Məhkəmə qərarları › İş №2-1(106)-340/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-340/2025

01.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-340/2025 01.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X2 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, 2-1(120)-420/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı vergi borcunun silinməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Rzayev X3 İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qanunsuz hesablanmış vergi borcunun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, 2-1(120)-420/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və şikayətin məzmununda apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. -85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. -87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Şirvan İnzibati Məhkəməsinin 12 fevral 2025ci il tarixli, 2-1(120)-420/2025 nömrəli qərardadının surəti 27 fevral 2025-ci il tarixdə iddiaçının elektron kabinetinə yerləşdirilmişdir. İddiaçı tərəfindən həmin qərardaddan 11 mart 2025-ci il tarixdə elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verilmişdir. Göründüyü kimi apellyasiya şikayəti 11 mart 2025-ci il tarixdə, yəni apellyasiya şikayətinin verilməsi müddəti bitdikdən 2 gün sonra verilmişdir. Bununla da Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85-ci maddəsində nəzərdə tutulmuş 10 günlük müddəti ötürülmüşdür. İddiaçı apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməsini onunla əsaslandırmışdır ki, qeyd olunan qərardad barədə 6 mart 2025-ci il tarixdə məlumatı olmuşdur. Halbuki, həmin qərardad onun elektron kabinetinə 27 fevral 2025-ci il tarixdə yerləşdirilmişdir. Apellyasiyanın mümkünlüyü ilə bağlı dinlənilmə hüququnun təmin edilməsi, eləcə də ötürülmüş prosessual müddətin üzrlü sayılması üçün müvafiq sübutların təqdim edilməsinin həyata keçirilməsi məqsədilə iddiaçı məhkəməyə dəvət olunmuş, bu hallar ona ünvanlanan bildirişdə onun diqqətinə çatdırılmışdır. Lakin iddiaçı tərəfindən müddətin ötürülməsinin üzrlü səbəblərdən baş verməsini təsdiq edəcək hər hansı mötəbər sübut (sənəd) təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Beləliklə, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadından apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüş, bununla yanaşı, məhkəmə kollegiyasına müddətin üzrlü səbəbdən buraxıldığını təsdiq edən sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şirvan İnzibati Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, 2-1(120)-420/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar