Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-347/2023 20.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Əhmədov Pərviz Tərlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əliyeva Nərmin Ramiz qızının, İddiaçı, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının nümayəndəsi Miriyeva Fərəh Rafiq qızının iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 2-1(120)-504/2023 nömrəli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək ikinci dərəcə əlilliyinin dayandırıldığı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Hilal Nəcəfov) 07 iyun 2023-cü il tarixli, 2- 1(120)-504-2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı ikinci dərəcə əlilliyinin dayandırıldığı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, o, 1966-1969-cu, 1971-1974-cü və 1976- 1996-cı illərdə Saatlı rayonu “Adıgün” adına kolxozda işləmişdir. xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. O, yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən iddiaçının 1966-cı il tarixdən 1969-cu il tarixədək, 1971-ci il tarixdən 1974-cü il tarixədək olan dövr və 1987-ci il üzrə Saatlı rayonu “Adıgün” adına kolxozdakı əmək fəaliyyəti dövrlərinin ümumi iş stajına daxil edilməsinin mümkün olmaması və bu səbəbdən də ümumi iş stajının 22 il 25 gün təşkil etməsi əsas gətirilərək imtina cavabı verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(86)-398/2013 nömrəli qərarı ilə İddiaçı iddiası təmin olunaraq onun 1976-1996-cı illərdə Saatlı rayonu “Adıgün” adına kolxozda işlədiyi dövrlər sığorta stajı kimi qəbul edilmiş və əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Fondun Saatlı rayon şöbəsinin üzərinə qoyulmuşdur. Məhkəmə qərarının surətinə əsasən iddiaçı sığorta stajını təsdiq edən sənəd kimi 1976-1996-cı illərdə Saatlı rayonu “Adıgün” adına kolxozda işləməsi barədə Azərbaycan Respublikası Saatlı rayon Dövlət Arxivinin xx.xx.2013-cü il tarixli, 17 nömrəli arayışını təqdim etmişdir. Həmin arayışda iddiaçının 1976-cı il tarixdən 1996-cı il tarixədək Saatlı rayonu “Adıgün” adına kolxozda əmək fəaliyyəti dövrü qeyd edilmişdir. İddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2022-ci il Mərkəzi Filiala daxil olmuş ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikasının Dövlət Arxivinin Şirvan Filialının xx.xx.2022-ci il tarixli, 104 nömrəli arayışına əsasən onun 1966-cı il tarixdən 1996-cı il tarixədək Saatlı rayon “Adıgün” adına kolxozda işləməsi qeyd edilmişdir. Eyni zamanda xx.xx.2013-cü il tarixli, 17 nömrəli arxiv arayışında iddiaçının 1976-cı il üzrə kolxozda yerinə yetirdiyi minimum adam günü 56 gün qeyd edilsə də, sonradan təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 104 nömrəli arxiv arayışında iddiaçının 1976-cı il üzrə yerinə yetirdiyi adam günü 156 gün göstərilmişdir. Həmçinin xx.xx.2022- ci il tarixli, 104 nömrəli arxiv arayışında iddaçının 1966-cı il tarixdən1969-cu il tarixədək, 1971-ci il tarixdən 1974-cü il tarixədək və 1987-ci il üzrə kolxozda əmək fəaliyyəti dövrü sonradan əlavə edilmişdir. Bütün bu hallar nəzərə alınmaqla iddiaçının təqdim etdiyi xx.xx.2022-ci il tarixli, 104 nömrəli arxiv arayışının mötəbərliyinə əsaslı şübhələr olduğu üçün arayışda qeyd olunmuş ümumilikdə 1966-cı il tarixdən 1974-cü il tarixədək və 1987-ci il üzrə Saatlı rayonu “Adıgün” adına kolxozdakı əmək fəaliyyəti dövrlərinin onun ümumi iş stajına daxil edilməsi mümkün hesab edilmir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi Miriyeva Fərəh Rafiq qızı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, o, 1966-1969-cu və 1971-1974-cü illərdə orta məktəbdə oxuduğu zaman məktəbli olsa da, sözügedən kolxozda dərslərdən sonra, əsasən də dərslərin olmadığı yay aylarında işlədiyini, işlədiyi faktiki günlərə müvafiq də ona əmək günü yazıldığını qeyd edir. O, 1974cü ildə hərbi xidmətə gedənə qədər kolxozda işləmiş, 1974-1976-cı illərdə hərbi xidmətdə olmuş, hərbi xidməti başa çatdıqdan sonra 1976-cı ildə kolxozda işləməyə başlamış və 1996-cı il tarixə qədər eyni kolxozda fəaliyyətini davam etdirmişdir. 2013-cü il tarixdə əlillik təyin edilməsi üçün arxiv idarəsindən stajını təsdiq edən sənədləri almış, lakin oxumağı və yazmaq bacarığı olmadığı üçün staj illərinə diqqət yetirməmişdir. Eyni zamanda əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün həmin arxiv arayışında göstərilən müddətlər kifayət etdiyindən o, arxiv arayışında hansı dövrün göstərilməsinin fərqinə varmamışdır. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə Özbəkistan Respublikasının İştixan rayonunda doğulmuş, Saatlı rayonu, Nəsimikənd kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Şirvan İnzibati-İqtisadi Məhkəməsinin (hakim Fikrət Mehdiyev) 04 aprel 2013-cü il tarixli, 2-1(86)-398/2013 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı 1976- 1996-cı illərdə Saatlı rayonu “Adıgün” adına kolxozda işləməsi staj kimi müəyyən edilərək ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. İşdə olan Pensiya Alt Sistemi çıxarışından görünür ki, İddiaçı əlilliyə görə pensiya müddətinin tarixi xx.xx.2021-ci il müəyyən edilmişdir. İşdə olan Dövlət Arxivinin Şirvan filialının xx.xx.2022-ci il tarixli, 104 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1966-1969-cu, 1971-1974-cü və 1976-1996-cı illərdə Saatlı rayonu “Adıgün” adına kolxozda işləmişdir İşdə olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 135 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmət keçmişdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********1 nömrəli imtina məktubunda qeyd olunmuşdur ki, iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmadığı və ümumi sığorta stajının qanunla nəzərdə tutulandan az (cəmi 22 il 25 gün) olduğu səbəbindən cavabdeh tərəfindən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********8 nömrəli məktubdan görünür ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(86)- 398/2013 nömrəli qərarı ilə İddiaçı iddiası təmin olunaraq onun 1976-1996-cı illərdə Saatlı rayonu “Adıgün” adına kolxozda işlədiyi dövrlər sığorta stajı kimi qəbul edilmiş və əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsinin üzərinə qoyulmuşdur. Məhkəmə qərarının surətinə əsasən iddiaçı sığorta stajını təsdiq edən sənəd kimi 1976-1996-cı illərdə Saatlı rayonu “Adıgün” adına kolxozda işləməsi barədə Azərbaycan Respublikası Saatlı rayon Dövlət Arxivinin xx.xx.2013-cü il tarixli, 17 nömrəli arayışını təqdim etmişdir. Həmin arayışda iddiaçının 1976-cı il tarixdən 1996-cı il tarixədək Saatlı rayonu “Adıgün” adına kolxozda əmək fəaliyyəti dövrü qeyd edilmişdir. İddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2022-ci il tarixdə Mərkəzi Filiala daxil olmuş ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikasının Dövlət Arxivinin Şirvan filialının xx.xx.2022-ci il tarixli, 104 nömrəli arayışına əsasən onun ümumilikdə 1966-cı il tarixdən 1996-cı il tarixədək Saatlı rayon “Adıgün” adına kolxozda işləməsi qeyd edilmişdir. xx.xx.2013-cü il tarixli, 17 nömrəli arxiv arayışında iddiaçının 1976-cı il üzrə kolxozda yerinə yetirdiyi minimum adam günü 56 gün qeyd edilsə də sonradan təqdim edilimiş xx.xx.2022-ci il tarixli, 104 nömrəli arxiv arayışında iddiaçının 1976-cı il üzrə yerinə yetirdiyi adam günü 156 gün göstərilmişdir. xx.xx.2022-ci il tarixli, 104 nömrəli arxiv arayışında iddaçının 1966-cı il tarixdən 1969-cu il tarixədək, 1971-ci il tarixdən 1974-cü il tarixədək və 1987-ci il üzrə kolxozda əmək fəaliyyəti dövrü sonradan əlavə edilmişdir. İddiaçının təqdim etdiyi xx.xx.2022-ci il tarixli, 104 nömrəli arxiv arayışının mötəbərliyinə əsaslı şübhələr olduğu üçün arayışda qeyd olunmuş 1966-cı il tarixdən 1969-cu il tarixədək, 1971-ci il tarixdən 1974-cü il tarixədək və 1987-ci il üzrə Saatlı rayonu “Adıgün” adına kolxozdakı əmək fəaliyyəti dövrlərinin onun ümumi iş stajına daxil edilməsi mümkün hesab edilmir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin Pensiya Alt Sisteminə əsasən iddaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixə fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının təqdim etdiyi Şirvan İnzibati- İqtisadi Məhkəməsinin 2-1(86)-398/2013 nömrəli qərarına əsasən 20 il əmək fəaliyyəti dövrü və xx.xx.2022-ci il tarixli, 135 nömrəli arayışa əsasən 2 il 25 gün hərbi xidmət dövrü nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 22 il 25 gün mübahisələndirilməyən ümumi iş stajı vardır İşdə olan Dövlət Arxivinin Şirvan filialı tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 494 nömrəli məktub və ona əlavə olunmuş Saatlı rayon “Adıgün” adına kolxozun “Kolxozçuların əmək stajı və qazanc uçotu” kitabından çıxarış vərəqində qeyd edilmişdir ki, İddiaçı 1966-1969-cu, 1971-1974-cü, 1976-1996-cı illərdə kolxozda işləmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Şirvan- Salyan Regional filialının aparıcı mütəxəssisi Aşurov Müşfiq Əlidadaş oğlunun və Dövlət Arxivinin Şirvan şəhər filialının direktoru vəzifəsini müvəqqəti icra edən Məmmədova Nəsibə Nəsib qızının birgə iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, İddiaçı 1966-1996-cı il tarixlərdə Saatlı rayonu “Adıgün” adına kolxozda sığorta stajına daxil olan əmək stajını yerində qarşılıqlı yoxlanılmış və müəyyən edilmişdir ki, Saatlı rayonu “Adıgün” adına kolxozun protokol kitabları Dövlət Arxivinin Şirvan filialına təhvil verilməmişdir. Bu səbəbdən İddiaçı kolxoza işə qəbul və işdən çıxma tarixlərini müəyyən etmək mümkün olmamışdır. Saatlı rayonu “Adıgün” adına kolxozun Dövlət Arxivinin Şirvan şəhər filialında mühafizə olunan kolxoz üzvlərinin hesablaşma kitablarında İddiaçı ümumilikdə 1966-1996-cı illər üzrə əmək fəaliyyəti araşdırılmış, araşdırma zamanı kolxozun kolxoz üzvlərinin hesablaşma kitablarının 1966-1974-cü və 1976-1996-cı illərin əmək fəaliyyətinə aid cədvəllərində İddiaçı (ata adı göstərilməyib) adına rast gəlinmişdir. İddiaçı adı və soyadında, eyni zamanda əmək fəaliyyəti barədə cədvəllərdəki bəzi rəqəmlərdə qaralamalar edilmişdir. (Arxiv arayışı və kolxoz üzvlərinin hesablaşma kitablarında 1966- 1996-cı illərə aid əmək fəaliyyəti barədə cədvəllərin təsdiq olunmuş surətləri iş materiallarına əlavə olunmuşdur). Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sosial sığorta stajı-əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) (maddə 7). İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə kişilərə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan 65 yaşı tamam olmuşdur. xx.xx.2021-ci il tarixədək ikinci dərəcə əlilliyə görə əmək pensiyası almışdır. İddiaçı 25 illik sığorta stajına malik olmasını təsdiqləyən sübut kimi arxiv arayışına və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsi tərəfindən verilmiş arayışa istinad edir. Tərəflər arasında mübahisə Dövlət Arxivinin Şirvan filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 104 nömrəli arxiv arayışının 1966-cı il tarixdən 1969-cu il tarixədək, 1971-ci il tarixdən 1974-cü il tarixədək və 1987-ci il üzrə Saatlı rayonu “Adıgün” adına kolxozdakı əmək fəaliyyəti dövrlərini əhatə edən sığorta stajını təsdiqləmək üçün kifayətedici və mötəbər sübut kimi qəbulunun mümkünlüyü ilə bağlı meydana çıxmışdır. Arxiv arayışında qeyd edilmiş illərin mötəbərliyi ilə bağlı cavabdehin dəlili əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına əsasən əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə əmək pensiyası növü üzrə pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. sənədlər təqdim olunur. Bu Qaydalarda tələb edilən sənədlər siyahısında ümumi iş stajını təsdiq edən istənilən sənədin təqdim edilməsi nəzərdə tutulmuşdur. Sözügedən arxiv arayışının kifayətedici sübut kimi qəbulunun mümkünlüyü ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının kolxozdakı iş stajı aşağıdakı qaydada nəzərə alınmalıdır. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 15 may 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 23 sentyabr 1992-ci il tarixdə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda (6 mart 2007-ci il tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 1966-1969-cu, 1971-1974-cü və 1976-1996-cı illərə dair təqdim etdiyi arxiv arayışındakı məlumatlar iddiaçının işlədiyi kolxozda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu yuxarıda istinad edilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktiki müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. İddiaçının adına verilmiş arxiv arayışının məlumatları nəzərə alındıqda müəyyən edilir ki, Saatlı rayonu “Adıgün” kolxozunda minimum əmək günü (iş günü) norması 1966- 1987-ci illərdə 240 adam günü, 1988-1996-cı illərdə isə 220 adam günü olmuşdur. Buna qarşılıq, iddiaçı tərəfindən minimum əmək iştirakı norması 1973-cü və 1977-1996-cı illərə münasibətdə yerinə yetirildiyindən həmin illər ona tam əmək stajı kimi, yəni 21 il hesablanmalıdır. 1966-1969-cu, 1971-1972-ci, 1974-cü və 1976-cı illərə münasibətdə iddiaçı minimum əmək iştirakı normasından az işləmişdir. Ona görə də həmin illər ona tam əmək stajı kimi hesablana bilməz. Həmin illər iş stajına yalnız faktiki müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktiki müddət üzrə hesablama faktiki işlənmiş günlərin sayının cəminin 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. İddiaçının 1966-1969-cu və 1971-1972-ci illərdə faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir – (60+53+80+90+103+180) x 12 = 6792 / 240 = 28,3 ay (≈ 2 il, 4 ay 9 gün). İddiaçının 1974-cü ildə faktiki işlədiyi müddət üzrə iş stajı isə aşağıdakı qaydada müəyyən edilir – 129 x 12 = 1548 / 240 = 6,45 ay (≈ 6 ay 14 gün). İddiaçının 1976-cı ildə faktiki işlədiyi müddət üzrə iş stajı isə aşağıdakı qaydada müəyyən edilir – 156 x 12 = 1872 / 240 = 7,8 ay (≈ 7 ay 2 gün). İddiaçının kolxozda işlədiyi 1974-cü və 1976-cı illərə münasibətdə məhkəmə kollegiyası qeyd edir, iddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olmuşdur. Hərbi xidmətə gedənə qədər (xx.xx.1974-cü il tarixədək) kolxozda işləmiş, hərbi xidmətdən qayıtdıqdan sonra (xx.xx.1976-cı il tarixdən) həmin kolxozda fəaliyyətini davam etdirmişdir. İddiaçının 1974-cü ildə hərbi xidmətə gedənə qədər faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir –129 x 12 = 1548 / 240 = 6,45 ay (≈ 6 ay 14 gün). İddiaçının 1976-cı ildə hərbi xidmətdən qayıtdıqdan sonra faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir –156 x 12 = 1872 / 240 = 7,8 ay (≈ 7 ay 2 gün). Göründüyü kimi, iddiaçının 1974-1976-cı illərdə kolxozda işlədiyi müddət onun hərbi xidmətdə olduğu müddət (xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək) ilə birlikdə (3 il) iddiaçının sığorta stajına daxil edilməlidir. Beləliklə, bu qaydada hesablama nəticəsində iddiaçının hərbi xidmətdə olduğu müddətlə birlikdə 1966-1996-cı illərdə kolxozda işləyərkən faktiki müddət nəzərə alınmaqla aparılmış hesablama nəticəsində ümumilikdə 26 il 4 ay 9 gün sığorta stajının olduğu müəyyən edilir ki, bu da, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Apellyasiya şikayətinin dəlillərində cavabdeh inzibati orqan qeyd edir ki, təqdim edilmiş arxiv arayışında iddiaçının 1976-cı il üzrə kolxozda yerinə yetirdiyi minimum adam günü 56 gün qeyd edilsə də, sonradan təqdim edilmiş arxiv arayışında iddiaçının 1976-cı il üzrə yerinə yetirdiyi adam günü 156 gün göstərilmişdir. Həmçinin arxiv arayışında iddaçının 1966-cı il tarixdən 1969-cu il tarixədək, 1971-ci il tarixdən 1974-cü il tarixədək və 1987-ci il üzrə kolxozda əmək fəaliyyəti dövrü sonradan əlavə edilmişdir. Məhkəmə kollegiyası mübahisələndirilən həmin dövrlərə münasibətdə qeyd edir ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli məhkəmə iclası zamanı Dövlət Arxivinin Şirvan filialı tərəfindən arxiv sənədlərinin əsilləri baxış üçün təqdim edilmişdir. Sədrlik edən təqdim olunmuş sənədlərin əslinə baxış keçirmiş və baxış zamanı cavabdehin qeyd etdiyi şübhəli hallar müəyyən edilməmişdir (“Kolxozçuların əmək stajı və qazanc uçotu” kitabından iddiaçının adi ilə aşkarlanan vərəqlərin surətləri işə əlavə edilmişdir). Həmçinin cavabdeh inzibati orqan qeyd edilənlərlə əlaqədar mötəbər sübut təqdim etməmişdir. Eyni zamanda məhkəmə kollegiyası mübahisələndirilən 1987-ci ilə münasibətdə qeyd edir ki, (cavabdeh inzibati orqanın özünün də apellyasiya şikayətində qeyd etdiyi kimi) Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 04 aprel 2013-cü il tarixli, 2-1(86)-398/2013 nömrəli qərarı ilə iddiaçının 1976-1996-cı illərdə Saatlı rayonu “Adıgün” adına kolxozda işlədiyi dövrlər sosial sığorta stajı kimi qəbul edilmiş və Dövlət Sosial Müdafiə Fondu tərəfindən ona əlilliyə görə pensiya təyin edilmişdir. Məhkəmə kollegiyası iddiaçının 1966-1969-cu illərdə Saatlı rayon “Adıgün” adına kolxozda işlədiyi müddətə münasibətdə əmək hüququnun 14 yaşdan sonra yaranması əsası ilə iddiaçının həmin yaşa qədər işlədiyi müddətin sosial sığorta stajına daxil edilməməsinə dair cavabdehin dəlilini əsaslı hesab etmir. Belə ki, iddiaçının 1966-1969-cu illərdə icazə verilən yaş həddinə çatmaması onun həmin illərdə kolxozda işləməsi faktını dəyişdirmir. İddiaçının həmin illərdə işlədiyi halda icazə verilən yaş həddinə çatmaması onun ziyanına qiymətləndirilə, bu səbəbdən onun əmək pensiyası hüququ məhdudlaşdırıla bilməz. İddiaçı 1966-1969-cu illərdə məktəbli olsa da, sözügedən kolxozda dərslərdən sonra, əsasən də dərslərin olmadığı yay aylarında işlədiyini, işlədiyi faktiki günlərə müvafiq də ona əmək günü yazıldığını qeyd edir. İş materiallarından da görünür ki, sözügedən kolxozda iddiaçının 1966-cı ildə faktiki əmək günü 60 gün, 1967-ci ildə faktiki əmək günü 53 gün, 1968-ci ildə faktiki əmək günü 80 gün, 1969-cu ildə faktiki əmək günü 90 gün olmuşdur. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən bunun əksi sübuta yetirilməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, cavabdehin imtinası əsassızdır. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 2-1(120)-504/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-347/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-347/2023
20.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver