Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-359/2024 20.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Camalov Hüseyn Əli oğlunun iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 04 mart 2024-cü il tarixli, 2-1(120)-1790/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə qarşı diplom üzrə ixtisasının tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Rusiya Federasiyası Dağıstan Dövlət Universiteti tərəfındən ona verilmiş 05 iyun 2005-ci il tarixli, DİS ******* nömrəli diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim F.Abbasov) 04 mart 2024-cü il tarixli, 2- 1(120)-1790/2024 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı Rusiya Federasiyasının Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş 05 iyun 2005-ci il tarixli, DİS ******* nömrəli diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, 05 iyun 2005-ci il tarixdə Dağıstan Dövlət Universitetini hüquqşünaslıq ixtisası üzrə bitirmiş və ona 05 iyun 2005-ci il tarixdə DİS ******* nömrəli diplom verilmişdir. Göstərilən diplom üzrə ixtisasın tanınması və ekvivalentliyin müəyyən edilməsi barədə şəhadətnamə verilməsi üçün cavabdehə müraciət etmiş, Agentliyin 02 oktyabr 2023-cü il tarixli qərarı ilə xarici dövlətin alı təhsilə aid kvalifıkasiyanm tanınmasından imtina edilmişdir. İmtinanın əsası kimi Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifıkasiyalarının tanınması Qaydaları»nın 3.10.1-ci və 4.1.1-ci bəndlərinə istinad edilmişdir. Cavabdehin imtinasını əsaslı hesab etmir. Belə ki, Dağıstan Dövlət Universitetində müxtəlif illərdə çoxsaylı Azərbaycan Respublikası vətəndaşları təhsil almış və buna dair müvafıq diplomlar verilmişdir. Həmin şəxslərin diplomlarının tanınması ilə bağlı çoxsaylı məhkəmə qərarları qəbul edilmişdir. Göründüyü kimi artıq formalaşmış vahid məhkəmə təcrübəsinə görə Dağıstan Dövlət Universiteti və onun Bakı fılialı tərəfındən verilmiş diplomların qanunililiyi və həmin diplomların kvalifıkasiyanın tanınmasından cavabdeh orqan tərəfindən imtina edilməsinin əsassızlığı qanuni qüvvədə olan məhkəmə aktları ilə sübuta yetirilmişdir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşduir ki, İddiaçı verilmiş diplom üzrə kvalifikasiyasının tanınmasından ali təhsil aldığı müəssisənin Bakı filialının qanunsuz fəaliyyət göstərməsi səbəbinə görə imtina edilmişdir. Belə ki, sözügedən təhsil müəssisəsi onun fəaliyyətinə xüsusi razılıq (lisenziya) olmadan fəaliyyət göstərmişdir. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın İ hissəsinə əsasən, ali təhsil müəssisəsi - ali təhsil verən və Tərəfin səlahiyyətli qurumu tərəfindən tanınan müəssisədir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət təhsil müəssisələri istisna olmaqla, hər bir təhsil müəssisəsi təhsil fəaliyyəti göstərmək üçün “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada lisenziya almalı, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün ali təhsil müəssisələri (o cümlədən, xarici ali təhsil müəssisələrinin filial və nümayəndəlikləri) müvafiq qaydada akkreditasiyadan keçməlidirlər. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın (bundan sonra - Qaydalar) 4.1.1-ci yarımbəndinə əsasən müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması tanınmaya dair tələblər arasında göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 19 may tarixli 112 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlimtərbiyə müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları”nın 1.4-cü bəndinə əsasən xarici hüquqi şəxslərin filialları öz ölkələrində bu Qaydalarda göstərilən fəaliyyət növü ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən dövlətlərarası saziş olmadığı halda, onlar həmin fəaliyyət növü ilə məşğul olmaq üçün bu Qaydalara uyğun olaraq lisenziya almalıdırlar. Təbii ki, xarici ali təhsil müəssisələrinin filiallarının fəaliyyət göstərməsi üçün lisenziya tələbi nəzərdə tutulmasaydı Azərbaycan Respublikası Nazirlər Kabineti də 1998-ci il 19 may tarixli 112 nömrəli qərarı ilə təsdiq etdiyi Qaydalarda belə bir tələbi təsbit etməzdi. Əlavə olaraq məhkəmənin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”ın 2 nömrəli əlavəsində ali təhsil müəssisələrinin fəaliyyəti lisenziya tələb olunan fəaliyyətlər sırasında yer almışdır. Məhkəmə nəzərə almalıdır ki, “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. Belə ki, 1997-ci il aprelin 11-də Lissabon şəhərində imzalanmış “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması prosesində əsasən vacib element olaraq tədrisin məhz digər Tərəfin qəbul etdiyi müəssisədə təşkil olunduğunu əsas götürür və həmin Konvensiyanın Təriflər bölməsində ali təhsil müəssisəsinin anlayışı verilərkən müəssisənin səlahiyyətli qurum tərəfindən tanınırlığı və ali təhsil sisteminin bir tərkib hissəsi olmasını əsas kimi qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.3.1-ci və 73.3.2-ci maddələrinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə və ya inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Belə ki, ali təhsil müəssisəsinin müvafiq lisenziyaya və akkreditasiyaya malik olmasının müəyyənləşdirilməsi xarici kvalifikasiyaların tanınması sahəsində araşdırılması mühüm olan vacib məsələlərdən biridir və beynəlxalq təcrübədə də məhkəmələr tərəfindən deyil, səlahiyyətli qurumlar tərəfindən müəyyən edilir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi təfəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri imtina aktının və iddiaya qarşı etiraz dəlilləri ilə eynilik təşkil etmişdir. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş, əlavə olaraq bildirmişdir ki, onunla eyni tarixdə məzun olmuş şəxslərin diplomları tanınaraq müvafiq şəhadətnamələr verildiyi halda ona münasibətdə hüquq pozuntusuna yol verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakının təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Təqdim edilmiş həm birinci instansiya məhkəməsi, həm də məhkəmə kollegiyası tərəfindən araşdırılmış və hüquqi qiymət verilmiş sübutlardan, eyni zamanda işin hallarından görünür ki, İddiaçı Rusiya Federasiyası Dağıstan Dövlət Universiteti tərəfindən onun həmin təhsil müəssisəsini bitirməsi barədə DİS ******* nömrəli, xx.xx.2005-ci il tarixli diplom verilmişdir. İddiaçı həmin diplom üzrə ixtisasının tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh məsələnin həllindən iddiaçının əldə etdiyi kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə təhsil fəaliyyəti göstərmək üçün səlahiyyətli qurum tərəfindən dövlət lisenziyası əldə etməməsi və səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməməsi əsası ilə imtina etmişdir. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli xx.xx.2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə»nin 8.28-ci bəndlərinə görə Nazirlik xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. Azərbaycan Respublikasının xx.xx.2003-cü il tarixli Qanunu ilə «Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında Saziş» təsdiq edilmişdir. Həmin Sazişin 1-ci maddəsinə görə bu Saziş Tərəflərin dövlət akkreditasiyası olan təhsil müəssisələri və Azərbaycan Respublikası və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq bu məqsədlə səlahiyyətləndirilmiş digər dövlət müəssisələri tərəfindən verilmiş təhsil, elmi adlar və elmi dərəcələr haqqında Azərbaycan Respublikası və Rusiya Federasiyasının dövlət nümunəli sənədlərinə şamil olunur. Həmin Sazişin 6-cı maddəsinə görə dörd ildən az olmayan əyani təhsil alındıqdan sonra, müvafiq olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyasında verilən bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali ixtisas təhsilinin birinci pilləsi haqqında diplom və bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında tanınır və onların sahiblərinə Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə əsasən və qəbul edən ali məktəbin tələblərinə uyğun olaraq magistr hazırlanma proqramı üzrə və mütəxəssis hazırlanma proqramı üzrə ali təhsillərini davam etdirmək hüququ verir. İşə qəbul zamanı bu diplomların sahiblərinin peşə hazırlığı həmin sənədlərdə göstərilmiş hazırlıq istiqaməti (ixtisası) və kvalifikasiyaya uyğun olaraq tanınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 19 may tarixli 112 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları”nın 1.4-cü bəndinə əsasən xarici hüquqi şəxslərin filialları öz ölkələrində bu Qaydalarda göstərilən fəaliyyət növü ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən dövlətlərarası saziş olmadığı halda, onlar həmin fəaliyyət növü ilə məşğul olmaq üçün bu Qaydalara uyğun olaraq lisenziya almalıdırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün ali təhsil müəssisələri (o cümlədən, xarici ali təhsil müəssisələrinin filial və nümayəndəlikləri) müvafiq qaydada akkreditasiyadan keçməlidirlər. “Qaydalar”ın 4.39-cu bəndinə əsasən təhsil müəssisəsinin və təhsil proqramlarının akkreditasiyası haqqında verilmiş şəhadətnamə aşağıdakı hallarda öz qüvvəsini itirir: -4.39.1. təhsil müəssisəsinin və ya təhsil proqramlarının akkreditasiya müddəti başa çatdıqda; -4.39.2. təhsil müəssisəsi özünün və ya təhsil proqramlarının fəaliyyətini dayandırmaq barədə müraciət etdikdə; -4.39.3. təhsil müəssisəsinin lisenziyası ləğv edildikdə; -4.39.4. qanunvericilikdə nəzərdə tutulan digər hallarda. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 1.1-ci bəndinə əsasən bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.4-cü və 29.0.21-ci maddələrinə əsasən hazırlanmışdır və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması (bundan sonra – tanınma) ilə bağlı təşkilati və hüquqi məsələləri tənzimləyir. Həmin Qaydaların 4.1.1-ci yarımbəndinə əsasən tanınmaya dair tələblərdən biri kimi müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması göstərilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçıya Rusiya Federasiyası Dağıstan Dövlət Universiteti tərəfındən verilmiş 05 iyun 2005-ci il tarixli, DİS ******* nömrəli diploma (təhsil sənədinə) Rusiya Federasiyasının səlahiyyətli orqanı tərəfindən apostil möhürü vurulmaqla, həmin ölkədə diplomun qanuniliyi tanınmışdır. Hazırki iş üzrə iddiaçı 1 saylı Bakı Yerli İqtisad Məhkəməsi tərəfindən 20 iyun 2007-ci il tarixli qətnamə qəbul edildikdən əvvəl, yəni 2005-ci ildə Dağıstan Dövlət Universitetinin Bakı filialını bitirmişdir. Odur ki, iddiaçı 05 iyun 2005-ci ildə təhsilini başa vurduğuna görə aldığı DİS ******* nömrəli diplom üzrə ona ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamə verilməsindən cavabdehin imtinası qanuna uyğun olmamışdır. Cavabdeh inzibati orqan kvalifikasiyanın tanınmasından ali təhsil aldığı müəssisənin Bakı filialının qanunsuz fəaliyyət göstərməsi səbəbinə görə imtina edilmişdir. Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təhsil aldığı ali təhsil müəssisəsinin lisenziya alıb-almaması, qanuni və yaxud qanunsuz fəaliyyət göstərməsi ilə bağlı araşdırma aparmaq vəzifəsi olmamış, o, həmin müəssisənin çoxsaylı məzun kütləsi baxımından ali təhsil sahəsində faktiki fəaliyyətinə etimad göstərmişdir ki, bu hal yuxarıda qeyd olunan prinsiplər baxımından etimadının qorunmasına əsas verir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 04 mart 2024-cü il tarixli, 2-1(120)-1790/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-359/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-359/2024
20.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver