Məhkəmə qərarları › İş №2-1(106)-342/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-342/2023

16.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-342/2023 16.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 22 may 2023-cü il tarixli, 2-1(120)-1617/2023 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Amilya Hüseynova) 22 may 2023-cü il tarixli, 2-1(120)-1617/2023 nömrəli qərarı ilə İddiaçı iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Qərardan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, o, 1993-1994-cü illərdə N saylı hərbi hissənin tərkibində xidmət etmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Müharibə zamanı hərbi hissənin tərkibində bütün növ təminatlara daxil edilərək xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək ona müharibə veteranı adı verilməsini xahiş etmiş, lakin ona müharibə veteranı adı verilməsindən imtina edilmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı iddia ərizəsindəki dəlillərə istinad edərək birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində o, birinci instansiya məhkəməsinin qərarı ilə razı olmadığını bildirmiş və həmin qərarın ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən İddiaçı və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, 4/3-10545 nömrəli məktubda qeyd edilmişdir ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli, 4/2-2757 nömrəli arayışına əsasən N nömrəli hərbi hissədə həqiqi hərbi xidməti əmrlərlə tam təsdiqlənmədiyinə və hərbi hissəni özbaşına tərk etdiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 4/2-782 nömrəli məktubda qeyd edilmişdir ki, 14 nömrəli MAT-ın hərbi qulluqçusu, sıravi İddiaçı hərbi hissəni özbaşına tərk etdiyinə görə, N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 151 nömrəli əmrilə (əsas: §-4, səh-95, sıra-6) bütün növ təminatları dayandırılaraq ştatdan kənar çıxarılmışdır. İddiaçı hərbi hissəni özbaşına tərk etdiyinə görə, Azərbaycan Respublikasının Müdafiə nazirinin 278 nömrəli fərmanına əsasən, N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 363 nömrəli əmrilə (əsas: §-12, sıra-867, səh-47) hərbi hissənin şəxsi heyət siyahılarından çıxarılaraq bütün növ təminatları dayandırılmış və hərbi bileti şəxsi heyəti qəbul etmə məntəqəsinə göndərilmişdir. N nömrəli hərbi hissənin 1993-1994-cü illərə aid şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında, hərbi hissə komandirinin yanvar-dekabr 1993-cü il, yanvar-may 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. N nömrəli hərbi hissədən Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivinə daxil olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğunda N nömrəli hərbi hissənin xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmuşdur. İşdə olan Neftçala rayon Polis şöbəsi tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-13-100/2-2137/2023 nömrəli məktubda qeyd edilmişdir ki, Neftçala rayon Xolqarabucaq kəndində qeydiyyatda olan xx.xx.1974-cü il təvəllüdlü İddiaçı barəsində hal-hazırda Neftçala rayon Polis şöbəsində təqsirləndirici material (sadələşmiş icraat materialı və cinayət işi) barədə məlumatlar aşkar olunmamış, İddiaçı barəsində xx.xx.1997-ci ildə Qarabağ Hərbi Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (köhnə redaksiya) 243-cü maddəsi ilə (hərbi hissəni özbaşına tərk etmə) təqsirli bilinib xx.xx.1997-ci il tarixdə 46 H 2-ci maddə ilə azad olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-3-12/2-30-1479/23 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək N nömrəli, xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək isə N nömrəli hərbi hissələrdə xidmət etməsilə bağlı barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda cinayət işinin və ya təqsirləndirici materialın olmasına dair məlumat aşkar edilməmişdir. Lakin həmin müraciətə əlavə edilmiş Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin arayışında İddiaçı hərbi hissəni özbaşına tərk etdiyinə görə N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 151 nömrəli əmrilə onun bütün növ təminatları dayandırılmış və o, ştatdan kənar edilmiş, xx.xx.1994-cü il tarixli, 363 nömrəli əmr ilə isə İddiaçı hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmış və hərbi bileti şəxsi heyətin qəbul edilməsi məntəqəsinə göndərilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar - öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur) tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. (Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.). Həmin Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. İşin faktiki hallarından görünür ki, İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar inzibati orqana müraciət etmiş, lakin İddiaçı hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması barədə məlumat olmadığından və hərbi hissəni özbaşına tərk etdiyindən müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələblərinə uyğun olaraq müharibə veteranı adının verilməsini istisna edən hallardan biri də məhz hərbi xidmətdən qanuni əsaslarla tərxis olunmasına və xidməti barədə əmrlərin hərbi biletlə bir yerdə təqdim edilməməsi, o cümlədən hərbi qulluqçunun hərbi hissəni özbaşına tərk etməsidir. Hazırkı işin hallarından isə müəyyən edilir ki, 1974-cü il təvəllüdlü İddiaçı hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması, həmçinin xidməti barədə məlumat aşkar olunmamış, həmçinin o, hərbi hissəsini özbaşına tərk etmişdir. İddiaçı barəsində xx.xx.1997-ci ildə Qarabağ Hərbi Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (köhnə redaksiya) 243-cü maddəsi ilə (hərbi hissəni özbaşına tərk etmə) təqsirli bilinib xx.xx.1997-ci il tarixdə 46 H 2-ci maddə ilə azad olunması barədə məlumat daxil olmuşdur. Göründüyü kimi, iddiaçı Azərbaycan Respublikası Prezidentinin “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 20 sentyabr 1997-ci il tarixli, 634 nömrəli Fərmanına əsasən ehtiyata buraxılmamışdır, onun bu Fərmandan əvvəl hərbi xidmətini başa vurmasının qanuniliyi iş materialları ilə təsdiqini tapmır. İddiaçı ümumi şəkildə apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarından narazı olduğunu bildirmiş, lakin apellyasiya şikayətinin dəlilləri ilə bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 22 may 2023-cü il tarixli, 2-1(120)-1617/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar