Məhkəmə qərarları › İş №2-1(106)-342/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-342/2024

07.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-342/2024 07.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Camalov Hüseyn Əli oğlunun, iddiaçının nümayəndəsi X2, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin X16 filialının nümayəndəsi X3 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 2-1(120)-596/2024 nömrəli qərarından Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X18 Şəxsin Sosial Ödənişlərin X1rşı işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və yaranmış fərqin pensiya təyin olunan tarixdən hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin X1rşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və yaranmış fərqin pensiya təyin olunan tarixdən hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Şahəli Musayev) 15 fevral 2024-cü il tarixli, 2- 1(120)-596/2024 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı işlədiyi illərin sosial sığorta stajı kimi nəzərə alınması və yaranmış fərqin pensiya təyin olunan tarixdən hesablanıb ödənilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X16 Filialının üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun müəssisənin mövcudluğu və fəaliyyətinin olması tam sübuta yetirilir. Onun işə daxil olduğu və işdən xaric olduğu dövrdə işlədiyi müəssisə mövcud olmuş, iddiaçı həmin müəssisədə işə daxil olmuş və işdən xaric olmuş, əmək haqqı almış sadəcə olaraq müəssisə yandığı üçün əmək haqqı sənədləri tam şəkildə arxivə təhvil verilmədiyindən iddiaçının həmin dövrlər üçün əmək fəaliyyətinə dair əmək haqqı cədvəlləri və əmrlər kitabı aşkar edilməmişdir. İddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi 1990- 1997-illərdə Cəlilabad rayonu "26-Bakı Komissarları” adına sovxozda işlədiyi iş illəri "Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və əmək kitabçasında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir. Odur ki, məhkəmə iddiaçının 1990-1997-illərdə Cəlilabad rayonu "26-Bakı Komissarları” adına sovxozda işlədiyi dövrlərin sığorta stajı kimi müəyyən edilməsi üçün təqdim etdiyi əmək kitabçasını mötəbər sübut hesab edir. Qərardan Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, işlədiyi illər nəzərə alınmaqla, ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin imtina və etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulan dövrdən (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyil. İddiaçıya nəzərən pensiya yaş həddi qadınlar üçün 62 yaş 6 ay müəyyən edilib. İddiaçının əmək kitabçasının surətinə əsasən onun əmək fəaliyyəti dövrü, o cümlədən, övladı X6 qulluq etdiyi müddət də (xx.xx.2006-cı il tarixdən xx.xx.2022-ci il tarixədək) nəzərə alınmaqla sığorta stajı 21 il 5 ay təşkil edir. Həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Cəlilabad rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 71 saylı aktına əsasən "26 Bakı Komissarları” adına sovxozun 1990cu il tarixdən 1994-cü il tarixədək şəxsi hesab kitablarının Dövlət Arxivinə təhvil verilmədiyi qeyd edilmişdir. "Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçıya xx.xx.2022-ci il tarixdən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. İddiaçının mübahisələndirilməyən sığorta stajı xx.xx.1984-cü il tarixdən xx.xx.1990-ci il tarixədək 5 il 7 ay 28 gün əmək fəaliyyəti dövrü, xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etdiyi dövr, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək İ dərəcə əlilliyi olan şəxsə qulluq etdiyi dövr daxil olmaqla 21 il 7 ay 10 gün müəyyən olunmuşdur. Cəlilabad rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli arxiv arayışına əsasən "26 Bakı komissarları” adına sovxozun 1990-1994-cü illərə aid şəxsi hesab kitabları və 1995-1997-ci illərə aid əmr kitabları yandığı üçün arxivə təhvil verilmədiyindən həmin dövrlər mübahisələndirilən dövr kimi sığorta stajına daxil edilməmişdir. İddiaçı xx.xx.2006cı il tarixədək 5 il 7 ay 28 gün sığorta stajına əsasən hesablanan pensiya kapitalının xx.xx.2022-ci il tarixə indeksləşdirilmiş məbləği 4603,15 manat təşkil edir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh imtina və etiraz dəlilləri ilə eyni məzmunlu apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi X8 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi. İddiaçının nümayəndəsi X4 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş, həmçinin iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddianın təmin edilmiş hissəsində birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 2-1(120)-596/2024 nömrəli qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Surətləri iş materiallarına əlavə edilmiş: -AZ-İ №364317 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Abbasova Fatimə Səfalı qızı xx.xx.2003-cü il tarixdə anadan olmuş, ata qrafasında X5, ana qrafasında İddiaçı qeyd edilmişdir. -xx.xx.2006-cı il tarixli, SER-TSE-01 № 002361 nömrəli və xx.xx.2008-ci il tarixli, SER-TSE-01 № 008847 nömrəli əlillik arayışlarından görünür ki, Abbasova Fatimə Səfalı qızı sağlamlıq imkanları məhdud uşaq kimi qeydiyyata alınmışdır. -Cəlilabad RİHB-nın Cəlilabad rayonu Alar kəndi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin, DSMF 2 saylı Lənkəran-Astara regional filialının Cəlilabad rayon qəbul şöbəsinin baş mütəxəssisinin və qonşuların iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın məzmunundan görünür ki, İddiaçı xx.xx.2003-cü il təvəllüdlü övladı Abbasova Fatimə Səfalı qızına xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək qulluq etməsi aktın tərtibatında iştirak edən şəxslər tərəfindən təsdiq edilmişdir. -xx.xx.1997-ci il tarixli, NT-İ ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1984-xx.xx.1997-ci illərdə Cəlilabad rayonu "26-Bakı Komissarları” adına sovxozda işləməsi qeyd edilmişdir. -Cəlilabad rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 71 nömrəli arxiv arayışında bildirilir ki, İddiaçı 1984-1989-cu illərdə Cəlilabad rayonu "26-Bakı Komissarları” adına sovxozda işləmiş və əmək haqqı almışdır, həmçinin sovxozun 1990-1994-cü illərin şəxsi hesab kitabları və 1995, 1996, 1997-ci illərin əmr kitabları yandığı üçün arvxivə təhvil verilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. -21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. -3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qeyd edilməlidir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları, eləcə də əmək haqqı cədvəlləri nəzərə alına bilər. İşin faktiki halından və araşdırılmış sübutlardan görünür ki, iddiaçı 25 ildən artıq sosial sığorta stajının olması əsası ilə pensiya təyinatını tələb edir. Cavabdeh iddiaçının xx.xx.1984-cü il tarixdən xx.xx.1990-ci il tarixədək 5 il 7 ay 28 gün əmək fəaliyyəti dövrünü, xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etdiyi dövrü, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək İ dərəcə əlilliyi olan şəxsə qulluq etdiyi dövr də daxil olmaqla 21 il 7 ay 10 gün müddəti sosial sığorta stajını qəbul edir, lakin "26 Bakı komissarları” adına sovxozun 1990-1994-cü illərə aid şəxsi hesab kitabları və 1995-1997-ci illərə aid əmr kitabları yandığı üçün arxivə təhvil verilmədiyindən həmin dövrlərin sığorta stajına daxil edilməsindən imtina edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus əmək kitabçasında onun 1990- 1997-illərdə Cəlilabad rayonu "26-Bakı Komissarları” adına sovxozdakı əmək fəaliyyəti ilə bağlı qeydlər olsa da 1994-cü ildən sonrakı dövrlərdə həmin sovxozda işləməsi və əmək haqqı alması ilə bağlı müsbət qənaətə gəlmək üçün yalnız həmin sənəddəki qeydlər kifayət etmir. Belə ki, işdə olan sovxozun sənədlərinin məhv edilməsi ilə bağlı Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının 10 may 2004-cü il tarixli, 64 nömrəli sərəncamı ilə yaradılmış komissiyanın gəldiyi qənaətə əsasən iddiaçının yalnız 1990-1994-cü illərdə işləməsi və cəmi 5 il əmək fəaliyyətinin olması aktla təsdiq edilmişdir. Belə olduğu təqdirdə birinci instansiya məhkəməsi yalnız əmək kitabçasına istinadən iddiaçının 1995-1997-ci illərdə əmək faəliyyətinin olması ilə bağlı gəldiyi qənaət əsaslı sayıla bilməz. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 1995-1997-ci illərdə əmək fəaliyyəti nəzərə alınmasa belə, onun 1990-1994-cü illərlə bağlı əmək fəaliyyəti də daxil olmaqla ümumi stajı 25 ildən (21 il 7 ay 10 gün (mübahisələndirilməyən dövr)+5 il=26 il 7 ay 10 gün) coxdur. Odur ki, onun pensiya hüququnu reallaşdırmaqla bağlı tələbi əsaslıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının təqdim etdiyi iddia ərizəsinin, həmçinin cavabdehin imtina və etiraz dəlillərinin məzmununa rəğmən iddiaçının hüquqi marağının ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət olması aşkardır. Buna baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya tələbinin dəqiqləşdirilməsi istiqamətində hüquqi yardım göstərilməmiş və iş üzrə yalnız “iş illərinin sosial sığorta stajına daxil edilməsi və pensiya fərqinin ödənilməsi” tələbi həddində qərar qəbul etmişdir. Sadə məntiqə əsaslanmaqla hesab etmək olar ki, pensiya təyin edilmədən pensiya fərqinin ödənilməsini tələb etmək mümkün deyil. Odur ki, birinci instansiya məhkəməsinin qərarı iddiaçının sığorta stajının müddəti ilə bağlı hissədə dəyişdirilməli, həmçinin iddiaçının pensiya hüququnun reallaşdırılması məsələsinə hüquqi qiymət verilməlidir. Beləliklə məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, şikayət iddiaçının sığorta stajının müddəti ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə bağlı hissədə qismən əsaslıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Dövlət Sosial Müdafiə Fondu Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 2-1(120)-596/2024 nömrəli qərarı qismən, yəni İddiaçı Cəlilabad rayonu "26-Bakı Komissarları” adına sovxozda 1990- 1997-illərə dair əmək fəaliyyətinin sosial sığorta stajı kimi nəzərə alınması hissəsində dəyişdirilsin. İddiaçı 1990-1994-cü illərdə Cəlilabad rayonu "26-Bakı Komissarları” adına sovxozda işlədiyi müddət sosial sığorta stajı kimi nəzərə alınmaqla, ona hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə X18 Şəxsin Sosial Ödənişlərin X16 Filialının üzərinə qoyulsun. Şirvan İnzibati Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 2-1(120)-596/2024 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar