Məhkəmə qərarları › İş №2-1(106)-359/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-359/2025

11.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-359/2025 11.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X3 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 18 fevral 2025-ci tarixli, 2-1(120)-956/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdehnə qarşı mənzillə təmin olunanadək müvəqqəti yaşayış yerinin mənzil-kirayə haqlarının ödənilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh başçısının mənzil növbəliyinə qeydiyyatla bağlı xx.xx.2024-cü il tarixli, 17 nömrəli sərəncamı əsasında mənzillə təmin olunanadək ona müvəqqəti yaşayış yerinin mənzil-kirayə haqlarının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 18 fevral 2025-ci tarixli, 2-1(120)- 956/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi və s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır. Həmçinin Konstitusiya Məhkəməsinin qərardadında göstərilənlərə istinadla məhkəmə belə qənaətə gəlir ki, öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmış iddiaçının “mənzil növbəsinə götürülməsi”nə dair iddia tələbində istinad etdiyi sosial güzəştlərdən yararlanmaq hüququna malik deyildir. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2001-2023-cü illər intervalında Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli, 241 saylı əmri ilə “polkovnik-leytenant” hərbi rütbəsində, “X2 növbətçisi” vəzifəsində “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. xx.xx.2023-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq AR SHXÇDX-nin Neftçala rayon şöbəsində qeydiyyata düşmüşdür. xx.xx.2024-cü il tarixli, 17 №li sərəncamla adı mənzil növbəliliyi, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış hərbçilərin sosial-mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı mənzil-uçot siyahısına daxil edilmişdir. Hazırda kirayədə yaşadığından və bununla əlaqədar maddi ehtiyaclarının ödənilməsində çətinlik çəkdiyindən ona müvəqqəti mənzil kirayə haqlarının ödənilməsi tələbinə dair ərizə ilə Cavabdehnə müraciət etmiş, lakin həmin qurum tərəfindən tələbinin icrasından imtina edilmişdir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, Cavabdeh başçısının xx.xx.2024-cü il tarixli 17 nömrəli Sərəncamı ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılan İddiaçı dörd nəfər ailə tərkibi ilə birgə mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəliliyinə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2021-ci il tarixli 174 nömrəli Qərarının və “ Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 18 iyul 2022-ci il tarixli Qərardadında ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və.s ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilməsi və öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və.s ilə təmin olunmasının qanunvericilikdə nəzərdə tutulmaması qeyd olunub. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin olunması xahiş edilmişdir. Şikayətinin dəlilləri əsasən ondan ibarətdir ki, Qanunverici hərbi qulluqçuların bəhsi keçən təminat dairəsini konkret olaraq, yəni yalnız Azərbaycan Respublikası Silahlı Qüvvələrində on beş təqvim ili və daha çox xidmət etmiş, eyni zamanda xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçulardan ibarət həcmdə müəyyən etmişdir. Hazırki situasiyada birinci instansiya məhkəməsi tərəfindən ona münasibətdə tətbiq edilən məhdudiyyət qanunvericinin həqiqi iradəsini ifadə etməməklə hüquqlarının formal mülahizələrlə əsassız məhdudlaşdırılmasıdır. Qanunun sözügedən norması genişləndirici mənada şərh edilməli olduğu halda, birinci instansiya məhkəməsi tərəfindən məhdudlaşdırıcı mənada şərh edilmişdir. Qanunverici bu normada yalnızca Qanunun 12-ci maddəsinin 2-ci bəndinin 1-ci abzasında nəzərdə tutulan təminat hüquqlarının şəxslərə münasibətdə təsir dairəsini genişləndirmişdir. Beləcə, qeyd olunan normanın məzmununa maddənin 2-ci bəndində nəzərdə tutulmuş hüquqların məhdudlaşdırıcı elementi kimi yanaşmaqla məhkəmənin gəldiyi nəticə yanlış olmuşdur. Prosessual məsələlər İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi şikayətin dəlillərini qəbul etməyərək, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddianın qanuni əsasları ilə bağlı aşağıdakıları qeyd edir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun: -12-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə, ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. -7-ci bəndinə əsasən yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli, 174 nömrəli Qərarının: 1-ci bəndinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat.

2. Müəyyən edilsin ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli, 174 nömrəli Qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 18 iyul 2022-ci il tarixli Qərardadına əsasən qanunverici “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci hissəsinə görə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaşayış sahəsi və ya torpaq sahəsi almaq hüququnu təsbit edərkən, məhz hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirən hallarda bu sosial təminatdan yaralanmasını nəzərdə tutmuşdur. Belə ki, əvvəldə də göstərildiyi kimi, qeyd edilən maddənin 7-ci hissəsində, habelə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin 8-ci hissəsində müvafiq olaraq məhz yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslərin (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri ilə (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə) təmin edildiyi müəyyən edilmişdir. Oxşar müddəa Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli Qərarının 1-ci hissəsində də əks olunmuşdur. Beləliklə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. Odur ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi və s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır və tamamilə fərqli əsaslardan irəli gələn nəticələrin fərqli qaydada tənzimlənməsi, dövlət və ictimai əhəmiyyətli bir xidmətdən ikinci qrupa aid əsaslardan dolayı ehtiyata buraxılmış hərbi qulluqçulara bu hüquqların tanınmaması bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilməz. İş materiallarına əlavə edilmiş: -Cavabdeh başçısının xx.xx.2024-cü il tarixli, 17 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, həqiqi hərbi xidmətdən ehtiyata buraxılan İddiaçı dörd nəfər ailə tərkibi ilə (özü, arvadı X4, övladları X6, X5) birgə mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək yaşayış sahəsinə ehtiyac olan qismində mənzil növbəliliyinə qeydiyyata alınması qərara alınmışdır. -N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 241 nömrəli əmri ilə müəyyən edilir ki, İddiaçı “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-ci maddəsinin “j” bəndinə (öz arzusu ilə) və 164-cü maddəsinə müvafiq olaraq ehtiyata buraxılmışdır. Göründüyü kimi, qanunverici ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri və yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilməsini yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halı ilə şərtləndirmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçı öz arzusuna əsasən ehtiyata buraxılmışdır. Belə olan halda ona müvəqqəti yaşayış yerinin mənzil-kirayə haqlarının ödənilməsi istisna olunur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 18 fevral 2025-ci tarixli, 2-1(120)-956/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar