Məhkəmə qərarları › İş №2-1(106)-354/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-354/2025

11.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-354/2025 11.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X2 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 18 fevral 2025-ci il tarixli, 2-1(120)-1147/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı pul tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək əsas iş vaxtından əlavə istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü, gecə vaxtı və əsas iş vaxtından əlavə işləməsinə görə qanunvericiliyə müvafiq sürətdə müəyyənləşdirilən əlavə haqqın hesablanması və verilməsi öhdəliyinin, habelə onun xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək kirayə haqqı olaraq 11.707,2 manat məbləğində ödədiyi pulun əvəzinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin müvafiq qərardadı ilə iş ərazi aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim F.Abbasov) 18 fevral 2025-ci il tarixli, 2- 1(120)-1147/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının tələbi iki hissədən ibarətdir: əsas iş vaxtından əlavə istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü, gecə vaxtı və əsas iş vaxtından əlavə işləməsinə görə qanunvericiliyə müvafiq sürətdə müəyyənləşdirilən əlavə haqqın hesablanaraq ödənilməsi və xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək kirayə haqqı olaraq 11.707,2 manat məbləğində ödədiyi pulun əvəzinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması. Tələbin birinci hissəsi ilə bağlı qeyd olunur ki, iddiaçının işlədiyi müddət ərzində istirahət, səsvermə, iş günü hesab edilməyən bayram və sair günlərdə əlavə xidmətə cəlb edilməsi ilə bağlı əmr və göstəriş olmamış, həmçinin Baş Mühafizə İdarəsinin bütün zabit heyətinə, o cümlədən M.Tanrıverdiyevə təsdiq edilmiş cədvələ əsasən Baş idarə üzrə növbətçi olduğu zaman xidməti başa vurduqdan sonra ertəsi günə qədər istirahət verildiyi bildirilmişdir. İddiaçı 2021-2022-ci illərdə istirahət, səsvermə, iş günü hesab edilməyən bayram və sair günlərdə əlavə xidmətə cəlb edilməsi ilə bağlı xidməti başa vurduqdan sonra ona ertəsi günə qədər istirahət verildiyini inkar etməmiş, məhkəməyə bunu təkzib edən heç bir sənəd təqdim etməmişdir. Tələbin ikinci hissəsi ilə bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı “Kirayə verən” X5 ilə arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Kirayə Müqaviləsi”ni təqdim etsə də, xidmətdə olduğu müddət ərzində kirayə haqqı ödənilməsi üçün qanunvericiliklə tələb olunan sənədlərin (raport və yuxarıda sadalanan və hər il yenilənməsi tələb olunan digər sənədlərin) Baş Mühafizə İdarəsinin mühasibatlığına təqdim edilməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, “Kirayə verən”lə iddiaçı arasında bağlanmış “Kirayə Müqaviləsi”nin həmin vaxt Baş Mühafizə İdarəsinin mühasibatlığına təqdim edilməməsi və notariat qaydasında təsdiq edilməməsi, habelə kirayə verən şəxsə 11.707,2 manat məbləğində pul vəsaitinin ödənilməsini təsdiq edən sənədlərin təqdim edilməməsi qeyd olunan müqavilənin məhz xx.xx.2020-ci il tarixdə bağlanmasına əsaslı şübhələr yaradır. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1992-ci il tarixdən daxili işlər orqanlarında işə qəbul edilmiş və xx.xx.2023-cü il tarixədək xidmətdə olmuşdur. xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək DİN-nin Baş Mühafizə İdarəsinin Texniki vasitələr şöbəsinin inspektoru vəzifəsində xidmət etmişdir. Texniki vasitələr şöbəsi inspektoru vəzifəsində işlədiyi müddət ərzində o, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü, gecə vaxtı və əsas iş vaxtından əlavə işə cəlb olunmuşdur. Belə ki, iddia ərizəsinə əlavə etdiyi “Baş Mühafizə İdarəsinin zabit heyətinin növbətçilik cədvəlləri”ndən görünür ki, 2021-ci ilin oktyabr ayının 6-ı və 13-ü tarixlərində, 2021-ci ilin noyabr ayının 4-ü və 18-i tarixlərində, 2021-ci ilin dekabr ayının 3ü və 22-i tarixlərində, 2022-ci ilin yanvar ayının 6-ı və 18-i tarixlərində, 2022-ci ilin mart ayının 3-ü və 17-i tarixlərində, 2022-ci ilin aprel ayının 1-i və 21-i tarixlərində, 2022-ci ilin may ayının 4-ü və 18-i tarixlərində, 2002-ci ilin iyun ayının 1-i və 9-u tarixlərində, 2022-ci ilin iyul ayının 12-i və 27-i tarixlərində, 2022-ci ilin avqust ayının 15-i tarixində, 2022-ci ilin sentyabr ayının 14-ü və 23-ü tarixlərində, 2022-ci ilin oktyabr ayının l3-ü və 20-i tarixlərində, 2022-ci ilin noyabr ayının 3-ü və 24-ü tarixlərində, 2022-ci ilin dekabr ayının 8i və 22-i tarixlərində iş rejimimdən əlavə işə cəlb olunmuşdur. Bundan başqa, 2020-2023cü illər ərzində ölkə üzrə iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günlərində də gücləndirilmiş iş rejimində işləmişdir. Göründüyü kimi o, altı günlük iş rejimindən və günlük 8 saatdan əlavə işə cəlb edilmişdir. Lakin həmin günlərə görə ona əlavə haqq, vəsait ödənilməmişdir. Həmin vəzifəyə keçirildikdən sonra ailə üzvləri ilə birlikdə Bakı şəhərinə köçmək və özünə məxsus yaşayış sahəsi olmadığına görə, başqa yaşayış sahəsini kirayə götürmək məcburiyyətində qalmışdır. Belə ki, onunla X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli kirayə müqaviləsindən görünür ki, sonuncuya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 82 №-li evin 1-ci mərtəbəsində yerləşən 4 otaqlı 16 №-li mənzil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Aylıq kirayə haqqı - 400 manat, kirayə müqaviləsinin müddəti 3 il müəyyən edilmişdir. Ailə üzvlərilə birlikdə kirayədə yaşadığı müddətdə Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 82 №-li evin 1-ci mərtəbəsində yerləşən 4 otaqlı 16 №-li mənzilin kirayə xərclərini özü öz vəsaiti hesabına qarşılamışdır. Hazırda öz arzusu ilə daxili işlər orqanlarından xaric edildiyinə görə, 2 il 5 ay 8 gün müddətində kirayədə qaldığı yaşayış sahəsinə görə çəkdiyi xərclərin ödənilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Lakin həmin qurum tərəfindən müraciətinə müsbət cavab verilməmişdir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, sabiq polis əməkdaşı X1 işlədiyi müddət ərzində istirahət, səsvermə, iş günü hesab edilməyən bayram və sair günlərdə əlavə xidmətə cəlb edilməsi ilə bağlı əmr və göstəriş olmamışdır. Həmçinin Baş Mühafizə İdarəsinin bütün zabit heyəti, o cümlədən İddiaçı təsdiq edilmiş cədvələ əsasən Baş idarə üzrə növbətçi olduğu zaman xidməti başa vurduqdan sonra ertəsi günə qədər istirahət verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli, 73 nömrəli qərarına əsasən, Daxili işlər orqanlarında (Daxili İşlər Nazirliyinin Daxili Qoşunları istisna olmaqla) xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşları kirayədə yaşaması barədə raportla müraciət etdikdən və müvafiq sənədləri daxili işlər orqanının maliyyə xidmətinə təqdim etdikdən sonra ona kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı) üçün pul kompensasiyası ödənilir. İddiaçı xidmətdə olduğu müddət ərzində kirayə haqqının ödənilməsi məqsədilə Baş İdarənin mühasibatlığına notarial qaydada təsdiq olunmuş kirayə müqaviləsi təqdim edilmədiyindən qeyd edilən vəsaitin ona ödənilməsi mümkün olmamışdır. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən iş tam və hərtərəfli araşdırılmamış, müvafiq sübutlar əldə edilərək, həmin sübutlara qiymət verilməmişdir. Prosessual məsələlər Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi şikayətin dəlillərini qəbul etməmiş və təmin olunmamasını xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -“Baş Mühafizə İdarəsi üzrə zabit heyətinin 2021-2022-ci illəri əhatə edən növbətçilik cədvəlləri”ndən görünür ki, iddiaçı 2021-ci ilin oktyabr ayının 6-ı və 13-ü tarixlərində, 2021-ci ilin noyabr ayının 4-ü və 18-i tarixlərində, 2021-ci ilin dekabr ayının 3cü və 22-i tarixlərində, 2022-ci ilin yanvar ayının 6-ı və 18-i tarixlərində, 2022-ci ilin mart ayının 3-ü və 17-i tarixlərində, 2022-ci ilin aprel ayının 1-i və 21-i tarixlərində, 2022-ci ilin may ayının 4-ü və 18-i tarixlərində, 2002-ci ilin iyun ayının 1-i və 9-u tarixlərində, 2022-ci ilin iyul ayının 12-i və 27-i tarixlərində, 2022-ci ilin avqust ayının 15-i tarixində, 2022-ci ilin sentyabr ayının 14-ü və 23-cü tarixlərində, 2022-ci ilin oktyabr ayının l3-ü və 20-i tarixlərində, 2022-ci ilin noyabr ayının 3-ü və 24-ü tarixlərində, 2022-ci ilin dekabr ayının 8i və 22-i tarixlərində iş rejimimdən əlavə işə cəlb olunmuşdur. -xx.xx.2020-ci il tarixli “Kirayə Müqaviləsi”ndən görünür ki, “Kirayə verən” X5 ilə “Kirayəçi” İddiaçı arasında bağlanmış “Kirayə Müqaviləsi”nə əsasən Kirayə verən Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 82 nömrəli evin 16 nömrəli mənzilini “Kirayəçi” İddiaçı kirayə verilməsi, İddiaçı tərəfindən X3 aylıq 400 (dörd yüz) manat kirayə haqqı ödənilməsi barədə razılığa gəlmişlər. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun “Polis əməkdaşının əməyinin ödənilməsi”nə dair 35-ci maddəsinə əsasən, polis əməkdaşının əmək haqqı onun vəzifəsi, xüsusi rütbəsi, xidmət illəri nəzərə alınmaqla müəyyənləşdirilən əsas maaşdan, habelə istirahət və bayram günləri, gecə vaxtı və əsas iş vaxtından əlavə işləməyə görə qanunvericiliyə müvafiq surətdə müəyyənləşdirilən əlavə haqlardan ibarətdir. Polis əməkdaşına xidmət şəraitinə görə əlavə haqlar, birdəfəlik müavinətlər və başqa ödənişlər verilir; Polis əməkdaşının əsas maaşının, əlavə haqların, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləği və təyin edilməsi qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Nazirlər Kabineti] tərəfindən müəyyənləşdirilir. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 73-cü bəndinə əsasən Daxili işlər orqanları əməkdaşlarına Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş tam iş vaxtı şamil edilir. Zəruri hallarda, daxili işlər orqanları əməkdaşları müəyyən edilmiş iş vaxtından artıq olan müddətdə, həmçinin gecə vaxtı, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günündə xidməti vəzifələrinin yerinə yetirilməsinə cəlb oluna bilərlər. İş vaxtından artıq olan müddət xidməti vəzifələrinin yerinə yetirilməsinə görə onlara Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ödənişlər verilir. Növbəli işdə - gündüz, axşam və gecə növbələri üçün eyni müddətli iş vaxtı müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 aprel 2000-ci il tarixli, 73 nömrəli qərarına 4 №-li Əlavədə əksini tapmış “Daxili işlər orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində müvəqqəti mənzilin kirayəsi üçün yaşayış məntəqəsindən asılı olaraq, pul kompensasiyasının məbləği və verilməsi Qaydası”nın 2-ci bəndində Daxili işlər orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində müvəqqəti mənzilin kirayəsi üçün yaşayış məntəqəsindən asılı olaraq, pul kompensasiyasının verilməsi üçün tələb olunan sənədlər sadalanmışdır:əməkdaşın raportu; Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq şəhər, rayon ərazi idarələrindən əməkdaşın xidmət etdiyi müvafiq daxili işlər orqanının yerləşdiyi ərazidə onun və yetkinlik yaşına çatmış ailə üzvlərinin mülkiyyətində mənzilin (yaşayış sahəsinin) olub-olmaması haqqında arayış; müvəqqəti mənzilin kirayə götürülməsi barədə notariat qaydasında təsdiq edilmiş sənəd; xidmət yeri üzrə mənzillə (yaşayış sahəsi ilə) təmin olunub olunmaması haqqında arayış; əməkdaşın ailə üzvlərinin şəxsiyyət vəsiqəsinin, 16 yaşına çatmamış uşaqlarının doğum haqqında şəhadətnamələrinin və ailə üzvlərinə aid olması barədə digər sənədlərin notariat qaydasında təsdiq edilmiş surəti; əməkdaşın ailə üzvlərinin onun xidmət yerinə köçüb gəlməsi və yeni ünvanda qeydiyyata alınması barədə arayış. Həmin “Qayda”nın 3-cü bəndinə əsasən yeni xidmət yerinə gəlmiş daxili işlər orqanının əməkdaşı kirayədə yaşaması barədə raportla müraciət etdikdən sonra bu Qaydanın 2-ci bəndində müəyyən olunmuş sənədləri təqdim etməlidir. Müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası müvəqqəti mənzilin kirayə götürülməsi barədə notariat qaydasında təsdiq olunmuş sənədin imzalandığı gündən, lakin yeni vəzifəyə təyin olunma günündən tez olmayaraq, əməkdaşın xidmət etdiyi daxili işlər orqanının rəhbərinin müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyasının verilməsi barədə əmrindən sonra ödənilir. Həmin “Qayda”nın 4-cü bəndinə əsasən yuxarıda qeyd edilən sənədlər hər il yenidən toplanaraq, daxili işlər orqanının maliyyə xidmətinə təqdim edilməlidir. İşin faktiki hallarından görünür ki, iddiaçının əsas iş vaxtından əlavə istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü, gecə vaxtı və əsas iş vaxtından əlavə işləməsi barədə sübutlar təqdim edilməmiş, həmçinin cavabdeh bu məsələ ilə bağlı müvafiq əmr verilmədiyini bildirmişdir. Bununla yanaşı iddiaçı məhkəməyə xx.xx.2020-ci il tarixli kirayə müqaviləsi təqdim edərək, həmin müqavilə üzrə ödədiyi pul vəsaitinin cavabdehdən tutulmasını tələb etsə də, təqribən 2,5 il ərzində həmin məbləği cavabdehdən tələb etməmiş, həmçinin bu vəsaiti kirayə verənə ödəməsini təsdiq edən sübut təqdim etməmişdir. Qeyd olunan kirayə müqaviləsinin notariat qaydasında təsdiq edilməməsi, həmçinin iddiaçı tərəfindən həmin sənədin bu müddət ərzində cavabdehə təqdim edilməməsi həmin müqavilənin bağlanma tarixi ilə bağlı mötəbərliyini şübhə altına alır. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaəti əsaslı hesab edərək qeyd edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 18 fevral 2025-ci il tarixli, 2-1(120)-1147/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar