə məsləhətləşdikdən sonra əmr kitabında qeyd edilən məlumatlara əsasən əmək kitabçasında qeyd aparmışdır. Əmr kitabında onun tərəfindən düzəliş edilməmişdir. Həmçinin iddiaçıdan və X1 başqa digər şəxslərin əmək kitabçalarını doldurmamışdır. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır və təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı iş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1958-ci il tarixdə doğulmuşdur. -iddiaçıya məxsus ИT-İ0334907 nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1976-cı ildən xx.xx.2003-cü ilədək müxtəlif sahələrdə, o cümlədən xx.xx.1991-ci il tarixindən xx.xx.2003-cü il tarixədək "xxxx" ASC-də əmək fəaliyyəti ilə məşğul olması qeyd edilmişdir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2023-cü il tarixli 3- 34/2-3136/01-3/2023 nömrəli məktubunda göstərilmişdir ki, "xxxx" ASC 15 yanvar 1997-ci il tarixdən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır. -"xxxx" Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, 28/Xİİ -2001-ci il tarixində tərtib edilmiş əmr kitabında soyuducu ustası İddiaçı Ol/lll-2003-cü il tarixində təmir sexinin bağlanması ilə əlaqədar işdən azad olunma əmri vardır. 28/Xİİ-2001-cİ ildən əvvəl əmr və maaş cədvəlləri saxlanılmamışdır. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********4981000 nömrəli məktubunda göstərilmişdir ki, "xxxx" ATSC-nin (hazırda "xxxx" ASC) xx.xx.1998-ci il tarixli 770 nömrəli sərəncama əsasən X9 Xidməti İstehsalat Kommersiya Zavodunun bazasında yaradılması, xx.xx.1998-ci il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində D 2734 nömrə ilə dövlət qeydiyyatına alınması və hazırda fəaliyyətinin aktiv olması barədə məlumatlar mövcuddur. Adı çəkilən hüquqi şəxsin iş qovluğundakı müraciətlə əlaqəli olan müvafiq sənədlərin təsdiq edilmiş surəti təqdim edilir. -X7 filialının xx.xx.2023-cü il tarixli 3-48-DA-71/1-206/2023 nömrəli məktubunda göstərilmişdir ki, "xxxx" ASC-nin sənədləri X11 filialına təhvil verilməmişdir. Məhkəmə kollegiyasının icraatında olan digər eyni faktiki halları olan inzibati iş üzrə sorğuya cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü və xx.xx.2024-cü il tarixli məktublarında bildirilir ki, X9 Xidməti İstehsalat Kommersiya Zavodunun bazasında "xxxx" ASC yaradılmış və səhmləri xx.xx.2012-ci il tarixə tam özəlləşdirilmiş və müstəqil təsərrüfat subyyektidir. Həmin məktuba "xxxx" ASC-nin özəlləşdirmə proqramında (emissiya prospektində) 01 aprel 1998-ci il tarixində səhmləri əmək kollektivinə güzəştlə satın almaq hüququ olan şəxslərin siyahısı əlavə edilmişdir. Siyahıda 32 nəfərin adı qeyd edilmiş, lakin İddiaçı adı qeyd edilməmişdir (siyahı əlavə edilir). "xxxx" ASC-nin 2001-2021-ci illərə dair əmrlər kitabı tələb edilərək, kitaba məhkəmə kollegiyası baxış keçirmiş, baxış zamanı vizual olaraq müəyyən edilmişdir ki, X4 (məişət avadanlıqlarının təmiri ustası) 01 mart 2003-cü il tarixli, 01 nömrəli əmrlə işdən azad edilməsi barədə əmrin mətni yazılmış hissəyə X.Bəşirovun ad və soyadının alt hissəsində başqa rəngli qələmlə, başqa xətlə İddiaçı adı əlavə edilmiş, həmçinin əmrin mətnində “azad edilsin” ifadəsinə “lər” sonluğu əlavə edilmişdir. Əmrin mətnindən görünür ki, əmr bir nəfər şəxs barəsində verilmişdir. Həmçinin iddiaçıya məxsus əmək kitabçasında onun xx.xx.1991-ci il tarixdə çilingərmexanik vəzifəsinə işə qəbul edilməsi barədə qeyd olmasına, sonradan vəzifəsinin dəyişdirilməsi barədə hər-hansı əmr verilməməsinə baxmayaraq, onun işdən azad edilmə əmrində peşəsi məişət avadanlıqlarının təmiri ustası kimi qeyd edilmişdir. Xüsusilə qeyd edilməlidir ki, şahid qismində dindirilmiş Şahid yalnız iki şəxsin əmək kitabçalarını doldurduğunu bildirmiş, onlardan biri hazırki iş üzrə İddiaçı, digəri isə məhkəmə kollegiyasının icraatında olan digər iş üzrə iddiaçı X3r. "xxxx" ASC-nin 2001- 2021-ci illərə dair əmrlər kitabına baxış zamanı digər şəxslərə münasibətdə əmrlərdə əlavələr və düzəlişlər edilmədiyi, yalnız həmin şəxslərin işdən azad edilməsi barədə əmrlərin digər şəxslərlə bağlı verilmiş əmrlərə əlavə edildiyi aşkar edilmişdir. Qeyd olunan hallar məhkəmə kollegiyasına İddiaçı adının əmrlər kitabına sonradan yazılması qənaətinə gəlməyə əsas verir. Məhkəmə kollegiyasının bu qənaəti həmçinin ondan qaynaqlanır ki, "xxxx" ASC-nin özəlləşdirmə proqramında (emissiya prospektində) 01 aprel 1998-ci il tarixində səhmləri əmək kollektivinə güzəştlə satın almaq hüququ olan şəxslərin siyahısında İddiaçı adının aşkar edilməməsi onun həmin dövrdə həmin müəssisədə işləməməsinə dəlalət edir. Birinci instansiya məhkəməsi iş üzrə qeyd olunan sübutların əldə edilməsinə və tədqiq edilməsinə cəhd etməmiş, bununla da işin qeyd olunan xüsusatına hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, şahid ifadəsi ilə də təsdiq olunur ki, iddiaçıya məxsus əmək kitabçasında onun işdən azad edilməsi ilə bağlı qeyd hüququ olmayan şəxs tərəfindən aparılmışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının:- -1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. -3.1-ci bəndinə əsasən əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. -3.2-ci bəndinə əsasən işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası iddiaçının "xxxx" ASC-də 01 mart 2003-cü il tarixədək əmək faəliyyətinin olması və əmək haqqı alması barədə dəlillərini əsaslı hesab etmir və ona məxsus əmək kitabçasında "xxxx" ASC-dən işdən azad edilməsi ilə bağlı qeydləri mötəbər hesab etmir. İddiaçının xx.xx.1991-ci il tarixdə X9 Xidməti İstehsalat Kommersiya Zavoduna işə qəbul edilməsi barədə əmrin mötəbərliyinə şübhələr olmasa belə, onun işdən azad edilmə tarixi bəlli olmadığından həmin müəssisədə, eləcə də müəssisə özəlləşdirildikdən sonra "xxxx" ASC-də iş stajını müəyyən etmək mümkün deyildir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Qeyd olunanlara əsasən, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cаvаbdеh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 2-1(120)-1327/2024 nömrəli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyası təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar