Məhkəmə qərarları › İş №2-1(106)-365/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-365/2024

23.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-365/2024 23.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Aqrar İslahat Komissiyasının X3 0.39 ha torpaq sahəsinin verilməsi barədə qərarının qismən ləğv edilməsi” barədə iddia tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 2-1(120)-731/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı Cavabdehnə qarşı “Aqrar İslahat Komissiyasının X3 0.39 ha torpaq sahəsinin verilməsi barədə qərarının qismən ləğv edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İşin hallarının araşdırılması məqsədilə hazırlıq icraatı üzrə sonuncu xx.xx.2023, xx.xx.2023-ci il və xx.xx.2024-cü il tarixlərə məhkəmə iclasları təyin edilmiş və iddiaçının ünvanına bu barədə bildirişlər göndərilmişdir, lakin iddiaçı tərəf məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçıya göndərilmiş xx.xx.2023-cü il tarixli bildirişdə, məhkəmənin tələbinə baxmayaraq, iddiaçının 30 gündən artıq müddət ərzində məhkəmə icraatından yayındığı halda iddianın geri götürülmüş sayılması bildirilmişdir. Şirvan İnzibati Məhkəməsinin 30 mart 2023-ci il tarixli, 2-1(120)-340/2023 saylı qərаrdadı (hakim Pərvanə Qurbanova) ilə iddia ərizəsi geri götürülmüş sayılmış və iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işə baxılmasının davam etdirilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, qərardadın qanunsuz olmasına səbəb odur ki, inzibati işə baxan hakim ona məhkəmə tərəfindən ünvanlanan məhkəmə iclası ilə bağlı bildirişlərin ona çatdırılması barədə sübutların olub-olmamasına əhəmiyyət vermədən əsassız qərardad qəbul etmişdir. Belə ki, məhkəmə qərardadında xx.xx.2023, xx.xx.2023 və xx.xx.2024-cü il tarixlərə məhkəmə iclaslarının təyin etmiş və ünvanına bu barədə bildirişlər ünvalamışdır. Ona yalnız xx.xx.2024-cü il tarixdə keçiriləcək məhkəmə prosesinə dair bildiriş çatdırılmışdır. Əvvəlki məhkəmə iclaslarının keçirilməsindən xəbəri olmayıb. İPM-ə əsasən məhkəmə iddia ərizəsinin geri götürülmüş sayılmasından ötrü yuxarıda qeyd olunan məhkəmə iclasları barədə mən məlumatlandırılmalı idi. Birinci instansiya məhkəməsinin bu məqamlara qiymət verməməsi ona dəlalət edir ki, məhkəmə işin maddi-hüquqi aspekti ilə əlaqədar cavabdehin mövqeyini avtomatik olaraq qəbul etmiş, nəticədə maddi-hüquqi baxımdan və prosessual hüquqi baxımdan əsassız qərardad qəbul etmişdir. İddiaçının ciddi nəticələrlə üzləşə biləcəyini, habelə məhkəməyə müraciət etmək hüququnun demokratik cəmiyyətdə vacibliyini nəzərə alaraq, məhkəmə bu tələbi iddiaçıya onun davranışı haqqında tutarlı və mötəbər dəlillərə malik olduğu təqdirdə irəli sürə bilər. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Üçüncü şəxs X4 məhkəmə iclasında izahat verərək apellyasiya şikayətinin dəllilləri əsassız olduğundan təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası iddiaçı, cavabdehlərin nümayəndələri və digər üçüncü şəxlər iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 55.1. Məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.2. Şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir. 55.3. Məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.4. İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 29 aprel 2014-cü il tarixli qərarı:

1. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinin mənasına uyğun olaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinin “Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz” müddəası həmin Məcəllənin 55.3-cü maddəsi əsasında qəbul edilən qərardaddan apelyasiya şikayətinin verilməsi hüququnu məhdudlaşdıran norma kimi qiymətləndirilə bilməz.

2. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apelyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri:

Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:

Məhkəmə kollegiyası işdə iştirak edən üçüncü şəxsin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 30 mart 2023-ci il tarixli, 2-1(120)-340/2023 saylı qərаrdadı ləğv edilməli, iş təkrar baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən iddia ərizəsi geri götürülmüş sayılmış və iş üzrə icraata xitam verilmişdir və məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı məhkəmənin tələbinə baxmayaraq məhkəmə iclaslarına gəlməyərək 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındığından iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaq hesab edir ki, iddiaçının məhkəmə icraatından yayınması işdə olan sənədlərlə sübuta yetirilmir. Birinci instansiya məhkəməsi qərardadında qeyd etmişdir ki, xx.xx.2023, xx.xx.2023-ci il və xx.xx.2024-cü il tarixlərə məhkəmə iclasları təyin edilmiş və iddiaçının ünvanına bu barədə bildirişlər göndərilmişdir, lakin iddiaçı tərəf məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçıya göndərilmiş xx.xx.2023-cü il tarixli bildirişdə, məhkəmənin tələbinə baxmayaraq, iddiaçının 30 gündən artıq müddət ərzində məhkəmə icraatından yayındığı halda iddianın geri götürülmüş sayılması bildirilmişdir. İşdən görünür ki, birinci instansiya məhkəməsi xx.xx.2023-cü il tarixli məktubla məhkəmə hazırlıq iclasının xx.xx.2023-cü il tarixə təxirə salınması barədə iddiaçıya məlumat vermişdir. Lakin məhkəmənin həmin bildirişinin iddiaçıya rəsmi təqdim edilməsi barədə iş materiallarında hər hansı bir sübut (xəbərnamə) mövcud deyildir. Bundan sonra birinci instansiya məhkəməsi xx.xx.2023-cü il tarixli məktubla məhkəmə hazırlıq iclasının xx.xx.2023-cü il tarixə təxirə salınması barədə məlumat vermişdir. Lakin məhkəmənin həmin bildirişinin də iddiaçıya rəsmi təqdim edilməsi barədə iş materiallarında hər hansı bir sübut (xəbərnamə) mövcud deyildir. Daha sonra birinci instansiya məhkəməsi xx.xx.2023-cü il tarixli məktubla məhkəmə hazırlıq iclasının xx.xx.2024-cü il tarixə təxirə salınması barədə məlumat vermiş və iddiaçıya 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddianın geri götürülmüş sayılması barədə xəbərdarlıq edilmişdir. İş materiallarından göründüyü kimi məhkəmə iclasının vaxtı barədə bildirişlər iş materiallarında mövcud olsa da, həmin bildirişlərin iddiaçıya vaxtında (məhkəmə iclasına kimi) rəsmi təqdim edilməsi barədə heç bir sübut mövcud deyildir. Məhkəmə kollegiyasının mövqeyinə görə məhkəmə iclasının vaxtı barədə lazımi qaydada məlumatlandırılmamış tərəfin məhkəmə iclasına gəlməməsi onun məhkəmə icraatından yayınması kimi qiymətləndirilə bilməz. Çünki, İPM-nin 55.3-cü maddəsinin tətbiqi iddiaçının məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırdığı və bundan sonra iddiaçı ardıcıl olaraq məhkəmə icraatından yayındığı halda mümkündür. Həmçinin, iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasına dair qənaət iddiaçının icraatdan yayınmasında ifadə olunan passiv davranışından irəli gəlməlidir. Başqa sözlə, İPM-in 55.3-cü maddəsi üzrə icraata o halda xitam verilməlidir ki, iddiaçının icraatın davam etdirilməsinə marağının olmaması müəyyən edilsin. İş materialları ilə müəyyən olunur ki, iddiaçı məhkəmə iclaslarının vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmamışdır. Beləliklə, iddiaçının məhkəmə icraatından yayınması iş materialları ilə təkzib edildiyi halda, birinci instansiya məhkəməsi iddia ərizəsinin geri götürülmüş sayılmasına dair yanlış nəticəyə gəlmişdir. M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarında qeyd edilir ki, “İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır. Bundan əlavə, öz məqsədlərinə nail olmaq üçün tələb aşağıdakı şərtlərə cavab verməlidir: - məhkəmənin iddiaçıdan konket olaraq nə gözlədiyi göstərilməlidir (məsələn, müvafiq sənədləri və digər sübutları təqdim etmək və ya iddianı əsaslandırmaq və s.); - tələbin məhz məhkəmə (müvafiq hakim) tərəfindən irəli sürüldüyü aşkar bilinməlidir və buna görə o, hakimin imzası ilə təsdiq olunmalıdır; - tələb iddiaçıya sübut oluna biləcək qaydada çatdırılmalıdır (təqdim olunmalıdır); - tələbin iddiaçı tərəfindən yerinə yetirilməməsinin hüquqi nəticələri (iddianın geri götürülmüş sayılması və prosessual xərclərin ödənilməsi vəzifəsi) qanunun müvafiq maddələrinə istinad edilməklə aydın şəkildə ifadə olunmalıdır. Məhkəmənin bu meyarlara cavab verən tələbinin irəli sürülməsinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia məhkəmə tərəfindən geri götürülmüş sayılır. Yuxarıda göstərilən qaydaların məhkəmələr tərəfindən pozulması məhkəməyə müraciət etmək hüququnun qeyri-mütənasib şəkildə məhdudlaşdırılmasına gətirib çıxara bilər.” Birinci instansiya məhkəməsi iddiaçıdan konket olaraq nə gözlədiyini və iddiaçının məhkəmə iclasına çağırılmasını və onun iştirakı ilə icraatın davam etdirilməsinin zəruri edən səbəblərin nə ilə bağlı olduğunu xəbərdarlıq məktubunda göstərməmişdir. Yəni, hazırki halda birinci instansiya məhkəməsi tərəfindən bilavasitə iddiaçının iştirakı olmadan iddianın mümkünlüyünə və yaxud tələbin əsaslığına qiymət verilməsinin mümkünsüzlüyünü müəyyən etmək olmur. Odur ki, birinci instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərini pozduğuna görə həmin qərardad ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qərar ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

İddiaçı apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 30 mart 2023-ci il tarixli, 2-1(120)-340/2023 saylı qərаrdadı ləğv edilsin, iş təkrar baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar