Məhkəmə qərarları › İş №2-1(106)-355/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-355/2025

29.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-355/2025 29.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X4 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi ilə, Şirvan İnzibati Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 2-1(120)-82/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və İİ (ikinci) dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-232/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə, İddiaçı əlilliyinin müəyyən edilməsi üçün onun müraciətinə 1 ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli, 3-17-4/2-16589/2024 saylı məktubunda göstərilmişdir ki, vətəndaş İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Saatlı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli, 0309003AARKW nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixdə Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) 26 fevral 2025-ci il tarixli, 2- 1(120)-82/2025 nömrəli qərarı ilə iddianın təmin edilməsi, xx.xx.2022-ci il tarixli, 0309003AARKW nömrəli göndərişə əsasən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi və həmin vaxtdan İddiaçı 2-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin (bu barədə müvafiq qaydada qərar qəbul edilməklə) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıda hazırda mövcud olan xəstəliklərlə 2011-ci il tarixdən əlilliyin təyinatına mövcud olan xəstəliklər eyniyyət təşkil etmişdir. İş materiallarından əvvəlki tarixdən təyin edilmiş əlilliklərin səhv olması, ləğv edilməsi barədə hər hansı hal müəyyən edilmir. Beləliklə də İddiaçı ona təyin edilmiş əlilliklə bağlı qərarlara etimad hüququ mövcud olmuşdur. Nəzərə alınmalıdır ki, əlilliyin müddətli təyin edilməsinin mahiyyəti həmin xəstəliklərin reabilitasiyası ilə bağlıdır ki, iddiaçının 2011-ci il tarixdən mövcud olmuş xəstəliklərinin sağalmadığı, iş materialları ilə müəyyən edilir. Cavabdeh orqan tərəfindən həmin xəstəliklərin sağalması istiqamətində mövqe nümayiş etdirməmiş, xəstəliyin əlilliyin təyinatına əsas olmamasına istinad etmişdir. Halbuki, əlilliyin müəyyən müddət üçün təyinatı əsası həmin müddət çatdıqda onun sağalıb-sağalmamasının yoxlanılmasıdır ki, iddiaçının adıçəkilən xəstəliklərdən əziyyət çəkməsi müşahidə edilir. İşin araşdırılmış hallarından aydın olur ki, əlillik dərəcəsinin təyin edilməsindən imtina edildiyi zaman müəyyən edilən diaqnoz xx.xx.2011-ci il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il, xx.xx.2016-cı il tarixli göndərişlər əsasında əlillik dərəcəsi təyin edildiyi zaman müəyyən edilən diaqnozla eynilik təşkil etdiyindən, həmin diaqnoz digər səhiyyə müəsissəsi tərəfindən də qoyulduğundan, həmçinin əlilliyin təyin olunmasına əsas olan diaqnoz (İ20-İ25) müvafiq normativ hüquqi aktlarda (əlilliyin müəyyən olunması meyarlarında) göstərildiyindən iddia tələbi əsaslıdır. Qərardan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, ürək xəstəliyindən əziyyət çəkir, xəstəlik səbəbindən bir neçə dəfə əməliyyat keçirmişdir. Xəstəliyi nəticəsində uzun müddət ambulator müalicə olunmuş, 2 dəfə stend əməliyyatı, sonuncuda isə açıq ürək əməliyyatı olunmuşdur. Hal-hazırda xroniki ürək çatışmazlığı səbəbindən əmək fəaliyyəti ilə məşğul ola bilmir. Saatlı rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsi tərəfindən tərtib edilmiş 0311003AAVUB saylı, 0309003AAPP6 saylı, 0311003AAWFB saylı göndərişlərdə xəstəliyin ağırlığı barədə məlumatlar öz əksini tapmışdır. Əlilliklə əlaqədar cavabdehə rəsmi qaydada dəfərlərlə müraciət etsə də xəstəliyinə müvafiq olaraq əlillik dərəcəsinin müəyyən edilməsindən imtina olunmuşdur. İmtina onunla əsaslandırılmışdır ki, guya dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdiirlmiş göndəriş natamam doldurulmuşdur. Həmçinin, həkim rəyi: köməkçi diaqnostik müayinələr əsas diaqnozun ağırlıq dərəcəsinə uyğun gəlməmiş, əlillik dərəcəsinin təyinində reyestr məlumatı aktiv sürücülük vəsiqəsi ilə uyğunsuzluq yaradır. Cavabdehin imtinası absurddur, belə ki, səhiyyə müəssisəsi tərəfindən göndəriş natamam doldurulmamış, bütün məlumatlar qeyd edilmişdir. Cavabdeh sadəcə olaraq əsassız yerə imtina verməklə onun hüquqlarını məhdudlaşdırmağa çalışmışdır. Cavabdeh tərəfindən iddiaya qarşı etiraz mülahizələri təqdim edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, iddiaçının orqanizmində olan patofunksional pozuntular əlillik təyinatına əsas verməməsinə baxmayaraq, birinci instansiya məhkəməsi inzibati orqanın diskresion səlahəyyətlərinə müdaxilə etməklə qərar qəbul etmişdir. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı gəlməmiş, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş tibbi sənədlərdən görünür ki, iddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ardıcıl olaraq əlillik vəziyyətində olmuş, bundan sonra tibb müəssisəsi tərəfindən iddiaçının barəsində xx.xx.2021-ci il tarixli 0309003AAPP6 nömrəli, xx.xx.2021-ci il tarixli 0311003AAVUB nömrəli, xx.xx.2021-ci il tarixli 0311003AAWFB nömrəli, xx.xx.2022-ci il tarixli 0309003AAQW6 nömrəli, xx.xx.2022-ci il tarixli 0309003AARKW nömrəli göndərişlər verilsə də, müvafiq olaraq, əlavə müalicəyə ehtiyacın olması, göndərişin natamam doldurulması, əlavə müalicəyə ehtiyacın olması, göndərişin natamam doldurulması, göndərişin natamam doldurulması əsası ilə əlilliyin müəyyən olunmasında imtina edilmişdir. Qeyd edilən sonuncu xx.xx.2022-ci il tarixli 0309003AARKW nömrəli tibbi göndərişdə iddiaçıya “əvvəllər keçirilən miokard infarktı, ÜİX infarktdan sonrakı kardioskleroz, Koronar angioplastik əməliyyatından sonrakı vəziyyət, Aortakoronar şuntlama əməliyyatından sonrakı vəziyyət. Ağırlaşma: İ50.0 durğunluq ürək çatmamazlığı. Xroniki ürək çatmamazlığı İİf/sinif (iki) AF-40 %”. Yanaşı xəstəliklər: İ10 Essensial (birincili) hipertenziya. Arterial hipertenziya İİİ dərəcəli yüksək risk” diaqnozu qoyulmuşdur. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 xx.xx.2023-cü il tarixli, T58/2023 nömrəli rəyində göstərilir ki, İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına tibb müəssisəsində dolduruluş göndərişində qeyd edilmiş diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuş, şəxsin TSEK-də müayinələri zamanı 2016-cı ilə qədər ekspertlər tərəfindən əmək zəmanəti ilə əlaqədar ağır fiziki iş əks göstəriş hesab edilsə, sonrakı müayinələrdə əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi ilə əlaqədar hər hansı bir qeydiyyat aparılmamışdır. İddiaçı üzərində əməliyyatlar aparıldığından ona stasionarda həkimi tərəfindən təyin edilmiş dərman preparatlarını mütəmadi qəbul edir. Lakin zərurət yarandığı hallarda stasionar müalicəyə cəlb oluna bilər. -Akademik C.Abdullayev adına X1 xx.xx.2025-ci il tarixli məktubunda iddiaçının orqanizmində baş verən patofunksional pozuntular qeyd edilmişdir:- EXOKQ-nin nəticələri: AKŞ əməliyyatından sonrakı vəziyyət. Sistolik funksiya azalıb. AF-45% Sol mədəciyin divar hərəkət qüsuru (inferior, posterior akinetik). Sol mədəciyin diastolik disfunksiyası. Sol qulaqcıq genişlənib, diaqnoz “i20.8ÜİX. Gərginlik stenokardoyası İİ fs. İ25.2 infarktdan sonrakı kardioskleroz.z95.1 AKŞ əməliyyatından s/v. İ11.0 Hiperotniya xəstəliyi İİ m.150.0 XÜC İİ fs. AF 45%. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Əlilliyin qiymətləndirməsi zamanı qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.1-ci bəndində qeyd olunan “ ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20- İ25, İ30-İ31.9, İ33);” diaqnozu ikinci dərəcə əlillik təyinatına əsas verir. Göründüyü kimi müvafiq tibbi göndərişdə qeyd edilmiş diaqnoz həm ekspert rəyi, həm də ixtisasladırılmış müalicə müəssisəsinin tibbi sənədində öz təsdiqini tapır. Buna baxmayaraq, cavabdeh orqan mövcud qanunvericiliyə və formalaşmış məhkəmə təcrübəsi üzrə qəbul edilmiş çoxsaylı məhkəmə qərarlarına zidd qərarlar qəbul etmişdir. Məhkəmə kollegiyası həmçinin “Göndərişin natamam doldurulması” əsası ilə iddiaçıya əlillik təyinatından imtina ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən, 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3.Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4.TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9.Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Qeyd olunan normaların təhlili onu deməyə əsas verir ki, tibbi göndərişin natamam doldurulması əlillik təyinatından imtina üçün əsas vermir və bu məsələ səlahiyyətli qurumlar tərəfindən aradan qaldırılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olur ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşır və belə qənaətə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şirvan İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 2-1(120)-82/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar