Məhkəmə qərarları › İş №2-1(106)-341/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-341/2025

02.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-341/2025 02.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və X2 ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” barədə iddia tələbinə dair 15 yanvar 2025-ci il tarixli, 2-1(120)-1883/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi Cavabdeh qarşı cavabdehin xx.xx.2020-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 693.38 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1000 manat məbləğində siyahıya alınmış əmlakının vergi orqanı tərəfindən müəyyən edilən ticarət şəbəkələrində satılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli, 2-1(120)-1883/2025 saylı qərarı ilə (hakim Şahəli Musayev) iddia tələbi təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Şirvan İnzibati Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli, 2-1(120)-1883/2025 saylı qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 mart 2018ci il tarixli 1042-VQ saylı sərəncamı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinin tələbi pozulmuşdur. Göstərilən maddi hüquq normasına görə sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir. Bu normanın tələbinə baxmayaraq iddiaçı 5 il ərzində hesablanmış maliyyə sanksiyalarını da əsas borcun üzərinə hesablayaraq məndən tələb edir, məhkəmə isə bu halı araşdırmayaraq iddiaçının iddasını təmin etmişdir. Həmçinin Vergi Məcəlləsinin 15.1.6-cı maddəsinin tələbi pozulmuşdur. Belə ki, bu normanın tələbinə görə vergi ödəyicisinin vergi yoxlaması ilə bağlı tərtib edilən aktların (protokolların) və vergi orqanlarının qərarlarının surətini almaq hüququ vardır. Mən isə məcburi dövlət sosial sığorta haqqı üzrə borcla bağlı heç bir qərar və ya protokol almamışam, hazırda dəqiq bilmirəm ki, mənə hesablanmış məcburi dövlət sosial sığorta haqqı necə yaranmışdır və həmin borcun əsas hissəsi və maliyyə sanksiyası hissəsi nə qədərdir. Məhkəmə isə ümumiyyətlə bu halı araşdırmamışdır. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsi tələbi pozulmuşdur. Belə ki, qeyd etdiyim normanın tələbinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Lakin hazırkı iş üzrə cavabeh təşkilat müstəqil şəkildə heç bir araşdırma aparmamışdır.Birinci instansiya məhkəməsi isə bu qanun pozuntusuna biganə qalmışdır. Qeyd olunanlar nəzərə alınaraq cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli, 2-1(120)-1883/2025 saylı qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 aprel 2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirərək Şirvan İnzibati Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli, 2-1(120)-1883/2025 saylı qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 24. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Maddə 26. Dövlət hərkəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.Hərkəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən )məhkəməyə şikayət verə bilər. Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 1.4 bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Maddə 23.1.15-1. Hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Maddə 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Maddə 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Maddə 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki,bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Maddə 89.3. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmişformada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər.Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. Maddə 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. Maddə 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. Maddə 89.10. Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir.Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütünəmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. Maddə 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 18. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilərr. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. İddiaçının tələbi Cavabdeh qarşı cavabdehin xx.xx.2020-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 693.38 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1000 manat məbləğində siyahıya alınmış əmlakının vergi orqanı tərəfindən müəyyən edilən ticarət şəbəkələrində satılması ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, vergi ödəyicisi olan cavabdeh öhdəliklərini yerinə yetirmədiyindən onun ümumilikdə 693.38 manat məbləğində borcu yaranmışdır. İşdən görünür ki, vergi orqanı olan iddiaçı bildiriş(lər)lə yaranmış borcun 5 gün müddətində ödənilməsinin təmin edilməsini cavabdehdən tələb etmiş, cavabdeh həmin müddət ərzində borcun ödənilməsini təmin etməmişdir. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, cavabdehdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırki mübahisə yaranmışdır.Göründüyü kimi, cavabdehin borcu yaranmış və həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Buna görə də, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə qeyd olunmalıdır ki hazıki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirilməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. İşə əlavə edilən sənədlərdən görünür ki, yaranmış borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən vergi orqanının xx.xx.2024-cü il tarixli qərarı əsasında xx.xx.2024-cü il tarixli protokol və həmin protokola əlavə ilə cavabdehə məxsus əmlak – (xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında verilmiş 0.0350 ha torpaq sahəsi) siyahıya alınmışdır. İş materiallarında olan “Fiziki şəxs haqqında məlumat” dan görünür ki, cavabdeh (VÖEN **********) Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdadır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan ərazi idarəsinin məhkəməyə göndərdiyi xx.xx.2024-cü il tarixli, 3- 21-3-38/2-4432/2024 nömrəli məktubuna əlavə olunmuş xx.xx.2013-cü il tarixli, **********15 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Sabirabad rayonu, Kürkəndi kəndində yerləşən torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh adına verilmiş torpaq sahəsi üzərində yüklü olması barədə məlumat aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin 08 iyul 2025-ci il tarixli məktubuna əsasən müəyyən olunur ki, vergi ödəyicisi Cavabdeh (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna hesablanmış 693.38 manat borc məbləği xx.xx.2019-cu il tarixinə onun vergi orqanında olan şəxsi hesab vərəqəsinə qalıq kimi inteqrasiya olunmuşdur. Vergi ödəyicisi Cavabdeh (VÖEN: **********) yaranmış borcuna görə 5 saylı Ərazi Vergilər İdarəsinin “Əmlakının siyahıya alınması haqqında” xx.xx.2020-cİ il tarixli **********2 nömrəli açılmış qərara əsasən xx.xx.2024-cü il tarixdə “Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış öhdəlikləri yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” protokol tərtib olunmuş və həmin protokolu, siyahıya alınmış əmlakların siyahısını və məsul saxlanmaya verilməsi barədə aktları xx.xx.2024-cü il tarixdə 2 **********893600 nömrəli məktubla vergi ödəyicisinə həm elektron, həmçinin poçt vasitəsi ilə göndərilmişdir. Son olaraq bildirilmişdir ki, vergi ödəyicisi Cavabdeh (VÖEN: **********) xx.xx.2025-ci il tarixə şəxsi hesab vərəqəsi sosial sığorta və işsizlikdən sığorta haqları üzrə ödənilməmiş 691,71 manat borcu vardır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır və bu borcun məbləği 691,71 manatdır. Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər.Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Hazırkı iş üzrə yaranmış borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən vergi orqanının xx.xx.2024-cü il tarixli qərarı əsasında xx.xx.2024-cü il tarixli protokol və həmin protokola əlavə ilə cavabdehə məxsus əmlak – (xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında verilmiş 0.0350 ha torpaq sahəsi) siyahıya alınmışdır. İş materialları arasında olan 06 iyun 2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, əmlakın siyahıya alındığı vaxtdan 30 gün müddətində vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar dövlət büdcəsinə tam ödənilmədikdə siyahıya alınmış əmlakların satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. Qeyd edilən Məcəllənin 24.0.1 və 24.0.12-ci maddələrinə əsasən, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə vergi orqanlarının təyinatına uyğun olaraq müəyyən edilmiş digər vəzifələri həyata keçirməyə borcludur. Göstərilən Məcəllənin 77.3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Yuxarıda sadalanan qanunvericilik normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri və digər ödənişləri ödəmək vəzifəsi qoyulduğundan və o, vergi və digər borcların ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdeh olduğundan, iddia təmin edilərək, cavabdehin borcunun ödənilməsini təmin etmək məqsədi ilə ona məxsus olan siyahıya alınmış əmlakın satılması qanunvericiliyin tələblərinə uyğundur. Yuxarıda qeyd olunan normanın məzmunundan göründüyü kimi, vergi öhdəliklərinin yerinə yetirilməsinin təmini tədbiri kimi əmlakın siyahıya alınması və ya siyahıya alınmış əmlakın satılması tələbinin yönəldiyi şəxsin əmlakı barəsində tətbiq edilə bilər. Məhkəmə kollegiyası siyahıya alınmış əmlakın satılması (0.0350 ha torpaq sahəsi) ilə bağlı bildirir ki, işə baxan birinci instansiya məhkəməsi bu hissədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin borc məbləğinin həcmi hisəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, birinci instansiya məhkəməsi qərarında vergi ödəyicisi olan cavabdeh öhdəliklərini yerinə yetirmədiyindən onun ümumilikdə 693.38 manat məbləğində borcu olduğu qənaətinə gəlmiş, lakin iddia olunan borcun dəqiq həcmi ilə bağlı tam və hərtərəfli araşdırma aparmamışdır. Şirvan Apellyasiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinə sorğu verilmiş və həmin sorğu əsasında müəyyən edilmişdir ki, vergi ödəyicisi Cavabdeh (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna hesablanmış 693.38 manat borc məbləği xx.xx.2019-cu il tarixinə onun vergi orqanında olan şəxsi hesab vərəqəsinə qalıq kimi inteqrasiya olunmuşdur. Vergi ödəyicisi Cavabdeh (VÖEN: **********) yaranmış borcuna görə 5 saylı Ərazi Vergilər İdarəsinin “Əmlakının siyahıya alınması haqqında” xx.xx.2020-cİ il tarixli **********2 nömrəli açılmış qərara əsasən xx.xx.2024-cü il tarixdə “Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış öhdəlikləri yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” protokol tərtib olunmuş və həmin protokolu, siyahıya alınmış əmlakların siyahısını və məsul saxlanmaya verilməsi barədə aktları xx.xx.2024-cü il tarixdə 2 **********893600 nömrəli məktubla vergi ödəyicisinə həm elektron, həmçinin poçt vasitəsi ilə göndərilmişdir. Son olaraq bildirilmişdir ki, vergi ödəyicisi Cavabdeh (VÖEN: **********) xx.xx.2025-ci il tarixə şəxsi hesab vərəqəsi sosial sığorta və işsizlikdən sığorta haqları üzrə ödənilməmiş 691,71 manat borcu vardır. Göründüyü kimi Apellyasiya instansiya məhkəməsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Dövlət Sosial Müdafiə Fonduna hesablanmış 693.38 manat borc məbləği xx.xx.2019-cu il tarixinə cavabdehin vergi orqanında olan şəxsi hesab vərəqəsinə qalıq kimi inteqrasiya olunmuşdur və ödənilməmiş borc məbləği 691,71 manat təşkil edir. Məhkəmə kollegiyası yuxarıda sadalanan qanunvericilik normalarını işin yuxarıda qeyd edilən faktiki halına tətbiq edərək qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi iş üzrə iddia olunan borcun həcmi ilə bağlı tam və hərtərəfli araşdırma aparmamış və düzgün olmayan nəticəyə gəlmişdir. Buna görə qərar həmin hissədə dəyişdirilməlidir. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, “iddiaçının iddia ərizəsində göstərdiyi 693.38 manat məcburi dövlət sosial sığorta haqqı üzrə borc 2008-2013-cü illər ərzində yaranmışdır. Həmin borcun çox hissəsi 5 il (2008-2013-cü illər) ərzində əsas borca görə hesablanmış maliyyə sanksiyaları olmaqla əsas borc 116 manat təşkil edir”. Məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayətinin həmin dəlilləri ilə bağlı araşdırma aparılaraq müvafiq sorğular verilmiş və müəyyən edilmişdir ki, Cavabdeh Dövlət Sosial Müdafiə Fonduna hesablanmış 693.38 manat borc məbləği xx.xx.2019-cu il tarixinə cavabdehin vergi orqanında olan şəxsi hesab vərəqəsinə qalıq kimi inteqrasiya olunmuş və ödənilməmiş borc məbləği 691,71 manat təşkil edir. Onu da qeyd etmək lazımdır ki, hazırki iş üzrə cavabdeh razılaşmadığı həmin borcun silinməsi ilə bağlı iddiaçı inzibati orqana qarşı iddia qaldırmamış və həmin məsələni mübahisələndirməmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Qeyd edilən hüquq normalarının qarşılıqlı təhlili onu deməyə əsas verir ki, dövlət büdcəsinə olan borcun ödənilməsinin təmin etmək məqsədilə cavabdehə məxsus əmlak siyahıya alına bilər. Çünki, əmlak siyahıya alınmış olsa da, vergi ödəyicisinin (hazırki halda cavabdehin) həmin əmlakdan təyinatı üzrə istifadə etmək imkanı tükənmir. Sadəcə olaraq, cavabdehin həmin əmlak üzərində sərəncam vermək imkanları məhdudlaşır. Lakin, bununla belə qanunvericilik tələb edir ki, əmlak siyahıya alındıqdan sonra cavabdeh 30 gün müddətində qanunla müəyyən edilmiş qaydada vergiləri, həmçinin məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcunu dövlət büdcəsinə ödəsin. Əks halda, vergi orqanı (iddiaçı) dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Bütün yuxarıda qeyd edilənlərdən çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi xx.xx.2024-cü il tarixli protokoluna əsasən 1000 manat məbləğində siyahıya alınmış əmlakın (xx.xx.2013-cü il tarixli, **********15 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış əsasında verilmiş 0.0350 ha torpaq sahəsi) vergi orqanı tərəfindən müəyyən edilən ticarət şəbəkələrində satılması və əmlakın satışından əldə edilmiş pulun qalan hissəsinin cavabdehə qaytarılması hissəsində düzgün nəticəyə gəlmiş olsa da, ödənilməmiş borcunun 693.38 manat olması hissəsində yanlış nəticəyə gəlmişdir. Beləliklə apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 691.71 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli protokoluna əsasən 1000 manat məbləğində siyahıya alınmış əmlakı (xx.xx.2013-cü il tarixli, **********15 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış əsasında verilmiş 0.0350 ha torpaq sahəsi) vergi orqanı tərəfindən müəyyən edilən ticarət şəbəkələrində satılmalı, əmlakın satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh qaytarılmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü tərəfindən maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli, 2-1(120)-1883/2025 saylı qərarı dəyişdirilsin. İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 691.71 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli protokoluna əsasən 1000 manat məbləğində siyahıya alınmış əmlakı (xx.xx.2013-cü il tarixli, **********15 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış əsasında verilmiş 0.0350 ha torpaq sahəsi) vergi orqanı tərəfindən müəyyən edilən ticarət şəbəkələrində satılsın. Əmlakın satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh qaytarılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar