Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-339/2025 06.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi ilə, İddiaçı X11 cavabdeh Beyləqan rayon İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, 2-1(120)- 986/2025 saylı qərardadından iddiaçı tərəfindən verilən apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı X16 cavabdeh Beyləqan rayon İcra Hakimiyyətinə qarşı “Beyləqan rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya məxsus M.Ə.Rəsulzadə küçəsi ilə M.Əsədov küçəsinin kəsişməsindən 25 metr cənub-şərq istiqamətində yerləşən ticarət köşkünün 2006-cı ildə qanunsuz olaraq sökülməsi nəticəsində iddiaçıya dəymiş ziyana görə kompensasiya ödənilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun atası X4 Beyləqan Rayon İcra Hakimiyyəti Başçısının 58 saylı, 24 sentyabr 1998-ci il tarixli Sərəncamı ilə Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə M.Əsədov küçəsinin kəsişməsindən 25 metr cənub şərq istiqamətində ticarət köşkünün yerləşdirilməsi üçün 22 kv.m torpaq sahəsi ayrılmışdır. Qeyd edilən sərəncama və Beyləqan Rayon İcra Hakimiyyətinin 18 mart 1997-ci il tarixli Sərəncamı ilə yaradılmış Komissiyanın aktı əsasında Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X6 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 52 saylı, 22 dekabr 2001-ci il tarixli Qeydiyyat Vəsiqəsi verilmişdir. X2 2000-ci ildə vəfat etməsi ilə əlaqədar onun ailə üzvləri, həyat yoldaşı X16, övladları Nümayəndə1 və X10 qeyd edilən köşkə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. Qeyd edilən ünvanda Abbasquliyevin ailəsi tərəfindən köşk inşa edilmiş və 2006- cı ilə qədər fəaliyyət göstərmişdir. 2006-cı ildə təəssüflər olsun ki, özünü Beyləqan Rayon İcra Hakimiyyətinin işçiləri kimi təqdim edən şəxslər tərəfindən qeyd olunan köşk sökülmüşdür, Əvəzində isə nə başqa ünvanda yer təklif edilmiş, nə də ki, kompensasiya ödənilmişdir. Halbuki həmin ərazidə yerləşən digər köşklərin sahiblərinə müvafiq kompensasiya ödənilmişdir. Dəfələrlə Abbasquliyevlər tərəfindən Beyləqan Rayon İcra Hakimiyyətinə edilən şifahi və yazılı formada müraciətlərə baxılmamış və onların hüquqları kobud şəkildə pozulmuşdur. Sonuncu belə müraciətə cavabdeh inzibati orqan xx.xx.2024- cü il tarixli, 5-37-5/2-K-6- 149/2024 saylı məktubla absurd formada şablon cavab verərək bildirilib ki, qeyd edilən məsələ mülki hüquq predmeti olduğunu nəzərə alaraq aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunur. Hesab edir ki, cavabdehin imtinası absurd və şablon olmaqla yanaşı əsassız və qanunsuzdur. Odur ki, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş edir. Cavabdehin iddia ərizəsinə etirazında qeyd edilmişdir ki, iddiaçı Beyləqan rayon İcra Hakimiyyətinin 58 saylı, 24 sentyabr 1998-ci il tarixli Sərəncamı ilə Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə M.Əsədov küçəsinin kəsişməsindən 25 metr cənub şərq istiqamətində ticarət köşkünün yerləşdirilməsi üçün 22 kv metr torpaq sahasi ayrıldığını, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X6 və Mülkiyyət Hüquqlarının Qeydiyyat idarəsi tarəfindən xx.xx.2001-ci il tarixli 52 saylı Qeydiyyat vasiqəsinin verildiyini, hamçinin atası X15 oglunun 2000-ci ildə vəfat etməsi ilə əlaqədar ailə üzvlərinə, arvadı X12, Övladlarına, X3 və X7 qeyd edilən köşkə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyini bildirir. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X6 və Mülkiyyət Hüquqlarının Qeydiyyat idarəsi tərəfindən iddiaçının qeyd etdiyi xx.xx.2001-ci il tarixli, 52 saylı Qeydiyyat vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yaninda Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beylaqan Ərazi idarəsi tərəfindən sorğuya verilmiş xx.xx.2024-cü il tarixli 3-21-345/2-3095/2024 nömrəli cavab məktubunda X9, X19 qizi, X8 va X5 adina daşinmaz əmlakın dövlət reyestrində geydiyyata alınmış daşinmaz əmlak aşkar edilməmişdir. Nümayəndə1 qeyd edilən ünvanda köşk qoyulduğunu və hamin köşkün 2006-cı ildə özünü Beylaqan Rayon İcra Hakimiyyətinin işçiləri kimi təqdim edən şəxslər tərəfindən söküldüyünü, əvəzində isə nə başqa ünvanda yer təklif edildiyini, nə də kompensasiya ödenildiyini bildirmişdir.İddiaçi iddiasında heç bir əsas olmadan Beyləqan Rayon İcra Hakimiyyətinin onun mülkiyyət hüququnu pozduğunu və kompensasiya ödəmədiyini qeyd edir. O,2006-cı ildən bu günə qədər "mülkiyyət hüququnun pozulması" barədə nə yuxarı instansiya orqanlarına, nə hüquq-mühafizə orqanlarına, nə də məhkəməyə şikayət etməmişdir. Göründüyü kimi iddiaçı iddiada qeyd edilən köşkün 2006-cı ildə Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən sökülməsi ilə bağlı məhkəməyə heç bir dəlil və sübut təqdim etməmişdir.Beləliklə, Beyləqan Rayon İcra Hakimiyyəti hesab edir ki, iddiaçının cavabdeh Beylaqan Rayon İcra Hakimiyytinə qarşi "Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya məxsus M.Ə.Resulzadə küçesi ilə M.Əsedov küçəsinin kəsişməsinden 25 metr cənub-qerb istiqamətində yerləşən ticarət köşkünün 2006-cı ildə qanunsuz olaraq sökülməsi nəticəsində iddiaçıya dəymiş ziyana görə kompensasiya ödənilməsii" tələbinə dair iddiası asaslı olmadığından mümkünsüz sayılmalıdır. Yuxarıda qeyd edilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən məhkəmədən tələbin mümkünsüz sayılmasını xahiş edirlər. Şirvan İnzibati Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, 2-1(120)-986/2025 saylı qərardadı (hakim Pərvanə Qurbanova) ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək Şirvan İnzibati Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, 2-1(120)-986/2025 saylı qərardadının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının həyat yoldaşı X4 şəhid ailəsi kimi BeyləqanRayon İcra Hakimiyyəti Başçısının 58 saylı, 24 sentyabr 1998-ci il tarixli Sərəncamı ilə Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə M.Əsədov küçəsinin kəsişməsindən 25 metr cənub şərq istiqamətində ticarət köşkünün yerləşdirilməsi üçün 22 kv.m torpaq sahəsi ayrılmışdır. Qeyd edilən sərəncama və BeyləqanRayon İcra Hakimiyyəti əsasən 18 mart 1997-ci il tarixli Sərəncamına əsasən yaradılmış Komissiyanın aktına əsasən Azərbaycan Respublikası Dövlət Tikintivə Arxitektura Komitəsinin Baş X6 və MülkiyyətHüquqlarının Qeydiyyatı İdarəsinin52 saylı, 22 dekabr 2001-ci il tarixli QEYDİYYAT VƏSİQƏSİ verilmişdir. X2 2000-ci ildə vəfat etməsi ilə əlaqədar onun ailə üzvləri həyat yoldaşı X16, övladları Nümayəndə1 və X10 qeyd edilən köşkə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. Qeyd edilən ünvanda Abbasquliyevin ailəsi tərəfindən köşk inşa edilmiş və 2006-cı ilə qədər fəaliyyət göstərmişdir. 2006-cı ildə təəsüflər olsun ki, özünü Beyləqan Rayon İcra Hakimiyyətinin işçiləri kimitəqdim edən şəxslər tərəfindən sökülmüşdür əvəzində isə nə başqa ünvanda yer təklif edilmiş nə də ki, kompensasiya ödənilmişdir. Halbuki həmin ərazidə yerləşən digər köşklərin sahiblərinə müvafiq kompensasiya ödənilmişdir. Qeyd edilənlə əlaqədar dəfələrlə həmin dövrdə işləmiş Beyləqan Rayon İcraHakimiyyəti Başçısının qəbulunda olarkən hər dəfə müxtəlif vədlər vermiş lakin heç birini yerinə yetirməmişdir. Bununla əlaqədar olaraq Beyləqan Rayon Məhkəməsinə də müraciət olunmuşdur. Məhkəmənin qeyd edilən işlə bağlı çağırış vərəqəsi Şirvan İnzibati Məhkəməsinə təqdim edilmişdir. Bundan başqa şəhidailəsinə ölkə başçısı tərəfindən məşğulluğun artırılması məqsədilə ayrılmış köşkün Beyləqan İcra Hakimiyyəti tərəfindən sökülməsi ilə bağlı AzərbaycanRespublikası Prezident Aparatına dəfələrlə müraciətlər olunmuşdur, bununla da bağlı Şirvan İnzibati Məhkəməsinə müraciətin kötüyü əlavə edilmişdir. Həmin dövrdən bu günə kimi Beyləqan Rayon İcra Hakimiyyətinə 3 icra başçısı təyin edilmişdir.Məsələ ilə əlaqədar hər birinin qəbuluna yazılaraq şifahi formada müraciət olunmuşdur. Sonuncu yazılı məktubumuza isə yenə silsilə absurd cavab olaraq bildirilmişdir ki, qeyd edilən məsələ mülki hüquq predmetidir və bununla bağlı məhkəməyə müraciət etməyimiz tövsiyyə olunmuşdur. Nəzərinizə çatdırım ki, hal hazırda Beyləqan Rayon İcra Hakimiyyəti Başçısının 58 saylı,24 sentyabr 1998- ci il tarixli Sərəncamı dəyişdirilməmiş, ləğv edilməmiş, hal-hazırda qüvvədədir, səbəbindən asılı olmayaraq iddiaçının xahişinə baxılmaması mövcud qanunvericiliyin kobud pozuntusu və iddiaçının hüquqlarının kobud pozulması kimi qiymətləndirilməldir. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. İcraHakimiyyəti tərəfindən sonuncu verilmiş absurd cavab kimi hər dəfə istəryazılı istərsə də şifahi müraciətlərə qanunauyğun olmayan bəhanələrlə dolu cavablarverilmişdir. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur.Sonuncu müraciətdə qanunda göstərilən formada qüvvədə olan sərəncama əsasən ya kompensasiya ödənilməsi ya da sərəncamda qeyd edilən ərazidə köşkün kvadratı həcmində yer verilməsi xahiş edilmişdir. Lakin müraciətə uyğun olmayan cavab verilmişdir diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi; Səlahiyyətliinzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbuledilməsindən imtina olunması haqqında qərar qəbuledir. İcra Hakimiyyəti tərəfindən nəinki inzibati akt və ya imtina, müraciətin mahiyyətindən çox çox uzaqda olan bircavab məktubu verilmişdir. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. Cavabdeh İnzibati orqan qanunun tələbini pozmuş ona verilmiş diskression səlahiyyətdən istifadəetməmişdir. Şəhid və şəhid ailələrinin məsələlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Əməkvə Əhalinin Sosial Müdafiəsi Nazirliyi, və Yerli İcra Hakimiyyəti orqanları məşğul olurlar. Onlar şəhid ailələrinə tibbi və sosial mənzil tikintisi və təsərrüfatla məşğul olmaq üçün torpaq sahəsi ayrılması, ailə üzvlərinin işə düzəldilməsi, habelə digər yardım göstərilməsi məsələləri ilə qarşılıqlı əlaqə şəraitində həlledirlər. Lakin Beyləqan Rayon İcra Hakimiyyəti qanunları kobud şəkildə pozmuş, Şirvan İnzibati Məhkəməsi isə bu pozuntulara gözyummuşdur. Sərəncamın qüvvədə olmağını, köşkün uzun zaman fəaliyyətdə olduğunu və İcra Hakimiyyətinin araşdırma aparmadan absurd formada qanunsuz verdiyi cavabı nəzərə almamışdır. Qeyd olunanlar nəzərə alınaraq Şirvan İnzibati Məhkəməsinin №-2-1(120)- 986/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilərək, söküntü ilə əlaqədar kompensasiya verilməsi və ya diskression səlahiyyətləri çərçivəsində qüvvədə olan Beyləqan Rayon İcra Hakimiyyəti Başçısının 58 saylı, 24 sentyabr 1998-ci il tarixli Sərəncamına əsasən həmin ərazidən sərəncama uyğun kvadratda köşkün tikintisi (və ya istifadəsi üçün) diskression səlahiyyətləri çərçivəsində icazə verilməsi barədə inzibati akt qəbul etməsi öhdəliyi Beyləqan Rayon İcra Hakimiyyətinin üzərinə öhdəliyin qoyulması barədə qərar çıxarılması barədə yeni qərarın (qərardad) çıxarılması xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62-ci maddəsinə əsaslanaraq məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilmişdir ki, “...İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir...Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir”. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 32.1 Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının tələbi Beyləqan rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya məxsus M.Ə.Rəsulzadə küçəsi ilə M.Əsədov küçəsinin kəsişməsindən 25 metr cənub-şərq istiqamətində yerləşən ticarət köşkünün 2006-cı ildə qanunsuz olaraq sökülməsi nəticəsində iddiaçıya dəymiş ziyana görə kompensasiya ödənilməsi” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı mümkün hesab etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı Beyləqan rayon İcra Hakimiyyəti tərəfindən ona məxsus M.Ə.Rəsulzadə küçəsi ilə M.Əsədov küçəsinin kəsişməsindən 25 metr cənub-şərq istiqamətində yerləşən ticarət köşkünün 2006-cı ildə qanunsuz olaraq sökülməsi nəticəsində dəymiş ziyana görə kompensasiyanın ödənilməsini istəsə də lakin tikilinin məhz cavabdeh inzibati orqan tərəfindən sökülməsinə dair mötəbər sübut və sənədləri mövcud deyildir və təqdim edə bilmir. Həmçinin müddət məsləsinə münasibətdə məhkəmə qeyd edir ki, xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı söküldüyünü iddia etdiyi köşkün sökülməsindən uzun müddətdir ki, məlumatı olmuşdur. İddia ərizəsi isə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mübahisə üzrə prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırdığından, həmçinin köşkün mövcudluğu, sökülüb-sökülməməsi, sökülmüşdürsə kim tərəfindən və nə vaxt sökülməsi məsələsi məlum olmadığından hazırki halda iddia tələbinə baxılması mümkün hesab edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Nəzərə almaq lazımdır ki, inzibati məhkəməyə iddia ilə müraciət hüququ inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən mübahisənin yarandığı hüquq münasibətinin xarakteri ilə bağlı və bunun üzərindən hüquq mübahisəsinin xarakterindən irəli gələn məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir. Başqa sözlə, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia tələbi üzrə ilkin olaraq iddiaçının subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulub-pozulmadığı aydınlaşdırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9cu bənd)” Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə, işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Məhkəmə araşdırması zamanı iş materialında olan sənədlərdən, iddia ərizəsinin məzmunundan müəyyən edilmişdir ki, Dövlət Tikinti və Arxitektra Komitəsinin Baş X6 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 52 saylı, 22 dekabr 2001-ci il tarixli Qeydiyyat Vəsiqəsi ilə Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsində 1 otaqdan ibarət köşk X11 adına qeydə alınmışdır. İddiaçı qeyd edir ki, 2006-cı ildə özünü Beyləqan Rayon İcra Hakimiyyətinin işçiləri kimi təqdim edən şəxslər tərəfindən qeyd olunan köşk sökülmüşdür, əvəzində isə nə başqa ünvanda yer təklif edilmiş, nə də ki, kompensasiya ödənilmişdir. Halbuki həmin ərazidə yerləşən digər köşklərin sahiblərinə müvafiq kompensasiya ödənilmişdir. Bununla bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh onun müraciətindən imtina etmişdir. Birinci instansiya məhkəməsində aparılan araşdırma zamanı cavabdeh tərəfindən məhkəməyə təqdim edilən oxşar məzmunlu məktublardan görünür ki, sözügedən köşkün nə zaman və kimlər tərəfindən sökülməsi, sökülübsə kompensasiya vədi, həmin şəxslərə kompensasiya verilib-verilməməsi ilə bağlı Beyləqan Rayon İcra Hakimiyyətində heç bir məluamat və təsdiqedici sənədlər yoxdur. Hazırda iddiaçı 2006-cı ildə Beyləqan Rayon İcra Hakimiyyətininin əməkdaşları tərəfindən söküldüyünü iddia etdiyi köşkə görə kompensasiya tələb edir. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, iddiaçı cavabdeh inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi ilə onun hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. İddiaçı Beyləqan rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya məxsus M.Ə.Rəsulzadə küçəsi ilə M.Əsədov küçəsinin kəsişməsindən 25 metr cənub-şərq istiqamətində yerləşən ticarət köşkünün 2006-cı ildə qanunsuz olaraq sökülməsi nəticəsində iddiaçıya dəymiş ziyana görə kompensasiya ödənilməsini tələb etsə də, cavabdeh inzibati orqanın hər hansı müdaxiləsi müəyyən olunmur. Mübahisə predmeti olan köşkün cavabdeh tərəfindən sökülməsinə dair iddiaçı tərəfindən heç bir mötəbər sübut təqdim edilməmiş və məhkəmə araşdırması zamanı belə sübutun mövcudluğu müəyyən edilməmişdir. Bundan başqa, işin mübahisələndirilməyən hallarında görünür ki, iddiaçı 2006-cı ildə sökülmüş tikiliyə (köşkə) görə cavabdehdən kompensasiya tələb edir və mübahisələndirdiyi məsələdən 2006-cı ildən məlumatlı olmuşdur. İddiaçı 2006-cı ildən bugünədək nə söküntü, nə də ki, kompensasiya tələbi ilə bağlı nə məhkəməyə, nə yuxarı inzibati orqana, nə də ki, digər hüquq-mühafizə orqanlarına müraciət etməmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, formalaşmış məhkəmə təcrübəsinə görə, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni 2006-cı ildə köşkün söküldüyü vaxtda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin XXVİİ fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur. Belə ki, Qanunvericiliyin tələbləri baxımından iddiaçı Mülki Prosessual Məcəlləsinin 01 yanvar 2011-ci il tarixədək qüvvədə olmuş 298-ci maddəsinin tələblərinə görə özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik idi. Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də sözügedən aktları mübahisələndirə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Odur ki, inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Beləliklə, hər bir halda iddiaçı 2006-cı ildə sökülmüş tikiliyə (köşkə) görə cavabdehin hərəkətini mübahisələndirmə imkanını 2011-ci il 1 yanvar tarixədək itirmişdir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı söküldüyünü iddia etdiyi köşkün sökülməsindən uzun müddətdir ki, məlumatı olmuşdur. İddia ərizəsi isə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçı mübahisə üzrə prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırdığından, həmçinin köşkün mövcudluğu, sökülüb-sökülməməsi, sökülmüşdürsə kim tərəfindən və nə vaxt sökülməsi məsələsi məlum olmadığından hazırki halda iddia tələbinə baxılması mümkün hesab edilməməlidir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla haqlı mövqe sərgiləmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, 2-1(120)-986/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-339/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-339/2025
06.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver