Məhkəmə qərarları › İş №2-1(106)-352/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-352/2024

15.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-352/2024 15.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Firdusi oğlunun sədrliyi ilə, Hakimlər Hüseynov Fikrət Cilingir oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 06 mart 2024-cü il tarixli, 2-1(120)-194/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı rayonun sabiq “Hüseynhacılı” tərəvəzçilik-südçülük sorxozunun 24 sentyabr 1992-ci il tarixli, 125/2 nömrəli əmrinə və 24 sentyabr 1992-ci il tarixli təkim aktına əsasən verilmiş 0.08 ha torpaq sahəsinə mülkiyyət hüququnun tanınaraq həmin torpaq sahəsinin adına rəsmiləşdirilərək daşınmaz əmlaka dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsinin bir vəzifə olaraq cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşmmaz Əmlakm Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İşin hazırlıq icraatı mərhələsində iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Masallı rayonu sabiq “Hüseynhacılı” tərəvəzçilik-südçülük sovxozunun 24 sentyabr 1992-ci il tarixli, 125/2 nömrəli əmrinə əsasən ona ayrılmış 0.08ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi ilə əvəz olunmuşdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Masallı rayon Viləş bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi olmadığı üçün 1992-ci ildə ərizə ilə müraciət edərək fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Masallı rayonunun sabiq “Hüseynhacılı” tərəvəzçilik-südçülük sorxozunun 24 sentyabr 1992-ci il tarixli, 125/2 nömrəli əmri və 24 sentyabr 1992-ci il tarixli təhkim aktı ilə ona fərdi yaşayış evinin tikintisi üçün 0.08 ha torpaq sahəsi ayrılıb verilmişdir. Həmçinin torpaq sahəsinin hazırda onun istifadəsində olması barədə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və bələdiyyənin arayışları da vardır. Torpaq sahəsinə dövlət reyestrindən çıxarış və texniki pasport verilməsi barədə cavabdeh təşkilata müraciət etmişdir. Lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əınlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə etdiyi müraciətə düzgün baxılmayaraq əsassız olaraq həmin müraciətdən imtina edilmiş və iş üzrə sənədlər əsassız olaraq ona qaytarılmışdır. Belə ki, sənədlərin qaytarılmasına əsas isə arxiv sənədlərinin olmaması olmuşdur. Qeyd edir ki, Arxiv İdarəsinə müraciət etmişdir. Lakin sabiq “Hüseynhacılı” tərəvəzçilik-südçülük sorxozunun sənədləri, ələlxüsusda əmr kitablarının arxivə verilmədiyi müəyyən edilmişdir. Cavabdehlərin bu hərəkətləri nəticəsində onun mülkiyyətlə bağlı hüquqları kobud şəkildə pozulmuşdur. Odur ki, pozulmuş hüquqlarının bərpası ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh etiraz ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə etdiyi müraciətə cavab olaraq bildirilmişdir ki, torpaq sahəsinin qeydiyyata alınması ilə bağlı əmrin arxivdə olması barədə arxiv çıxarışı və torpaq sahəsinin yerləşmə sxemini təsdiq edən təhkim aktı təqdim edilməmişdir. Göstərilən sənədlərdəki çatışmamazlıqlara görə torpaq sahəsinin qeydiyyata alınması “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 06 mart 2024-cü il tarixli, 2-1(120)-194/2024 saylı qərarı (hakim Fehruz Abbasov) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə qarşı verdiyi etiraz ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və nəticədə əsaslı olmayan məhkəmə aktı qəbul etmişdir. Odur ki, Şirvan İnzibati Məhkəməsinin 06 mart 2024-cü il tarixli, 2-1(120)-194/2024 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 may 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsədə cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasının davam etidirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 2.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 3.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 10.2-ci maddəsinə əsasən Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 5.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanın: 1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilsin (əlavə olunur). 2-ci bəndində qeyd edilir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin “Siyahısı”: Bənd 2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ... 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın:

3. Dövlət reyestrini tərtib edən və aparan dövlət orqanı "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərtib edilir və aparılır.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2 Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.

Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.

Maddə 68. Qanuni inzibati aktın ləğv olunması 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 4 oktyabr 2016-cı il tarixli Qərarı.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Mustafayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 19 noyabr 2021cı il tarixli Qərarı.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosesual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İddiaçı tələbi Masallı rayonu sabiq “Hüseynhacılı” tərəvəzçilik-südçülük sorxozunun 24 sentyabr 1992-ci il tarixli, 125/2 nömrəli əmrinə əsasən ona ayrılmış 0.08ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, Masallı rayonunun Hüseynhacılı kəndi üzrə torpaq islahatı aparılan zaman “Hüseynhacılı” tərəvəzçilik- südçülük sovxozunun 24 sentyabr 1992-ci il tarixli, 125/2 nömrəli əmrinə və 24 sentyabr 1992-ci il tarixli təhkim aktına əsasən hazırki mübahisənin predmetinin əsasını təşkil edən 0,08 hektar həyətyanı torpaq sahəsinin İddiaçı istifadəsinə təhkim edilməsi, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında”Əsasnamənin 1-ci bəndinin tələbləri, yəni həmin həyətyanı torpaq sahəsinin əvəzsiz olaraq İddiaçı mülkiyyətinə verilməsi nəzərə alınmadan bələdiyyə mülkiyyətinə aid torpaqlara daxil edilmiş, bununla da, iddiaçının qeyd olunan torpaq sahəsi ilə bağlı qanuni əsaslarla əldə etdiyi hüquqlarına kobud şəkildə müdaxilə edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir hüquqi əsası olmadığından təmin edilə bilməz. İlk öncə hazırki iddia tələbinə münasibətdə qeyd edilməlidir ki, hazıki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirlməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. İş materialarında olan iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********37 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə ünvanladığınız 21 oktyabr 2021-ci il tarixli ərizənizə cavab olaraq bildiririk ki, əmrin arxivdə olması barədə arxiv çıxarışı və torpaq sahəsinin yerləşmə sxemini təsdiq edən təhkim aktı təqdim edilməmişdir. Məlumat üçün bildiririk ki, “Daşınmaz əmlakın dövlətreyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda göstərilən sənədlərdəki çatışmamazlıqlara görə torpaq sahəsinin qeydiyyata alınması “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən mümkün olmamışdır. Odur ki, sənədlərdəki çatışmamazlıqları aradan qaldırdıqdan sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin Masallı rayon şöbəsinə müraciət edə bilərsiniz. Bundan sonra torpaq sahəsinin qeydiyyata alınması ilə bağlı müraciətinizə qanunamüvafiq qaydada baxılacaqdır. İş materiallarında olan Masallı rayon Aqrokombinatı üzrə “Hüseynhacılı” tərəvəzçilik-südçülük sovxozunun 24 sentyabr 1992-ciil tarixli, 125/2 nömrəli əmrindən görünür ki, Hüseynhacılı sovxoz əmək kollektivi şurasının 4fevral 1992-ci il tarixli, 2 nömrəli qərarı ilə təsdiq olunmuş siyahı üzrə digər şəxslərlə birlikdə İddiaçı da 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan 24 sentyabr 1992-ci il tarixli təhkim aktından görünür ki, Hüseynhacılı” tərəvəzçilik-südçülük sovxozunun 24 sentyabr 1992-ciil tarixli, 125/2 nömrəli əmrinə əsasən İddiaçı ayrılmış 0,08 ha həyətyanı torpaq sahəsi iddiaçının istifadəsinə təhkim edilmiş və bu barədə 24 sentyabr 1992-ci il tarixli təhkim aktı tərtib edilmişdir. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti başçısının Öncəqala kənd Ərazi Dairəsi üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli, 148 nömrəli və xx.xx.2024-cü il tarixli, 5-66-24/2-14/2024 nömrəli məktublarına əsasən Əsədov X1 rayonu Hüseynhacılı kənd sakinidir və Hüseynhacılı kəndində ona məxsus 0,08 ha torpaq sahəsi və 2005-ci ildə tikilmiş iki mərtəbəli fərdi yaşayış evi vardır. İş materiallarında olan Masallı rayon Viləş bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 02 nömrəli və xx.xx.2023-cü il tarixli, 62 nömrəli arayışlarında bildirilir ki, Əsədov X1 rayonu Hüseynhacılı kəndində tikdiyi evində yaşayır, həmin evin yerləşdiyi torpaq sahəsinə heç bir tələb və şikayətləri yoxdur, qeyd olunan torpaq sahəsinin İddiaçı adına reyestrdə qeydə alınmasına etiraz etmirlər. İş materiallarında olan Masallı Rayon Dövlət Arxivinin 21 oktyabr 2021-ci il tarixli, 441 nömrəli arayışında bildirilmişdir ki, sabiq Hüseynhacılı sovxozunun sənədləri, o cümlədən sovxozun əmr kitabları Masallı Rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2023-cü il tarixli 10/2007 nömrəliekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyində aşağıdakılar bildirilir: Qərardadın birinci və üçüncü sualları üzrə: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 08 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-1642/2023 saylı mütəxəssis rəyinə əsasən, Masallı rayonun sabiq “Hüseynhacılı” tərəvəzçilik-südçülük sovxozunun 24 sentyabr 1992-ci il tarixli, 125/2 nömrəli əmrinə əsasən İddiaçı fərdi yaşayış evinin tikintisi üçünayrılması kimi iddia olunan və iddiaçının naturada göstərdiyi 0,16 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsinin koordinatları naturada müəyyən edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən həmin torpaq sahəsinin yaşayış məntəqələri kateqoriyasına aid, bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olduğu müəyyən edilmişdir. Məhkəmə araşdırılması zamanı işdə olan sənədlərdən və tərəflərin verdiyi izahatlardan məlum olur ki, Masallı rayonunun Hüseynhacılı kəndi üzrə torpaq islahatı aparılan zaman “Hüseynhacılı” tərəvəzçilik- südçülük sovxozunun 24 sentyabr 1992-ci il tarixli, 125/2 nömrəli əmrinə və 24 sentyabr 1992-ci il tarixli təhkim aktına əsasən hazırki mübahisənin predmetinin əsasını təşkil edən 0,08 hektar həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmiş və İddiaçı sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan “Hüseynhacılı” tərəvəzçilik- südçülük sovxozunun 24 sentyabr 1992-ci il tarixli, 125/2 nömrəli əmrinin arxivdə olması barədə arxiv çıxarışının və torpaq sahəsinin yerləşmə sxemini təsdiq edən təhkim aktının təqdim edilməməsini əsas gətirərək müraciətin icrasından imtina etmişdir. Məhkəmə kollegiyası müəyyən etdiyi işin faktiki hallarını yuxarıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirərək belə qənaətə gəlir ki, cavabdeh orqan “Hüseynhacılı” tərəvəzçilik- südçülük sovxozunun 24 sentyabr 1992-ci il tarixli, 125/2 nömrəli əmri ilə İddiaçı ayrılmış 0,8 ha torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından və reyestrdən çıxarışın verilməsindən imtina edərkən şərh olunan hüquq normalarının tələblərini pozmuş və iddiaçının hüquqlarına əsassız olaraq müdaxilə etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə hazırki mübahisə Mülki Məcəllənin 139-1 və həmin Qanunun 8, 10 və 12-ci maddələrinin tələblərinə uyğun həll edilməlidir. Belə ki, Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.1-ci maddəsində göstərilmişdir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bu qayda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin “Siyahısı”nın 2.5-ci bəndinə əsasən yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas, yəni "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində nəzərdə tutulan əsaslardan heç biri müəyyən edilməmişdir. Bunun əksi olaraq sözügedən torpaq sahəsi üzərində hüququn qeydə alınması üçün kifayət qədər faktiki və hüquqi əsaslar müəyyən olunmuşdur. Belə ki, sözügedən 0,08 ha torpaq sahəsi iddiaçıya Hüseynhacılı” tərəvəzçilik- südçülük sovxozunun 24 sentyabr 1992-ci il tarixli, 125/2 nömrəli əmri ilə ayrılmışdır. Həmin sənəd qüvvədədir və ləğv olunmamışdır, eyni zamanda yuxarıda qeyd edilən hüquq normalarının tələbinə görə həmin sənəd hüquqların qeydiyyata alınması üçün əsasdır. Qeyd olunan sənədin qeyridəqiqliyi, sənəddə nöqsan olması, onun saxtalığı və digər bu kimi halların mövcud olması cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə qanunçuluq və etimad prinsipinə əsaslanaraq onu da qeyd edir ki, iddiaçının adına tərtib edilmiş Hüseynhacılı” tərəvəzçilik- südçülük sovxozunun 24 sentyabr 1992-ci il tarixli, 125/2 nömrəli əmri mübahisələndirilmədiyindən, hər hansı orqan tərəfindən ləğv və ya etibarsız hesab edilmədiyindən həmin sənədin qanuniliyini şübhə altına almaq düzgün deyildir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçı tərəfindən cavabdehə təqdim edilən aktın “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit olunmuş qüvvədən düşmə halları da iş üzrə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Mülki Məcəllənin 139-1.1.1-ci və 139-1.1.8-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci, 8.0.8-ci və 10.2.1-ci maddələrinə, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin “Siyahısı”nın 2.5-ci bəndinə əsaslanaraq hesab edir ki, “Hüseynhacılı” tərəvəzçilik- südçülük sovxozunun 24 sentyabr 1992-ci il tarixli, 125/2 nömrəli əmri həmin torpaq üzərində İddiaçı hüquqlarının dövlət qeydiyyatının aparılması üçün əsasdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinası əsassız olmuşdur. Cavabdehin iddiaçıya ünvanladığı məktubunda imtinanın əsas səbəbi kimi Hüseynhacılı” tərəvəzçilik- südçülük sovxozunun 24 sentyabr 1992-ci il tarixli, 125/2 nömrəli əmrinin arxivdə olması barədə arxiv çıxarışının və torpaq sahəsinin yerləşmə sxemini təsdiq edən təhkim aktının təqdim edilməməsi göstərilmişdir. Məhkəmə kollegiyası cavabdehin imtinasına münasibətdə qeyd edir ki, İddiaçı 0,08 ha həyətyanı torpaq sahəsinin ayrılması və həmin torpaq sahəsinin onun istifadəsinə təhkim edilməsi barədə “Hüseynhacılı” tərəvəzçilik-südçülük sovxozunun əmr kitablarının, o cümlədən 24 sentyabr 1992-ci il tarixli, 125/2 nömrəli əmrinin və 24 sentyabr 1992-ci il tarixli təhkim aktının Masallı rayon Dövlət Arxivinə təhvil verilməməsinin məsuliyyətinin iddiaçının üzərinə qoyulması yolverilməzdir və həmin səbəblərdən sözügedən 0,08 hektar həyətyanı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsindən cavabdeh inzibati orqanın imtinası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində təsbit olunmuş hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları ilə uzlaşmır. Bununla belə iddiaçı tələbinin hüquqi əsası olan “Hüseynhacılı” tərəvəzçilik-südçülük sovxozunun 24 sentyabr 1992-ci il tarixli, 125/2 nömrəli əmrinin və 24 sentyabr 1992-ci il tarixli təhkim aktının əsillərini məhkəməyə təqdim etmiş və məhkəmə həmin sənədləri iş materiallarına əlavə etmişdir. Həmin sənədlər əsasında ekspertiza təyin edilmiş və xx.xx.2023-cü il tarixli 10/2007 nömrəli ekspert rəyi ilə 08 ha həyətyanı torpaq sahəsinin koordinatları naturada müəyyən edilmişdir. Həmin ekspert rəyi ilə həmçinin sözügedən torpaq sahəsinin yaşayış məntəqələri kateqoriyasına aid olması müəyyən edilmişdir. Həmçinin, araşdırma zamanı müəyyən edilmişdir ki, sözügedən həmin torpaq sahəsi ayrıldığı vaxtdan hazırki zamana kimi yəni, 30 ildən çox müddət ərzində fasiləsiz və mübahisəsiz şəkildə iddiaçının faktiki istifadəsindədir. Qeyd olunanlar məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, cavabdeh inzibati orqanın “Hüseynhacılı” tərəvəzçilik-südçülük sovxozunun 24 sentyabr 1992-ci il tarixli, 125/2 nömrəli əmri və 24 sentyabr 1992-ci il tarixli təhkim aktı ilə İddiaçı ayrılmış və faktiki istifadəsində olan 0,08 hektar həyətyanı torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından, həmin daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışın verilməsindən imtina etməsinin hüquqi əsası yoxdur. Göründüyü kimi iddiaçının üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi səlahiyyətli orqanın – “Hüseynhacılı” tərəvəzçiliksüdçülük sovxozunun əmri əsasında ayrılmışdır və həmin əmr hazırda qüvvədədir. İddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan əmrə etimad göstərək torpaq sahəsindən təyinatı üzrə istifadə etmiş, həmin sənədin məzmununa uyğun davranmış, bununla da, iddiaçının inzibati orqanın inzibati praktikasına etimadı yaranmışdır. Yəni, iddiaçı torpaq sahəsinə təxminən 30 ildən çox müddət ərzində fasiləsiz və etirazsız sahiblik etdiyindən onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınacağına dair etimadı mövcud olmuşdur. Bundan başqa, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 15.1-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. Bu Qanunun 19-cu maddəsinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb edilməsi qadağandır. Lakin, inzibati orqan qanunun bu tələblərinə əməl etməmişdir. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin əsaslandırması düzgün, gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğundur. Cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlil mülahizə xarakteri daşıyır, iş materialı və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Odur ki, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia tələbində haqlı, iddiaçının ikin müraciətindən imtina edilməsi ilə bağlı cavabdehin hərəkətləri isə qanunsuz olmuşdur. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

Nəticəvi hissə:

Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 06 mart 2024-cü il tarixli, 2-1(120)-194/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar