Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-344/2025 25.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Hacıyev Pərviz Vaqif oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı, üçüncü şəxs X2 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 2-1(120)-379/2024 nömrəli qərarından üçüncü şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinə qarşı torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 0.06 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin müvafiq qərardadları ilə Sabirabad Rayon İcra Hakimiyyəti və X3 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Şirvan İnzibati Məhkəməsinin (hakim Ş.Musayev) 19 dekabr 2024-cü il tarixli, 2- 1(120)-379/2024 nömrəli qərarı ilə iddianın təmin edilməsi, 50 (əlli) manat ekspertiza tədqiqatının dəyərinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ 22, Hesab №AZ43CTRE********************) köçürülməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya ayrılmış 600.03 kv.m torpaq sahəsinin 2014-cü ildəki (torpaq sahəsi ayrılan zaman) və hazırkı vəziyətdə yaşayış məntəqələri torpaqları kateqoriyasına aid xüsusi mülkiyyətdə olmaqla həyətyanı məqsədi üçün verilmişdir və həyətyanı kimi istifadə edilir. Belə olan halda cavabdehin imtinasında qeyd edilən hüquq müəyyənedici sənədin arxivdə aşkar olunmaması səbəsi ilə imtina edilməsi qanuna zidd hesab edilir. Cavabdehin imtinasında və etirazında qeyd edilən sözügedən torpaq sahəsi ilə bağlı digər istifadəçilərlə iddiaçının arasında mübahisənin mövcud olması iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasında imtina üçün əsas ola bilməz. Üçüncü şəxs X3 məhkəmə iclasları zamanı mübahisəli torpaq sahəsinə dair hər hansı hüquq müəyyənedici sənəd məhkəməyə təqdim etməmiş, bundan başqa məhkəmə tərəfindən verilmiş sorğular nəticəsində mübahisəli torpaq sahəsi ilə əlaqədar X2 xeyrinə hüquqmüəyyənedici sənəd aşkar edilməmişdir. Gələcəkdə istifadəçilər ilə mülkiyyətçi arasında yaranan mübahisələr mülki mühakimə icraatı qaydasında həll edilə bilər. Bu əsasla cavabeh inzibati orqanın iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasından imtansını məhkəmə qanuna müvafiq hesab etmir. Qərardan üçüncü şəxs X3 tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə 13 saylı Şirvan ərazi idarəsinə ərizə ilə müraciət edərək, ünvan 1 ünvanda yerləşən, (ata yurdunun normadan artıq torpaq sahəsindən mülkiyyətinə verilən) 0.06 ha torpaq sahəsini qeydiyyata alınmasını xahiş etmiş, lakin ərazi idarəsi təqdim etdiyi hüquqi sənədlərini qeydiyyata almadan imtina edərək, mülkiyyətinə verilən 0.06 ha torpaq sahəsinə digər istifadəçilərin heç bir hüquqi sənədləri olmadan arasında mübahisə kimi qeyd etmişdir. Sabirabad şəhərində vətəndaşların qanuni istifadəsindəki həyətyanı torpaq sahəsinin onların mülkiyyətinə verilməsi ilə bağlı Dövlət Yerquruluşu Layihə İnstitutunun mütəxəsisləri tərəfindən Sabirabad Rayon İcra Hakimiyyəti başçısının Sabirabad şəhər üzrə nümayəndəsi, Sabirabad bələdiyyəsi, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sabirabad rayon şöbəsinin vəkalətli nümayəndələri ilə birlikdə hazırlanmış və həmin orqanların rəhbərləri ilə razılaşdırılmış, Sabirabad rayon Aqrar İslahat Komissiyasının sədri tərəfindən təsdiq edilmiş və Sabirabad rayon İHB-nın 16 avqust 2010-cu il tarixli 61 nömrəli sərəncamı ilə torpaq sahələrinin plan və ölçüləri tərtib edilərək, vətəndaşlara verilmişdir. 13 saylı Şirvan Ərazi idarəsinin onun mülkiyyət hüquqlarını qeydə almaması ilə bağlı hərəkətlərini əsassız hesab edir. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, təqdim edilmiş sənədlərlə bağlı Dövlət Arxivinə sorğu ünvanlanmış və sorğunun cavabına əsasən həmin sənədlərə aid məlumatlar arxidə aşkar edilməmişdir. Göstərilən səbəbdən müraciətin icrası qeyri-mümkündür. Əlavə olaraq qeyd edilir ki, təqdim edilmiş sənədlər əsasında texniki inventarlaşdırılmanın aparılması məqsədilə Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən daşınmaz əmlaka baxış keçirilməli və müvafiq olaraq daşınmaz əmlakın həmin tarixə mövcud texniki vəziyyətini, habelə torpaq sahəsinin sərhədləri və qonşuluqları barədə məlumatları əks etdirən müayinə aktı tərtib edilməli, torpaq sahəsinin planı və ölçüsünün hazırlanmasından ötrü işlər aparılmalıdır. Ərizəyə əlavə olunmuş sənədlərdən müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsi ilə bağlı digər istifadəçilərlə mübahisə mövcuddur. Bu səbəbdən torpaq sahəsinin yerində baxış keçirilməsinə, ölçü işlərinin aparılmasına şərait yaradılmamış və mübahisəli hal qeydə alınmışdır. Apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxs apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, iddiaçının öz adına qeydə alınmasını tələb etdiyi torpaq sahəsi valideynlərindən qalmış miras əmlak olmaqla miras kütləsinə daxil olmasına baxmayaraq, birinci instansiya məhkəməsi işin bu halına əhəmiyyət verməmişdir. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında apellyasiya şikayətini qəbul etməmiş və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Üçüncü şəxs apellyasiya şikayətini müdafiə etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -Sabirabad Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli sərəncamından və həmin qurumun tarixsiz və nömrəsiz məktubundan görünür ki, Sabirabad rayon Aqrar İslahat Komissiyasının qərarı yenidən işlənmiş və torpaq sahələrinin plan və ölçülərinin tərtib edilməsi üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə təqdim edilmişdir. -Sabirabad RİHB tərəfindən təsdiq edilmiş Sabirabad şəhəri üzrə həyətyanı torpaq sahəsi almaq hüququ olan subyektlərin siyahısından görünür ki, iddiaçının adı 4767-ci sırada qeyd edilməklə, 0.06 ha torpaq sahəsi qeyd edilmişdir. -“Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, Sabirabad Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli sərəncamı ilə verilmiş 0.06 ha torpaq sahəsinin ölçüləri iddiaçının adına işlənmişdir. -Sabirabad RİH Sabirabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 686 nömrəli arayışında bildirilir ki, X3 ailə üzvləri il birlikdə ünvan 1 nömrəli evdə yaşayır. -Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/9745 nömrəli ekspert rəyində qeyd edilmişdir: -xx.xx.2014-cü il tarixli, A № 503973 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında İddiaçı ayrılmış 600.03 kv.m torpaq sahəsinin döngə nöqtə koordinatları naturada müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir; xx.xx.2014-cü il tarixli, A № 503973 nömrəli “torpaq sahəsinin pləm və ölçüsü” sənədi əsasında İddiaçı ayrılmış 600.03 kv.m torpaq sahəsinin 2014-cü ildəki (torpaq sahəsi ayrılan zaman) və hazırkı vəziyətdə yaşayış məntəqələri torpaqları kateqoriyasına aid xüsusi mülkiyyətdə olmaqla həyətyanı məqsədi üçün verilmişdir və həyətyanı kimi istifadə edilir; xx.xx.2014-cü ii tarixli, A № 503973 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında İddiaçı ayrılmış 600.03 kv.m torpaq sahəsi faktiki olaraq onun özünün, ailə üzvlərinin və qardaşının birgə istifadəsindədir. Yəni bir həyətdə (evdə) yaşayıb istifadə edirlər; xx.xx.2014-cü il tarixli, A № 503973 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında İddiaçı ayrılmış 600.03 kv.m torpaq sahəsinin koordinatları onun (qardaşı ilə birlikdə) istifadəsində (sahibliyində) olan həyətyanı torpaq sahəsinin koordinatlarının hüdudları daxilindədir; xx.xx.2014-cü il tarixli, A № 503973 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında İddiaçı ayrılmış 500.03 kv.m torpaq sahəsi kommunikasiya xətlərinin mühafizə zolağına düşmür. Göründüyü kimi mübahisəli torpaq sahəsinin iddiaçıya verilməsi zamanı qanunvericiliyin tələbləri pozulmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlətqeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. -4.3. 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. -8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: -8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; -12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin yeganə dəlilinə münasibətdə qeyd edir ki, üçüncü şəxs qeydə alınması tələb olunan torpaq sahəsinin miras əmlak olmaqla, həmin əmlaka hüquqlu olmasını təsdiq edən hər-hansı mötəbər sübut təqdim etməmişdir. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 2-1(120)-379/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-344/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-344/2025
25.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver