Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-356/2024 07.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının nümayəndəsi X2 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 04 mart 2023-cü il tarixli, 2-1(120)-598/2023 nömrəli qərarından Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialına qarşı birdəfəlik müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Quba Rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli, 1(027)-3/2021 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsi ilə təqsirli bilinərək ona təyin edilmiş 02 il azadlıqdan məhrumetmə cəzasının 1 il 11 ay 29 gün müddətini Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 16 saylı ümumi rejimli cəzaçəkmə müəssiəsində çəkməyi səbəbindən ona birdəfəlik müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim P.Qurbanova) 04 mart 2023-cü il tarixli, 2- 1(120)-598/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxs kimi birdəfəlik pul müavinətinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı həbs qətimkan tədbirini qanunvericiliklə müəyyən edilən həbs yerlərində deyil, xx.xx.2021ci il tarixdən xx.xx.2022-ci il tarixədək 16 saylı Cəzaçəkmə müəssisəsində çəkmişdir. 16 saylı Cəzaçəkmə müəssisəsi adından məlum olduğu kimi “cəzaçəkmə” müəssisəsidir. Həmçinin müəssisənin anlayışı “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsində müəyyən edilir ki, penitensiar müəssisə -Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaların icrasını həyata keçirən cəzaçəkmə müəssisəsidir. İddiaçı 16 saylı Cəzaçəkmə müəssisəsinə qətimkan tədbirinin icrası üçün göndərilmişdir və təqdim edilən sənədlərdə şəxsin müvafiq tarixlərdə həmin cəzaçəkmə müəssisəsində cəza çəkdiyi və Apelyasiya məhkəməsinin qərarı ilə cəzasından azad olduğu qeyd edilmişdir. Şəxsin onun iradəsindən asılı olmadan qətimkan tədbirinin cəzaçəkmə müəssisəsində cəza kimi və eyni şərtlər altında icrası onun günahı deyil və cəzaçəkmə müəssisəsindən azad olunmuş digər şəxslər kimi onun bərabərlik və həssas qrup kimi cəmiyyətə sosial adaptasiya olunma hüququ əsassız yerə məhdudlaşdırılmadan təmin olunmalıdır. Qərardan Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 1(027)-3/2021 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 1 il 11 ay 29 gün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiyar Xidmətinin 16 saylı (Sabunçu rayonu, Ramana qəsəbəsi) ümumi rejimli cəzaçəkmə müəssiəsində cəza çəkmişdir. Məhkəmə hökmündən tərəfindən verilmiş apellyasiya şikayəti ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Quba Rayon Məhkəməsinin hökmü dəyişdirilmiş və ona 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Apellyasiya məhkəməsinin qərarından verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Bütün bunlara baxmayaraq o, Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1 (027)- 3/2021 saylı hökmünə əsasən (Apellyasiya məhkəməsinin qərarına kimi) 1 il 11 ay 29 gün 16 saylı ümumi rejimli cəzaçəkmə müəssisəsində məhkum edilmiş şəxs kimi cəza çəkmiş və xx.xx.2022-ci il tarixdə məhkəmə qərarı ilə azadlığın məhdudlaşdırılması cəzası ilə cəzaçəkmə müəssisəsindən azadlığa buraxılmışdır. Cəza çəkməkdən azad edilmiş şəxs kimi birdəfəlik müavinətin verilməsinə dair cavabdeh orqana müraciət etmiş, lakin imtina cavabı verilmişdir. Cavabdehin iddiaya qarşı etiraz mülahizələrində qeyd etmişdir ki, "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.7-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti verilir. Qanunun 14.1-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş "Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 7 nömrəli əlavənin (Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısının) 2.17-ci bəndinə əsasən cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik müavinətin təyin edilməsi üçün cəza çəkməkdən azad edilmə barədə cəzaçəkmə müəssisəsinin arayışı, məhkəmənin bəraətverici əsaslarla şəxsin cinayət məsuliyyətindən və ya cəzasının qalan hissəsini çəkməkdən azad edilməsi barədə qərarının surəti tələb olunur. İddiaçının təqdim etdiyi Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-183/2022 saylı xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixdən 31,05.2020-ci il tarixədək tutulduğu 01 (bir) gün və 16 mart 2021-ci il tarixdən 15 iyul 2022ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) il 4 (dörd) ay, ümumilikdə 01 (bir) il 4 (dörd) ayın 1 (bir) gün azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günə bərabər hesablanmaqla 02 (il) ay 08 (səkkiz) ay 2 (iki) gün təyin edilmiş cəzasından çıxılsın və İddiaçı üzərində qəti olaraq 3 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal saxlanıldığı 16 saylı cəzaçəkmə müəssisəsindən həbsdən azad edilsin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 7.0.38-ci maddəsinə əsasən qətimkan tədbiri təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən şübhəli, yaxud təqsirləndirilən şəxsin hüquqlarını müvəqqəti məhdudlaşdırmaqla onun haqqında seçilən prosessual məcburiyyət tədbiridir. Həmin Məcəllənin 7.0.40-cı maddəsində qeyd edilmişdir ki, həbs qətimkan tədbiri təqsirləndirilən şəxsin azadlığını müvəqqəti məhdudlaşdırmaqla həbs yerlərində saxlanılmasıdır. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən məhkəmə qərarı ilə həbs olunmuş şəxs müvəqqəti saxlama yerində 24 saatdan artıq saxlanıla bilməz və bu müddət bitənədək o, istintaq təcridxanasına keçirilməlidir. Beləliklə, həbs qətimkan tədbiri cəza növü olmadığından və İddiaçı istintaq təcridxanasında saxlanıldığından, iddiaçı ona təyin edilməsini xahiş etdiyi müavinətin hüquqi əsaslarının müəyyən edildiyi "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun əhatə dairəsinə aid deyil. Qanun məhz penitensiar müəssisədə cəza çəkmiş və sonra həmin cəzanı çəkməkdən azad edilmiş şəxlərin sosial adaptasiya məsələlərini tənzimləyir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 389-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin hökm və ya qərarından apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi onların qanuni qüvvəyə minməsini dayandırır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)- 183/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından aydın olur ki, İddiaçı azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir və həbsdə saxlanıldığı müddət təyin edilmiş cəzasından çıxılmışdır. xx.xx.2011-ci il tarixli 232-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 -ci və 1.0.2-ci maddələrindən "azadlığın məhdudlaşdırılması” sözləri və müvafiq olaraq cəza növü çıxarılmışdır. Beləliklə, iddiaçı Qanunun 1.0.1 maddəsində anlayışı verilmiş hər hansı penitensiar müəssisədə cəzaçəkmə müəssisəsində cəza çəkmədiyindən və qanunun 1.0.1 -ci və 1.0.2-ci edilmiş dəyişikliyə əsasən sözügedən müavinətin təyin edilməsi nəzərdə tutulan şəxslərin kateqoriyasına aid deyil. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməsini iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri imtina və iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. Prosessual məsələlər Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının nümayəndəsi X5 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlilləri ilə oxşar məzmunlu izahat vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianının rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -Quba rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(027)- 3/2021 nömrəli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(105)-183/2022 nömrəli qərarı ilə Quba Rayon Məhkəməsinin 1(027)-3/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilmiş, İddiaçı CM-nin 179.2.4-cü maddəsi ilə 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş və CM-nin 69.3-cü maddəsinə əsasən İddiaçı xx.xx.2020-ci tarixdən xx.xx.2020-ci il tarixədək tutulduğu 01 (bir) gün və 16 mart 2021-ci il tarixdən 15 iyul 2022-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) il 4 (dörd) ay, ümumilikdə 01 (bir) il 4 (dörd) ayın 1 (bir) gün azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər hesablanmaqla 02 (il) ay 08 (isəkkiz) ay 2 (iki) gün təyin edilmiş cəzadan çıxılması, üzərində qəti olaraq 3 (üç) ay 28 (iyirm səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun dərhal saxlanıldığı 16 saylı cəzaçəkmə müəssisəsindən həbsdən azad edilməsi, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. -Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(102)-176/2023 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarından verilmiş kassasiya protesti təmin edilməmişdir. -Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə müəssisəsinin xx.xx.2022-ci il tarixli, 387 arayışında bildirilir ki, İddiaçı Quba rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(027)- 3/2021 nömrəli hökmü ilə 1 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum edilmiş, 16 saylı Cəzaçəkmə müəssisəsində xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək cəza müddətini çəkmiş və xx.xx.2022-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən azad olunmuşdur. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 3 X1 xx.xx.2024-cü il tarixli məktubunda bildirilir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə tutularaq xx.xx.2021-ci il tarixdə saxlanılması üçün Penitensiar xidmətin 3 saylı İstintaq təcridxanasına gətirilmiş, xx.xx.2021-ci il tarixdə Quba rayon məhkəməsinin hökmü ilə AR CM-nin 179.2.4; 69.3 maddələri ilə təqsirli bilinərək 1 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və müvafiq bölgüyə əsasən cəzasını çəkmək üçün xx.xx.2021ci il tarixdə 16 saylı cəzaçəkmə müəssisəsinə göndərilmişdir. -Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə müəssisəsinin xx.xx.2024-cü il tarixli məktubunda bildirilir ki, İddiaçı xx.xx.2021-ci il tarixdən etibarən müəssisəyə daxil olaraq cəza çəkmiş və xx.xx.2022- ci il tarixli Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ilə 3 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə dərhal müəssisədən azad edilmişdir. "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 3 iyul 2007-ci il Fərmanının 2.3-cü bəndinə əsasən həmin Qanunun 5.4-cü, 6.3-cü, 7.1-ci, 7.2-ci, 8.1-ci, 10.4-cü, 11.1 -ci və 11.2-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun: -1.0.1-ci maddəsinə əsasən penitensiar müəssisə - Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaların icrasını həyata keçirən cəzaçəkmə müəssisəsidir. -3.1 -ci maddəsinə əsasən bu Qanun cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, habelə digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur. -4-cü maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası qanunçuluq, humanizm, sosial ədalət, ünvanlılıq və könüllülük prinsiplərinə əsaslanır. -6.1.7-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti vermək cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirdir. -9.2-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslər onların hüquq və azadlıqlarını pozan, habelə hüquq və azadlıqlarının həyata keçirilməsinə mane olan qərar və hərəkətlərdən (hərəkətsizliklərdən) qanunvericiliklə müəyyən olunmuş qaydada tabeçilik qaydasında yuxarı orqanlara və ya məhkəməyə şikayət edə bilərlər. -Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş "Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 7 nömrəli əlavənin (Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısının) 2.17-ci bəndinə əsasən, cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik müavinətin təyin edilməsi üçün cəza çəkməkdən azad edilmə barədə cəzaçəkmə müəssisəsinin arayışı, məhkəmənin bəraətverici əsaslarla şəxsin cinayət məsuliyyətindən və ya cəzasının qalan hissəsini çəkməkdən azad edilməsi barədə qərarının surəti tələb olunur. -Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: -7.0.38-ci maddəsində müəyyən edilmişdir ki, qətimkan tədbiri — bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən şübhəli, yaxud təqsirləndirilən şəxsin hüquqlarını müvəqqəti məhdudlaşdırmaqla onun haqqında seçilən prosessual məcburiyyət tədbiridir. -7.0.38-1-ci maddəsinə əsasən, həbs yerləri - tutulmuş və ya həbs edilmiş şəxsin saxlanılması üçün nəzərdə tutulmuş müvəqqəti saxlama yerləri, istintaq təcridxanaları və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin qarnizon hauptvaxtlarıdır. -7.0.40-ci maddəsinə əsasən, həbs-qətimkan tədbiri qismində bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada təqsirləndirilən şəxsin azadlığını müvəqqəti məhdudlaşdırmaqla həbs yerlərində saxlanılmasıdır. -158.1-ci maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı qətimkan tədbiri qismində həbs seçilməsi barədə qərar qəbul edərkən məhkəmə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətini böyük ictimai təhlükə törətməyən cinayət törədilməsinə görə 2 (iki) ay həddində, az ağır cinayət törədilməsinə görə 3 (üç) ay həddində, ağır və xüsusilə ağır cinayət törədilməsinə görə isə 4 (dörd) ay həddində müəyyən edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı barəsində seçilmiş qətimkan tədbiri ilə əlaqədar onun mövcud statusundan (təqsirləndirilən şəxs) asılı olaraq istintaq təcridxanasında saxlanılmalı olduğu halda, müvafiq hökm qanuni qüvvəyə minməmiş cəzaçəkmə müəssisəsinə köçürülmüş və faktiki olaraq apellyasiya məhkəməsinin müvafiq qərarı əsasında həbsdən azad edilən günədək cəzaçəkmə müəssisəsində saxlanılmışdır. Qüvvədə olan qanunvericiliyə əsasən istintaq təcridxanası ilə cəzaçəkmə müəssisəsi həmin müəssisələrdə saxlanılma və cəzaçəkmə şəraiti və şərtləri baxımından, habelə saxlanılan və cəzaçəkən şəxslərin cinayət-hüquqi statusunu səciyyələndirən hallar baxımından fərqləndirilir. İşin hallarından görünür ki, iddiaçının təqsirləndirilən şəxs statusunda olmasına baxmayaraq cəzaçəkmə müəssisəsində saxlanılması onun təşəbbüsü və yaxud səhvi nəticəsində deyil, onun iradəsindən asılı olmayaraq, müvafiq sahə üzrə səlahiyyətli şəxslərin qərarı ilə baş vermişdir. Nəticə etibarilə iddianın qanuni əsasını təşkil edən "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun həm hərfi mənası, həm də həmin qanunla müəyyən edilmiş müəssisələri səciyyələndirən xusisiyyətlər baxımından hesab etmək olar ki, iddiaçı statusundan asılı olmayaraq məhkum edilmiş şəxs qismində penitensiar müəssisədə cəza çəkmiş şəxs hesab edilməlidir. Birinci instansiya məhkəməsi öz qərarında haqlı olaraq qeyd etmişdir ki, şəxsin iradəsindən asılı olmadan qətimkan tədbirinin cəzaçəkmə müəssisəsində cəza kimi və eyni şərtlər altında icrası onun günahı deyil və cəzaçəkmə müəssisəsindən azad olunmuş digər şəxslər kimi onun bərabərlik və həssas qrup kimi cəmiyyətə sosial adaptasiya olunma hüququ əsassız yerə məhdudlaşdırılmadan təmin olunmalıdır. Əks halda bu "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikası Qanununun məqsədinə və təbiətinə zidd olar. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 04 mart 2023-cü il tarixli, 2-1(120)-598/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-356/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-356/2024
07.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver