Məhkəmə qərarları › İş №2-1(106)-34/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-34/2023

29.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-34/2023 29.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), İsmayılov Orxan Nadir oğlu və Həsənov Samir Firdusi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X5 və vəkili Vəkil, cavabdeh İmişli rayon İmişli bələdiyyəsinin nümayəndəsi X9 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2-1(120)-165/2022 nömrəli qərarından cavabdeh İmişli rayon İmişli bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı "xxxx" MMC-nin cavabdeh İmişli rayon İmişli bələdiyyəsinə qarşı qərarın ləğv edilməsi barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMC cavabdeh İmişli rayon İmişli bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək İmişli rayon İmişli bələdiyyəsinin xx.xx.2020ci il tarixli, 14 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Fehruz Abbasov) 14 sentyabr 2022-ci il tarixli, 2-1(120)-165/2022 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İmişli rayon İmişli bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 14 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır. Qərardan cavabdeh İmişli rayon İmişli bələdiyyəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddia tələbi onunla əsaslandırılmışdır ki, İmişli rayon İmişli bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 14 nömrəli qərarı ilə İmişli rayon İmişli bələdiyyəsinin inzibati ərazisində qum-çınqıl karxanası kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olan "xxxx" MMC-nin 55375,89 manat məbləğində mədən vergisi üzrə borcunun məcburi qaydada alınaraq İmişli rayon İmişli bələdiyyəsinin büdcəsinə ödənilməsi qərara alınmış və qərar icra olunması üçün İmişli rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Həmin qərar əsassızdır. Belə ki, "xxxx" MMC fəaliyyət göstərdiyi aylar üçün mədən vergisi bəyannaməsi tərtib edərək cavabdehə təqdim etmiş, cavabdeh həmin bəyannamələri qəbul etmiş, həmin bəyannamələri mübahisələndirməmişdir. İddiaçı mədən vergisini cavabdehin hesabına ödəmişdir, cavabdehə mədən vergisi üzrə borcu yoxdur. Mədən vergisinin hesablanmasının öz qaydası var və bu, normativ aktlara, hüquqa uyğun formada aparılmalıdır. Cavabdeh isə heç bir vergi hesablanması qaydalarına və mühasibatlıq haqqında qanunun tələblərinə uyğun olmayan qaydada, öz şəxsi təəssüratları əsasında iddiaçıya mədən vergisi üzrə borc hesablamışdır. İddiaçıya mədən vergisi üzrə borcun hesablanması üçün heç bir əsas mövcud deyildir. Mübahisə məhkəmədənkənar qaydada həll edilə bilinmədiyindən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh inzibati orqan apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qaradonlu-Kürdəmir magistral avtomobil yolunun sağ tərəfindən, Araz çayının sol tərəfindən İmişli rayon İmişli bələdiyyəsinə məxsus olan İmişli sakinlərinin ümumi örüş otlaq sahəsi kimi ayrılmış ümumi istifadədə olan torpaq sahəsində iddiaçı "xxxx" MMC-nin qum-çınqıl qarışığı istehsal etməsi və bu məqsədlə qanunsuz olaraq bələdiyyənin ümumi istifadədə olan torpaq sahəsini qazaraq yararsız hala salması 17 nəfərin iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktla da təsdiq olunur. Lakin birinci instansiya məhkəməsi heç bir əsas olmadan həmin aktı nəzərə almamış və bununla da, işi qeyri-obyektiv və birtərəfli araşdırmış, nəticədə qanunsuz və əsassız qərar qəbul etmişdir. Həmçinin birinci instansiya məhkəməsi Dövlət Vergi Xidmətinin iddiaçının fəaliyyəti üzrə xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrü əhatə etməklə apardığı səyyar vergi yoxlamasına dair qəbul etdiyi qərarı nəzərə almamışdır. Halbuki məhkəmə sübutlardan birini qəbul edərkən və ya rədd edərkən bunun səbəbini mütləq əsaslandırmalıdır. Birinci instansiya məhkəməsi iddiaçının İmişli rayon İmişli bələdiyyəsinə məxsus olan 224900 m2 ərazidə ******* m3 qum-çınqıl qarışığı istehsal etmək üçün qazıntı işləri aparması faktını və nəticədə İmişli rayon İmişli bələdiyyəsinə 55375,89 manat məbləğində mədən vergisi borcu olduğunu nəzərə almamışdır. Prosessual məsələlər Cavabdeh İmişli rayon İmişli bələdiyyəsinin nümayəndəsi X11 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək həmçinin bildirdi ki, cavabdeh tərəfindən iddiaçının 2015-2020-ci illər üzrə mədən vergisi mübahisələndirilir. Cavabdeh iddiaçı tərəfindən mədən vergisi bəyannamələri ilə bəyan edilənlərlə razılaşmır. Hesab edir ki, iddiaçı daha çox qum-çınqıl istehsal etmiş, lakin az bəyan etmişdir. Cavabdeh müvafiq bəyannamələrlə bəyan edilənləri mübahisələndirməmişdir. Cavabdeh, ümumiyyətlə, hesab edir ki, iddiaçının hasilatı çox olmuşdur. Bu isə, cavabdeh tərəfindən yerli baxış keçirilərkən müəyyən edilmişdir. Cavabdehin nümayəndəsi iddiaçının istifadəsində olmuş ərazidəki qazıntı işlərinin enini, uzununu, dərinliyini təxmini hesablayaraq mübahisələndirilən bələdiyyə qərarındakı iddiaçının mədən vergisi borcunu müəyyən etmişdir. Cavabdeh tərəfindən mübahisə ilə bağlı bütün sübutlar məhkəməyə təqdim edilmişdir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X10 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, iddiaçıya İmişli Rayon İcra Hakimiyyəti tərəfindən qum-çınqıl materiallarının çıxarılması və istehsalı üçün torpaq sahəsi 2005-ci ildə ayrılsa da, iddiaçı qeyd edilən fəaliyyətlə məşğul olmaq üçün lisenziyanı 2019-cu ildə almışdır. İddiaçı ona ayrılmış sözügedən torpaq sahəsində 2019-2020-ci illərdə məhdud dövrlərdə kvars qumlarının çıxarılması üzrə fəaliyyət göstərmişdir. İddiaçı fəaliyyət göstərdiyi aylar üzrə də mədən vergisi bəyannaməsi tərtib edərək cavabdehə təqdim etmiş, həmin bəyannamələr cavabdehin nümayəndələri tərəfindən imzalanaraq və bələdiyyənin möhürü ilə təsdiq edilərək qəbul edilmişdir. İddiaçı həmin bəyannəmələrdə göstərilən mədən vergisini cavabdehin hesabına ödəmiş və iddiaçının cavabdehə mədən vergisi borcu olmamışdır. Həmin dövrlərdə mədən vergisi ilə bağlı cavabdeh tərəfindən iddiaçıya hər hansı etiraz bildirilməmişdir. Mədən vergisi aylıq olaraq görülən işlərlə, dövriyyə və hasilatla müəyyən edilir. Cavabdeh isə qanunsuz və əsassız olaraq iddiaçıya mədən vergisi üzrə borc hesablanması barədə hazırda mübahisələndirilən xx.xx.2020-ci il tarixli, 14 nömrəli qərarı qəbul etmişdir. İddiaçı həmin qərardan məhkəmədə hazırkı iddianı qaldırmamışdan 5-10 gün əvvəl, həmin qərar əsasında icra qurumu tərəfindən başlanılmış icra işi ilə əlaqədar məlumatlı olmuşdur. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçının vəkili Vəkil məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdə olan İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 126 nömrəli sərəncamının surətindən görünür ki, "xxxx" MMC-nin rəhbərliyinin müraciəti nəzərə alınmaqla qum-çınqıl materiallarının çıxarılması və istehsalı üçün Araz çayı yatağında 15 hektar ərazinin "xxxx" MMC-nin müvəqqəti istifadəsinə verilməsi qərara alınmışdır. İşdə olan İmişli Rayon İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2005-ci il tarixli torpaq icarə müqaviləsinin surətindən görünür ki, İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 126 nömrəli sərəncamı əsasında qum-çınqıl materiallarının çıxarılması və istehsalı üçün 15 hektar torpaq sahəsinin 50 il müddətinə "xxxx" MMC-yə icarəyə verilməsinə dair tərəflər arasında müqavilə bağlanmışdır. İşdə olan xx.xx.2019-cu il tarixli, EL-422/2019 nömrəli lisenziyanın surətindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən "xxxx" MMC-yə dağ-mədən işlərinin, dağ və buruq qazmalarının aparılmasının həyata keçirilməsinə icazə verilmişdir. İşdə olan İmişli rayon İmişli bələdiyyəsi tərəfindən İmişli Regional Ədliyyə İdarəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 391 nömrəli məktubun surətində qeyd edilmişdir ki, bələdiyyənin ərazisində "xxxx" MMC-nin qum-çınqıl karxanası 2015-ci ildən hal-hazırkı ilə qədər fəaliyyət göstərir. "xxxx" MMC-nin rəhbərliyi 2015-ci ildən 2020-ci ilin aprel ayına qədər İmişli rayon İmişli bələdiyyəsinin büdcəsinə 7800 manat mədən vergisi ödəmişdir. İşdə olan "xxxx" MMC tərəfindən İmişli Rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 27 nömrəli məktubda qeyd edilmişdir ki, İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 126 nömrəli sərancamı ilə "xxxx" MMC-yə qum-çınqıl materiallarının istehsalı üçün İmişli yatağından 15 hektar torpaq sahəsi ayrılmışdır. Cari ilin əvvəlindən "xxxx" MMC-nin həmin yataqda fəaliyyəti dayandırılmışdır. İşdə olan Dövlət Vergi Xidməti tərəfindən İmişli rayon İmişli bələdiyyəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********547700 nömrəli məktubun surətində qeyd edilmişdir ki, İmişli rayon İmişli bələdiyyəsi ərazisində yerli əhəmiyyətli tikinti materialları hesab edilən qum-çınqıl istehsalı ilə məşğul olan vergi ödəyicilərinin vergidən yayınması və digər məsələlər barədə İmişli rayon İmişli bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 411 nömrəli müraciətinə aidiyyəti üzrə Dövlət Vergi Xidmətində baxılmışdır. Müraciətdə göstərilənlərlə əlaqədar aparılmış araşdırma zamanı "xxxx" MMC-nin (VÖEN: **********) xx.xx.2015-ci il tarixdən vergi orqanında qeydiyyata alındığı müəyyən edilmişdir. Vergi orqanı tərəfindən "xxxx" MMC-nin fəaliyyəti üzrə xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr əhatə edilməklə səyyar vergi yoxlaması keçirilmiş və xx.xx.2019-cu il tarixli akta əsasən barəsində 37375,89 manat hesablama aparılmışdır. Əlavə olaraq vergi orqanının xx.xx.2020-ci il tarixli qərarlarına əsasən keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı əhali ilə nağd hesablaşma qaydalarının pozulması hallarına görə 2000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. "xxxx" MMC-nin İmişli rayon İmişli bələdiyyəsinin ərazisində olan obyekti hal-hazırda fəaliyyət göstərmir. İşdə olan İmişli rayon İmişli bələdiyyəsi tərəfindən İmişli Regional Ədliyyə İdarəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 745 nömrəli məktubun surətində qeyd edilmişdir ki, İmişli rayonu inzibati ərazisində fəaliyyət göstərən "xxxx" MMC İmişli rayon İmişli bələdiyyəsinə xx.xx.2020-ci il tarixdə 500 manat, xx.xx.2020-ci il tarixdə 500 manat, xx.xx.2020-ci il tarixdə 1000 manat, xx.xx.2020-ci il tarixdə 1000 manat, xx.xx.2020-ci il tarixdə 1000 manat olmaqla, cəmi 4000 manat mədən vergisi ödəmişdir. İşdə olan İmişli rayon İmişli bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 14 nömrəli iclas protokolundan xx.xx.2021-ci il tarixli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, bələdiyyə gəlirləri və yerli vergilər şöbəsinin təqdimatı əsasında vergi borcunu ödəməkdən yayınan İmişli rayonu ərazisində fəaliyyət göstərən "xxxx" MMC-nin 55375,89 manat borcunun ödənilməsi barədə müvafiq inzibati aktın tərtib olunub İmişli rayon İcra və probasiya şöbəsinə tədbir görülməsi üçün göndərilməsi qərara alınmışdır. İşdə olan İmişli rayon İmişli bələdiyyəsinin xx.xx.2020-ci il tarixli qərarının təsdiq edilmiş surətindən görünür ki, vergi borcunun ödənilməsindən boyun qaçırdığı üçün İmişli rayonu inzibati ərazisində fəaliyyət göstərən "xxxx" MMC-dən 55375,89 manat mədən vergisinə dair borcun məcburi qaydada alınaraq İmişli rayon İmişli bələdiyyəsinin büdcəsinə ödənilməsi qərara alınmışdır. İşdə olan İmişli rayon İcra və probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarının təsdiq edilmiş surətindən görünür ki, mədən vergisi borcu olan "xxxx" MMC-dən 55375,89 manat məbləğində vəsaitin tutularaq İmişli rayon İmişli bələdiyyəsinin hesabına ödənilməsinə dair İmişli rayon İmişli bələdiyyəsinin xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İşdə olan İmişli rayon İcra və probasiya şöbəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 125865/2021-37-5-004 nömrəli tələbin könüllü icrası haqqında bildirişin təsdiq edilmiş surətindən görünür ki, "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarla icraata başlanılmış İmişli rayon İmişli bələdiyyəsinin xx.xx.2020-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində icra edilməsi tələb edilmişdir. İşdə olan "xxxx" MMC tərəfindən Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 07 nömrəli məktubda qeyd edilmişdir ki, "xxxx" MMC-yə İmişli rayonunun ərazisində yerləşən Araz çayının yatağından qum-çınqıl istehsalı üçün ayrılmış 15 hektar torpaq sahəsində fəaliyyətləri 2020-ci ilin mart ayından dayandırılmışdır. İşdə olan "xxxx" MMC tərəfindən İmişli Rayon İcra Hakimiyyətinə xx.xx.2022-ci il tarixli, 04 nömrəli məktubda qeyd edilmişdir ki, "xxxx" MMC-yə İmişli Rayon İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 126 nömrəli sərəncamı ilə İmişli şəhəri yaxınlığında Araz çayının yatağında 15 hektar ərazi 50 il müddətinə icarəyə verilmişdir. "xxxx" MMC həmin torpaq sahəsindən istifadə etmədiyi üçün torpaq sahəsinə dair bağlanmış müqaviləyə xitam verilməsinə və sərəncamın ləğv edilərək torpaq sahəsinin geri alınmasına köməklik göstərilməsi xahiş edilmişdir. İşdə olan İmişli Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 11 nömrəli sərəncamının surətindən görünür ki, "xxxx" MMC-nin rəhbərliyinin müraciətinin nəzərə alınması və İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 126 nömrəli sərəncamı ilə "xxxx" MMC-yə İmişli şəhəri yaxınlığında Araz çayı sahilindən ayrılıb verilmiş 15 hektar torpaq sahəsindən "xxxx" MMC-nin istifadə hüququna xitam verilməsi qərara alınmışdır. İşdə olan İmişli rayon İmişli bələdiyyəsinin sədr müavini Ehtibar Şəmmədovun, İmişli rayon İmişli bələdiyyəsinin vergilər şöbəsinin müdiri Sənan Uğurliyevin və əlavə olaraq 15 nəfərin iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktda qeyd edilmişdir ki, Qaradonlu-Kürdəmir magistral avtomobil yolunun sağ tərəfində, Araz çayının sol tərəfində "xxxx" MMC tərəfindən İmişli rayon İmişli bələdiyyəsinə məxsus olan və sakinlərin ümumi istifadəsi üçün örüş-otlaq sahəsi məqsədilə ayrılmış boş torpaq sahəsində qum karxanası quraşdırılmış və qum istehsalı ilə məşğul olunmuşdur. Məhz bunun nəticəsində boş torpaq sahəsi istismar olunaraq böyük göl yaranmışdır. İşdə olan İmişli rayon İmişli bələdiyyəsi tərəfindən Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 74 nömrəli məktubun surətində qeyd edilmişdir ki, iddiaçı "xxxx" MMC-nin Qaradonlu-Kürdəmir magistral avtomobil yolunun sağ tərəfindən, Araz çayının sol tərəfindən İmişli rayon İmişli bələdiyyəsinə məxsus olan İmişli sakinlərinin ümumi örüş otlaq sahəsi kimi ayrılmış ümumi istifadədə olan torpaq sahəsində qum-çınqıl qarışığı istehsal etmiş və bu məqsədlə həmin torpaq sahəsini qanunsuz qazaraq yararsız hala salmışdır. Həmin torpaq sahəsində qumçınqıl qarışığı istehsal olunmuş qazıntı çuxurunda çıxarılmış xammalın həcminin (kubmetrlə) müəyyən edilməsi, çıxarılmış xammalın ümumi həcminin (kubmetrlə) qiymətləndirilməsi xahiş edilmişdir. İşdə olan Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən İmişli rayon İmişli bələdiyyəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-14-19/2-260/2023 nömrəli məktubun surətində qeyd edilmişdir ki, Araz çayının sol tərəfindən İmişli rayon İmişli bələdiyyəsinə məxsus olan İmişli sakinlərinin ümumi istifadəsinə ayrılmış torpaq sahəsindən çıxarılmış xammalın həcminin müəyyən edilməsində dair İmişli rayon İmişli bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 74 nömrəli müraciətinə baxılmışdır. Bununla əlaqədar İmişli rayon İmişli bələdiyyəsinin nümayəndəsi X6 iştirakı ilə qeyd edilən sahələrə baxış keçirilmiş, toplanmış materialların hüquqi qiymət verilməsi məqsədilə aidiyyəti üzrə hüquq mühafizə orqanlarına göndərilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasına əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər (maddə 60). Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz (maddə 73). Mübahisələndirilən bələdiyyə qərarının qəbul edildiyi tarixdə qüvvədə olan redaksiyada Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət vergiləri, muxtar respublika vergiləri və yerli vergilər (bələdiyyə vergiləri) müəyyən edilir və ödənilir. Həmin Məcəllənin 4.4-cü maddəsinə əsasən yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən bu Məcəllənin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi (maddə 8.1.1), fiziki şəxslərin əmlak vergisi (maddə 8.1.2), yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi (maddə 8.1.3) və bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi (maddə 8.1.4) yerli vergilər (bələdiyyə vergiləri) hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən yerli vergilərin hesablanması və ödənilməsi qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları müvafiq qanunvericiliklə müəyyən edilir. Həmin Məcəllənin 213-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan sektorunda faydalı qazıntıların çıxarılmasına görə mədən vergisi tutulur. Həmin Məcəllənin 216.2-ci maddəsinə əsasən yerin təkindən çıxarılan kvars qumlarına görə mədən vergisi hər kubmetr üçün 1 manat vergi dərəcəsi ilə hesablanır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən mədən vergisi bu Məcəllənin 216.2ci maddəsində müəyyən edilmiş faydalı qazıntılar üzrə yerin təkindən çıxarılmış faydalı qazıntıların hər kubmetrinə müvafiq vergi dərəcələrini tətbiq etməklə hesablanır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən hesabat ayı üçün mədən vergisinin məbləği faydalı qazıntıların çıxarıldığı aydan sonrakı ayın 20-dən gec olmayaraq ödənilir. Həmin Məcəllənin 217.3-ci maddəsinə əsasən mədən vergisinin ödəyiciləri hər ay hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq yerli büdcələrə daxil olan mədən vergisi üzrə bələdiyyələrə mədən vergisinin bəyannaməsini verirlər. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında yerli vergilərin və ödənişlərin ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları Qanunla təsdiq olunan müvafiq Əsasnamə ilə müəyyən edilir. Azərbaycan Respublikasının 17 iyun 2003-cü il tarixli 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti haqqında Əsasnamə”nin 1.1-ci maddəsinə əsasən bu Əsasnamə bələdiyyələrin vergi xidməti orqanının fəaliyyətinin ümumi əsaslarını müəyyənləşdirir, onun yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyiciləri ilə qarşılıqlı münasibətlərini tənzimləyir. Həmin Əsasnamənin 3.1-ci maddəsinə əsasən bələdiyyələrin vergi xidməti orqanının aşağıdakı vəzifələri vardır: yerli (bələdiyyə) vergilərin və ödənişlərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunları ilə müəyyən edilmiş qaydada hesablanmasına, vaxtında və tam məbləğdə banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə yerli büdcələrə ödənilməsinə nəzarəti həyata keçirir (maddə 3.1.1); yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə borcların, bu borclar üzrə hesablanmış faizlərin və tətbiq olunmuş maliyyə sanksiyalarının Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada alınmasını təmin edir (maddə 3.1.2); yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyicilərinin hüquqlarını və qanuni maraqlarını qoruyur, onların sorğularına, şikayətlərinə qanunvericiliyə uyğun olaraq baxılmanı və müvafiq tədbirlərin görülməsini təmin edir (maddə 3.1.3); bələdiyyələrin qərarlarını icra edir (maddə 3.1.12). Həmin Əsasnamənin 3.3-cü maddəsinə əsasən bələdiyyələrin vergi xidməti orqanı bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdən mənfəət vergisinin, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisinin, bələdiyyə ərazisində mehmanxanadan və sanatoriyakurort müəssisələrindən alınan yerli ödənişlərin hesablanmasının və ödənilməsinin düzgünlüyünü araşdırmaq məqsədi ilə dövlət vergi orqanlarının keçirdiyi səyyar vergi yoxlamalarında iştirak edə bilər. Bunun üçün bələdiyyə bu bənddə göstərilən səyyar vergi yoxlamalarında bələdiyyənin vergi xidməti orqanının iştirakı barədə dövlət vergi orqanına müraciət etməlidir. Həmin Əsasnamənin 5.2-ci maddəsinə əsasən bu Əsasnamənin 3.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət vergi orqanları tərəfindən keçirilən səyyar vergi yoxlamasında iştirak edən bələdiyyənin vergi xidməti orqanının vəzifəli şəxsinə müvafiq yoxlamanın keçirilməsində iştirakı barədə bələdiyyənin qərarı verilməlidir. Qərar bələdiyyənin sədri (yaxud onun müavini) tərəfindən imzalanır. Qərarda dövlət vergi orqanının, səyyar vergi yoxlaması keçirilən obyektin adı, yoxlamada iştirakın məqsədi, müddətləri (bu müddət dövlət vergi orqanının keçirdiyi yoxlamanın müddəti həddində olmalıdır), yoxlamada iştirak edən bələdiyyənin vergi xidməti orqanının vəzifəli şəxsinin (şəxslərinin) adı, soyadı, atasının adı göstərilməlidir. Həmin Əsasnamənin 5.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Həmin aktda onun tərtib edildiyi tarix və yer, aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, yerli (bələdiyyə) verginin və (və ya) ödənişin ödəyicisi barədə məlumat, müvafiq verginin və (və ya) ödənişin növü (adı), Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və digər qanunların pozulmasını təşkil edən konkret hal (hallar) və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qanunların konkret maddələri göstərilməli, ödəyiciyə müvafiq vergini və (və ya) ödənişi ödəmək təklif edilməlidir. Tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir. Həmin Əsasnamənin 5.4-cü maddəsinə əsasən ödəyici bələdiyyə vergi xidməti orqanının aktı ilə razılaşmadıqda, aktın alındığı gündən 30 gün müddətində akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Həmin Əsasnamənin 5.5-ci maddəsinə əsasən ödəyici tərəfindən bələdiyyə vergi xidməti orqanının aktı üzrə yazılı izahat və ya etiraz təqdim edildikdə, həmin akta ödəyicinin və ya (və) onun nümayəndəsinin iştirakı ilə baxılır. Akta baxılmanın yeri və vaxtı haqqında ödəyiciyə vergi xidməti orqanı tərəfindən ən azı 3 iş günü əvvəl məlumat verilməlidir. Ödəyici (onun nümayəndəsi) üzrlü səbəb olmadan müzakirəyə gəlmədikdə, məsələyə onun iştirakı olmadan baxılır. Həmin Əsasnamənin 5.6-cı maddəsinə əsasən bu Əsasnamənin 5.4-cü maddəsində müəyyən edilən müddət bitdikdən sonra 15 gün ərzində bələdiyyə öz vergi xidməti orqanının aktına baxır və ödəyiciyə münasibətdə qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarır yaxud belə qərarın çıxarılmasından imtina edir. Həmin Əsasnamənin 5.7-cı maddəsinə əsasən ödəyiciyə bu Əsasnamənin 5.6-cı maddəsinə müvafiq olaraq çıxarılmış qərarın surəti və qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergilər və (və ya) ödənişlər üzrə borcun, müvafiq olaraq hesablanmış faizlərin, müvafiq maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə göndərilir. Ödəyici müvafiq ödənişləri könüllü qaydada ödədikdə, bələdiyyə məhkəməyə müraciət edilməsi haqqında qərarını ləğv edir. Həmin Əsasnamənin 5.10-cı maddəsinə əsasən bələdiyyə tərəfindən bu Əsasnamənin və digər qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməməsi bələdiyyənin qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas verir. Həmin Əsasnamənin 5.11-ci maddəsinə əsasən yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların məcburi qaydada alınması, hesablanmış faizlərin alınması və ödəyicilərə maliyyə sanksiyalarının tətbiq edilməsi üçün bələdiyyələr öz vergi xidməti orqanının təqdimatı əsasında, bu Əsasnamənin 5.7-ci bəndinin ikinci cümləsində müəyyən edilmiş hal istisna olmaqla, məhkəmələrə müraciət edirlər. Həmin Əsasnamənin 5.12-ci maddəsinə əsasən məhkəmənin yerli (bələdiyyə) vergi və ödənişlər üzrə borcların, hesablanmış faizlərin və maliyyə sanksiyalarının alınması haqqında qanuni qüvvəyə minmiş qərarlarının icrası qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun Maddə 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi (maddə 28.1.1); inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi (maddə 28.1.2); inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (maddə 28.1.3). Həmin Qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 27 noyabr 2003-cü il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. İşin faktiki hallarından görünür ki, İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 126 nömrəli sərəncamı ilə qum-çınqıl materiallarının çıxarılması və istehsalı üçün Araz çayı yatağında 15 hektar ərazinin "xxxx" MMC-nin müvəqqəti istifadəsinə verilməsi qərara alınmış və bununla bağlı tərəflər arasında torpaq icarə müqaviləsi bağlanmışdır. xx.xx.2019-cu il tarixli, EL-422/2019 nömrəli lisenziya ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən "xxxx" MMC-yə dağ-mədən işlərinin, dağ və buruq qazmalarının aparılmasının həyata keçirilməsinə icazə verilmişdir. "xxxx" MMC-nin müraciəti əsasında İmişli Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 11 nömrəli sərəncamı ilə sözügedən 15 hektar torpaq sahəsindən "xxxx" MMC-nin istifadə hüququna xitam verilməsi qərara alınmışdır. İşin faktiki hallarından həmçinin görünür ki, İmişli rayon İmişli bələdiyyəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə vergi borcunun ödənilməsindən boyun qaçırdığı üçün İmişli rayonu inzibati ərazisində fəaliyyət göstərən "xxxx" MMC-dən 55375,89 manat mədən vergisinə dair borcun məcburi qaydada alınaraq İmişli rayon İmişli bələdiyyəsinin büdcəsinə ödənilməsi qərara alınmış və həmin qərar icra edilməsi üçün İmişli rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. İcra qurumunun xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarı ilə İmişli rayon İmişli bələdiyyəsinin sözügedən qərarı üzrə icraata başlanılmışdır. İddiaçı "xxxx" MMC cavabdeh İmişli rayon İmişli bələdiyyəsinin xx.xx.2020-ci il tarixli qərarının qanunsuz və əsassız olduğunu əsas gətirərək məhkəmədə hazırkı iddianı qaldırmışdır. Birinci instansiya məhkəməsi də iddiaçının iddia tələbini əsaslı hesab edərək təmin etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi qeyd edir ki, iddiaçıya İmişli Rayon İcra Hakimiyyəti tərəfindən qum-çınqıl materiallarının çıxarılması və istehsalı üçün torpaq sahəsi 2005-ci ildə ayrılsa da, iddiaçı qeyd edilən fəaliyyətlə məşğul olmaq üçün lisenziyanı 2019-cu ildə almışdır. İddiaçı ona ayrılmış sözügedən torpaq sahəsində 2019- 2020-ci illərdə məhdud dövrlərdə kvars qumlarının çıxarılması üzrə fəaliyyət göstərmişdir. İddiaçı fəaliyyət göstərdiyi aylar üzrə də mədən vergisi bəyannaməsi tərtib edərək cavabdehə təqdim etmiş, həmin bəyannamələr cavabdehin nümayəndələri tərəfindən imzalanaraq və bələdiyyənin möhürü ilə təsdiq edilərək qəbul edilmişdir. İddiaçı həmin bəyannəmələrdə göstərilən mədən vergisini cavabdehin hesabına ödəmiş və iddiaçının cavabdehə mədən vergisi borcu olmamışdır. Həmin dövrlərdə mədən vergisi ilə bağlı cavabdeh tərəfindən iddiaçıya hər hansı etiraz bildirilməmişdir. Mədən vergisi aylıq olaraq görülən işlərlə, dövriyyə və hasilatla müəyyən edilir. Cavabdeh isə qanunsuz və əsassız olaraq iddiaçıya mədən vergisi üzrə borc hesablanması barədə hazırda mübahisələndirilən xx.xx.2020-ci il tarixli, 14 nömrəli qərarı qəbul etmişdir. İddiaçı həmin qərardan məhkəmədə hazırkı iddianı qaldırmamışdan 5-10 gün əvvəl, həmin qərar əsasında icra qurumu tərəfindən başlanılmış icra işi ilə əlaqədar məlumatlı olmuşdur. Cavabdeh İmişli rayon İmişli bələdiyyəsinin nümayəndəsi qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının 2015-2020-ci illər üzrə mədən vergisi mübahisələndirilir. Cavabdeh iddiaçı tərəfindən mədən vergisi bəyannamələri ilə bəyan edilənlərlə razılaşmır. Hesab edir ki, iddiaçı daha çox qum-çınqıl istehsal etmiş, lakin az bəyan etmişdir. Cavabdeh müvafiq bəyannamələrlə bəyan edilənləri mübahisələndirməmişdir. Cavabdeh, ümumiyyətlə, hesab edir ki, iddiaçının hasilatı çox olmuşdur. Bu isə, cavabdeh tərəfindən yerli baxış keçirilərkən müəyyən edilmişdir. Cavabdehin nümayəndəsi iddiaçının istifadəsində olmuş ərazidəki qazıntı işlərinin enini, uzununu, dərinliyini təxmini hesablayaraq mübahisələndirilən bələdiyyə qərarındakı iddiaçının mədən vergisi borcunu müəyyən etmişdir. Cavabdeh tərəfindən mübahisə ilə bağlı bütün sübutlar məhkəməyə təqdim edilmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı "xxxx" MMC cavabdeh İmişli rayon İmişli bələdiyyəsinin xx.xx.2020-ci il tarixli qərarından hazırkı iddianı qaldırmamışdan 5-10 gün əvvəl, həmin qərar əsasında icra qurumu tərəfindən başlanılmış icra işi ilə əlaqədar məlumatlı olduğunu qeyd edir. Məhkəmə araşdırması zamanı iddiaçının sözügedən qərardan daha əvvəldən məlumatlı olması müəyyən edilməmişdir. Eyni zamanda, bunun əksinə dair cavabdeh tərəfindən də məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçı tərəfindən sözügedən qərarın mübahisələndirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında hazırkı mübahisə cavabdeh tərəfindən iddiaçı barəsində ona ayrılmış torpaq sahəsindəki fəaliyyəti üzrə mədən vergisi borcuna dair qəbul edilmiş qərarın qanuni olub-olmaması ilə bağlı ortaya çıxmışdır. Birinci instansiya məhkəməsi də işə iddia tələbi üzrə baxaraq qərar qəbul etmişdir. Cavabdeh isə apellyasiya şikayətinin dəlillərindən biri kimi iddiaçının bələdiyyənin ümumi istifadədə olan torpaq sahəsini qazaraq yararsız hala saldığını, bu halı təsdiq edən aktın birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmadığını qeyd etmişdir. Cavabdehin apellyasiya şikayətinin həmin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının istifadəsində olmuş torpaq sahəsini və ya bələdiyyənin ümumi istifadədə olan torpaq sahəsini yararsız hala salıb-salmamasının, habelə torpaq sahəsindən qanunauyğun istifadə edib-etməməsinin, bununla bağlı bələdiyyəyə zərər dəyib-dəyməməsinin müəyyən edilməsi hazırkı mübahisənin predmeti deyildir. Cavabdeh qeyd edilənlərlə bağlı bələdiyyəyə dəymiş zərərin müəyyən edilməsi üçün aidiyyəti qurumlara müraciət etmək və müvafiq sübutlarını əlavə etməklə bələdiyyəyə dəymiş zərərin əvəzinin tutulması barədə aidiyyəti məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Cavabdeh apellyasiya şikayətində həmçinin Dövlət Vergi Xidmətinin iddiaçının fəaliyyəti üzrə xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrü əhatə etməklə apardığı səyyar vergi yoxlamasına dair qəbul etdiyi qərarın birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmadığını qeyd etmişdir. Cavabdehin apellyasiya şikayətinin həmin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən bələdiyyə qərarının qəbul edildiyi tarixdə qüvvədə olan Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi yerli vergi (bələdiyyə vergisi) hesab edilirdi. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən də qanunvericilikdə müəyyən edilmiş qaydada yerli vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. Həmçinin qanunvericiliyə əsasən mədən vergisi faydalı qazıntıların çıxarılmasına görə tutulur. İddiaçı faydalı qazıntıların çıxarılması ilə bağlı fəaliyyətin həyat keçirilməsinə dair lisenziyanı 2019-cu ildə almışdır. Belə olan halda, iddiaçı 2019-cu ilə qədər mədən vergisinin ödəyicisi olmamışdır. Bunun əksinə dair də cavabdeh tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Hazırda mübahisləndirilən bələdiyyə qərarına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin qərarda cavabdeh iddiaçıya hansı dövrün mədən vergisini hesabladığını, hansı qaydada, hansı əsaslarla hesabladığını əsaslandırmamışdır. Hazırda da cavabdeh bu barədə məhkəməyə hər hansı sübut təqdim edə bilmir. Cavabdehin nümayəndəsi iddiaçının mədən vergisi bəyannaməsi ilə bəyan etdikləri ilə razılaşmadıqlarını, iddiaçının bəyan etdiklərindən daha çox qum istehsal etdiyini, hasilatının çox olduğunu hesab etdiklərini qeyd edir. Halbuki işdən göründüyü kimi, iddiaçının müəyyən aylar üzrə ödəmiş olduğu mədən vergisinə dair tərtib edərək cavabdehə təqdim etdiyi mədən vergisi bəyannamələri cavabdehin nümayəndələri tərəfindən imzalanaraq və bələdiyyənin möhürü ilə təsdiq edilərək qəbul edilmiş, bununla bağlı iddiaçıya hər hansı etiraz bildirilməmişdir. Həmçinin cavabdehin nümayəndəsi qeyd edir ki, mübahisələndirilən bələdiyyə qərarındakı iddiaçının mədən vergisi borcunu cavabdehin nümayəndəsi iddiaçının istifadəsində olmuş ərazidəki qazıntı işlərinin enini, uzununu, dərinliyini təxmini hesablayaraq müəyyən etmişdir. Bu isə, sözügedən qərarın qanunvericiliyin tələblərinə müvafiq qaydada qəbul edilmədiyini bir daha təsdiq edir. İşə apellyasiya qaydasında baxılarkən cavabdeh vəsatət verərək cavabdehə dəymiş ziyanın dəqiq müəyyən edilməsi üçün Araz çayının sol tərəfindən İmişli rayon İmişli bələdiyyəsinə məxsus olan torpaq sahəsindən iddiaçı tərəfindən istehsal edilmiş qumçınqıl qarışığının həcminin və dəyərinin müəyyən edilməsinə dair iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Digər bir vəsatətlə cavabdeh Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin xx.xx.2023-cü il tarixli, 000113 nömrəli aktına əsasən Araz çayının sol tərəfindən İmişli rayon İmişli bələdiyyəsinə məxsus olan torpaq sahəsində iddiaçı tərəfindən hasilatın 670803 m3 təşkil etdiyi qeyd edilərək Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyindən həmin aktın tələb edilməsi xahiş edilmişdir. Cavabdehin vəsatətlərinə münasibətdə məhkəmə kollegiyası bir daha qeyd edir ki, məhkəmə hazırda cavabdeh tərəfindən iddiaçı barəsində ona ayrılmış torpaq sahəsindəki fəaliyyəti üzrə mədən vergisi borcuna dair qəbul edilmiş qərarın qanuniliyini yoxlayır. İddiaçının ona ayrılmış torpaq sahəsində və ya həmin torpaq sahəsindən kənarda olan fəaliyyəti nəticəsində bələdiyyəyə zərər dəyib-dəyməməsinin müəyyən edilməsi hazırkı mübahisənin predmeti deyildir. Həmçinin cavabdeh hazırda mübahisələndirilən qərarı qəbul edənədək inzibati araşdırma aparmalı, müvafiq mütəxəssis və ekspert cəlb edərək iddiaçının nümayəndəsinin də iştirakı ilə iddiaçının fəaliyyəti üzrə hasilatını müəyyən edib sübutlar əsasında qanunvericiliyin tələblərinə uyğun iddiaçı barəsində mədən vergisi borcuna dair qərar qəbul edilməsinə nail olmalı idi. Lakin göründüyü kimi, cavabdeh qanunvericiliyin tələblərinə uyğun olaraq bu istiqamətdə müvafiq tədbirlər görməmişdir. Belə olan halda da, məhkəmə kollegiyası hazırda zərurət olmadığından cavabdeh tərəfindən verilmiş vəsatətlərin təmin edilməməsini qərara almışdır. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh İmişli rayon İmişli bələdiyyəsinin apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2-1(120)-165/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar