Məhkəmə qərarları › İş №2-1(106)-360/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-360/2025

04.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-360/2025 04.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X5 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 18 fevral 2025-ci il tarixli, 2-1(120)-760/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və yığılmış pensiya məbləği fərqinin ödənilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və yığılmış pensiya məbləği fərqinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 18 fevral 2025-ci il tarixli, 2- 1(120)-760/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının əlilliyi sonradan qazanılmış xəstəliklər və ya zədələr, eləcə də onlarla əlaqədar çatışmazlıqlar səbəbindən deyil, anadangəlmə xəstəlik və çatışmazlıq səbəbindən yaranmış və bu, 04 noyabr 2023-cü il tarixdə çap edilmiş sonuncu müayinə aktı ilə təsdiq edilmişdir. Bununla bağlı qərar 11 may 2001-ci ildə qəbul edilsə də, tibbi-sosial ekspertiza müayinəsinin nəticəsinə görə qüsur anadangəlmə olmuş və məhz bu qüsur əlilliyin müəyyən edilməsinə səbəb olmuşdur. Əlilliyin anadangəlmə xəstəliklər və ya çatışmazlıqlar səbəbindən yarandığı mötəbər sübutlarla təsdiq olunduqda, əlilliyin təyin edilməsinə (və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsinə) dair qərarın tarixinin 18 yaşdan sonraya təsadüf etməsi məsələnin mahiyyəti baxımından həlledici əhəmiyyət kəsb etmir. Nəzərə alınmalıdır ki, güdülən qanuni məqsəd 18 yaşına çatanadək əlilliyin müəyyən edilmiş olmasıdır. Əgər hazırki işdə olduğu kimi bu hal mötəbər sübutlarla təsdiq olunursa, sırf əlillik təyin edilməyə dair qərarın tarixindən çıxış edilməsi iddiaçını həddən artıq yükə məruz qoymaqla, fərdi və ümumi maraqlar arasındakı ədalətli balansı pozur, güdülən qanuni məqsədə öz məzmunu baxımından zəruri və yararlı olmayan müdaxilə edilməsinə gətirib çıxarır. O da nəzərə alınmalıdır ki, əlilliyin 18 yaşınadək təyin olunması məsələsi, bir qayda olaraq, şəxslərin özlərinin deyil, onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin hərəkətlərindən asılı olur. Belə ki, həmin şəxslər sözügedən dövrdə uşaq olduqlarından əlilliyin təyinatı ilə bağlı müraciət onların təmsil edən valideynlər və ya digər qanuni nümayəndələr tərəfindən edilməli idi. Belə müraciətlərin bəzən vaxtında edilməməsi əlilliyin təyinat tarixinin 18 yaşdan sonraya təsadüf etməsinə gətirib çıxarır. Qərardan cаvаbdеh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona 2000-ci ildən, yəni 18 yaşından sonra 2-ci dərəcəli əlillik təyin olunmuşdur. X1 xx.xx.2013-cü ildə, anası X6 isə xx.xx.2019cu ildə vəfat etmişdir. Onların hər ikisi vəfat edən günə kimi əmək pensiyası almışlar. “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə əsasən əlilliyi 18 yaşa çatanadək qazandığı üçün ona ailə başçısının itirilməsinə görə əmək pensiyasının təyin edilməlidir. Cavabdehin imtina və etiraz dəlilləri ondan ibarətdir ki, qanunvericiliyin tələbinə əsasən iddiaçının ailə başçısını itirməyə görə pensiya alması üçün 18 yaşına çatanadək onun sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməlidir. Hazırki qanunvericilik normalarının tələbinə görə əgər şəxs 18 yaşı tamam olduqdan sonra əlilliklə bağlı DTSERA-va müraciət etmiş və onun əlilliyi məhz 18 yaşından sonra müəyyən olunmuşsa, əlilliyin müəyyən edilməsinə dair həmin qərar qüvvədə olduğu halda, məhkəmə tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinə istinadla həmin şəxsə ailə başçısının itirməyə görə pensiya təyin edilə bilməz. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlili imtina aktının və iddiaya qarşı etirazın məzmunu ilə eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1975-ci il tarixdə anadan olmuşdur. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi 11 nömrəli Zona Tibbi-Sosial Ekspert Komissiyasının Salyan şöbəsinin xx.xx.2000-ci il tarixli, 133821 nömrəli müayinə aktlarından çıxarışların surətindən görünür ki, İddiaçı xx.xx.2000-ci il tarixdən ikinci dərəcəli əlillik təyin edilmiş, 2009-cu ilədək əlillik vəziyyətində olmuş, 2009cu ildə müddətsiz təyin edilmişdir. Həmin sənədlərdə onun “uşaqlıqdan” həmin diaqnozla xəstə olması öz əksini tapmışdır. -xx.xx.2013-cü il tarixli, AZ-İ 623236 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2013-cü il tarixdə ölmüşdür. -xx.xx.2023-cü il tarixli, AZ-İİ 382271 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2019-cu il tarixdə ölmüşdür. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (maddə 149). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: -14.1-ci maddəsinə əsasən, vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə, ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. -17.1-ci maddəsinə əsasən, ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. -18.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği bu Qanunun 13.3-cü və 13.3-1-ci maddələrində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyalarının ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Ailə üzvlərindən biri (bu Qanunun 20.1.13-cü maddəsinə uyğun olaraq ailə başçısının qulluq stajına görə əlavə təyin olunmuş əri (arvadı) və övladları istisna olmaqla) öz seçimi ilə digər növ əmək pensiyasını, yaxud bu Qanunun 14.4-cü maddəsinə əsasən sosial müavinəti (ailə başçısını itirməyə görə müavinət istisna olmaqla) aldıqda ona ailə başçısının itirilməsinə görə düşən əmək pensiyasının məbləği digər ailə üzvləri arasında bölüşdürülməklə onların əmək pensiyasının məbləği yenidən hesablanır. -5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. -34-cü maddəsinə əsasən, əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 6.2-ci bəndinə əsasən pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1-dən ödənilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əlilliyinin 18 yaşınadək müəyyən edilməsi yuxarıda qeyd olunan sənədlərlə təsdiq edilir. Həmin sənədlərdə əlilliyin təyin olunmasına əsas olan xəstəlik “Uşaq serebral iflici, aşağı ətrafların paraparezi anadangəlmə” kimi öz əksini tapır. Buna görə də iddiaçıya 18 yaşından sonra əlillik təyin olunmasına baxmayaraq, əlilliyin anadangəlmə olmaqla 18 yaşadək əldə edilməsi müəyyən olunur. Belə olan halda İddiaçı əlilliyin 18 yaşından sonra təyin edilməsi onun ziyanına şərh edilə bilməz və bu əsasla iddiaçıya pensiya təyin edilməsindən imtina edilə bilməz. Həmçinin birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, əlilliyin 18 yaşınadək təyin olunması məsələsi, şəxsin özünün deyil, onun valideynlərinin və ya digər qanuni nümayəndələrinin hərəkətlərindən asılı olur. Buna münasibətdə məhkəmə kollegiyası hesab edir ki, şəxs həmin dövrdə uşaq olduğundan, onun valideynləri əlilliyin təyin edilməsi üçün müraciət etməli idi. Valideynlərinin əlillik üçün vaxtında müraciət etməməsi iddiaçının özünün birbaşa iradəsi və hərəkətləri ilə bağlı olmayan haldır. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2925/2023 nömrəli xx.xx.2023-cü il tarixli (üç ulduzlu) qərarında hazırki mübahisənin predmeti ilə oxşarlıq təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Qeyd olunur ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli araşdırma aparılmışdır və qəbul edilmiş qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Apellyasiya şikayətində isə imtina aktı və iddiaya qarşı etiraz dəlilləri təkrarlanmışdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 18 fevral 2025-ci il tarixli, 2-1(120)-760/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar