Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-364/2025 04.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X2 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, 2-1(120)-1216/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 12 fevral 2025-ci il tarixli, 2- 1(120)-1216/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə görə vətəndaşın xx.xx.2006cı il tarixədək olan sosial sığorta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. İddiaçının xx.xx.2000-ci il tarixində altı aylıq öz hesabına ödənişsiz məzuniyyət dövrü xx.xx.2001-ci ilə kimi davam etdiyindən həmn dövrdən yalnız 06 ay qəbul edilməli, xx.xx.2001-ci ildən xx.xx.2001-ci il tarixə kimi olan dövr sığorta stajına daxil edilməməlidir. Belə olan halda, iddiaçı 25 ildən çox sığorta stajına malik olduğundan vətəndaşın fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması şərti tətbiq edilməməlidir. Həmçinin hazırki halda inzibati orqanların bazasında olan məlumatlar arasında əmək haqqı cədvəllərinin mövcud olmaması iddiaçının pensiya hüququnun təminini istisna edən hal hesab edilməməlidir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, sosial sığorta stajı hərbi xidməti və texniki peşə məktəbində oxumağı nəzərə alınmaqla 30 il 08 gün təşkil edir. Hazırda 68 yaşı vardır. Ona yaşa görə sosial müavinət 220 manat təyin edilmişdir. Yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilməsi qanuna zidd və hüquqlarının pozulması halı kimi qiymətləndirilməlidir. Belə ki, əmək kitabçasında adları qeyd olunan müəssisələrdə işlədiyi müddət sosial sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunda tələb olunan sosial sığorta stajı yaranmışdır. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, İddiaçı sosial sığorta stajı əmək kitabçasının surətinə əsasən 25 ildən az (xx.xx.1971-ci il tarixdən xx.xx.1972-ci il tarixədək və xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək təhsil aldığı illər, xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 18 il 4 ay 20 gün təşkil edir. Həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi şəxsi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Fondun 1 saylı Lənkəran-Astara regional filialı ilə X7 Kəmərləri İdarəsinin birgə tərtib etdiyi xx.xx.2024-cü il tarixli akta əsasən xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixədək iddiaçı öz hesabına məzuniyyətdə olmuşdur. Bu səbəbdən xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixədək olan dövrün İddiaçı sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlilləri imtina aktı və iddiaya qarşı etirazın məzmunu ilə eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Surətləri iş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus xx.xx.1973-cü il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1973-cü il tarixdən xx.xx.2003-cü il tarixədək əmək fəaliyyətində olması qeyd edilmişdir. -НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olmuşdur. -“Qaz İxrac” İdarəsi Astara Magistral X4 xx.xx.2021-ci il tarixli, 11 nömrəli arayışından görünür ki, İddiaçıh Cəlil oğlu xx.xx.1978-ci il tarixdən xx.xx.2001-ci il tarixədək və xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək, (cəmi 24 il 10 ay) X7 kəmərləri İdarəsində sürücü peşəsində işləmişdir. -Astara rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 27 nömrəli arayışından görünür ki, Həsənov X3 36 saylı SMD-nin əmr kitablarına əsasən 1972-ci ilin iyul ayının 20-da 86 saylı əmrlə idarəyə qəbul olunmuş, 1973-cü ilin iyul ayının 09-da 72 saylı əmrlə verdiyi ərizəsinə əsasən azad edilmişdir. -Socar “Qaz İxrac” İdarəsi Astara Magistral X4 xx.xx.2024-cü il tarixli, 14-2-12/5- 138/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, əvvəlki illərdə arxiv olmadığına görə İddiaçı aid əmrlərin, əmək haqqı barədə cədvəllərin və s. bu kimi sənədlərin tam qaydada təqdim edilməsi mümkün deyildir. İddiaçı Sahə tərəfindən verilmiş xx.xx.2021-ci il tarixdə 11 nömrəli və xx.xx.2021-ci il tarixdə 34 nömrəli arayışlarda qeyd olunan xx.xx.1978-ci il tarixdən işə qəbul olunması haqqında məlumat şəxsi vərəqəyə əsasən, xx.xx.2001-ci il tarixdən işdən azad olunması isə xx.xx.2001-ci il tarixli 01/KŞ nömrəli əmrlə, xx.xx.2001-ci il tarixdə işə qəbul olunması kadr əmrləri kitabında olan xx.xx.2001-ci il tarixli Əmr № 10/KŞ nömrəli əmrə əsasən, son olaraq xx.xx.2003-cü il tarixdə işdən azad edilməsi xx.xx.2003-cü il tarixli 12-K§1 nömrəli əmrə əsasən qeyd edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Astara MQKS-də 2010-cu ildən əvvəl arxivləşmənin olmamasına görə İddiaçı işlədiyi illərə aid tələb olunan əmək haqqı cədvəllərinin təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir. -Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı Lənkəran-Astara regional filialının pensiya təminatı şöbəsinin xx.xx.2024-cü il tarixli aktından görünür ki, İddiaçıh Cəlil oğlunun xx.xx.1992-xx.xx.2001 və xx.xx.2001-xx.xx.2003-cü il iş stajı və əmək haqqları yoxlanılaraq müəyyən edilmişdir ki, İddiaçıh Cəlil oğlu xx.xx.2001-ci il tarixli, 01/kş nömrəli əmrlə məzuniyyət vaxtı çatdığı üçün xx.xx.2001-ci il tarixdən işdən azad edilmişdir (ödənişsiz məzuniyyət – 6 aylıq uzunmüddətli). İddiaçıh Cəlil oğlu xx.xx.2001-ci il tarixli 10/KŞ nömrəli BTC-nin 6 dərəcəsi ilə Kamaz avtomaşınına sürücü qəbul edilmiş, əmək haqqı ştat cədvəlinə əsasən 171900 manat ödənilmişdir. xx.xx.2003-cü il tarixli 12 nömrəli əmrlə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. 1988-ci ilin əmrlər kitabı tapılmadığı (saxlanılmadığı) üçün həmin ilin əmrini yoxlamaq olmamış, lakin əmək kitabçalarının qeydiyyat kitabında xx.xx.1978-ci ildə ona əmək kitabçası açılmış, 1991-ci ildə əmək kitabçalarını təhvil alanların siyahısında (akt) adı vardır. Əmək haqqı cədvəlləri saxlanılmadığı üçün yoxlamaq olmamışdır. Qeyd: Əmr kitablarında vətəndaşın adı Əlişa deyil “Əlişah” yazılmışdır. -Astara MQKİ-nin xx.xx.2001-ci il tarixli, 10/KŞ nömrəli əmrinin surətindən görünür ki, BTC-nin 6 dərəcəsi ilə Kamaz avtomaşınına sürücü qəbul edilmiş, əmək haqqı ştat cədvəlinə əsasən 171900 manat ödənilmişdir. -Astara MQKİ-nin xx.xx.2001-ci il tarixli, 01/KŞ nömrəli əmrində qeyd edilmişdir ki, ödənişsiz məzuniyyət vaxtı başa çatmış işçilərin işdən azad edilməsi haqqında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci bəndinə “c” yarımbəndinə və “Azərqaznəql” İB-nin 06 iyun 2000-ci il tarixli 03/769 saylı məktubuna əsasən ödənişsiz məzuniyyətdə olan işçilərin məzuniyyət vaxtı başa çatdığı üçün aşağıdakı işçilər 1 fevral 2001-ci il tarixdən işdən azad edilsinlər: 4. İddiaçıh C.o. -xx.xx.1995-ci il tarixli və xx.xx.2000-ci il tarixli aktların surəti ilə müəyyən olunur ki, İddiaçı həmin tarixlərdən altı aylıq öz hesabına ödənişsiz məzuniyyətə buraxılmışdır. Apellyasiya şikayətində xx.xx.2024-cü il tarixli qarşılıqlı yoxlama aktına istinad edilərək, iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixədək öz hesabına məzuniyyətdə olması səbəbindən həmin illərin onun sosial sığorta stajına daxil edilməsinin mümkün olmaması qeyd edilmişdir. Məhkəmə kollegiyası həmin dəlili əsassız hesab edir və qeyd edir ki, həmin aktda iddiaçının yalnız 6 aylıq ödənişsiz məzuniyyətdə olması qeyd edilmişdir. Belə olan halda iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixədək olan dövr ərzində işləməməsi barədə dəlil cavabdehin özünün də istinad etdiyi həmin yoxlama aktı ilə ziddiyyət təşkil edir. Bundan başqa, məhkəmə kollegiyası cavabdehin əmək haqqı cədvəllərinin arxivə təhvil verilməməsi barədə dəlilinə münasibətdə hesab edir ki, hazırki iş üzrə əmək kitabçasında olan qeydlər hər-hansı şübhə doğurmur və iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur. Başqa sözlə, iddiaçının əmək fəaliyyəti rəsmi sənəddə (əmək kitabçası) öz əksini tapdığından işlədiyi müəssisənin sənədlərinin arxivə təhvil verilməməsi halı iddiaçının həmin müəssisədə işləməməsi və ona əmək haqqı ödənilməməsi qənaətinə gəlmək üçün kifayət etmir. Həmçinin, əmək haqqı cədvəllərinin arxivə təhvil verilməməsi iddiaçının səhvi nəticəsində baş verməmişdir və bu hal iddiaçının ziyanına şərh edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. -21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qeyd edilməlidir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Formalaşmış mövcud məhkəmə təcrübəsinə əsasən əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları, eləcə də əmək haqqı cədvəlləri nəzərə alına bilər. İstinad olunan əmək pensiyaları haqqında müvafiq qanunvericilik normalarına əsasən iş stajı nəzərə alınan zaman ilkin olaraq əmək kitabçası, bu olmadıqda isə digər sənədlər nəzərə alınır. İddiaçıya məxsus əmək kitabçasında tələb olunan dövrlər üzrə əmək fəaliyyəti ilə bağlı qeydlər mövcuddur və həmin qeydlərin mötəbəriyini şübhə altına almaq üçün hər-hansı əsas yoxdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə istinad edərək məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Beləliklə, məhkəmə araşdırması nəticəsində iddiaçının ümumilikdə 25 ildən artıq sosial sığorta stajının olduğu müəyyən edilir ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Odur ki, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, 2-1(120)-1216/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-364/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-364/2025
04.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver