Məhkəmə qərarları › İş №2-1(106)-367/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-367/2025

13.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-367/2025 13.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X3 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X4, Üçüncü şəxs X5 iştirakı ilə, İddiaçı cavabdeh Biləsuvar rayonu Biləsuvar bələdiyyəsinə qarşı “Biləsuvar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 15 saylı qərarının ləğv edilməsi” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, 2-1(120)-1156/2025 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı cavabdeh Biləsuvar rayonu Biləsuvar bələdiyyəsinə qarşı “Biləsuvar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 15 saylı qərarının ləğv edilməsi” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İcraatımızda olan Biləsuvar rayon sakinləri Laləzar Ağayevanın və digərlərinin Biləsuvar rayonu Biləsuvar bələdiyyəsinə aid torpaq sahəsinin qanunazidd şəkildə X5 icarəsinə ayrılması ilə bağlı daxil olmuş eyni məzmunlu müraciətlərinə baxılmışdır. Araşdırma zamanı və işə əlavə edilmiş sənədlərlə məlum olmuşdur ki, Biləsuvar bələdiyyəsinə aid ümumilikdə 10,50 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istifadə edilməsi məqsədilə hərrac və ya müsabiqədən kənar icarəyə verilməsi məsələsi bələdiyyənin xx.xx.2007-ci il tarixli, 15 saylı iclasının gündəliyinə çıxarılmış və həmin iclasda sözügedən torpaq sahəsinin Xalid Əliyevin icarəsinə verilməsi barədə qərar qəbul edilmişdir. Daha sonra həmin qərar əsasında bələdiyyə ilə X.Əliyev arasında xx.xx.2007-ci il tarixdə icarə müqaviləsi bağlanılmışdır (həmçinin həmin dövrdə Regional ədliyyə idarələri fəaliyyət göstərmədiyinə görə bələdiyyələrin protokolları Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinə göndərilirdi. Lakin bələdiyyənizin yuxarıda qeyd edilən tarixli və saylı protokolu Bələdiyyələrlə iş mərkəzinə göndərilməmişdir). Halbuki, bildiyiniz kimi Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2007-ci il tarixli Fərmanı ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə etdiyi dəyişikliyə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Sözügedən qanun dövlət reyestrində qeydiyyata alınmış və dərc edilmişdir. Beləliklə, bələdiyyəyə aid 10,50 ha torpaq sahəsi qanunazidd şəkildə icarəyə ayrıldığına görə bələdiyyənin xx.xx.2007-ci il tarixli, 15 saylı qərarının ləğv edilməsi ilə bağlı regional idarə tərəfindən xx.xx.2024-cü ildə Biləsuvar bələdiyyəsinə göndərilmiş təklif məktubu adıçəkilən bələdiyyənin xx.xx.2024-cü il tarixli, 08 saylı iclasında müzakirə edilmiş, lakin təklifimiz təmin olunmamışdır. Məlumat üçün qeyd olunur ki, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müstəqil struktur qurumudur. Fəaliyyət istiqamətlərindən biri olan bələdiyyələrin fəaliyyətinə nəzarəti həyata keçirmək üçün fiziki və ya hüquqi şəxsin, yaxud dövlət orqanının (qurumunun) müraciətlərinin və «Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında» Azərbaycan Respublikası Qanununun 1 və 3.1 -ci maddələrinə və həmin Qanunun tətbiqinə dair Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 922 nömrəli Fərmanına əsasən Ədliyyə Nazirliyi bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Konistitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına riayət edilməsinə inzibati nəzarəti həyata keçirir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 8.4-cü maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqan daxil olmuş müraciətin araşdırılması nəticəsində bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, həmin aktın 5 iş gün ərzində dəyişdirilməsi və ya ləğv edilməsi barədə müvafiq bələdiyyəyə müraciət edir. Həmin Qanunun 8.5-ci maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqanın müraciəti bu Qanunun 8.3 və 8.4-cü maddələrində müəyyən olunmuş müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə, o, müvafiq bələdiyyəyə müraciət etdiyi gündən 15 iş günü ərzində məhkəməyə müraciət edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1 -ci maddəsinə əsasən İnzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 45.1 -ci maddəsinə əsasən iddia ərizəsi aidiyyəti üzrə müvafiq məhkəməyə yazılı şəkildə verilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45-46-cı maddələrinə, həmçinin «Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında» Azərbaycan Respublikası Qanununun 8.5-ci maddəsinə əsasən “Biləsuvar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 15 saylı qərarının ləğv edilməsi” tələbi bаrədə qərаr çıхаrılmаsı məhkəmədən хаhiş edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, 2-1(120)-1156/2025 saylı qərardadı (Şahəli Musayev) ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək Şirvan İnzibati Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, 2-1(120)-1156/2025 saylı qərardadının ləğv edilməsini, iddia ərizəsinin mümkün sayılmaqla icraata qəbul edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, daha öncə Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Biləsuvar rayonu Biləsuvar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 15 nömrəli qərarının ləğv edilməsini xahiş etmişik. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1156/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Biləsuvar rayonu Biləsuvar Bələdiyyəsinə qarşı “bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 15 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Qeyd edilən qərardad mövcud qanunvericilikdə ziddiyyət təşkil edir. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2007-ci il tarixli Fərmanı ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə etdiyi dəyişikliyə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Sözügedən qanun dövlət reyestrində qeydiyyata alınaraq dərc edilmiş və xx.xx.2007-ci il tarixdə qüvvəyə minmişdir. Bundan başqa sözügedən torpaq sahəsinin icarəyə verilməsi barədə bələdiyyənin sözügedən aktı (qərarı) qanunvericiliyə uyğunlunun öyrənilməsi (ekspertizası) məqsədilə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana (regional ədliyyə idarələri 2008-ci ilin yanvar ayından fəaliyyət göstərdiyindən bələdiyyələr tərəfindən qəbul edilən aktlar həmin vaxta qədər birbaşa Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinə göndərilirdi) göndərilməmişdir. Lakin sözügedən bələdiyyə tərəfindən həmin dövrdə digər məsələlərlə bağlı aktları (qərarları) nazirliyin Bələdiyyələrlə iş baş idarəsinə göndərilmişdir. Bu fakt Şirvan İnzibati Məhkəməsinin sorğusuna Bələdiyyələrlə iş baş idarəsi tərəfindən verilmiş sorğulara cavablarda öz təsdiqini tapmışdır. Buna baxmayaraq məhkəmə tərəfindən qərardad qəbul olunan zaman bu qanun pozuntusu da diqqətə alınmamışdır. Beləliklə, işə əlavə edilmiş sənədlərlə hesab edirik ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə iddia müddəti tətbiq edərkən hüquq normalarının tələblərini düzgün tətbiq etməmişdir. Belə ki, qanunvericiliyin tələbindən aydındır ki, iddia müddəti tətbiq edilərkən bu müddətin başlanğıcının müəyyən edilməsi zəruridir. X13 Məhkəməsi bu halları tam araşdırmamışdır. Mübahisələndirilən bələdiyyə iclas qərarı qəbul edilərkən həmin dövrdə Ədliyyə Nazirliyinin regional ədliyyə idarələri mövcud olmamışdır. Həmin vaxt mövcud olmayan dövlət qurumunun hərəkətləri barəsində iddia müddəti necə hesablanmışdır ? Eyni zamanda sözügedən bələdiyyə tərəfindən xx.xx.2007-ci il tarixli, 15 nömrəli aktı (qərarı) qanunvericiliyə uyğunlunun öyrənilməsi (ekspertizası) məqsədilə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana (Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinə) da təqdim edilməmişdir. Bu halda iddia müddəti hesablanarkən birinci instansiya məhkəməsinin 30 günlük iddia müddətini hansı tarixdən hesablaması qeyri-müəyyəndir. Sonda İddiaçı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin müstəqil struktur qurumudur. Bu isə özündə öz adından iddia tələbi ilə məhkəmələrə iddia ərizəsi ilə müraciət etmək hüququnu ehtiva edir. Hətta nazirliyin Bələdiyyələrlə iş baş idarəsi tərəfindən zamanında hüquqi addımların atılmadığı (belə bir hal mövcud deyildir) hesab olunsa belə regional idarə tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində Şirvan İnzibati Məhkəməsinə müraciət olunmuşdur. Əlavə olaraq bildiririk ki, yerli özünüidarə qurumlarının bu cür qərarları mövcud praktikada tez-tez rast gəlinən haldır. Bu qərarlar qanunvericiliyin tələblərinə cavab vermədiyi üçün yerli özünüidarə qurumlarının rəhbərləri tərəfindən səlahiyyətli dövlət qurumlarına göndərilməməsində maraqlı olmuşlar. Aidiyyəti dövlət idarələri, o cümlədən İddiaçı tərəfindən hüquqi və fiziki şəxslərin müraciətləri üzrə araşdırma aparılarkən oxşar halları müəyyən edir və qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmiş qərarların ləğv edilməsi üçün hüquqi addımlar atılır. Lakin birinci instansiya məhkəməsi iddia tələbi üzrə araşdırma apararkən göstərilən xüsusatlara yetərincə diqqət göstərməmişdir. Nəticədə insanların dövlətə olan inamı azalar, həmçinin qəbul edilmiş hüquq normaları icra edilmədikdən sonra öz mahiyyətini itirərək yalnız söz olaraq qalar. Bu baxımdan qeyd edilən qərardaddan apellyasiya şikayəti veririk. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 19 aprel 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Regional ədliyyə idarələri haqqında Əsasnamə’’sinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Regional ədliyyə idarələri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müstəqil struktur qurumlarıdır. Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 38.1 -ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Eyni zamanda «T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir: “qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə hüquqi qiymət verməmişlər, inzibati Prosessual Məcəllənin 38.1- ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər”. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 81.1 -ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları tərəfindən baxılır. Həmin Məcəllənin 85.1 -ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Eyni zamanda Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 81.3-ci maddəsinə əsasən bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək etmək hüququ vardır. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, 2-1(120)-1156/2025 saylı qərardadının ləğv edilməsi, iddia ərizəsinin mümkün sayılmaqla icraata qəbul edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi X11 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, 2-1(120)-1156/2025 saylı qərardadının ləğv edilməsi, iddia ərizəsinin mümkün sayılmaqla icraata qəbul edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini və Şirvan İnzibati Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, 2-1(120)-1156/2025 saylı qərardadının qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən üçüncü şəxs X15 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini və Şirvan İnzibati Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, 2-1(120)-1156/2025 saylı qərardadının qüvvədə saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: «İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun Maddə 1. bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 62.1. inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 64.1. inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 73.1. qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Maddə 73.2. inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Maddə 73.3. inzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 24.1. bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.4. təbii fəlakət və ya digər təxirəsalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 32.1 Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1 Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, işinin ədalətli araşdırılmasını, eləcə də hüquq və azadlıqları pozulduğu halda məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu ehtiva edir. Bununla belə ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda məhkəmə müdafiəsi hüququnun, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Həmçinin qeyd olunmalıdır ki, Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarına verilmiş şikayətlərə (müraciətlərə) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən inzibati məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Belə ki, İddiaçı “Biləsuvar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 15 saylı qərarının ləğv edilməsi”ni məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı mümkün hesab etməmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı hazırkı tələbə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə poçta, xx.xx.2024-cü il tarixində məhkəməyə, yəni mübahisələndirdiyi inzibati aktın (xx.xx.2007-ci il tarixli, 15 nömrəli qərarın) qəbulundan müvafiq olaraq 16 (on altı) ildən artıq vaxt keçdikdən sonra müraciət etmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Biləsuvar rayonu Biləsuvar Bələdiyyəsinə qarşı hazırkı iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Nəzərə almaq lazımdır ki, inzibati məhkəməyə iddia ilə müraciət hüququ inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən mübahisənin yarandığı hüquq münasibətinin xarakteri ilə bağlı və bunun üzərindən hüquq mübahisəsinin xarakterindən irəli gələn məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir. Başqa sözlə, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Məhkəmə kollegiyası iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəmə tərəfindən ona yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan Biləsuvar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 15 saylı iclas protokolunun surətindən görünür ki, həmin iclasda 8 nəfər iştirak etmiş və kənd təsərrüfatı məhsulları istehlak etmək üçün rayonun “Kənd yeri” adlanan ərazisində X7 10.5 ha torpaq sahəsinin icarəyə verilməsi qərara alınmışdır. Sözügedən protokol xx.xx.2007-ci il tarixdə A.İ.Əmənov tərəfindən möhür və imza ilə təsdiq olunmuşdur. İş materiallarında olan xx.xx.2007-ci il tarixli təhkim aktından görünür ki, Biləsuvar şəhər sakini X7 icarəyə veriləcək torpaq sahəsinə baxış keçirilmiş və bununla bağlı DT və XK-nın Biləsuvar rayon şöbəsinin müdiri, şöbənin məsləhətçisi, torpaq istifadəçisinin imzaları ilə təsdiq olunaraq akt tərtib edilmişdir. İş materiallarında olan Biləsuvar şəhər sakini X7 icarəyə veriləcək torpaq sahəsinin yerquruluşu sxemindən görünür ki, sözügedən sxem xx.xx.2007-ci il tarixdə Biləsuvar bələdiyyəsinin sədri tərəfindən möhür və imza ilə təsdiq olunmuşdur. İş materiallarında olan xx.xx.2007-ci il tarixli bələdiyyə torpaqlarının icarəsi müqaviləsindən görünür ki, Biləsuvar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 15 saylı qərarı əsasında Biləsuvar bələdiyyəsi ilə X9 arasında Biləsuvar rayonu, “kənd yeri” adlı ərazidə yerləşən ümumi sahəsi 10.5 ha olan torpaq sahəsinin icarəsi ilə bağlı müqaviləsi bağlanmışdır. İş materiallarında olan AR ƏN İddiaçı Biləsuvar rayonu, Biləsuvar bələdiyyəsinə göndərdiyi xx.xx.2024 tarixli, 3-16-26/1-22/2024 nömrəli təklif məktubunda qeyd olunur ki, vətəndaşlar Laləzar Ağayevanın və İdrak Ağayevin torpaq mübahisəsi ilə bağlı daxil olmuş müraciətlərinə İddiaçı tərəfindən baxılır. Araşdırma zamanı bələdiyyə tərəfindən təqdim edilmiş arayışa əlavə olunmuş sənədlərdən görünür ki, bələdiyyəyə aid ümumilikdə 10,50 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istifadə edilməsi məqsədilə hərrac və ya müsabiqədən kənar icarəyə verilməsi məsələsi bələdiyyənin xx.xx.2007-ci il tarixli, 15 saylı iclasının gündəliyinə çıxarılmış və sözügedən torpaq sahəsinin X5 icarəsinə verilməsi barədə qərar qəbul edilmişdir. Daha sonra xx.xx.2007-ci il tarixdə bələdiyyə ilə Xalid Əliyev arasında icarə müqaviləsi bağlanılmışdır (həmçinin həmin dövrdə Regional ədliyyə idarələri yaradılmadığına görə bələdiyyələrin protokolları Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinə göndərilirdi. Lakin bələdiyyənizin yuxarıda qeyd edilən tarixli və saylı protokolu Bələdiyyələrlə iş mərkəzinə göndərilməmişdir). Halbuki, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2007-ci il tarixli Fərmanı ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə etdiyi dəyişikliyə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Sözügedən Fərman və Prezidentin 2007-ci il 23 noyabr tarixli Sərəncamı xx.xx.2007-ci il tarixdə qüvvəyə minmişdir. Beləliklə, bələdiyyənin xx.xx.2007-ci il tarixli, 15 saylı qərarı ləğv olunmalı, bələdiyyə ilə Xalid Əliyev arasında bağlanılmış icarə müqaviləsinə xitam verilməsi barədə bələdiyyə tərəfindən zəruri tədbirlər görülməlidir. Məlumat üçün bildirilir ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 8.5-ci maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqanın müraciəti bu Qanunun 8.3 və 8.4-cü maddələrində müəyyən olunmuş müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə, o, müvafiq bələdiyyəyə müraciət etdiyi gündən 15 iş günü ərzində məhkəməyə müraciət edir. Məhkəməyə müraciət edilməsi barədə müvafiq bələdiyyəyə dərhal məlumat verilməlidir. Həmin Qanunun 6.1 və 6.1.8-ci maddələrinə əsasən qanunçuluq prinsiplərinə riayət olunmasının təmin edilməsi ilə bağlı bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın təklif və tövsiyələrinin bələdiyyələrin iclaslarında müzakirəsi barədə qərarlar qəbul edildiyi andan 5 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərilməlidir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 8.4-cü maddəsinə və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqında” Təlimata əsasən 5 iş günündən gec olmayaraq təklif bələdiyyənin iclasında müzakirə edilməsini, bələdiyyənin xx.xx.2007-ci il tarixli, 15 saylı qərarı ləğv edilməsini, bələdiyyə ilə Xalid Əliyev arasında bağlanılmış icarə müqaviləsinə xitam verilməsi üçün bələdiyyə tərəfindən zəruri tədbirlər görülməsini, təklif təmin olunmadığı halda məhkəməyə müraciət olunmasını, həmçinin bələdiyyəyə aid torpaq sahələri icarəyə və mülkiyyətə verilən zaman qanunvericiliyin tələblərinə əməl olunması, göstərilən tələblər bələdiyyənin gələcək fəaliyyətində nəzərə alınmasını, qəbul edilmiş qərarın bir surəti 5 iş günündən gec olmayaraq İddiaçınə göndərilməsini təklif edirik. İş materiallarında olan Biləsuvar bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 08 saylı iclas protokolunun surətindən görünür ki, həmin iclasda 13 nəfər iştirak etmiş və AR Ədliyyə Nazirliyinin İmişli Regional Ərazi İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-16-26/1- 22/2024 saylı məktubda göstərilmiş məsələ ilə bağlı olaraq Biləsuvar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli iclas qərarının qüvvədə qalması və AR ƏN İddiaçındən bunu nəzərə almasının xahiş olunması, qəbul edilmiş qərarın bir surəti 5 iş günündə İddiaçınə göndərilməsi qərara alınmışdır. Sözügedən protokol iclasın sədri və iclas katibi tərəfindən möhür və imza ilə təsdiq olunmuşdur. Məhkəmə araşdırması zamanı iş materialında olan sənədlərdən, tərəflərin verdiyi izahatlardan, iddia ərizəsinin məzmunundan müəyyən edilmişdir ki, Biləsuvar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 15 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehlak etmək üçün rayonun “Kənd yeri” adlanan ərazisindən X7 10.5 ha torpaq sahəsi icarəyə verilmişdir. Həmin qərar əsasında Biləsuvar bələdiyyəsi ilə X9 arasında xx.xx.2007-ci il tarixli icarəsi müqaviləsi bağlanmışdır. İddiaçı Biləsuvar sakinləri Laləzar Ağayevanın və İdrak Ağayevin müraciəti əsasında xx.xx.2024 tarixli, 3-16-26/1-22/2024 nömrəli təklif məktubu göndərərək Biləsuvar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 15 saylı qərarının ləğv edilməsini cavabdehə təklif etmişdir. Lakin, Biləsuvar bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 08 saylı qərarı ilə İmişli Regional Ərazi İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-16-26/1-22/2024 saylı təklif məktubu təmin edilməmiş və Biləsuvar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli iclas qərarının qüvvədə saxlanılması qərara alınmışdır. Hazırda iddiaçı 10.5 ha torpaq sahəsinin X7 icarəyə verilməsi ilə bağlı Biləsuvar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 15 saylı qərarının ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə kollegiyası müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi iləbağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. X14 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessualprinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəlləinin 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddiainzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquq normalarından çıxış edərək qeyd etməyi zəruri hesab edir ki, inzibati icraat qaydasında iddianın mümkün hesab edilməsi üçün iddiaçı tərəfindən həmin iddia növünə xas olan xüsusi mümkünlük şərtlərinə yəni, qanunvericiliklə müəyyən edilmiş iddia müddətlərinə əməl edilməsi vacib şərtdir. Bu arada qeyd edilməlidir ki, tərəflərə aid olan müddətləri qanunla nəzərdə tutulmuş müddətlərə və hakim tərəfindən təyin olunan müddətlərə bölmək olar. Qanunla nəzərdə tutulmuş müddətlər müddətin başlanması və davamının qanunla müəyyən edilməsi ilə səciyyələnir. Buraya, xüsusilə, iddia qaldırma müddətləri və şikayət vermə müddətləri aiddir. Qanunla müəyyən edilmiş müddətin axımı müvafiq qanundakı göstərişlər əsas götürülməklə başlayır. Belə ki, Qanunvericiliyin tələbləri baxımından iddiaçı Mülki Prosessual Məcəlləsinin 01 yanvar 2011-ci il tarixədək qüvvədə olmuş 298-ci maddəsinin tələblərinə görə özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik idi. Buna görə, iddiaçının qanunsuz hesab etdiyi Biləsuvar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 15 saylı qərarını ona məlum olduğu gündən 1 ay müddətində məhkəmədə mübahisələndirə bilərdi. Məlum olduğu gün dedikdə, iddiaçının həmin qərarın mövcudluğu barədə həm bildiyi, həm də bilməli olduğu an əsas götürülməlidir. Hazırkı halda, qərarın iddiaçıya rəsmi qaydada təqdim olunduğuna dair işdə sübutlar mövcud olmasa da (əslində heç təqdim edilməli də deyildi. Çünki həmin qərar ona yönəli qərar deyildir), işin xüsusi halları baxımından iddiaçı həmin qərarın mövcudluğunu bilməli idi. Məhkəmə kollegiyası qeyd edir ki, bilməli olduğu anın müəyyənləşdirilməsi baxımından iddiaçının ondan tələb olunan minimal ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməsi, eləcə də aradan keçən kifayət qədər zaman əsas götürülməlidir. Nəzərə alınmalıdır ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanunun 10.1-ci və 10.2-ci maddələrinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan bələdiyyələrin fəaliyyətində qanunçuluq prinsipinə riayət olunmasının təmin edilməsi ilə bağlı təhlil və ümumiləşdirmələr aparır və onları öz təklif və tövsiyələri ilə birlikdə müvafiq bələdiyyələrə təqdim edir, həmin təklif və tövsiyələr alındığı gündən 5 iş günü ərzində bələdiyyələrin iclaslarında müzakirə olunur və müvafiq qərar qəbul olunur. Göründüyü kimi iddiaçı qəbul edilmiş bələdiyyə aktının qanuniliyini (normativ hüquqi aktlara zidd olduğunu) yalnız ona göndərildiyi hallarda və ya daxil olmuş müraciətin araşdırılması nəticəsində aşkar etməməli, yəni, bələdiyyə aktının qanuniliyinin yoxlanılmasını qeyd edilən şərtlərlə məhdudlaşdırmamalı, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan kimi bələdiyyələrin fəaliyyətində qanunçuluq prinsipinə riayət olunmasının təmin edilməsi ilə bağlı təhlil və ümumiləşdirmələr aparmalı və bununla bağlı onlara öz təklif və tövsiyələrini müvafiq bələdiyyələrə təqdim etməlidir. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən inzibati orqan kimi iddiaçı ona verilmiş səlahiyyətləri vaxtında və lazımınca icra edərək, bələdiyyələr tərəfindən yol verilmiş qanun pozuntularını, o cümlədən qanun pozuntuları ilə qəbul edilmiş inzibati aktları (qərarları) ötən illər ərzində aşkar etməli idi. Bununla bağlı vaxtı-vaxtında öz təşəbbüsü ilə monitorinqlər keçirə, ümumiləşdirmələr apara və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini özgəninkiləşdirilməsi və icarəyə verilməsi ilə bağlı qəbul edilmiş qərarları və həmin qərarların qeydiyyat kitablarına baxış keçirilməsi üçün həmin qərarları və kitabları tələb edib, hər hansı pozuntular aşkar etdiyi təqdirdə bələdiyyələrə təklif və tövsiyələr göndərə bilərdi. Yəni, məhkəmə kollegiyasının qənaətinə görə hətta şərti olaraq qəbul edilsə ki, hazırda mübahisələndirilən qərar qanunsuz olmuşdur, bu zaman yuxarıda qeyd edilənlərə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən inzibati orqan kimi iddiaçı 2007-ci ildən hazırki günə kimi (iddia qaldırılanadək) həmin torpaq sahəsi ilə bağlı səlahiyyətləri daxilində qanunla ona həvalə edilmiş tədbirləri görmək məcburiyyətində idi. Lakin, iddiaçı bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən inzibati orqan kimi ona verilmiş səlahiyyətləri vaxtında və lazımınca icra etməmiş, hərəkətsizlik göstərərək bələdiyyələr tərəfindən yol verilmiş pozuntuları və qəbul edilmiş qərarı vaxtında müəyyən edib, mübahisələndirməmişdir. Məhkəmə kollegiyası iddiaçının mübahisələndirdiyi Biləsuvar bələdiyyəsinin xx.xx.2007ci il tarixli, 15 saylı qərarına münasibətdə onu qeyd etməyi zəruri hesab edir ki, formalaşmış məhkəmə təcrübəsinə görə, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisələndirilən qərarın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin XXVİİ fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur. Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də sözügedən aktları mübahisələndirə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Odur ki, inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı tərəfindən hazırki tələb üzrə iddianın verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizə də verilməmişdir. Əksinə iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından aydın görünür ki, iddiaçı müddətinin ötürülmədiyi qənaətindədir. Hansı ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 24.1-ci madəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, müddətin bərpasına dair ərizə verilmədiyinə görə məhkəmə tərəfindən ümumiyyətlə ötürülmüş müddətin bərpa edilməsi məsələsinə də baxıla bilməz. Həmçinin nəzərə alınmalıdır ki, qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarının mənasına əsasən, təbii fəlakət və ya digər təxirəsalınmaz ha llar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilməz. Bundan başqa nəzərə alınmalıdır ki, mübahisə predmeti olan qərarın qanunla müəyyən edilmiş vaxtlarda mübahisələndirilməməsi, təkcə iddiaçı inzibati orqan üçün deyil, üçüncü şəxslər üçün də əlavə nəticələr yaranmasına şərait yaratmış olur. Müvafiq vaxtda mübahisənin qaldırılması isə, başqa şəxslər qarşısında öhdəliklərin genişlənməməsinə səbəb ola bilər. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). «T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir: “qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2019-cu il 3 nömrəli bülletenində (11-ci səhvənin sonuncu abzasında) öz əksini tapmış hüquqi mövqedə qeyd olunmuşdur ki: “İnzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır”. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəldiyindən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, 2-1(120)-1156/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar