Məhkəmə qərarları › İş №2-1(106)-363/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-363/2024

09.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-363/2024 09.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Camalov Hüseyn Əli oğlunun, İddiaçı, cavabdeh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının nümayəndəsi X4 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 29 mart 2024-cü il tarixli, 2-1(120)-1652/2024 nömrəli qərarından cavabdeh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən, 57 yaşdan pensiya təyin edilməsi və ödənilməmiş dövrlərin pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim F.Abbasov) 29 mart 2024-cü il tarixli, 2-1(120)- 1652/2024 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı xx.xx.2006-cı il tarixədək işlədiyi dövlər sosial sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı 57 yaşdan, yəni 06 iyun 2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin edilmiş əmək pensiyasının həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2006-cı il tarixə 26 il 3 ay 01 gün iş stajı toplamış və bunun 12 il 8 ay 15 günü “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin siyahı təsdiq olunana qədər isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüquq verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»na (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə bu siyahı qüvvədən düşmüşdür) əsasən güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajıdır. Qərardan cаvаbdеh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1979-1981-ci ilə (1 il 08 ay 07 gün) kimi “M.Müşfıq adına kolxozda”, 1981-xx.xx.1981-ci ilə (07 ay 28 gün) kimi “1 May kolxozunda”, xx.xx.1981-xx.xx.1982-ci ilə (01 il 04 ay 17 gün) Əli Bayramlı 15 saylı Yol- Tikinti İdarəsində “asfalt, beton bişirən fəhlə” işləmiş, xx.xx.1982-xx.xx.1984-cü ilə (02 il 7 gün) kimi hərbi xidmətdə olmuş, xx.xx.1984-xx.xx.1996-cı ilə (11 il 03 ay 28 gün) kimi həmin idarədə “asfalt-betonçu”, xx.xx.1996-xx.xx.1997-ci ilə (01 il 23 gün) kimi “Əli Byramlı şəhər polis şöbəsi”nin mühafizə bölməsində “gözətçi”, xx.xx.1997-xx.xx.2000-ci ilə (03 il 16 gün) kimi, xx.xx.2000-xx.xx.2007-ci ilə (05 il 25 gün-xx.xx.2006-cı ilə kimi) kimi “X11piy” Kombinatında və “X11-piy” ATSC-də “gözətçi” vəzifələrində işləmişdir. İşlədiyi vəzifələrdən xx.xx.1982-ci ilə (01 il 04 ay 17 gün) Əli Bayramlı 15 saylı Yol-Tikinti İdarəsində “asfalt, beton bişirən fəhlə” və xx.xx.1984-xx.xx.1996-ci ilə (11 il 03 ay 28 gün) kimi həmin idarədə “asfalt-betonçu” vəzifələri zərərli və ağır iş stajı olduğuna görə hesab edir ki, ona “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən xx.xx.2021-ci il tarixdən, yəni 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Çünki onun xx.xx.2006-cı il tarixə kimi ümumi 26 il 02 ay 26 gün və 12 il 08 ay 15 gün güzəştli iş stajı vardır. Cavabdehə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin imtina cavabı verilmişdir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikasının 5 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında’’ Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li Siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı Ə.X5 təqdim etdiyi "xxxx" ASC tərəfindən verilən güzəştli iş stajı haqqında arayışda onun xx.xx.1981-ci il tarixdə İ dərəcə fəhlə qəbul edildiyi, xx.xx.1982-ci il tarixdə ordu sıralarına getdiyi üçün işdən azad edildiyi, xx.xx.1984-cü il tarixdə yenidən İ dərəcə fəhlə qəbul edildiyi, xx.xx.1988-ci il tarixdə İİ dərəcə asfalt betonçu keçirildiyi, xx.xx.1990-cı il tarixdə asfalt bişirən operator keçirildiyi, xx.xx.1996-cı il tarixdə işdən azad edildiyi, daha sonra xx.xx.2008-ci il tarixdə Asfalt bişirən zavodda Vİ dərəcə asfalt bişirən vəzifəsinə qəbul edildiyi, xx.xx.2015-ci il tarixdə isə işdən azad edildiyi qeyd olunmuşdur. Həmçinin, həmin arayışda iddiaçının işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nda göstərilən 2180900a—12084 koda uyğun olduğu göstərilmişdir. 2 №-li Siyahısı”nın Tikinti materialları istehsalı bölməsinin (XVİİ) fəhlələr (a) bəndində 2180900a—12084 kodu üzrə bişirmə qazanının yükləyiciləri peşəsi nəzərdə tutulmuşdur. İddiaçının adı çəkilən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün tərəflərindən aidiyyəti üzrə sorğu göndərilmişdir. Müvafiq sorğuya cavab olaraq iddiaçının xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək və xx.xx.1984-cü il tarixdən xx.xx.1990-cı il tarixədək fəhlə, xx.xx.1990-cı il tarixdən xx.xx.1996-cı il tarixədək asfalt bişirən operator vəzifəsində işlədiyi müəyyən olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi sahə sözügedən arayışda istinad olunan yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan tikinti materialları istehsalı sahəsinə, fəhlə vəzifəsi isə bişirmə qazanının yükləyicilər vəzifəsinə uyğun deyildir. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (5 il 5 ay 22 gün (xx.xx.1990-xx.xx.1996-cı il tarixləri arasındakı dövr)) təşkil edir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti imtina aktının və iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, həmçinin əlavə olaraq bildirmişdir ki, Əli Bayramlı 15 saylı Yol-Tikinti İdarəsində 1981-ci ildə işdən azad olunan tarixədək bütün iş fəaliyyəti dövründə fəhlə kimi qır bişirməklə məşğul olmuşdur. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -"xxxx" ASC-nin 12 avqust 2021-ci il tarixli, 12 nömrəli “güzətli iş stajı haqqında” arayışında bildirilir ki, İddiaçı xx.xx.1981-ci ildən növbəli xx.xx.2015-ci il tarixinə kimi Əli Bayramlı 15 Saylı Yol-Tikinti İdarəsində (onun varisi sayılan Əli Bayramlı 3 saylı Yol-Tikinti İdarəsi və Əli Bayramlı “Yol Tikinti- 3” ATSC) fəhlə, asfalt, beton bişirən fəhlə və Asfalt Zavodda asfalt bişirən işində çalışmışdır.

1. xx.xx.1981 İ dərəcə fəhlə qəbul edilib ( əmr № 251/k xx.xx.1981);

2. xx.xx.1982-ci ordu sıralarına getdiyi üçün işdən azad edilib (əmr 106/k xx.xx.1982-ci il);

3. xx.xx.1984 İ dərəcə fəhlə qəbul edilib (əmr № l67/k xx.xx.1984);

4. xx.xx.1988 İİ dərəcə Asfalt Betonçu keçirilib (əmr № 01/k xx.xx.1988);

5. xx.xx.1990 4-cü dərəcə asfalt bişirən operator keçirilsin (əmr № 178\k xx.xx.1990);

6. xx.xx.1996 Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən işdən azad edilsin (öz xahişi ilə əmr № 33\k xx.xx.1996);

7. xx.xx.2008 Asfalt bişirən zavodda 6-cı dərəcə asfalt bişirən vəzifəsinə qəbul edilsin. (əmr № 07/k xx.xx.2008);

8. xx.xx.2015 Azərbaycan Respublikası ƏQM-nin 68-ci maddəsinin 2-ci bəndinə a hissəsinə əsasən işdən azad edilsin (öz təşəbüssü ilə əmr № 07\k xx.xx.2015-ci il). Asfalt kütləsinin bişiriciləri peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtləıiə pensiya hüquq verən istehsalatların, işlərin, peşələrin, vəzifələri və göstəricilərinin 2 nömrəli siyahısının 2180900a-12084 şifrəsi ilə qeyd edilmiş asfalt kütləsinin bişiriciləri peşəsinə tam uyğıın olmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ verir. Həmin peşədə X1 güzəştli iş stajı üst-üstə 15 il 11 ay 24 gün təşkil edir. -Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMC-nin 13 avqust 2021-ci il tarixli, 11 nömrəli “güzətli iş stajı haqqında” arayışında bildirilir ki, İddiaçı 03/K saylı 09 fevral 2016-cı il tarixli əmrlə Şirvan 34 saylı Yol İstismarı İdarəsinin Asfaltbeton zavoduna 4-cü dərəcəli fəhlə işinə qəbul edilmiş, "xxxx" ASC İdarə Heyətinin 01 iyul 2016-cı il tarixli, 60 №-li Qərarına əsasən Şirvan 34 saylı Yol İstismarı İdarəsinin adı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmiş, İddiaçı 64/k saylı 08 sentyabr 2017-ci il tarixli əmrlə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində 1 il 7 ay iş stajı var. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi barədə” Qərarında qeyd edildiyi kimi asfaltbeton zavodda fəhlə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. -"xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 17 saylı arayışında bildirilir ki, İddiaçı xx.xx.1981-xx.xx.1982-ci illər, xx.xx.1984-xx.xx.1988-ci illər və xx.xx.1988-xx.xx.1990-cı illər üzrə işlədiyi dövrlər əmək kitabçasında Əli Bayramlı 15 saylı Yol-Tikinti İdarəsində 1-ci dərəcəli fəhlə vəzifəsi kimi qeyd edilmişdir. Lakin onun əmək kitabçasında fəhlə vəzifəsi qeyd edilməsinə baxmayaraq, o, fəhlə vəzifəsi olaraq «asfalt- betonçu» və «asfalt-beton bişirən» işlərini həyata keçirmişdir. Əli Bayramlı 15 saylı Yol-Tikinti İdarəsində işləmiş bütün adda olan «asfalt-betonçu, asfalt-beton döşəyən, asfalt-beton bişirən, asfalt-beton qanşdıran maşinist, asfalt-beton döşəyicilərin maşinist, polad və dəmir-beton konstruksiyalarm qııraşdırması üzrə quraşdırıcılar, bitumçu və rəngsaz» vəzifələrinin hamısı fəhlə sinifinə aiddir. Lakin idarənin «rəisi, rəis müavini, baş mühəndisi, sahə rəisi, mühəndisi, kadrlar üzrə mütəxəssisi, inspektoru, mühasibatı» rəhbər vəzifələrinə aiddirlər. İddiaçı həmin dövrlərdə işlədiyi «asfalt-betonçu və asfalt-beton bişirən» vəzifələri üzrə gördüyü işlər-beton plitələrin asfalt yolun hər iki tərəfinin paralel formada düzülüşünü və asfaltın üst qatının yüksək temperaturda yumşaq səth formasında döşənməsini əl aləti əməyi ilə həyata keçirirdi. İddiaçı işlədiyi vəzifələr zərərli və ağır iş sahəsi olaraq hər ay əmək haqqısına 12 % və məzuniyyət gününə 2 təqvim günü əlavə edilirdi. Bu səbəbdən də hesab etmək olar ki, İddiaçı əmək kitabçasında qeyd edilən xx.xx.1981-xx.xx.1982-ci illər, xx.xx.1984-xx.xx.1988-ci illər üzrə fəhlə adı yalnız ifadə baxmından fərqlənir, lakin o, eyni ilə «asfalt-betonçu» və «asfalt-beton bişirən»nin vəzifələrini icra etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (maddə 149). İddiaçının iddia etdiyi hüququnun yarandığı tarixdə qüvvədə olan redaksiyada “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar – 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən həmin qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş həddi 1997ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Həmçinin hazırda qüvvədə olan redaksiyada “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olub-olmaması “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir. Həmin maddənin təsiri altına düşmək üçün isə iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək, yəni xx.xx.2006-cı il tarixədək azı 25 il sığorta stajına malik olmalı və bu müddətin azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə işlərdə çalışmalıdır. Bu tələblər ödənildiyi halda yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə, yəni “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş tələblərə müvafiq surətdə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Məhkəmə araşdırması nəticəsində iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi sosial sığorta stajının olduğu müəyyən edilmişdir. İddiaçının 25 il ümumi sosial sığorta stajının olması işin mübahisəsiz halıdır. Tərəflər arasında mübahisə iddiaçının xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək və xx.xx.1984-cü il tarixdən xx.xx.1990-cı il tarixədək daşıdığı peşənin (fəhlə) güzəştli iş stajına daxil edilib-edilməməsi ilə bağlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda göstərilən 2180900a—12084 kod üzrə hopdurucu aqreqat aparatçıları, bitum susuzlaşdıran aparatçılar, bitum turşuladan aparatçılar, asfalt kütləsinin bişiriciləri, bitum bişiriciləri, bişirmə qazanının yükləyiciləri, qazan təmizləyiciləri, boruşəkilli soba operatorları, turbinqarışdırıcıların operatorları və səpələyən və soyudan qovşaqların operatorları peşələri hamısı fəhlə kateqoriyasına aid edilmiş və həmin kateqoriya altında sadəcə işin xüsusiyyətinə uyğun səciyyələndirilmişdir. Bu yanaşma həmçinin "xxxx" ASC-nin yuxarıda qeyd olunan məktubunda İddiaçı xx.xx.1981-xx.xx.1982-ci illər, xx.xx.1984-xx.xx.1988-ci illər və xx.xx.1988-xx.xx.1990-cı illər üzrə işlədiyi dövrlərin əmək kitabçasında fəhlə vəzifəsi kimi qeyd edilməsinə baxmayaraq onun faktiki olaraq «asfalt- betonçu» və «asfalt-beton bişirən» işlərini həyata keçirməsini bildirməsi barədə məlumatından qaynaqlanır. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apelyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qərara aldı:

Cаvаbdеh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 29 mart 2024-cü il tarixli, 2-1(120)-1652/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar