Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-366/2024 02.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 2-1(120)-60/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması və çıxarışın verilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Port-İliç şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 5 nömrəli qərarına əsasən fərdi yaşayış evinin tikilməsindən ötrü ona ayrılmış 600 kv.m həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin müvafiq qərardadları ilə Lənkəran rayon Liman Bələdiyyəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Nümayəndə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Şirvan İnzibati Məhkəməsinin (hakim P.Qurbanova) 15 mart 2024-cü il tarixli, 2- 1(120)-60/2024 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı adına Port-İliç şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 5 nömrəli qərarına əsasən fərdi yaşayış evinin tikilməsindən ötrü ayrılmış 600 kv.m həyətyanı torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulması, 50 manat ekspertiza tədqiqatının dəyərinin İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının daşınmaz əmlak, yəni 0,06 hektar həyətyanı torpaq sahəsinin ayrılmasına dair mövcud qərarı, həmin torpaq sahəsi üzərində sahiblik və istifadə hüququnu 30 ildən artıq müddətdə həyata keçirməsi və bu müddət ərzində ona dövlət, yerli özünüidarə orqanları, fiziki və hüquqi şəxslər tərəfindən etiraz edilməməsi, bununla da qanunvericiliyin tələbinə əsasən həmin əmlakın mülkiyyətçisi kimi qeydə alınmasını tələb etmə hüququnu əldə etməsi, həmçinin, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin və Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinin tələblərinə əsasən 0,06 hektar həyətyanı torpaq sahəsinin faktiki mülkiyyətçisinə çevrilməsi cavabdeh inzibati orqan tərəfindən nəzərə alınmadan iddiaçının hazırki iş üzrə tələbi haqqında müraciətinin təmin olunmasından imtina edilmişdir. Cavabdehin imtinasında göstərilən dəlillər hüquqların reyestrdə qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. İddiaçının müraciəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, şikayətdə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi xahiş edilmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, qeydə alınması tələb olunan torpaq sahəsinin dövlət mülkiyyətində olmasına və faktiki sahə ilə sənəd üzrə koordinatlar arasında uyğunsuzluğun olmasına baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən ətraflı araşdırma aparılmamışdır. Prosessual məsələlər Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı gəlməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -X6 Filialının xx.xx.2012-ci il tarixli, a/1059 nömrəli və xx.xx.2021-ci il tarixli arxiv arayışlarından görünür ki, Lənkəran rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 06 nömrəli qərarı ilə X1 fərdi yaşayış evi tikmək üçün 0.06 ha həyətyanı torpaq sahəsinin verilməsi haqqında Port-İliç şəhər XDS İcraiyyə komitəsinin xx.xx.1991-ci il tarixli 5 nömrəli qərarı nəzərə alınmış, ona RİK-in memarlıq şöbəsinin layihəsi əsasında sahəsi 90 kv.metr olan 4 otaqdan ibarət iki mərtəbəli yaşayış evi tikməyə icazə verilmişdir. -Dövlət Torpaq kadastrı kitabında 519170 nömrə ilə qeydə alınmış “Torpaq sahəsinin planı və ölçüsü”nün surətinndən görünür ki, Lənkəran rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 06 nömrəli qərarı ilə X1 fərdi yaşayış evi tikmək üçün ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsinin texniki göstəriciləri sonuncunun adına işlənmişdir. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinin xx.xx.2021-ci il tarixli **********06 nömrəli imtina aktında qeyd edilmişdir ki, Lənkəran rayonu, Liman şəhəri ərazisində yerləşən, Liman şəhər XDS İcraiyyə Komitəsinin 19 iyun 1991-ci il tarixli 06 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisindən ötrü X1 ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının qeydiyyata alınması proseduruna münasibətdə, tərəflərindən arxiv və baza məlumatları aidiyyəti hissədə araşdırılmışdır. Araşdırmanın nəticəsi olaraq məlum oldu ki, həmin 0.06 ha torpaq sahəsi üzərində müvafiq qeydiyyatın aparılmasından ötrü təqdim olunmuş ilkin hüquqmüəyyənedici sənədlər 2020-ci il 02 noyabr tarixli, ********** qeydiyyat nömrəli ərizə əsasında icraata qəbul edilmişdir. Təqdim olunmuş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmış və nəticədə məlum olmuşdur ki, həmin ilkin hüquqmüəyyənədici sənədlərin əsli deyil, skanlaşdırılmış surəti təqdim edilmişdir. Həmçinin, faktiki yerində keçirilən müayinə nəticəsində təqdim olunmuş plan və ölçü (kadastr planı) və baş plandan çıxarış üzrə göstərilən koordinatlarda yerləşən torpaq sahəsi ilə naturada ölçü işləri aparılan yer arasında uyğunsuzluğun olduğu məlum olunmuşdur. Həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran ərazi şöbəsindən daxil olmuş 11 noyabr 2020-ci il tarixli məktubla sözü gedən torpaq sahəsinin balans sahibi məlum olmayan yarımçıq tikilinin istifadəsindəki dövlət mülkiyyətində olan torpaq sahəsi olduğu bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/5879 nömrəli ekspert rəyində bildirilir: -İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-1921/2023 saylı mütəxəssis rəyinə əsasən, Port-İliç şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1997-ci il tarixli, 5 nömrəli qərarına əsasən fərdi yaşayış evinin tikilməsi üçün İddiaçı ayrılmış 600 kv.m həyətyanı torpaq sahəsi kimi iddia edilən torpaq sahəsinin naturada koordinatları müəyyən olunmuşdur. Sözügedən torpaq sahəsinin koordinatları mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında (sxemdə) qeyd edilmişdir. -Port-İliç şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1997-ci il tarixli, 5 nömrəli qərarına əsasən fərdi yaşayış evinin tikilməsi üçün İddiaçı ayrılmış 600 kv.m həyətyanı torpaq sahəsi kimi iddia edilən torpaq sahəsinin mövcud baza məlumatlarına əsasən bələdiyyə mülkiyyətində olan, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid örüş torpaq sahəsi olması müəyyən olunmuşdur. Eyni zamanda sözügedən torpaq sahəsinin yaxınlığında yarımçıq tikilinin mövcud olması müəyyən edilmiş və bununla əlaqədar torpaq sahəsinin hüquqi statusunun müəyyənləşdirilməsi zərurəti olaraq Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran ərazi şöbəsi tərəfindən sözügedən torpaq sahəsinin balans sahibi məlum olmayan dövlət mülkiyyətinə aid olması barədə sorğuya cavab verilmişdir. -Port-İliç şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1997-ci il tarixli, 5 nömrəli qərarına əsasən İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m həyətyanı torpaq sahəsinin konkret yerləşmə yerini göstərən torpaqayırma sxemi (torpaq sahəsinin sərhəd, yerləşmə, həndəsi ölçüləri və s.əks olunan) və ayrıc aktı (qonşu torpaq sahələri əks olunan, hər hyansı bir istinad nöqtəsi olan və s.) mülki iş sənədlərinə əlavə olunmadığından və ya mövcud olmadığından həmin 600 kv.m torpaq sahəsinin sənəd üzrə sərhədlərini müəyyən etmək və faktiki vəziyyətlə sənəd üzrə vəziyyət arasında müqayisəli təhlil aparmaq mümkün olmamışdır. İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m həyətyanı torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsi tərəfindən verilmiş **********1120 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatları isə faktiki vəziyyətdə iddia edilən yerdən kənara, Nümayəndə xüsusi mülkiyyətində olan torpaq sahəsinin üzərinə düşməsi müəyyən olunmuşdur. -Port-İliç şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1997-ci il tarixli, 5 nömrəli qərarına əsasən İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m həyətyanı torpaq sahəsi kimi iddia edilən torpaq sahəsinin faktiki vəziyyətdə iddiaçının istifadəsində olması müşahidə edilmişdir. -Port-İliç şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1997-ci il tarixli, 5 nömrəli qərarına əsasən İddiaçı fərdi yaşayrş evinin tikintisi üçün ayrılmış 600 kv.m həyətyanı torpaq sahəsi kimi iddia edilən torpaq sahəsində hər hansı tikilinin mövcud olması müşahidə edilməmişdir. -Port-İliç şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1997-ci il tarixli, 5 nömrəli qərarına əsasən İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m həyətyanı torpaq sahəsi kimi iddia edilən torpaq sahəsinin mövcud baza məlumatlarına əsasən araşdırma zamanı üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən edilməmişdir. Qeyd olunan sənədlərin ümumi xülasəsi ilə müəyyən edilir ki, Port-İliç şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1997-ci il tarixli, 5 nömrəli qərarına əsasən iddiaçıya ayrılmış torpaq sahəsinə dair tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədi üzrə koordinatlar üçüncü şəxsin mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşməsinə baxmayaraq, birinci instansiya məhkəməsi həmin torpaq sahəsinin yüklü olmasını nəzərə almadan iddiaçının həmin sahəyə mülkiyyət hüququnun qeydə alınmalı olması qənaətinə gəlmişdir. Yəni iddiaçıya verilmiş sahənin sərhədlərini və koordinatlarını müəyyən edən yeganə sübut həmin plan və ölçü sənədidir. Lakin iddiaçı həmin sənədlə müəyyən edilmiş sahədən deyil, başqa sahədən istifadə etməklə həmin sahəyə iddialıdır. Bununla da güman etmək olar ki, iddiaçı qeyd olunan xx.xx.1997-ci il tarixli, 5 nömrəli qərara istinad etməklə Lənkəran rayonunun müvafiq ərazi vahidində istənilən sahəyə iddialı ola bilər. İddiaçı Port-İliç şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1997-ci il tarixli, 5 nömrəli qərarı ilə ona verilmiş sahənin hazırda faktiki istifadəsində olan torpaq sahəsi ilə eyni olmasına iddialı olduğu təqdirdə ona təqdim edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədi üzrə koordinatların faktiki istifadə vəziyyətinə uyğunlaşdırılması istiqamətində məsələ qaldıra bilərdi. Birinci instansiya məhkəməsi işin qeyd olunan halına diqqət yetirməmiş, iddiaçıya bu istiqamətdə yardım göstərilməmişdir. Eyni zamanda qeydə alınması tələb olunan sahənin yüklü olması baxımından iddianın mümkünlük şərtlərinə cavab verməsi məsələsinə hüquqi qiymət verməmiş, müvafiq əsasalar və hüquqi imkanlar olmadığı halda işə mahiyyəti üzrə baxmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. -12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. -12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. -13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Bundan əlavə birinci instansiya məhkəməsi baxılan iş üzrə qəbul ediləcək qərarın Nümayəndə qanunla qorunan maraqlarına toxuna bilməsi qənaətinə gəlməklə sonuncunu üçüncü şəxs qismində məhkəmə icraatına cəlb etsə də, həmin şəxs məhkəmə iclaslarında iddiaçının nümayəndəsi kimi həm də iddiaçını təmsil etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, verilmiş iddia hər-hansı şəxsin qanunla qorunan maraqlarına toxuna bilməsi ehtimalında həmin şəxs məhkəmə tərəfindən icraata cəlb edilir və ayrıca prosessual status əldə edir. Bir halda ki, hazırki iş üzrə iddia olunan torpaq sahəsi üçüncü şəxsə məxsus sahə ilə üst-üstə düşür, onda üçüncü şəxsin iddiaçını təmsil etməklə həm də iddianı müdafiə etməsi, eyni zamanda səmərəli məhkəmə müdafiəsinə nail olması sual doğurur. Odur ki, iş yenidən araşdırılarkən qeyd olunan məsələlərə yenidən baxılmalı və qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.1-ci maddəsinə əsasən inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 2-1(120)-60/2024 nömrəli qərarı ləğv edilməli, iş üzrə iddianın mümkünlük şərtlərinə yenidən qiymət verilməsi və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 2-1(120)-60/2024 nömrəli qərarı ləğv edilsin, inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(106)-366/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-366/2024
02.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver