Məhkəmə qərarları › İş №2-1(106)-341/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-341/2023

09.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-341/2023 09.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, iddiaçı “Xarrat” Kooperativinin nümayəndəsi İddiaçı2 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 2-1(120)-2232/2023 nömrəli qərardadından iddiaçı “Xarrat” Kooperativi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı “Xarrat” Kooperativinin cavabdeh Lənkəran Şəhər İcra Hakimiyyətinə qarşı sərəncamın ləğv edilməsi barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “Xarrat” Kooperativi cavabdeh Lənkəran Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək Lənkəran Şəhər İcra Hakimiyyətinin 09 fevral 2021-ci il tarixli, 10 nömrəli qanunsuz, əlverişsiz inzibati aktının (sərəncamının) ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Şahəli Musayev) 12 iyun 2023-cü il tarixli, 2- 1(120)-2232/2023 nömrəli qərardadı ilə iddiaçı “Xarrat” Kooperativinin iddiasının mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan iddiaçı “Xarrat” Kooperativi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Lənkəran Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 3 nömrəli qərarı ilə “Xarrat” Kooperativinə Füzuli küçəsində 1800 m2 ölçüdə torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində yerləşən “Xarrat” Kooperativinin mülkiyyətində olan tikiliyə qeydiyyat vəsiqəsi və texniki pasport tərtib edilmişdir. “Xarrat” Kooperativinə 1800 m2 ölçüdə torpaq sahəsi ayrılsa da, kooperativin faktiki istifadəsində 5630 m2 torpaq sahəsi olmuşdur. “Xarrat” Kooperativinin istifadəsində olan torpaq sahəsinə görə torpaq sahəsinin baş planı hazırlanmış və 3830 m2 torpaq sahəsi kooperativin zəbt olunmuş torpaq sahəsi kimi göstərilmişdir. 3830 m2 torpaq sahəsinin “Xarrat” Kooperativinin adına sənədləşdirilməsi üçün aidiyyəti qurumlara müraciət edilsə də, müsbət nəticəsi olmamışdır. Mübahisəli torpaq sahəsi uzun illər “Xarrat” Kooperativinin istifadəsində olmasına baxmayaraq Lənkəran Şəhər İcra Hakimiyyətinin 09 fevral 2021-ci il tarixli, 10 nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Qida X1 regional bölməsinin inzibati binasının tikintisi üçün ayrılmışdır. “Xarrat” Kooperativinin həmin sərəncamdan vaxtında məlumatı olmamış, məlumatı olduğu vaxtdan məhkəmədə iddia qaldırmışdır. Prosessual məsələlər İddiaçı “Xarrat” Kooperativinin nümayəndəsi İddiaçı2 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, Lənkəran Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 3 nömrəli qərarı ilə “Xarrat” Kooperativinə Füzuli küçəsində 1800 m2 ölçüdə torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində yerləşən “Xarrat” Kooperativinin mülkiyyətində olan tikiliyə qeydiyyat vəsiqəsi və texniki pasport tərtib edilmişdir. “Xarrat” Kooperativinə 1800 m2 ölçüdə torpaq sahəsi ayrılsa da, kooperativin faktiki istifadəsində 5630 m2 torpaq sahəsi olmuşdur. “Xarrat” Kooperativinin istifadəsində olan torpaq sahəsinə görə torpaq sahəsinin baş planı hazırlanmış və 3830 m2 torpaq sahəsi kooperativin zəbt olunmuş torpaq sahəsi kimi göstərilmişdir. 3830 m2 torpaq sahəsinin “Xarrat” Kooperativinin adına sənədləşdirilməsi üçün aidiyyəti qurumlara müraciət edilsə də, müsbət nəticəsi olmamışdır. Mübahisəli torpaq sahəsi uzun illər “Xarrat” Kooperativinin istifadəsində olmasına baxmayaraq Lənkəran Şəhər İcra Hakimiyyətinin 09 fevral 2021-ci il tarixli, 10 nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Qida X1 regional bölməsinin inzibati binasının tikintisi üçün ayrılmışdır. “Xarrat” Kooperativinin həmin sərəncamdan vaxtında məlumatı olmamış, məlumatı olduğu vaxtdan məhkəmədə iddia qaldırmışdır. Birinci instansiya məhkəməsinin qərardadında “Xarrat” Kooperativinin hazırkı iddianı qaldırmaqda subyektiv hüququnun olmadığı qeyd edilmişdir. “Xarrat” Kooperativi bu fikirlə razılaşmır. Birincisi, mübahisəli torpaq sahəsi uzun müddət iddiaçının istifadəsində olmuşdur. İkincisi isə mübahisəli torpaq sahəsi başqa quruma ayrılarkən “Xarrat” Kooperativinin ona ayrılmış 1800 m2 torpaq sahəsindən səmərəli formada istifadə etmə mümkünlüyü aydınlaşdırılmamışdır. Belə ki, 1800 m2 torpaq sahəsinin yolu mübahisələndirilən sərəncamla ayrılmış torpaq sahəsinin tən ortasından keçir. Lakin Lənkəran Şəhər İcra Hakimiyyəti sərəncamı qəbul edərkən qeyd edilənləri nəzərə almamış, birinci instansiya məhkəməsi isə qeyd edilənlərə diqqət yetirməmişdir. Qeyd etdiklərinə əsasən apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və baxılması üçün inzibati işin birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Lənkəran Şəhər İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdeh Lənkəran Şəhər İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. İşdə olan Lənkəran Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1990cı il tarixli, 3 nömrəli iclas protokolundan çıxarışın surətində qeyd edilmişdir ki, “Xarrat” inşaat materialları tədarükü və satışı kooperativinin tam fəaliyyət göstərməsindən ötrü Füzuli küçəsində əhaliyə məişət xidməti istehsalat idarəsinin təsərrüfat heyətinin istifadəsiz hissəsindən 60x30m=1800 m2 ölçüdə sahə ayrılması qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsinin xx.xx.2002-ci il tarixli, 403 nömrəli qeydiyyat vəsiqəsinin surətində qeyd edilmişdir ki, Lənkəran şəhəri, Füzuli küçəsində yerləşən xarrat sexi bütövlükdə “Xarrat” Kooperativinin mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.2002-ci il tarixli qeyri-yaşayış binasının tekniki pasportunun surətindən görünür ki, Füzuli küçəsində yerləşən “Xarrat” kooperativinə məxsus 1990-cı ilə aid tikiliyə texniki pasport tərtib edilmişdir. İşdə olan Lənkəran Şəhər İcra Hakimiyyətinin 09 fevral 2021-ci il tarixli, 10 nömrəli sərəncamının surətində qeyd edilmişdir ki, Lənkəran şəhəri, B.Mirsalayev küçəsində dövlət mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid 0,326 hektar torpaq sahəsi Azərbaycan Respublikası Qida X1 regional bölməsinin inzibati binasının tikintisi üçün ayrılması qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-44/2-16-2207/2023 nömrəli məktubdan görünür ki, Lənkəran rayonu inzibati ərazisində Lənkəran şəhəri, B.Mirsalayev küçəsində yerləşən dövlət mülkiyyətində olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlardan Azərbaycan Respublikası Qida X1 regional bölməsinin inzibati binasının tikintisi məqsədi ilə ayrılması nəzərdə tutulan 0,326 hektar torpaq sahəsinin yerquruluşu planı və həmin torpaq sahəsində tikilən Agentliyin Lənkəran regional bölməsinin inzibati binasının baş planı təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi iddiaçının tələbinin əsaslarını və işin faktiki hallarını tam aydınlaşdırmadan, iddiaçının subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulub-pozulmadığını tam dolğun aydınlaşdırmadan, iddiaçıya tam dolğun hüquqi yardım göstərmədən iddianı mümkün saymamışdır. Hazırkı iddia tələbi üzrə ilkin olaraq iddiaçının subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulub-pozulmadığı aydınlaşdırılmalıdır. İddiaçı qeyd edir ki, Lənkəran Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 3 nömrəli qərarı ilə “Xarrat” Kooperativinə Füzuli küçəsində 1800 m2 ölçüdə torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində yerləşən “Xarrat” Kooperativinin mülkiyyətində olan tikiliyə qeydiyyat vəsiqəsi və texniki pasport tərtib edilmişdir. “Xarrat” Kooperativinə 1800 m2 ölçüdə torpaq sahəsi ayrılsa da, kooperativin faktiki istifadəsində 5630 m2 torpaq sahəsi olmuşdur. Mübahisəli torpaq sahəsi uzun illər “Xarrat” Kooperativinin istifadəsində olmasına baxmayaraq Lənkəran Şəhər İcra Hakimiyyətinin 09 fevral 2021-ci il tarixli, 10 nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Qida X1 regional bölməsinin inzibati binasının tikintisi üçün ayrılmışdır. “Xarrat” Kooperativinin həmin sərəncamdan vaxtında məlumatı olmamış, məlumatı olduğu vaxtdan məhkəmədə iddia qaldırmışdır. Birinci instansiya məhkəməsinin qərardadında “Xarrat” Kooperativinin hazırkı iddianı qaldırmaqda subyektiv hüququnun olmadığı qeyd edilmişdir. “Xarrat” Kooperativi bu fikirlə razılaşmır. Birincisi, mübahisəli torpaq sahəsi uzun müddət iddiaçının istifadəsində olmuşdur. İkincisi isə mübahisəli torpaq sahəsi başqa quruma ayrılarkən “Xarrat” Kooperativinin ona ayrılmış 1800 m2 torpaq sahəsindən səmərəli formada istifadə etmə mümkünlüyü aydınlaşdırılmamışdır. Belə ki, 1800 m2 torpaq sahəsinin yolu mübahisələndirilən sərəncamla ayrılmış torpaq sahəsinin tən ortasından keçir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi ilk növbədə iddiaçının 1800 m2 torpaq sahəsinə və ona məxsus tikililərə aid hüquqmüəyyənedici sənədlərinin mötəbərliyini aidiyyəti qurumlara sorğular verərək yoxlamalıdır. Həmin torpaq sahəsinə və tikililərə “Xarrat” Kooperativinin hüquqları müəyyən edildikdən sonra mübahisələndirilən sərəncamın iddiaçının həmin torpaq sahəsi və tikililərdən səmərəli formada istifadəsinə maneə törədib-törətməməsi müəyyən edilməli, zərurət olduğu təqdirdə ekspertiza təyin edilməlidir. Göstərilənlər onu deməyə əsas verir ki, hazırkı işə baxarkən və qərardad qəbul edərkən birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, bununla da, ciddi prosessual pozuntuya yol vermişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı “Xarrat” Kooperativinin apellyasiya şikayəti təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 2-1(120)-2232/2023 nömrəli qərardadı ləğv edilməli, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı “Xarrat” Kooperativinin apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 2-1(120)-2232/2023 nömrəli qərardadı ləğv edilsin, inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kasasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar