Məhkəmə qərarları › İş №2-1(106)-368/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-368/2024

24.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-368/2024 24.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hacıyev Pərviz Vaqif oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “İddiaçı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin ediləcək hərbi qulluqçuların adlı siyahısına salınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 06 mart 2024-cü il tarixli, 2-1(120)-472/2024 saylı qərarından cavabdeh tərəfindən verilən apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli, 569 nömrəli fərmanına uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin ediləcək hərbi qulluqçuların adlı siyahısına salınmaqla Silahlı Qüvvələrdə 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi mənzillə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Sonradan, iddiaçının vəkili və nümayəndəsi Vəkil ərizə təqdim edərək və iddianın dəyişdirilərək İddiaçı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin ediləcək hərbi qulluqçuların adlı siyahısına salınması öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət, xx.xx.2000-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi 2-ci X3 xx.xx.2017-ci il tarixli müvafiq əmri ilə (xidmət müddəti başa çatdığına görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrində müxtəlif hərbi hissələrdə ümumilikdə N (iyirmi) il 6 (altı) ay qüsursuz xidmət etmişdir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. Bu məqsədlə (dövlət vəsaiti hesabına mənzillə təmin edilmək üçün) iddiaçının Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə ünvanladığı müraciətə baxldıqdan sonra, Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi rəisinin 07 iyul 2022-cı il tarixli, 4046 nömrəli məktubu ilə ona imtina cavabı verilərək, hazırda Azərbaycan Ordusu sıralarında N (iyirmi) təqvim ili qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan şəxslərin mənzil təminatı məsələsinə baxılması və Azərbaycan Ordusu sıralarında xx.xx.2000-ci il tarixdən xx.xx.2017-ci il tarixədək 17 (on yeddi) il 01 (bir) ay 24 (iyirmi dörd) gün xidmət etməyi səbəbindən “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanının ona şamil olunmadığı məktubda qeyd olunmuşdur. Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin qeyd edilən cavabı əsassız və qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanına əsasən, üç şərt daxilində hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilmə hüququ yaranır: 1 Hərbi qulluqçu ən azı N (iyirmi) təqvim ili və daha çox xidmət etmiş olmalıdır. 2 Hərbi qulluqçu Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmiş olmalıdır. 3 Xidmət müddətində qüsursuz xidmət etmiş olmalıdır. Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi üçün onun adının müvafiq siyahıya daxil edilməsi məsələsinə baxdıqda xx.xx.2000-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi həqiqi hərbi xidmət keçməyim əsas götürülərək adımın müvafiq siyahılara salınmasından imtina edilmiş və xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçdiyim müddət nəzərə alınmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsində Silahlı Qüvvələrin anlayışı verilmişdir: Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən iddiaçının mənzillə təmin olunma hüququnun xx.xx.2017-ci il tarixdə yaranmışdır. Lakin cənab Prezidentin məlum Fərmanının icrası ilə əlaqədar Müdafiə Nazirliyində yaradılmış müvafiq komissiyada iddiaçının müddətli həqiqi hərbi xidmət keçdiyi dövr (Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları) Azərbaycan Ordusunda xidmət müddətinə əlavə edilmədiyindən, ümumi xidməti 17 (on yeddi) il 01 (bir) ay 24 (iyirmi dörd) gün hesab edilərək, dövlət vəsaiti hesabına mənzillə təmin edilməyindən imtina olunmuşdur. Bu imtina cavabını verərkən komissiya Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında xx.xx.2021-ci il tarixli 1476 nömrəli Fərmanını rəhbər tutmuşdur. Lakin iddiaçının mənzillə təmin olunma hüququ xx.xx.2017-ci il tarixdə yarandığı üçün 2017-ci ilin fevral ayında Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı idi. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 1-ci bəndində qeyd olunmşdur: Normativ hüquqi aktlar hüquqa və haqqədalətə (bərabər mənafelərə, bərabər münasibətə) əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 3-cü bəndində qeyd olunmşdur: Qanunlar Konstitusiyaya zidd olmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndində qeyd olunmşdur: Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 7-ci maddəsində mülki qanunvericiliyin zamana görə qüvvəsi təsbit edilmişdir. Bu maddədə göstərilir: 7.1. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. 7.2. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. 7.3. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən mənim mənzillə təmin olunma hüququnun xx.xx.2017-ci il tarixdə yarandığı üçün Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında xx.xx.2021-ci il tarixli 1476 nömrəli Fərmanının tələbləri ziyanına olaraq iddiaçıya şamil olunmamalıdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 06 mart 2024-cü il tarixli, 2-1(120)-472/2024 saylı qərarı (hakim Hilal Nəcəfov) ilə iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı şərtlərə uyğun olmadığından müvafiq siyahıya daxil edilə bilməz, çünki İddiaçı “Azərbaycan Ordusu”nda 20 təqvim ilindən (xx.xx.2000- xx.xx.2017, 17 (on yeddi) il 01 (bir) ay 24 (iyirmi dörd) gün) gün təşkil edir. Belə ki, iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək Azərbaycan Ordusundan və ya başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidməti keçməsi məhkəmə tərəfindən araşdırılmadan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011 -ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin ediləcək hərbi qulluqçuların adlı siyahısına salınması öhdəliyi qoyulmasını qərara alınmışdır. Məhkəmə iş materiallarına əlavə edilmiş arayışlara və məhkəmə iclasında tədbiq edilmiş sübutlara əsaslanaraq düzgün nəticəyə gəlməmişdir. Belə olan halda hesab edirik ki, iddiaçı təqdim etdiyi sənədlər əsasında ona dövlət tərəfindən mənzillə təmin edilməli hərbi qulluqçuların müvafiq siyahısına daxıl edilə bilməz. Lakin, Şirvan İnzibati Məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallan aydınlaşdırmadan iddiaçının iddia ərizəsinin təmin edilməsi barədə qərarı maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Həmçinin səhv nəticəyə gəlməklə İnzibati- Prosessual Məcəllənin tələblərini pozmuşdur. X4 Məhkəməsi tərəfindən qəbul edilmiş qərar “Azərbaycan Ordusu”nun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanın tələblərinə ziddir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan, məhkəmə qərarının ləğvi üçün əsasdır. Müdafiə Nazirliyi Şirvan İnzibati Məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır, hesab edir ki, qərar maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırmadığından və məhkəmənin qərarında göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qərar ləğv edilməli və iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək "Azərbaycan Ordusu’ndan və ya başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidməti keçməsini müəyyənləşdirlməsmişdir. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə tərəflərə məlumat verilsədə məhkəmə iclasında iştirak etmir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə uyğun olaraq məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 9. Silahlı Qüvvələr İ. Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Qanun: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakılardır: 1.0.1.Azərbaycan Respublikasının Silahlı Qüvvələri (bundan sonra – Silahlı Qüvvələr) - Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün qorunması, habelə təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsi məqsədilə yaradılmış, Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarət hərbi təsisat; “Müdafiə haqqında” Qanun: Maddə 7. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi Əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və yerli hərbi idarəetmə orqanlarına rəhbərlik edən dövlət orqanıdır və onların inkişafına, həmçinin müdafiə vəzifələrinin yerinə yetirilməsinə hazırlığına görə tam məsuliyyət daşıyır. Maddə 12. Azərbaycan Respublikasının Silahlı Qüvvələri Azərbaycan Respublikasının Silahlı Qüvvələri hərbi dövlət qurumu olub Azərbaycan Respublikasının suverenliyinin, müstəqilliyinin, ərazi bütövlüyünün və bölünməzliyinin silahlı müdafiəsi üçün təsis olunur. “Sərhəd mühafizə orqanları haqqında” Qanun: Maddə 1. Azərbaycan Respublikasının sərhəd mühafizə orqanları Azərbaycan Respublikasının sərhəd mühafizə orqanları sərhəd qoşunlarından, çevik hərəkət qüvvələrindən, xüsusi hava əməliyyatları qüvvələrindən, sahil mühafizəsindən, sərhəd nəzarətindən və digər qurumlardan ibarət olmaqla, Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsini və toxunulmazlığını təmin edir. Sərhəd mühafizə orqanlarının fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilir. Müvafiq icra hakimiyyəti orqanının rəhbəri sərhəd mühafizə orqanlarına rəhbərliyi həyata keçirir. Maddə 2. Sərhəd mühafizə orqanları haqqında qanunvericilik Sərhəd mühafizə orqanları haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Sərhəd mühafizə orqanları öz fəaliyyətində Azərbaycan Respublikasının qanunvericilik aktlarını, o cümlədən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi nizamnamələrini əsas tutur. Bu zaman Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi nizamnamələrinin qarnizon xidməti üzrə müddəaları və sərhəd mühafizə orqanlarının təyinatı ilə əlaqədar olmayan digər müddəaları tətbiq edilmir (xüsusi təyinatlı təhsil müəssisələrindən başqa). Maddə 33. Sərhəd mühafizə orqanları hərbi qulluqçularının hüquqları, vəzifələri, təminatları və məsuliyyəti Sərhəd mühafizə orqanları hərbi qulluqçularının hüquqları, vəzifələri, təminatları, hərbi qulluqla əlaqədar onların hüquqlarının məhdudlaşdırılması və məsuliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə, “hərbi qulluqçuların statusu haqqında”, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunları və digər qanunvericilik aktları ilə tənzimlənir. Maddə 39. Sərhəd mühafizə orqanlarının mənzil fondunun xüsusiyyətləri Sərhəd mühafizə orqanlarının hərbi qulluqçuların Azərbaycan Respublikasının mənzil qanunvericiliyinə, “hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq sərhəd mühafizə orqanlarının mənzil fondundan ayrılan mənzil sahəsi ilə təmin edilirlər “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı (Azərbaycan Respublikası Prezidentinin 1476 nömrəli 15 noyabr 2021-ci il tarixli Fərmanı ilə, Fərmanın Adında və 1-ci hissədə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin” sözləri “Azərbaycan Ordusunun” sözləri ilə əvəz edilmişdir) Bənd 1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti haqqında” Əsasnamə: 1.Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (bundan sonra - Dövlət Sərhəd Xidməti) Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 iyul tarixli, 740 nömrəli Fərmanı ilə yaradılmış, Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

3. Dövlət Sərhəd Xidmətinin aparatı və strukturuna daxil olan sərhəd qoşunları, sahil mühafizəsi, çevik hərəkət qüvvələri, xüsusi hava əməliyyatları qüvvələri, sərhəd nəzarəti, hərbi aviasiya hissələri, hərbi dəniz hissələri, habelə digər təyinatlı hərbi hissələr və qurumlar (xüsusi təyinatlı təhsil, təlim, elmi tədqiqat, mədəni-maarif, rabitə, tikinti-istismar, maddi-texniki təminat, tibb, redaksiya-nəşriyyat, məlumat-hesablama müəssisələri və s.) Dövlət Sərhəd Xidmətinin vahid sistemini təşkil edir. Dövlət Sərhəd Xidməti ona həvalə edilmiş vəzifələri bilavasitə özü və tabeliyindəki qurumlar vasitəsi ilə həyata keçirir.

14. Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları "Hərbi xidmət haqqında" və "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının qanunlarına, "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə, hərbi nizamnamələrə və digər qanunvericilik aktlarına müvafiq olaraq həqiqi hərbi xidmət keçirlər, Silahlı Qüvvələrin hərbi qulluqçuları üçün nəzərdə tutulmuş hüquq və imtiyazlardan istifadə edirlər. Dövlət Sərhəd Xidmətində işçilərlə əmək münasibətləri müvafiq qanunvericiliyə uyğun olaraq tənzimlənir.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia təmin edilməməlidir. Belə ki, iddiaçının birinci instansiya məhkəməsində işə baxılan zaman (dəqiqləşdirildikdən sonra) tələbi “onun Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin ediləcək hərbi qulluqçuların adlı siyahısına salınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçının 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu olması onu “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında qeyd olunan hərbi qulluqçuların kateqoriyasına aid etməyə əsas verdiyindən, həmin Fərman ona da şamil edilməlidir. Məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri (imtinası) qanuni sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşmayaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyanın 9-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr və başqa silahlı birləşmələr yaradır. Həmin maddədən göründüyü kimi, ölkəmizdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması ilə yanaşı başqa silahlı birləşmələrin yaradılması da nəzərdə tutulmuşdur. Həmçinin qeyd olunmalıdır ki, başqa silahlı birləşmələrin yaradılması, onların hüquqi statusunu müəyyən edən normativ hüquqi aktların qəbul edilməsini zəruri etmişdir. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Qanunun preambulasına görə Azərbaycan Respublikası müstəqil dövlət və beynəlxalq hüququn subyekti kimi Azərbaycan Respublikasının Konstitusiyasına və “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına müvafiq olaraq öz silahlı qüvvələrinə malikdir. Həmin Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələri Azərbaycan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün, onun toxunulmazlığının və mənafeyinin silahlı müdafiəsinə, dövlətə silahlı hücumun qarşısının alınmasına, təcavüz olarsa onun dəf edilməsinə xidmət edir. Azərbaycan Respublikasının müdafiəsinin təşkilinin əsaslarını müəyyənləşdirən “Müdafiə haqqında” 1993-cü il 26 noyabr tarixli Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi Əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və yerli hərbi idarəetmə orqanlarına rəhbərlik edən dövlət orqanıdır. Həmin Qanunun 12-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələri hərbi dövlət qurumu olub Azərbaycan Respublikasının suverenliyinin, müstəqilliyinin, ərazi bütövlüyünün və bölünməzliyinin silahlı müdafiəsi üçün təsis olunur. Müharibə şəraitində Silahlı Qüvvələr öz vəzifələrini sərhəd qoşunları, daxili qoşunlar və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər qoşunlarla sıx əlaqədə yerinə yetirirlər. Göründüyü kimi, qanunverici Silahlı Qüvvələri və digər qoşunları ayırmışdır. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 dekabr tarixli 823 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti haqqında” Əsasnamənin Ümumi müddəalarının birinci bəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 iyul tarixli Fərmanı ilə yaradılmış, Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Əsasnamənin 3-cü bəndinə əsasən Dövlət Sərhəd Xidməti ona həvalə edilmiş vəzifələri bilavasitə və tabeliyindəki hərbi hissələr və digər orqanlar vasitəsilə həyata keçirir. Həmin Əsasnamənin 14-cü bəndinə qeyd edilib ki, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları “Hərbi xidmət haqqında” və “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə, hərbi nizamnamələrə və digər qanunvericilik aktlarına müvafiq olaraq həqiqi hərbi xidmət keçirlər, Silahlı Qüvvələrin hərbi qulluqçuları üçün nəzərdə tutulmuş hüquq və imtiyazlardan istifadə edirlər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “Sərhəd mühafizə orqanları haqqında” Qanunun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının sərhəd mühafizə orqanları sərhəd qoşunlarından, çevik hərəkət qüvvələrindən, xüsusi hava əməliyyatları qüvvələrindən, sahil mühafizəsindən, sərhəd nəzarətindən və digər qurumlardan ibarət olmaqla, Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsini və toxunulmazlığını təmin edir. Həmin Qanunun 2-ci maddəsinə əsasən sərhəd qoşunları öz fəaliyyətində Azərbaycan Respublikası ümumqoşun nizamnamələrini rəhbər tutur. Bu zaman Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ümumqoşun nizamnamələrinin qarnizon xidməti üzrə müddəaları və sərhəd qoşunlarının təyinatı ilə əlaqədar olmayan digər müddəaları tətbiq edilmir (hərbi peşə təhsili məktəblərindən başqa). Yuxarıda göstərilən Qanunun İV fəslində sərhəd qoşunlarının hərbi qulluqçularının hüquqları, vəzifələri, təminatları və məsuliyyəti müəyyən edilmişdir. “Sərhəd qoşunları haqqında” Qanunun 33-cü maddəsində Sərhəd mühafizə orqanları hərbi qulluqçularının hüquqları, vəzifələri, təminatları, hərbi qulluqla əlaqədar onların hüquqlarının məhdudlaşdırılması və məsuliyyəti “Hərbi qulluqçuların statusu haqqında”, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunları və digər qanunvericilik aktları ilə tənzimlənməsi müəyyən olunmuşdur. Eyni zamanda, bu Qanunun 39-cu maddəsi sərhəd mühafizə orqanlarının mənzil fondunun xüsusiyyətlərini müəyyən edir. Həmin maddəyə görə sərhəd mühafizə orqanlarının hərbi qulluqçuları Azərbaycan Respublikasının mənzil qanunvericiliyinə, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq sərhəd qoşunlarının mənzil fondundan ayrılan mənzil sahəsi ilə təmin edilirlər. Belə olan halda, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi haqqında” Fərmanından göründüyü kimi, həmin Fərmanla yalnız 20 il qüsursuz xidmət etmiş Silahlı Qüvvələrin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi və bu məqsədlə müvafiq Komissiyanın yaradılması müəyyən edilmişdir. Ona görə də, bu Fərmanda nəzərdə tutulan sosial təminatlar başqa hərbi birləşmələrin hərbi qulluqçularına şamil oluna bilməz. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Silahlı Qüvvələrdə 17 il 01 ay 24 gün xidmət etdiyindən yuxarıda qeyd edilən Fərmanın ona şamil edilməsi qanuni olmamışdır. Lakin birinci instansiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən halları nəzərə almamış və nəticədə iş üzrə düzgün olmayan qənaətə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2024-ci il tarixli 2-1(102)-1174/2024 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 06 mart 2024-cü il tarixli, 2-1(120)-472/2024 saylı qərarı ləğv edilməli, yeni qərar qəbul edilməli və iddia təmin edilməməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 06 mart 2024-cü il tarixli, 2-1(120)-472/2024 saylı qərarı ləğv edilsin. İddia təmin edilməsin. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar