Məhkəmə qərarları › İş №2-1(106)-363/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-363/2025

16.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-363/2025 16.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X2 və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, 2-1(120)-1746/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı inzibati aktın ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Umudov X1 İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək, cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin “Şükrü Məmmədovun vərəsəsinə verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 04 fevral 2025-ci il tarixli, 2-1(120)- 1746/2025 nömrəli qərardadı ilə İddiaçı iddia ərizəsi geri götürülmüş sayılmış və icraata xitam verilmişdir. Qərardan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Şikayət qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən məhkəmə kollegiyası tərəfindən iddiaçıya müvafiq yardım edilmiş, müddətin üzrlü səbəbdən ötürülməsi ilə bağlı sübut təqdim edilməsi tövsiyə olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iddiaçı bildirdi ki, xx.xx.2025-ci il tarixdə qardaşı vəfat etdiyindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddəti ötürmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. -85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. -87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Şirvan İnzibati Məhkəməsinin 04 fevral 2025ci il tarixli, 2-1(120)-1746/2025 nömrəli qərardadı 27 fevral 2025-ci il tarixdə poçt vasitəsilə iddiaçıya təqdim edilmişdir. Qeyd edilən qərardaddan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti isə 13 mart 2025-ci il tarixdə Şirvan İnzibati Məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi apellyasiya şikayəti 13 mart 2025-ci il tarixdə, yəni apellyasiya şikayətinin verilməsi müddəti bitdikdən 4 gün sonra verilmişdir. Bununla da Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85-ci maddəsində nəzərdə tutulmuş 10 günlük müddət ötürülmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Beləliklə, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarından apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüş, bununla yanaşı, məhkəmə kollegiyasına müddətin üzrlü səbəbdən buraxıldığını təsdiq edən mötəbər sübut təqdim edilməmişdir. Başqa sözlə iddiaçı şikayət vermə müddətinin ötürülməsini xx.xx.2025-ci il tarixdə qardaşının ölümü ilə bağlı olduğunu bildirsə də, məhkəmənin qərarını bu hadisədən 19 gün sonra əldə etmiş və onun şikayət vermək üçün kifayət qədər vaxtı və imkanı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının məhkəmə kollegiyasının iclasında göstərdiyi dəlil müddətin üzrlü hesab edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şirvan İnzibati Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, 2-1(120)-1746/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar