Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-349/2025 29.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X6 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 13 fevral 2025-ci il tarixli, 2-1(120)-1697/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiya fərqinin ödənilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü ildən təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyası ilə həmin vaxta qədər aldığı yaşa görə əmək pensiyasının arasındakı fərqin xx.xx.2023-cü ildən əvvəlki 3 il üçün hesablanıb ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (A.Hüseynova) 13 fevral 2025-ci il tarixli, 2-1(120)- 1697/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qüvvədə olan qanunvericiliyin tələblərinə görə əmək pensiyası şəxsin onu almaq hüququ yarandığı gündən və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə təyin edilir. İddiaçı yaşa görə pensiya almış, sonradan cavabdeh inzibati orqana müraciət edərək ailə başçısını itirməyə görə pensiyanın ona təyin olunmasını xahiş etmişdir, yəni bir pensiya növündən digər pensiya növünə keçmişdir. İddiaçıya yaşa görə pensiya aldığı vaxtlarda onun ailə başçısını itirməyə görə pensiya (daha artıq məbləğdə) almaq hüququ artıq yaranmış, lakin sonuncu həmin hüquqdan həmin vaxt istifadə etməmişdir. İddiaçının artıq qazanılmış hüququndan, hüququnun yarandığı zaman istifadə etməməsi onun pensiya hüququnun məhdudlaşdırılması ilə nəticələnməməlidir. Qərardan cаvаbdеh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum həyat yoldaşı X4 Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində müxtəlif vəzifələrdə işləmiş və 2004-cü ildə vəfat etmişdir. O, vəfat edən zamandan çoxuşaqlı ana kimi təqaüd almışdır. Lakin savadı olmadığı üçün bununla bağlı o heç bir orqana müraciət etməmişdir. 19 oktyabr 2023-cü il tarixdə “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.17-ci maddəsinin 01 yanvar 2024-cü il tarixədək qüvvədə olan redaksiyasına uyğun olaraq mərhum həyat yoldaşının müvafiq təminat xərcliyinin (891.03) 80 faizi-712.82 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilib və Mərkəzi Filiala müraciət etdiyi 19 oktyabr 2023-cü il tarixdən hesablanmağa başlanılmışdır. Həmin təqaüd ona keçən illərə görə də - yəni X1 2004-cü ildə öldüyü vaxtdan hesablanılıb ödənilməlidir. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçıya 30 noyabr 2024-cü il tarixədək (aylıq pensiya məbləği 327,21 manat) yaşa görə əmək pensiyası ödənilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Qanunun 34.2-ci maddəsinə əsasən, əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərin təqdim edildiyi tarixdən hesablanmaqla aparılır. Mərkəzi Filial tərəfindən iddiaçıya 19 oktyabr 2023-cü il tarixdə Qanunun 20.17-ci maddəsinin 1 yanvar 2024-cü il tarixədək qüvvədə olan redaksiyasına uyğun olaraq, mərhum X2 müvafiq təminat xərcliyinin (891,03 manat) 80 faizi-712,82 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilib və Mərkəzi Filiala müraciət etdiyi 19 oktyabr 2023-cü il tarixdən hesablanıb. Bununla əlaqədar olaraq, ötən dövr üzrə ödənilməli olan 547,32 manat pul vəsaiti müəyyən edilib. Həmin 547,32 manat pul vəsaiti 2023-cü ilin dekabr ayında əmək pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülüb. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlili imtina aktının və iddiaya qarşı etirazın məzmunu ilə eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi əvvəlki məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1951-ci il tarixdə anadan olmuşdur. -xx.xx.2022-ci il tarixli, 3606 nömrəli arayışın surətindən görünür ki, X4 ilə X5 25.0.1969-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. -AZ-İ 469130 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2004-cü il tarixdə ölmüşdür. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli “Əmək pensiyasının təyin edilməsi haqqında Qərar”ından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsi əsas götürülməklə ailə başçısını itirməyə görə 712,82 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (maddə 149). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: -14.1-ci maddəsinə əsasən, vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə, ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. -17.1-ci maddəsinə əsasən, ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. -5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. -34-cü maddəsinə əsasən, əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. -32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 6.2-ci bəndinə əsasən pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1-dən ödənilir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddiaçının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ cavabdehə rəsmi müraciət etdiyi tarixdən (xx.xx.2023) əvvəl yaransa da, pensiya növünü öz seçiminə görə məhz həmin tarixdən dəyişmək qərarına gəlmişdir. Bu halda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinin tələbləri iddiaçıya şamil edilməlidir. Qeyd olunur ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli araşdırma aparılmışdır və qəbul edilmiş qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Apellyasiya şikayətində isə imtina aktı və iddiaya qarşı etiraz dəlilləri təkrarlanmışdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 13 fevral 2025-ci il tarixli, 2-1(120)-1697/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-349/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-349/2025
29.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver