Məhkəmə qərarları › İş №2-1(106)-34/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-34/2025

02.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-34/2025 02.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X6 Firdusi oğlunun sədrliyi, Hüseynov Fikrət Cilingir oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət məhkəmə tərkibində, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabedin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2-1(120)-391/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ölkənin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək qəlpə yaralanmasından sonra başın sol ənsə qabarı proyeksiyasında, sağ budun aşağı 1/3 hissəsinin ön səthində, döş qəfəsinin sol ön səthində sağ ayaq pəncəsinin İİ barmağının dırnaq falanqası üzərində çapıq toxumaları zədəsi almışdır. Amma Ekspert Komissiyasının qanunsuz və əsassız rəyində bildirilir ki, iddiaçı guya sol baş nahiyəsindən bıçaq yarası almışdır. İddiaçı bununla bağlı bildirmişdir ki, onda ümumiyyətlə bıçaq zədəsi yoxdur və döyüşlər vaxtı da bıçaqdan heç bir xəsarət almamışdır. Bunun nəticəsi olaraq da iddiaçıya ümumi xəstəliklə bağlı əlillik təyin edilmişdir. İddiaçı hesab edir ki, onun hüquqları kobud formada pozulmuşdur. O, döyüşlərdə qəlpə yarası almış və bu xəsarət də onda ömrünün axırına kimi davam edəcəkdir. Eyni diaqnoz və eyni əsasla ona ümumi əlillik təyin edilmişdir. Özlərindən əlavə bıçaq xəsarəti də əlavə etmişdirlər. İddiaçı qeyd edir ki, “... bıçaq xəsarəti olmaya-olmaya necə yazıla bilər ki, guya bıçaq xəsarəti alınmışdır?” Hərbi həkim komissiyasının müvafiq rəyində də açıq aydın göstərilmişdir ki, iddiaçıda hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Amma iddiaçıya məlum olmayan hansısa səbəblərdən cavabdeh bunu nəzərə almaq istəməmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Füzuli Rayon Mərkəzi Xəstəxanası üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Cavabdeh və üçüncü şəxs tərəfindən iddiaya qarşı etiraz (yazılı münasibət) təqdim edilməmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-391/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya təyin edilmiş əlilliyin səbəb əlaqəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik kimi qeyd edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya xx.xx.2021-ci il tarixdə ikinci dərəcəli əlillik təyin edilərkən, əlilliyin səbəbi kimi ümumi xəstəlik yazılması düzgün olmamışdır. xx.xx.2016-cı il tarixdə ikinci dərəcəli əlillik təyin edilməsinə əsas olan xəstəliyin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar qazanılması işdə olan sübutlarla tam təsdiq olunur. Məhkəmə xüsusilə vurğulayır ki, cavabdeh tərəf əlilliyin təyin edilməsinə əsas olan xəstəliyin hərbi xidmət dövründə qazanılmamasını təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətinin əsas dəlili iddiaçıya qoyulmuş diaqnozun hərbi xidmətlə səbəb əlaqəsinin təsdiqlənməməsi ilə bağlıdır. Məhkəmə tərkibi cavabdehin bu dəlilini əsassız hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdəki məlumatlardan müəyyən olunur ki, iddiaçıya ilkin əlilliyin təyini və təkrar əlillik üçün müayinə zamanı qoyulan diaqnozlar eyni olmuşdur. Başqa sözlə, cavabdeh eyni diaqnoz (qəlpə yaralanmasından sonrakı çapıq toxumalar) əsasında iddiaçıya 2016-cı il tarixdə 5 il müddətinə ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin etsə də, həmin diaqnoz əsasında 2021-ci il tarixdə ümumi səbəbdən əlillik təyin etmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Belə olan halda, 2016-cı ildə qoyulan diaqnoz əsasında əlillik təyinindən sonra təkrar müayinə zamanı diaqnozda müəyyən edilən xəstəliklərin davam etməsi halında iddiaçının cavabdehin inzibati praktikasına, yəni onun davranışına etimad hüququ və bununla bağlı onun inzibati orqandan qanuni gözləntisi yaranmışdır. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə” Təlimata görə hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir, əlillik səbəbləri müəyyən edilərkən xəstəlik haqqında şəhadətnamə, ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı əsas götürülür. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir. Göründüyü kimi, Müdafiə Nazirliyi Mərkəzi Hərbi-Həkim Komissiyasının xx.xx.2016cı il tarixli, 133 nömrəli qərarına əsasən iddiaçının diaqnozu “Qəlpə yaralanmalarından sonra başın sol ənsə qabarı proyeksiyasında, sağ budun aşağı 1/3-nin ön səthində döş qəfəsinin sol ön səthində sağ ayaq pəncəsinin İİ barmağının dırnaq falanqası üzərində çapıq toxumalar: “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(106)-219/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)- 391/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində icraat: Kassasiya şikayətinin dəlilləri: Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyəti Bakı 21 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 2712003AADTS nömrəli göndərişi əsasında qiymətləndirilmiş, həmin göndərişdə də əks olunan son diaqnozda əlilliyin səbəb əlaqəsi kimi ümumi xəstəlik qeyd olunmuşdur. Dövlət səhiyyə müəssisəsinin göndərişində göstərilən diaqnoz iddiaçıya ümumi əsaslarla əlillik təyin edilməsinə əsas verdiyi üçün cavabdeh tərəfindən hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Həmçinin əlilliyin müəyyən edilməsi cavabdehin diskresion səlahiyyətidir. Məhkəmə faktiki olaraq səlahiyyətli dövlət orqanı olan cavabdehin əvəzinə hər hansı hüquqi və tibbi əsaslandırma olmadan iddiaçının əlilliyinin səbəbini dəyişdirmişdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi və gəldiyi nəticə: Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Cavabdeh bəyan edir ki, iddiaçının əlillik vəziyyəti Bakı 21 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 2712003AADTS nömrəli göndərişi əsasında qiymətləndirilmiş, həmin göndərişdə də əks olunan son diaqnozda əlilliyin səbəb əlaqəsi kimi ümumi xəstəlik qeyd olunmuşdur. Dövlət səhiyyə müəssisəsinin göndərişində göstərilən diaqnoz iddiaçıya ümumi əsaslarla əlillik təyin edilməsinə əsas verdiyi üçün cavabdeh tərəfindən hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 2.1-ci bəndinin tələbindən göründüyü kimi, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. İddiaçıya ümumi xəstəlik səbəbilə əlillik təyin edilməsinə əsas verən diaqnozun göstərildiyi və cavabdehin də istinad etdiyi Bakı 21 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 2712003AADTS nömrəli göndərişi iddia ərizəsinə, habelə sonradan iş materiallarına əlavə edilməmişdir, həmin göndərişin məhkəmə icraatında bilavasitə tədqiq olunduğuna və göndərişdə əks olunanlara hüquqi qiymət verildiyinə dair məlumat işdə yoxdur. Bu səbəbdən cavabdehin qiymətləndirməsinin və bununla bağlı dəlillərinin müqayisəli şəkildə yoxlanılması və onlara hüquqi qiymət verilməsi mümkün deyil. xx.xx.2021-ci il tarixli, 2712003AADTS nömrəli göndərişin məhkəmə icraatında bilavasitə tədqiqi həm də ona görə zəruridir ki, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(106)-219/2023 №-li sorğularına cavab olaraq cavabdehin və Bakı Baş Səhiyyə Mərkəzi “21 nömrəli Birləşmiş Şəhər Xəstəxanası”nın cavab məktublarında “göndəriş”dəki diaqnozların məzmunu, həmçinin göndərişin tarixi fərqli göstərilib (Xəstəxananın məktubunda “göndəriş”in xx.xx.2021-ci il tarixdə verildiyi qeyd olunub). Bundan başqa, cavabdehin məktubunda “göndəriş”də “sol baş nahiyəsinin bıçaq yarası...”, Xəstəxananın məktubunda isə “iti cisimdən istifadə etməklə qəsd etmə” yazıldığı qeyd olunub. İddiaçı isə ərizəsində təsdiq edir ki, onda heç vaxt bıçaq xəsarəti olmamışdır. Göründüyü kimi, iddiaçının tibbi-sosial müayinəsinin əsası kimi çıxış edən “göndəriş”in dəqiq məzmunu mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edir. Bu zaman, həm də nəzərə alınmalıdır ki, iddiaçının hazırkı məzmunda tələbi o halda təmin oluna bilər ki, onun əlilliyi hərbi-həkim komissiyasının qərarı ilə müəyyən edilmiş xəsarətlərin törətdiyi, yəni həmin xəsarətlərlə bilavasitə əlaqəli olan (onlardan törəyən) xəstəliklərdən yaranmış olsun. Başqa sözlə, iddiaçıya aid “Əlillik haqqında arayışda” (iş v.3) qeyd olunan və cavabdehin istinad etdiyi “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.9-cu yarımbəndində təsbit olunmuş “qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35-G37.8, G45-G46.8, G95-G95.9)” yanakı deyil, hərbi-həkim komissiyasının qərarı ilə səbəb əlaqəsi müəyyən edilmiş xəsarətlərlə bilavasitə əlaqəli olan (onlardan törəyən) xəstəliklər olmalıdır. Buna görə də, apellyasiya instansiyası məhkəməsi təqdim olunmuş sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmalı, iddia tələbi üzrə gəldiyi nəticəni təsdiq edən sübutlara əsaslanmalı idi. Hazırkı işdə bu, baş vermədiyindən, apellyasiya instansiyası məhkəməsinin qənaəti əsaslı hesab oluna bilməz. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi tələbinə dair hissədə təmin oluna bilməz. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(106)-219/2023 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikayətində qeyd olunur ki, iddiaçının əlillik vəziyyətinə Bakı 21 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2016-cı il tarixli 2712003AABHS saylı göndərişi əsasında baxılmış və “Səbəbi : Azərbaycan Respubikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1 : XX sinif -Xəstələnmənin və ölümün xarici səbəbləri = Y35-Y36-Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar = Y36 - Hərbi əməliyyatlar = Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Qəlpə yaralanmasından sonra başın sol ənsə qabarı proyeksiyasında, sağ budun aşağı 1/3 hissəsinin ön səthində, döş qəfəsinin sol ön səthində, sağ ayaq pəncəsinin dırnaq falanqası üzərində çapıq toxumalar qeyd olunur; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə imtina verilmişdir. Bakı 21 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2016-cı il tarixli 2712003AABJM saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respubikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1 : XX sinif -Xəstələnmənin və ölümün xarici səbəbləri = Y35 - Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar = Y36 - Hərbi əməliyyatlar =Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Qəlpə yaralanmasından sonra başın sol ənsə qabarı proyeksiyasında, sağ budun aşağı 1/3 hissəsinin ön səthində, döş qəfəsinin sol ön səthində, sağ ayaq pəncəsinin İİ barmağının dırnaq falanqası üzərində çapıq toxumalar müşahidə olunur; Toksiki ensefalopatiya. Prostravmatik ensefalopatiya davamlı qalıq əlamətləri; Meyar: 2.2 İkinci dərəcə əlillik = 2.2.8 etiologiyasından asılı olmayaraq aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9, G80-G80.9)” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 21 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli 2712003AADTS saylı göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X1 : XX sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri = Y35 - Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar = Y36 - Hərbi əməliyyatlar = Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Qəlpə yaralanmasından sonra başın sol ənsə qabarı proyeksiyasında, sağ budun aşağı 1/3 hissəsinin ön səthində, döş qəfəsinin sol ön səthində, sağ ayaq pəncəsinin İİ barmağının dırnaq falanqası üzərində çapıq toxumalar müşahidə olunur; Sol baş nahiyəsinin bıçaq yarası (boyuna xəsarət). Hipertoniya xəstəliyi İİİ mərhələ, Üzvi mənşəli şəxsiyyət pozğunluğu; Meyar: 2.2 İkinci dərəcə əlillik = 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərə çarpan veg..” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. İPM-in 12-ci madddəsinə əsasən: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X7 tərəfindən məhkəmə-tibbi ekspertizası keşirilməsini təklif etməli olduğu halda təklif etməmiş və orqanın diskresion səlahiyyətlərini mənimsəmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasının 1.4-cü bəndinə əsasən göndərişin forması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5ci bəndinə əsasən göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və yastasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarıınn bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit, fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 2.1-ci bəndinə əsasən göndəriş verilməsi üçün şəxs ( onun qanuni nümayəndəsi) və ya müalicə həkimi komissiyaya müraciət edir. 2.2-ci bəndinə əsasən komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2 ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3-cü bəndinə əsasən Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.8-ci bəndinə əsasən bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında“ Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.4-cü bəndinə əsasən Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik Altsistemi vasitəsilə aparılır. 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş Hərbi-həkim Komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə Əlilliyin qiymətləndirilməsi qaydası və təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik-xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünəxidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. 4.1-ci bəndinə əsasən birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyənedilir. 4.2-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. 4.3-cü bəndinə əsasən əlillik dərəcəsindən asılı olmayaraq Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddət göstərilmədən təyin edilir. Göstərilən maddi hüquq normalarının tələbləri baxımından Şirvan İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. İddiaçının əlilliyin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prossessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Şirvan İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386- cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. İPM-in 81.1-ci maddəsinə əsasən, inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərar və qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları tərəfindən baxılır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəm qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Bütün bu şərh edilənləri nəzərə alaraq, Şirvan İnzibati Məhkəməsinin 2- 1(106)-391/2023 saylı 07 fevral 2023-cü il tarixli qərarı ləğv edilərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(106)-677/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. İddiaçı tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək iddia tələbində dəyişiklik etdiyini bildirir, tələbinə "ümumi xəstəliklə əlaqədar əlilliyin təyin olunması ilə bağlı cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli qərarının “səbəb” hissəsində dəyişdirilməsi, həmin hissədə əlilliyin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik kimi qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması barədə qərar qəbul edilməsini xahiş edir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi qaydası” Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Bənd 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 19-1 nömrəli qərar ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat” 2.2. " Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik" səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.2.1. Silahlı Qüvvələrdə, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) həqiqi hərbi xidmətdən (hərbi toplanışdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu: 2.2.1.1. yaralanmanı, travmanı, kontuziyanı (bundan sonra- xəsarət) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; 2.2.1.2. xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələrin icrası zamanı, yaxud sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; 2.2.1.3. xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; 2.2.1.4. xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi, yaxud xarici dövlətlərdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən, yaxud sülhməramlı qüvvələrin tərkibində olduğu dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; 2.2.1.5. xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən dövlətə xəyanət etməmişsə) almışsa. “İnzibati icraat haqqında” Qanun: Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Belə ki, iddiaçının birinci instansiya məhkəməsində işə baxılan zaman tələbi təyin edilmiş əlilliyin səbəb əlaqəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik kimi qeyd edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya xx.xx.2021-ci il tarixdə ikinci dərəcəli əlillik təyin edilərkən, əlilliyin səbəbi kimi ümumi xəstəlik yazılması düzgün olmamışdır. xx.xx.2016-cı il tarixdə ikinci dərəcəli əlillik təyin edilməsinə əsas olan xəstəliyin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar qazanılması işdə olan sübutlarla tam təsdiq olunur. Məhkəmə xüsusilə vurğulayır ki, cavabdeh tərəf əlilliyin təyin edilməsinə əsas olan xəstəliyin hərbi xidmət dövründə qazanılmamasını təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Həmin şikayət üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 2-1(106)- 219/2023 nömrəli qərar ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-391/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətinin əsas dəlili iddiaçıya qoyulmuş diaqnozun hərbi xidmətlə səbəb əlaqəsinin təsdiqlənməməsi ilə bağlıdır. Məhkəmə tərkibi cavabdehin bu dəlilini əsassız hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdəki məlumatlardan müəyyən olunur ki, iddiaçıya ilkin əlilliyin təyini və təkrar əlillik üçün müayinə zamanı qoyulan diaqnozlar eyni olmuşdur. Başqa sözlə, cavabdeh eyni diaqnoz (qəlpə yaralanmasından sonrakı çapıq toxumalar) əsasında iddiaçıya 2016-cı il tarixdə 5 il müddətinə ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin etsə də, həmin diaqnoz əsasında 2021-ci il tarixdə ümumi səbəbdən əlillik təyin etmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Belə olan halda, 2016-cı ildə qoyulan diaqnoz əsasında əlillik təyinindən sonra təkrar müayinə zamanı diaqnozda müəyyən edilən xəstəliklərin davam etməsi halında iddiaçının cavabdehin inzibati praktikasına, yəni onun davranışına etimad hüququ və bununla bağlı onun inzibati orqandan qanuni gözləntisi yaranmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyəti Bakı 21 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 2712003AADTS nömrəli göndərişi əsasında qiymətləndirilmiş, həmin göndərişdə də əks olunan son diaqnozda əlilliyin səbəb əlaqəsi kimi ümumi xəstəlik qeyd olunmuşdur. Dövlət səhiyyə müəssisəsinin göndərişində göstərilən diaqnoz iddiaçıya ümumi əsaslarla əlillik təyin edilməsinə əsas verdiyi üçün cavabdeh tərəfindən hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Həmçinin əlilliyin müəyyən edilməsi cavabdehin diskresion səlahiyyətidir. Məhkəmə faktiki olaraq səlahiyyətli dövlət orqanı olan cavabdehin əvəzinə hər hansı hüquqi və tibbi əsaslandırma olmadan iddiaçının əlilliyinin səbəbini dəyişdirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2023-cü il tarixli, 2-1(102)-2709/2023 saylı qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərarını ləğv edərək işə təkrar baxılması üçün həmin məhkəməyə göndərmişdir. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşmayaraq qərarında qeyd etmişdir ki, iddiaçıya ümumi xəstəlik səbəbilə əlillik təyin edilməsinə əsas verən diaqnozun göstərildiyi və cavabdehin də istinad etdiyi Bakı 21 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 2712003AADTS nömrəli göndərişi iddia ərizəsinə, habelə sonradan iş materiallarına əlavə edilməmişdir, həmin göndərişin məhkəmə icraatında bilavasitə tədqiq olunduğuna və göndərişdə əks olunanlara hüquqi qiymət verildiyinə dair məlumat işdə yoxdur. Bu səbəbdən cavabdehin qiymətləndirməsinin və bununla bağlı dəlillərinin müqayisəli şəkildə yoxlanılması və onlara hüquqi qiymət verilməsi mümkün deyil. xx.xx.2021-ci il tarixli, 2712003AADTS nömrəli göndərişin məhkəmə icraatında bilavasitə tədqiqi həm də ona görə zəruridir ki, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(106)-219/2023 №-li sorğularına cavab olaraq cavabdehin və Bakı Baş Səhiyyə Mərkəzi “21 nömrəli Birləşmiş Şəhər Xəstəxanası”nın cavab məktublarında “göndəriş”dəki diaqnozların məzmunu, həmçinin göndərişin tarixi fərqli göstərilib (Xəstəxananın məktubunda “göndəriş”in xx.xx.2021-ci il tarixdə verildiyi qeyd olunub). Bundan başqa, cavabdehin məktubunda “göndəriş”də “sol baş nahiyəsinin bıçaq yarası...”, Xəstəxananın məktubunda isə “iti cisimdən istifadə etməklə qəsd etmə” yazıldığı qeyd olunub. İddiaçı isə ərizəsində təsdiq edir ki, onda heç vaxt bıçaq xəsarəti olmamışdır. Göründüyü kimi, iddiaçının tibbi-sosial müayinəsinin əsası kimi çıxış edən “göndəriş”in dəqiq məzmunu mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edir. Bu zaman, həm də nəzərə alınmalıdır ki, iddiaçının hazırkı məzmunda tələbi o halda təmin oluna bilər ki, onun əlilliyi hərbi-həkim komissiyasının qərarı ilə müəyyən edilmiş xəsarətlərin törətdiyi, yəni həmin xəsarətlərlə bilavasitə əlaqəli olan (onlardan törəyən) xəstəliklərdən yaranmış olsun. Başqa sözlə, iddiaçıya aid “Əlillik haqqında arayışda” (iş v.3) qeyd olunan və cavabdehin istinad etdiyi “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.9-cu yarımbəndində təsbit olunmuş “qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35-G37.8, G45-G46.8, G95-G95.9)” yanakı deyil, hərbi-həkim komissiyasının qərarı ilə səbəb əlaqəsi müəyyən edilmiş xəsarətlərlə bilavasitə əlaqəli olan (onlardan törəyən) xəstəliklər olmalıdır. Buna görə də, apellyasiya instansiyası məhkəməsi təqdim olunmuş sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmalı, iddia tələbi üzrə gəldiyi nəticəni təsdiq edən sübutlara əsaslanmalı idi. Həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən, o cümlədən səbəb əlaqəsinin dəyişdirilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-2709/2023 saylı qərarında əks olunmuş yuxarıda qeyd edilən göstərişləri əsasında Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 12-ci maddəsini rəhbər tutaraq, zəruri araşdırma aparmış və həmin göstərişlər üzrə bütün faktiki haları müəyyən etmişdir. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi ilk öncə Ali Məhkəmənin qərarında əks olunan göstərişlərindən biri olan “əlilliyin təyin edilməsinə əsas olan Bakı 21 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 2712003AADTS nömrəli göndərişini” sorğu verərək iş materiallarına əlavə etmiş və onun məzmununu tam şəkildə tətqiq etmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, əlilliyin müəyyən edilməsindən ötrü Bakı 21 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən TSEK-ə təqdim edilmiş 2712003AADTS nömrəli göndərişin tarixi xx.xx.2021-ci il tarixli deyil, xx.xx.2021-ci il tarixlidir. Yəni, göndərişin tarixi Bakı 21 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən düzgün qeyd edilməsinə baxmayaraq cavabdehin qərarında və məktublarında səhv yazılmışdır. Eyni zamanda həmin göndərişin məzmunundan açıq-aydın göünür ki, iddiaçıda olan xəstəliklər və təyin edilmiş diaqnoz ümumi xəstəlik səbəbindən deyil, hərbi-həkim komissiyasının qərarı ilə müəyyən edilmiş xəsarətlərin törətdiyi, yəni həmin xəsarətlərlə bilavasitə əlaqəli olan (onlardan törəyən) xəstəliklərdən yaranmışdır. Daha sonra işə təkrar baxan apellyasiya instansiya məhkəməsi tərəfindən Ali məhkəmənin digər göstərişlərindən biri olan “əlilliyi hərbi-həkim komissiyasının qərarı ilə müəyyən edilmiş xəsarətlərin törətdiyi, yəni həmin xəsarətlərlə bilavasitə əlaqəli olan (onlardan törəyən) xəstəliklərdən yaranmış olması” ilə bağlı faktların müəyyən ediməsindən ötrü iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1.xx.xx.1974-cü il tarixdə Füzuli rayonu, Arış kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı (AZE ********) müvafiq XBT-10 kodu göstərilməklə xəstəliyinin adı, əsas diaqnozu, ağırlaşmaları, yanaşı xəstəlikləri, xəstəliklərinin yaranma əsasları müəyyən edilsin. 2.İddiaçının xəstəliklərinin yaranma əsasları aydınlaşdırılarkən qəlpə yaralanmasından sonra başın sol ənsə qabarı proyeksiyasında, sağ budun aşağı 1/3 hissəsinin ön səthində, döş qəfəsinin sol ön səthində, sağ ayağ pəncəsinin İİ barmağının dırnaq falanqası üzərində çapıq toxumalar və onun nəticələri ilə səbəbli əlaqəsi müəyyən edilsin. 3.İddiaçı üzərində aparılmış əyani müayinələrin nəticələri əsasında təyin olunmuş diaqnoz ilə əlilliyin təyin edilməsinə əsas olmuş Bakı 21 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 2712003AADTS nömrəli xx.xx.2021-ci il tarixli göndərişində əks olunan diaqnozun eynilik təşkil edib-etmədiyi və göndərişdə əks olunan həmin xəstəliklərin Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli 133 nömrəli qərarı ilə müəyyən edilmiş xəsarətlərin törətdiyi, yəni həmin xəsarətlərlə bilavasitə əlaqəli olan (onlardan törəyən) xəstəliklərdən yaranmış olub-olmadığı müəyyən edilsin. Məhkəmənin qərardadı əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X7 tərəfindən təqdim edilmiş T622/2025 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adma Bakı 21 nömrəli Birləşmiş Şəhər xəstəxanası tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 2712003AADTS nömrəli göndərişdə XBT10 kodu ilə qeyd edilmiş “Əsas diaqnoz: Y36.2- Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Qəlpə yaralanmasından sonra başın sol ənsə qabarı proyeksiyasında, sağ budun aşağı lA hissəsinin ön səthində, döş qəfəsinin sol ön səthində, sağ ayaq pəncəsinin İİ barmağının dırnaq falanqası üzərində çapıq toxumalar; Ağırlaşmalar: T90-Başın travmalarının nəticələri; Yanaşı xəstəliklər: İlO-Essensial (birincili) hipertenziya, Hipertoniya xəstəliyi İİİ mərhələ. F07.0-Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Üzvi mənşəli şəxsiyyat pozğunluğu. G92-Toksiki ensefalopatiya, Toksiki-travmatik ensefalopatiyası” diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuşdur. İddiaçı istər xx.xx.2016-cı il tarixdə MN “MTE və PA” Mərkəzində, istərsə də xx.xx.2025-ci il tarixdə SN “MTE və PA” Birliyi phş-də məhkəmə-tibbi müayinələri zamanı başın sol ənsə qabarı proyeksiyasında, sağ budun aşağı l/3-nin ön səthində, döş qəfəsinin sol ön səthində, sağ ayaq pəncəsinin 2-ci barmağının dırnaq falanqası üzərində köhnə çapıq toxumalar aşkar edilir. İddiaçı döş qəfəsinin sol ön səthində olan çapıq deşici-kəsici xarakterə malik əşya ilə yetirilmiş yaranın sağalmış izi olub, özünün əliçatan nahiyədə yerləşir. Ekspert rəyi ilə həmçinin müəyyən olunmuşdur ki, İddiaçı 28.07-xx.xx.2025-ci il tarixlərdə Bakı “Respublika Psixiatriya Xəstəxanası” phş-də, xx.xx.2025-ci il tarixində Həkim Məsləhət Komissiyası tərəfindən “F07.0 Üzvi (1-ci Qarabağ müharibəsi zamanı keçirilmiş travma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv əlamətlər, intihar cəhdi, özünə xəsarət yetirmələr, koqnitiv funksiyaların enməsi, dekompensasiya dövrü” diaqnozu ilə stasionar müalicədə olmuşdur, yəni o, hazırda həmin xəstəliklərdən əziyyət çəkir. Yuxarıda qeyd edilən diaqnoz Bakı 21 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 2712003AADTS nömrəli xx.xx.2021-ci il tarixli göndərişində əks olunan diaqnozla və Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli, 133 nömrəli qərarı ilə müəyyən edilmiş diaqnoz-xəsarətlərlərlə eynilik təşkil edir. İş materiallarında olan AR Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 19 fevral 2016-cı il tarixli, 133 saylı qərarında qeyd olunmuşdur: Füzuli RHK tərəfindən 1992ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı Mayis oğlunun döyüş zonasında hərbi xidmət keçərkçən 1993-cü ildə aldığı və xx.xx.2016-cı ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş travmanın nəticələri-diaqnoz: “Qəlpə yaralanmalarından sonra başın sol ənsə qabarı proyeksiyasında, sağ budun aşağı 1/3-nin ön səthində döş qəfəsinin sol ön səthində sağ ayaq pəncəsinin 2-ci barmağının dırnaq falanqası üzərində çapıq toxumalar (Azərbaycan Respublikası SHXÇDX-nin Füzuli rayon şöbəsinin xx.xx.2016-c: il tarixli 94 nömrəli göndərişi, xx.xx.2016-cı il tarixli 92 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 128 nömrəli məhkəmə-tibbi müayinəsi aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”. ƏSAS: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə-nin 7.2. bəndinin a) yarımbəndi. Həmçinin, iş materialları arasında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Bakı Baş Səhiyyə Mərkəzi “21 nömrəli Şəhər Xəstəxanası”nın tərəfindən xx.xx.2023-cü il tarixli №121 saylı məktubunda qeyd edilmişdir ki, “...Sabunçu rayonu X5 ünvanında yaşayan xx.xx.1974-cü il təvəllüdlü İddiaçı xx.xx.2016-cı ildən “Y36.2-Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr“ diaqnozu ilə 21 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında nevropatoloq tərəfindən dispanser qeydiyyata götürülmüşdür və hal-hazırda həkim nəzarətindədir. Xəstəyə xx.xx.2016-cı ildə HMK-nın qərarına əsasən “Y36.2-Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. G92-Toksiki ensefalopatiya F06-Baş beyinin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozğunluqlar” diaqnozları ilə TSEKnə göndərilərək İİ qrup əlillik təyin edilmişdir. Xəstənin əlillik müddəti bitdiyi üçün xx.xx.2021-ci ildə yenidən “Y36.2-Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. T90-Baş səthi travmalarının nəticələri. T94- Bədənin bir neçə və dəqiqləşdirilməmiş nahiyəsini əhatə edən travmaların nəticələri. X99- İti cisimdən istifadə etməklə qəsd etmə. F07- Baş beyinin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozğunluqları” diaqnozu ilə forma 88 yazılaraq TSEK-nə göndərilmiş və İİ qrup əlillik təyin olunmuşdur”. Bundan başqa iş materiallarında olan Dövlət Tibbi-Sosial Ekspertizaa və Reabilitasiya Agentliyinin 18 iyul 2025-ci il tarixli məktubundan müəyyən olur ki, iddiaçının əlillik vəziyyəti Bakı 21 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 2712003AADTS nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixində Agentlikdə əyani müayinə nəticəsində qiymətləndirilmişdir. Keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdiriliydiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq, İddiaçı xx.xx.2021-ci il tarixindən ümumi xəstəlik səbəbindən ikinci dərəcə 5 il müddətinə (xx.xx.2026-cı il tarixinədək) əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Həmin göndərişə əsasən diaqnoz “Qəlpə yaralanmasından sonra başın sol ənsə qabarı proyeksiyasında, sağ budun aşağı 1/3 hissəsinin ön səthində, döş qəfəsinin sol ön səthində sağ ayaq pəncəsinin İİ barmağının dırnaq falanqası üzərində çapıq toxumalar müşahidə olunur. Sol baş nahiyəsinin bıçaq yarası (boyuna xəsarət); Hipertoniya xəstəliyi İİİ mərhələ; Üzvi mənşəli şəxsiyyət pozğunluğu” qeyd edilməsinə baxmayaraq xəstəliyin səbəbi kimi ümumi xəstəlik qeyd olunmuşdur. Beləliklə də yuxarıda qeyd olunan sənədlərdən müəyyən olunur ki, iddiaçıya ilkin əlilliyin təyini və təkrar əlillik üçün müayinə zamanı qoyulan diaqnozlar eyni olmuşdur. Başqa sözlə, cavabdeh eyni diaqnoz (qəlpə yaralanmasından sonrakı çapıq toxumalar) əsasında iddiaçıya 2016-cı il tarixdə 5 il müddətinə ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin etsə də, həmin diaqnoz əsasında 2021-ci il tarixdə ümumi səbəbdən əlillik təyin etmişdir. Müəyyən olunmuşdur ki, xx.xx.2021-ci il tarixində əlillik təyin edilərkən müəyyən edilən, o cümlədən hazırda iddiaçının əziyyət çəkdiyi diaqqnoz Bakı 21 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 2712003AADTS nömrəli xx.xx.2021-ci il tarixli göndərişində əks olunan diaqnozla və Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli, 133 nömrəli qərarı ilə müəyyən edilmiş diaqnoz-xəsarətlərlərlə eynilik təşkil edir. Belə olan halda, 2016-cı ildə qoyulan diaqnoz əsasında ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilməsinə baxmayaraq, sonradan təkrar müayinə zamanı diaqnozda müəyyən edilən xəstəliklərin davam etməsi halında iddiaçıya ümumi səbəbdən əlilliyin təyin edilməsi qanunsuz və əsassız olmuşdur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya ümumi xəstəlik səbəbi ilə əlilliyin təyin edilməsi hissəsində cavabdehin xx.xx.2021-ci il tarixli qərarı qanunsuz olmuş, həmin hissədə əlilliyin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik kimi qeyd olunması öhdəliyi cavabdehin üzərinə qoyulması ilə bağlı iddiaçının hazırki tələbi əsaslı olmuşdur. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Şirvan İnzibati Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2-1(120)-391/2023 nömrəli qərarı dəyişdirilməli, iddia təmin edilməli, cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli qərarı “səbəb” hissəsində dəyişdirilməli, həmin hissədə əlilliyin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik kimi qeyd olunması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2-1(120)-391/2023 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı əlilliyin təyin edilməsi ilə bağlı cavabdehin xx.xx.2021-ci il tarixli qərarı “səbəb” hissəsində dəyişdirilərək, həmin hissədə “Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqədar” əlilliyin qeyd edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar