Məhkəmə qərarları › İş №2-1(106)-34/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-34/2024

23.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-34/2024 23.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X14 Firdusi oğlunun sədrliyi ilə, Hakimlər Həsənov Müşfiq Kamil oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, iddiaçının hüquqi varisi X1, iddiaçının hüquqi varisinin vəkili Nümayəndə, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı «torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun istifadəsində olan vəziyyətə uyğun olaraq qeydiyyata alınması və mülkiyyət hüququna dair reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 2- 1(120)-405/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli imtinasının qanunsuz hesab edilməsi, Beyləqan rayonu Gödəklər Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 03 saylı qərarı ilə satılmış və Dövlət aktı qeydiyyat kitabında xx.xx.2006-cı il tarixdə 209 nömrə ilə qeydiyyata alınmış (JN-0209 seriyalı, kod ********) sahəsi 9,0 ha olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında onun mülkiyyətində olan 9,0 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun istifadəsində olan vəziyyətə uyğunolaraq qeydiyyata alınması və mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı iddia ərizəsini onunla əsaslandırmişdır ki, Beyləqan rayonu Gödəklər Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 03 saylı qərarı ilə ona Beyləqan rayonu Gödəklər Bələdiyyəsinin ehtiyat fondunun alqı-satqı predmeti olan əkinə yararsız torpaq sahəsinin satılması qərara alınmışdır. Bundan sonra Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsinin rəhbərliyi ilə razılaşdırılmaqla Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsinin mütəxəssisi tərəfindən Beyləqan rayonu Gödəklər Bələdiyyəsinin ərazisindən Bələdiyyənin ehtiyat fondunun əkinə yararsız torpaq sahəsindən alqı-satqı qaydasında onun mülkiyyətinə satılması nəzərdə rutulmuş 9,0 ha torpaq sahəsinin Yerquruluşu Planı tərtib edilmiş və Gödəklər Bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmişdir. Bundan sonra ona Beyləqan rayonu Gödəklər Bələdiyyəsinin ehtiyat fondunun alqı-satqı predmeti olan əkinə yararsız torpaq sahəsinin satılması barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsinin Rəyi verilmişdir. Bundan sonra Gödəklər Bələdiyyəsinin və onun iştirakı ilə onun mülkiyyətinə satılması nəzərdə rutulmuş 9,0 ha torpaq sahəsinin ərazisi naturada ölçülərək, qonşuları müəyyən edilərək, torpaq sahəsi ona təhvil verilmiş, bu barədə xx.xx.2006-cı il tarixli Akt tərtib və təsdiq edilmişdir. Eyni zamanda həmin mülkiyyətə verilmiş torpaq sahəsinin Planı (cizgisi) tərtib edilmişdir. Həmçinin Beyləqan rayonu Gödəklər Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 03 saylı qərarı ilə satılmış torpaq sahəsinin qaiməsi (sertifikatı) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən təsdiq edilmişdir. Nəhayət həmin sənədlər əsasında ona Dövlət aktı qeydiyyat kitabında xx.xx.2006-cı il tarixdə 209 nömrə ilə qeydiyyata alınmış (JN-0209 seriyalı, kod ********) sahəsi 9,0 ha olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilmişdir. X3 xx.xx.2006-cı il tarixli, 03 saylı qərarı ilə müəyyən edildiyi kimi, həmin vaxt həmin torpaq sahəsini heç kim normal qiymətə icarəyə götürmədiyindən gündən-günə şoranlaşmışdır. Həmin torpaq sahəsi tərəfindən alındıqdan sonra isə həmin sahəyə, banklardan kredit götürülərək külli miqdarda (yarım milyon manata yaxın) vəsait qoyulmuş, bununla da sahə əkinə yararlı vəziyyətə gətirilmiş, sahədə 12.500 (on iki min beş yüz) ədəd müxtəlif növ meyvə tingləri alınaraq əkilmiş, həmçinin 5.000 (beş min) ədəd nar kolu alınaraq əkilmiş, yəni meyvə bağları salınmış, həmin meyvə ağacları artıq bar verməyə başlamışdır (fotoşəkillər əlavə olunur). Azərbaycan Respublikası Prezidentinin 1997-cı il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş və 08 iyul 2014-cü ilədək qüvvədə olmuş “Torpaqların alqı-satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərim (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dairüç nüsxədən ibarət akt tərtib edilir. Akt müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. Bundan əlavə, işə əlavə edilmiş sənədlərdən görünür ki, sözügedən torpaq sahəsinə dair həmin sahənin koordinatlarını müəyyən edən yerləşmə sxemi mövcuddur. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsinin rəyi ilə həmin torpaq sahəsinin Gödəklər Bələdiyyəsinin hüdudları daxilində yerləşməsi və bələdiyyələrin ehtiyat fondunun alqı-satqı predmeti olması, satılmasının mövcud qanunvericiliyin tələblərinə uyğun olması müəyyən olunur, həmçinin tərəflər arasında olan alqı-satqı müqaviləsinə və Gödəklər Bələdiyyəsinin təqdim etdiyi xəritəyə əsasən həmin torpaq sahəsi Bələdiyyənin ehtiyat fondunun alqı-satqı predmeti olan əkinə yararsız torpaq sahəsinə aiddir. Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli 695-İQ saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində hüquqlarının yaranma əsasları: müvafiq icra hakimiyyəti orqanlarının vəya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir (maddə 139). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzıbati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 4 oktyabr 2016-cı il tarixli qərarında göstərtilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1cimaddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 - hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 - hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 - daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 - daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 - bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırıİmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 15.1-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. Bu Qanunun 19-cu maddəsinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb edilməsi qadağandır”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 19 noyabr 2021-ci il tarixli qərarında göstərtilmişdir ki, “Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona da cəlb etməyi vacib hesab edir ki, Şəhadətnaməyə əsasən torpaq sahəsi A.Mustafayevə 99 illik müddətə icarəyə verilmişdir Belə olan halda X.Mustafayeva iddia ilə məhkəməyə müraciət edərkən torpağa dair mülkiyyət hüququnun deyil, istifadə (icarə) hüququnun qeydə alınması barədə tələb irəli sürməli idi. İnzibatı Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayaniddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 54.1-ci maddəsinə görə, məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. Eyni müddəa Mülki Məcəllənin 139-1-ci maddəsində də nəzərdə tutulmuşdur. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun “Mülkiyyətin müdafiəsi” adlı 1-ci maddəsində deyilir: “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıda qeyd edilənlərdən görünür ki, hazırkı iş üzrə iddiaçıya satılan torpaq sahəsinin ayrılması qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilmişdir. Beləliklə, iddiaçı tərəfindən torpaq sahəsinin sənədlərinin əsli təqdim edilməklə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrıvə Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət edilərək, həmin torpaq sahəsinə dair qeydiyyata alınmış mülkiyyət hüququna dair çıxarışın verilməsi xahiş edilmiş, lakin 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə bundan imtina edilmişdir. Həmin imtina onunla əsaslandırılmışdır ki, aparılmış araşdırmalar zamanı Beyləqan rayonu Gödəklər kəndində aid islahatın kompleks yerquruluşu xəritəsində həmin torpaq sahəsinin yerləşdiyi ərazi Bələdiyyənin ehtiyat fondu torpaqları kimi, X4 Uşotu informasiya Sistemində isə Bələdiyyənin ehtiyat fondu torpaqları kateqoriyalı, urodiyası isə çoxillik əkmələr kimi göstərilmişdir Həmin imtinanı qanunsuz və əsassız hesab edir. Əvvəla ona görə ki, həmin imtinada hər iki halda həmin torpaq sahəsinin yerləşdiyi ərazinin Bələdiyyənin ehtiyatfondunun alqı-satqı predmeti olan əkinə yararsız torpaq sahəsi olduğu göstərilir. İkincisi, Torpaq Məcəlləsinin 56-ci maddəsinə (Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyəverilməsinin ümumi əsasları) əsasən: 1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. 2. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları—özəlləşdirilə bilər. 3. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün istifadəyə və icarəyə verilə bilər. Sözügedən torpaq sahəsinin torpaqayırma sənədlərindən də göründüyü kimi, həmin torpaq sahələri Bələdiyyənin ehtiyat fonduna aid olmaqla, alqı-satqı predmeti olan satılan zaman əkinə yararsız torpaq sahəsi, yəni kənd təsərrüfatına yararsız vəziyyətdə olmuşdur. Torpaq Məcəlləsinin 56-cı maddəsinin 2ci bəndinin mənasından göründüyü kimi,bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilərvə bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatına azyararlı və yararsız torpaqları- özəlləşdirilə bilər. Cavabdehin imtinasında istinad etdiyi norma isə TM-nin 56-cı maddəsinin 3-cü bəndinin dispozisiyasıdır və bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqlarına şamil olunur, yəni hazırkı mübahisəyə heç bir aidiyyəti yoxdur. Beləliklə, yuxarıda qeyd edilənlərdən göründüyü kimi, cavabdehin imtinası qanunsuzdur. Ona görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi iddiaya qarşı etirazını bildirmişdir. Cavabdeh etiraz ərizəsini onunla əsaslandırmışdır ki, ləğv edilmiş DT və XK-nin Beyləqan rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-0209 kod 60700001 “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün ayrılması göstərilşədə,dövlət aktının qaiməsi/sertifikatı hissəsində torpaq sahəsi sair sahələr kimi göstərilmişdir. Bundan başqa aparılmış araşdırmalar zamanı Beyləqan rayon Gödəklər kəndinə aid islahatın kompleks yerqurluşu xəritəsində həmin torpaq sahəsinin yerləşdiyi ərazi bələdiyyənin ehtiyat fondu torpaqları kimi “X5 Uçotu informasiya Sistemi”ndə isə bələdiyyənin ehtiyat fondu torpaqları kateqoriyalı, uqodiyası isə çoxillik əkmələr kimi göstərilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Belə ki, “Bələdiyyə torpaqlarının İdarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. Həmin Qanununun 6.9-cu maddəsinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərindəhüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılaraq hüquqların dövlət qeydiyyatı aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə və hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Odur ki, yuxarıda şərh olunanları, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 56-cı maddəsinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8, 9 və 15-ci maddələrinə əsasənİddiaçı 9,0 ha torpaq sahəsi üzərində hüquqlarınındövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 6 saylı Beyləqan Ərazi idarəsinin üzərində qoyulması barədə iddiasına etiraz edirlər və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Şirvan İnzibati Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 2-1(120)-405/2023 saylı qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şirvan İnzibati Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 2-1(120)-405/2023 saylı qərarına əsasən İddiaçı Beyləqan rayonu Gödəklər bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 03 saylı qərarı ilə satılmış və Dövlət aktı qeydiyyat kitabında xx.xx.2006-cı il tarixdə 209 nömrə ilə qeydiyyata alınmış (JN-0209 seriyalı, kod ********) sahəsi 9,0 ha olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında onun mülkiyyətində olan 9,0 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun istifadəsində olan vəziyyətə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulmuş və xx.xx.2023-cü il tarixdə həmin qərar 6 saylı Beyləqan Ərazi İdarəsinə daxil olmuşdur. İş araşdırılan zaman ləğv edilmiş DT və XK-nin Beyləqan rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-0209 kod 60700001 “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün ayrılması göstərilsədə, dövlət aktının qaiməsi/sertifikatı hissəsində torpaq sahəsi sair sahələr kimi göstərilmişdir. Aparılmış araşdırmalar zamanı Beyləqan rayon Gödəklər kəndinə aid islahatın kompleks yerqurluşu xəritəsində .həmin torpaq sahəsinin yerləşdiyi ərazi bələdiyyənin ehtiyat fondu torpaqları kimi “X5 X6 isə bələdiyyənin ehtiyat fondu torpaqları kateqoriyalı, uqodiyası isə çoxillik əkmələr kimi göstərilmişdir. Belə ki, məhkəmə qərar qəbul edərkən qanunvericiliyinə tələblərinə uyğun olaraq araşdırma aparmayaraq, mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarının müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarının isə bələdiyyələrin müəyyən etməsi, bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqlarının yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilməsini nəzərə almamışdır. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. Odur ki, məhkəmə qərar verən zaman qanunvericilin tələblərinə əməl edilmədiyindən, 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməməsinin 13 mart 2023-cü il tarixli 2-1(120)- 405/2023 saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirik. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)270/2023 saylı, 06 iyun 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı ölümü ilə əlaqədar X8 onun hüquqi varisi qismində tanınmaqla əvəz edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının hüquqi varisi X8 və onun vəkili Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdirlər. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin nümayəndəsi X10 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Həmçinin, iddiaçının hüquqi varisi tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək iddia tələbində dəyişiklik etdiyini, tələbində Beyləqan rayonu Gödəklər Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 03 saylı qərarı ilə satılmış və Dövlət aktı qeydiyyat kitabında xx.xx.2006-cı il tarixdə 209 nömrə ilə qeydiyyata alınmış (JN-0209 seriyalı, kod ********) sahəsi 9,0 ha olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında İddiaçı mülkiyyətində olan 9,0 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması və mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Yəni, hazırki iddia tələbindən “istifadəsində olan vəziyyətə uyğun olaraq” ifadəsini çıxardaraq yeni məzmunda tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinin dəyişdirilməsi barədə ərizənin icraata qəbul edilməsinə etiraz etmədi. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-ci il tarixli qərardadı ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Beləliklə məhkəmə kollegiyası qərar qəbul edərkən aşağıdakı faktiki hallara və sübutlara əsaslanmağı zəruri hesab edir. İş materiallarında olan Beyləqan rayon Gödəklər bələdiyyəsinin 23 mart 2006-cı il tarixli, 03 saylı iclas protokolundan çıxarışdan görünür ki, Beyləqan rayonu, Bünyadlı kənd sakini İddiaçı mülkiyyətinə Gödəklər bələdiyyəsinin 9 ha torpaq sahəsi satılması barədə 17 mart 2006-cı il tarixli ərizəsi nəzərə alınaraq İddiaçı mülkiyyətinə Gödəklər bələdiyyəsinin mülkiyyətində olan əkinə yararsız torpaqlardan 9 hektar torpaq sahəsi satılması qərara alınmışdır. (İİ cild, iş vərəqi 29) İş materiallarında olan Beyləqan rayon Gödəklər bələdiyyəsinin 09 aprel 2006-cı il tarixli, ayrıc aktından görünür ki, satılması nəzərdə tutulmuş torpaq sahəsinin ərazisi naturada bələdiyyənin və İddiaçı iştirakı ilə ölçülüb, ərazisi və qonşuluğu müəyyən edilmişdir. (İİ cild, iş vərəqi 44) İş materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsinin rəyindən görünür ki, Beyləqan rayon Bünyadlı kənd sakini İddiaçı Gödəklər bələdiyyəsinin ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına əkinə yararsız torpaq sahəsindən 9 ha torpaq sahəsinin satılmasını xahiş etmişdir. Satılması nəzərdə tutulan torpaq sahəsi 9 ha olmaqla Gödəklər bələdiyyəsinin mülkiyyətinə aiddir. Həmin torpaq sahəsinin bələdiyyənin alqı-satqı predmeti olduğu üçün satılması mövcud torpaq qanunvericiliyinə uyğundur. (İİ cild, iş vərəqi 32) İş materiallarında olan X12 Sektorunun (fondunun) rəhbəri və eksperti tərəfindən təsdiq edilmiş Beyləqan rayon Gödəklər bələdiyyəsinin 23 mart 2006-cı il tarixli, 03 saylı qərarı ilə İddiaçı alqı-satqı qaydasında satılacaq torpaq sahəsinin Qaiməsindən görünür ki, torpağın uqodiyası şərti yarasız, mexaniki tərkibi gilli, yuxa, orta şorlaşmış, şiddətli şarokətləşmiş bozçəmən kimi qeydlər aparılmışdır. (İİ cild, iş vərəqi 27) İş materiallarına əlavə olunmuş torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, Beyləqan rayonu Bünyadlı kənd sakini İddiaçı tərəfindən Gödəklər Bələdiyyəsinə 08 fevral 2006-cı il tarixdə torpaq sahəsi almaq barədə müraciət edilmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Gödəklər bələdiyyəsi ərazisində 9 ha torpaq sahəsinin satılması barədə 23 mart 2006-cı il tarixli, 03 nömrəli qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı tərəfindən Beylıqan rayon “Kapital Bankı”nın ********** saylı hesabına əvvəlcədən 1900,62 manat haqq ödənilmişdir (Qəbz № 02, tarix:xx.xx.2006-cı il). (İİ cild, iş vərəqi 31) İş materiallarında olan JN-0209, KOD 60700001 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, Beyləqan rayon Gödəklər bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 03 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə İddiaçı satılmış 9,00 hektar torpaq sahəsi üzərində onun mülkiyyət hüquqları Dövlət aktı qeydiyyat kitabında 28 aprel 2006-cı il tarixdə 209 nömrə ilə qeydiyyata alınmışdır. (İİ cild, iş vərəqi 24) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 10/8421 nömrəli ekspert rəyində aşağıdakılar bildirilmişdir: Qərardadın birinci sualı üzrə - JN-0209 saylı, kod 60700001 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İddiaçı mülkiyyətində olan 9.0 ha torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə - Mübahisəli torpaq sahəsinin koordinatları üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür. Qərardadın ücüncü sualı üzrə - Mübahisəli torpaq sahəsi ayrılan zamanı bələdiyyə mülkiyyətinə aid (şoran əkin) torpaq sahəsi olmaqla ehtiyat fondu torpaqlar kateqoriyasına aid olunmuşdur. Hazırda isə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə olunan torpaq sahəsidir. (İ cild, iş vərəqi 79) Tətbiq edilən hüquq: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və işin faktiki hallarını araşdırmaq, işdə olan sənədləri və sübutları tədqiq etmək və onları qiymətləndirmək məqsədilə aşağıda qeyd edilən hüquq normalarına istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 2.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 3.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 10.2-ci maddəsinə əsasən Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 5.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın:

3. Dövlət reyestrini tərtib edən və aparan dövlət orqanı "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərtib edilir və aparılır.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaq sahələrini bələdiyyələrin ehtiyat torpaq fondunda, habelə vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada satın alınması qaydasında əldə edirlər. 56-cı maddəsinin 2-ci bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. 86-cı maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları və torpaqla bağlı hüquqlar alqı-satqı obyekti ola bilər.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2 Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.

Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.

Maddə 68. Qanuni inzibati aktın ləğv olunması 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 4 oktyabr 2016-cı il tarixli Qərarı.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Mustafayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 19 noyabr 2021cı il tarixli Qərarı.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı «torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınması və mülkiyyət hüququna dair reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 2-1(120)-405/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli və iddia təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosesual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi üçün əsas olmuş səbəblər:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınması və mülkiyyət hüququna dair reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələbi baxımından mübahisə predmeti olan torpaq sahəsi iddiaçıya qanunla müəyyən edilmiş qaydada ayrıldığından və torpaq sahəsinə dair qərar hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edildiyindən iddiaçının həmin torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alınmalıdır. Belə olan halda cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir hüquqi əsası olmadığından təmin edilə bilməz. İlk öncə hazırki iddia tələbinə münasibətdə qeyd edilməlidir ki, hazıki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirlməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. Məhkəmə araşdırılması zamanı işdə olan sənədlərdən və tərəflərin verdiyi izahatlardan məlum olur ki, Beyləqan rayon Gödəklər Bələdiyyəsinin 23 mart 2006-cı il tarixli, 03 saylı qərarı ilə İddiaçı 9 ha torpaq sahəsi satılmış və həmin torpaq sahəsi ilə bağlı 11 aprel 2006-cı ildə torpaqların alqı-satqısına dair akt tərtib edilmişdir. Torpaqların alqı-satqısına dair aktdan və qəbzdən görünür ki, iddiaçı həmin torpaq sahəsinə görə bələdiyyənin büdcəsinə (hesabına) əvvəlcədən 1900,62 (min doqquz yüz manat, 62 qəpik) pul ödəmişdir. Həmçinin müəyyən edilmişdir ki, Beyləqan rayon Gödəklər Bələdiyyəsinin 23 mart 2006-cı il tarixli, 03 saylı qərarı ilə İddiaçı satılmış 9 ha torpaq sahəsi üzərində İddiaçı adına 28 aprel 2006-cı il tarixdə “Torpağın mülkiyyətə verilməsinə dair” 2006-cı il tarixli JN-0209 nömrəli (kod ********) şəhadətnamə tərtib edilmişdir. İddiaçı sözügedən Beyləqan rayon Gödəklər Bələdiyyəsinin 23 mart 2006-cı il tarixli, 03 saylı qərarını və “Torpağın mülkiyyətə verilməsinə dair” 2006-cı il tarixli JN-0209 nömrəli şəhadətnaməni rəhbər tutaraq həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı iddiaçının ilkin müraciətindən imtina etmişdir. Hazırda iddiaçı Beyləqan rayon Gödəklər Bələdiyyəsinin 23 mart 2006-cı il tarixli, 03 saylı qərarı ilə iddiaçıya satılmış və şəhadətnamə ilə onun mülkiyyətinə verilmiş 9 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə kollegiyası müəyyən etdiyi işin faktiki hallarını yuxarıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirərək belə qənaətə gəlir ki, cavabdeh orqan Beyləqan rayon Gödəklər Bələdiyyəsinin 23 mart 2006-cı il tarixli, 03 saylı qərarı və “Torpağın mülkiyyətə verilməsinə dair” 2006-cı il tarixli JN-0209 nömrəli şəhadətnamə ilə İddiaçı məxsus 9 ha torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından və reyestrdən çıxarışın verilməsindən imtina edərkən şərh olunan hüquq normalarının tələblərini pozmuş və iddiaçının hüquqlarına əsassız olaraq müdaxilə etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə hazırki mübahisə Mülki Məcəllənin 139-1 və həmin Qanunun 8, 10 və 12-ci maddələrinin tələblərinə uyğun həll edilməlidir. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.1-ci maddəsində göstərilmişdir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.1.1.5-ci maddəsində göstərilmişdir ki, 2006-cı il iyulun 6dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bu qayda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 8.0.5-ci maddəsində qeyd olunur ki, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Yuxarıda göstərilən Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil. İş materiallarından göründüyü kimi, iddiaçı Qafarov X2 rayon Gödəklər bələdiyyəsinin torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə (satılmasına) dair xx.xx.2006-cı il tarixli, 03 saylı qərarını (aktı) cavabdehə təqdim etmiş, sonuncu tərəfindən bu akt mübahisələndirilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçı tərəfindən cavabdehə təqdim edilən aktın “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit olunmuş qüvvədən düşmə halları da iş üzrə müəyyən edilməmişdir. Həmçinin qeyd olunan sənədlərin (Beyləqan rayonu Gödəklər Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 03 saylı qərarının) qeyri-dəqiqliyi, sənəddə nöqsan olması, onun saxtalığı və digər bu kimi halların mövcud olması cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Eyni zamanda Beyləqan rayonu Gödəklər Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 03 saylı qərarı əsasında iddiaçıya satılmış 9,00 hektar torpaq sahəsi ilə bağlı onun adına “Torpağın mülkiyyətə verilməsinə dair” 2006-cı il tarixli JN-0209 nömrəli (kod ********) şəhadətnamə tərtib edilmiş və onun mülkiyyət hüquqları Dövlət aktı qeydiyyat kitabında 28 aprel 2006-cı il tarixdə 209 nömrə ilə qeydiyyata alınmışdır. Hazırda iddiaçı sözügedən şəhadətnamə əsasında yeni nümunəli çıxarış almaq arzusundadır və yuxarıda qeyd edilən hüquq normalarına görə 2006-cı il iyulun 6-dək verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” (2006-cı il tarixli JN-0209 nömrəli, kod ********) torpaq sahəsi üzərində hüququn qeydə alınması üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası Mülki Məcəllənin 139-1.1.1-ci, 139.1.1.5-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1, 8.0.5-ci və 10.2.1-ci maddələrinə əsaslanaraq hesab edir ki, Beyləqan rayon Gödəklər bələdiyyəsinin torpaq sahəsinin ayrılması haqqında qanuni qüvvədə olan xx.xx.2006-cı il tarixli, 03 saylı qərarı və “Torpağın mülkiyyətə verilməsinə dair” 2006-cı il tarixli, JN-0209 nömrəli (kod ********) şəhadətnamə həmin torpaq sahəsi üzərində İddiaçı hüquqlarının dövlət qeydiyyatının aparılması üçün əsasdır. Məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas müəyyən edilmədi. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinası əsassızdır. İş üzrə cavabdehin iddiaçıya ünvanladığı məktubunda imtinanın səbəbi kimi, apellyasiya şikayətində isə şikayətin dəlili kimi ləğv edilmiş DT və XK-nin Beyləqan rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-0209, KOD 60700001 “Torpağa mülkiyyət hüququna” dair dövlət aktında torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün ayrılması göstərilsə də, dövlət aktının qaiməsi/sertifikatı hissəsində torpaq sahəsi sair sahələr kimi göstərilmiş, bundan əlavə Beyləqan rayonu, Gödəklər kəndində islahatın kompleks yerquruluşu xəritəsində həmin torpaq sahəsinin yerləşdiyi ərazi bələdiyyənin ehtiyat fondu torpaqları kimi, Torpaqların Kadastr X6 isə bələdiyyənin ehtiyat fondu torpaqları kateqoriyalı, uqodiyası isə çoxillik əkmələr kimi göstərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlillərinə hüquqi qiymət verilməsi üçün iş üzrə müəyyən etdiyi işin faktiki hallarını qeyd etməyi və həmin faktiki hallara tətbiq edilməli olan hüquq normalarına nəzər yetirməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaq sahələrini bələdiyyələrin ehtiyat torpaq fondunda, habelə vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada satın alınması qaydasında əldə edirlər. Həmin Qanunun 56-cı maddəsinin 2-ci bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Həmin Qanunun 86-cı maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları və torpaqla bağlı hüquqlar alqı-satqı obyekti ola bilər. İş materiallarında olan Beyləqan rayon Gödəklər Bələdiyyəsinin 23 mart 2006-cı il tarixli, 03 saylı iclas protokolunun çıxarışından, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsinin rəyindən və X12 Sektorunun (fondunun) rəhbəri və eksperti tərəfindən təsdiq edilmiş torpaq sahəsinin Qaiməsindən görünür ki, İddiaçı Gödəklər bələdiyyəsinin ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına əkinə yararsız torpaq sahəsindən 9 ha torpaq sahəsi satılması qərara alınmış, torpağın uqodiyası şərti yarasız, mexaniki tərkibi gilli, yuxa, orta şorlaşmış, şiddətli şarokətləşmiş bozçəmən kimi qeydlər aparılmışdır. Həmçinin iş materiallarında olan mütəxəssis və ekspert rəyindən görünür ki, iddiaçının mülkiyyət hüquqlarını qeydiyyata almaq istədiyi JN-0209 saylı, kod 60700001 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İddiaçı mülkiyyətində olan 9.0 ha torpaq sahəsi ayrılan zaman bələdiyyə mülkiyyətinə aid (şoran əkin) torpaq sahəsi olmaqla ehtiyat fondu torpaqlarkateqoriyasına aid olunduğu müəyyən edilmişdir. Göründüyü kimi sözügedən torpaq sahəsi Gödəklər bələdiyyəsinin mülkiyyətinə aid olmaqla kənd təsərrüfatı təyinatlı yararsız torpaq sahəsi olmuşdur. İddiaçı həmin sənədlər əsasında ona satılmış sözügedən kənd təsərrüfatı təyinatlı yararsız torpaq sahəsi üzərində öz adına mülkiyyət hüquqlarına dair çıxarış almaq arzusundadır və yuxarıda qeyd edilən hüquq normalarına görə kənd təsərrüfatı təyinatlı yararsız torpaq sahəsi bələdiyyənin özəlləşdirilə bilən torpaqlarına aid olmaqla alqı-satqının obyekti ola bilər. Bundan başqa, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 15.1-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. Bu Qanunun 19-cu maddəsinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb edilməsi qadağandır. Lakin, inzibati orqan qanunun bu tələblərinə əməl etməmişdir. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin əsaslandırması düzgün, gəldiyi nəticə işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğundur. Cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlil mülahizə xarakteri daşıyır, iş materialı və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. İşə apellyasiya qaydasında baxılan zaman iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək iddia tələbində dəyişiklik etdiyini, tələbində Beyləqan rayonu Gödəklər Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 03 saylı qərarı ilə satılmış və Dövlət aktı qeydiyyat kitabında xx.xx.2006-cı il tarixdə 209 nömrə ilə qeydiyyata alınmış (JN-0209 seriyalı, kod ********) sahəsi 9,0 ha olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında İddiaçı mülkiyyətində olan 9,0 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınması və mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Yəni, əvvəlki iddia tələbindən “istifadəsində olan vəziyyətə uyğun olaraq” ifadəsini çıxardaraq yeni məzmunda tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, yeni (dəqiqləşdirilmiş) iddia tələbi qanuna və iddiaçının hüquqi marağına uyğun olduğundan, o cümlədən birinci və apellyasiya məhkəməsi tərəfindən məhz hazırki yeni tələb üzrə inzibati məhkəmə araşdırması aparıldığından həmin tələb üzrə qərar qəbul edilməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, bu məzmunda tələbin təmin olunması gələcəkdə qərarın icrasında yarana biləcək anlaşılmazlığın və çətinliklərin baş verməsinin qarşısını alacaqdır. Odur ki, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia tələbində haqlı, iddiaçının ikin müraciətindən imtina edilməsi ilə bağlı cavabdehin hərəkətləri isə qanunsuz olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

Nəticəvi hissə:

Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli və iddia tələbi təmin edilməli, Beyləqan rayonu Gödəklər Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 03 saylı qərarı ilə satılmış və Dövlət aktı qeydiyyat kitabında xx.xx.2006-cı il tarixdə 209 nömrə ilə qeydiyyata alınmış JN-0209 seriyalı, kod 60700001 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında İddiaçı mülkiyyətində olan 9,0 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 2-1(120)-405/2023 saylı qərarı dəyişdirilsin. İddia təmin edilsin. Beyləqan rayonu Gödəklər Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 03 saylı qərarı ilə satılmış və Dövlət aktı qeydiyyat kitabında xx.xx.2006-cı il tarixdə 209 nömrə ilə qeydiyyata alınmış JN-0209 seriyalı, kod 60700001 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında İddiaçı mülkiyyətində olan 9,0 ha torpaq sahəsi üzərində onun (İddiaçı) mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar