Məhkəmə qərarları › İş №2-1(106)-37/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-37/2023

28.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-37/2023 28.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Allahyarov Zaur Mirzağa oğlu (sədrlik edən və məruzəçi), Həsənov Müşfiq Kamil oğlu və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, İmranov Orxan Fərman oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X11 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının ləğv edildiyi tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 2-1(120)-756/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçıya xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, lakin ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Saatlı və Sabirabad rayon şöbələrində ayrı-ayrı şəxslərə pensiya təyin edilərkən qanunsuzluqlara yol verilməsi faktına görə AR CM-nin 308.1-ci maddəsi ilə cinayət işi başlamış, bu səbəbdən iddiaçının əmək pensiyası xx.xx.2019-cu il tarixdə dayandırılmışdır. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin İstintaq İdarəsində cinayət təqibinin başlanması rədd edildikdən sonra iddiaçı yenidən cavabdeh inzibati orqana müraciət edərək güzəştli şərtlərlə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsini xahiş etmiş, lakin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı əmək kitabçasına və oradakı məlumatların həqiqiliyinə əsaslı şübhələr olması əsası ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının qanunvericiliyinin tələbləri baxımından mümkün hesab etməmişdir. Cavabdeh 14 yanvar 2022-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq etdiyi siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filial tərəfindən təqdim etdiyiniz 25 avqust 1982-ci il tarixli AZE ******* nömrəli əmək kitabçanız araşdırılarkən orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, əmək kitabçanızın 42-43-cü və 44-45-ci səhifələrində müvafiq olaraq sözlərin yazılışında qarışıq olaraq kiril və latın qrafikalı hərflərdən istifadə olunmuşdur. Qeyd edilənlərə əsasən, əmək kitabçasına və ondakı məlumatların həqiqiliyinə əsaslı şübhələr olduğundan sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Birinci instansiya məhkəməsindəki icraat: İddiaçı Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək güzəştli şərtlərlə əmək pensiyasının ləğv edildiyi tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün DSMF Saatlı rayon filialına müraciət etmişdir. Ona 07 may 2019-cu il tarixdə 2 nömrəli siyahı ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Ona pensiya təyin edildikdən sonra DSMF Saatlı rayon şöbəsi tərəfindən 2019cu ilin yanvar, aprel və may ayları ərzində ümumilikdə 58 nəfər rayon sakininə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə cinayət işinin istintaqı aparılmışdır. Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin mühüm işlər üzrə müstəntiqi, İ dərəcəli hüquqşünas X7 tərəfindən imzalanmış 06 may 2020-ci il tarixli qərarda göstərilir ki, istintaq zamanı 52 şəxsin yəni, İddiaçı əmək kitabçamdakı iş yerləri və əmək stajları barədə qeydlərin saxta olmasını aparılmış istintaqla sübuta yetirmək mümkün olmamış, onların işləmiş olduqları əvvəlki iş yerləri, müəssisələri və sair ilə bağlı ittihamedici hər hansı maddi sübut aşkar edilməmişdir. Adları göstərilmiş 52 şəxsin (İddiaçı) pensiya təyinatının bərpasında cinayət xarakterli hər hansı faktın olmadığı müəyyən edilmişdir. Bundan sonra iddiaçıya təyin edilmiş əmək pensiyası bərpa edilməmişdir. Bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna rəsmi müraciət etmişdir. Ona ünvanlanmış 04 dekabr 2020-ci il tarixli **********0 saylı məktubda göstərilir ki, araşdırma nəticəsində əmək pensiyasının təyin edilməsi üçün əsas götürülmüş bəzi dövrlərin sosial sığorta stajları üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə dair sübutlar aşkar olumadığı üçün əmək pensiyasının təyinatına dair qərar ləğv edilmişdir. Bundan sonra ərizə ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 10 saylı Regional Ərazi Filialının rəisinə 12 noyabr 2021-ci il tarixdə rəsmi müraciət etmiş,müraciətinə hal-hazıra kimi cavab verilməmişdir. Cavabdehin etirazları: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli etirazında göstərmişdir ki, iddiaçı ərizə ilə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. iddiaçıya hüququnun yarandığı xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, lakin qanunsuzluqlara yol verilməsi faktınna görə AR CM-nin 308.1-ci maddəsi ilə cinayət işi başlamış, bu səbəbdən iddiaçının əmək pensiyası xx.xx.2019-cu il tarixdə dayandırılmışdır. ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən əmək kitabçası araşdırılarkən orada qeyd olunan sözlərin yazılışında qarışıq olaraq kiril və latın qrafikalı hərflərdən istifadə olunmağı səbəbindən xx.xx.2022-cı il tarixli **********0 nömrəli məktub ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamə haqqında xx.xx.1992- ci il tarixli 638 №-li qərarının 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. "Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə 25 dekabr 1991-ci il tarixli Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının qərarı qəbul olunan tarixədək Azərbaycan ərazisində "Azərbaycan əlifbasının latından rus əlifbasına keçirilməsi haqqında" 11 iyul 1939- cu il tarixli Azərbaycan SSR-in Qanunu qüvvədə olmuşdur. Həmin Qanuna əsasən 1991-ci il tarixədək Azərbaycan ərazisində rus əlifbasından istifadə olunurdu. İddiaçının işlədiyini iddia etdiyi illər əmək kitabçasında qeyd olunmasına baxmayaraq həmin əmək kitabçası əsaslı şübhələr yaradır. Belə ki, 25 avqust 1982-ci il tarixli A3E ******* nömrəli əmək kitabçasının 42-43-cü və 44-45-ci səhifələrində müvafiq olaraq sözlərin yazılışında qarışıq olaraq kiril və latın qrafikalı hərflərdən istifadə olunmuşdur. Bu da əmək kitabçasının mötəbərliyini sübhə altına almağa əsas verir. Göründüyü kimi xx.xx.1982-ci il tarixli A3E ******* nömrəli əmək kitabçasında qarışıq olaraq kiril və latın qrafikalı hərflərdən istifadə edilməsi əmək kitabçasının doldurulması qaydalarına əsasən mümkün deyil və həmin əmək kitabçasında qeyd edilən tarixlərdə iddiaçının müvafiq müəssisələrdə işləməsi faktı əsaslı şübhələr doğurur. Bununla da, inzibati orqan tərəfindən vətəndaşın həqiqətən də işləyib-işləmədiyini, əməkhaqqı alıb-almadığı yoxlanıla bilmədiyi üçün həmin müəssisələrdə işlədiyini iddia etdiyi illər iddiaçının sosial sığorta stajına daxil edilmir. Bu səbəblə əmək kitabçasına və əmək kitabcasındakı məlumatların həqiqiliyinə əsaslı şübhələr olduğundan iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Odur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması” tələbinə dair iddiasının təmin olunmaması barədə qərar qəbul edlməsi xahiş etmişlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 2-1(120)-756/2022 nömrəli qərarı ilə (hakim Hilal Nəcəfov) iddia təmin olunmuş, İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ləğv edildiyi tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə X11 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi filialına həvalə edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etiraza uyğun əsaslandıraraq Şirvan İnzibati Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 2-1(120)-756/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin eüdilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək Şivan İnzibati Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 2- 1(120)-756/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş və iştirak etməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılaraq yekun məhkəmə aktı qəbul edilməsini mümkün hesab etdi. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.2.3-cü maddəsinə əsasən, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Maddə 23. Vətəndaşların başqa dövlətlərin ərazisində fəaliyyət dövrünün sığorta stajına daxil edilməsi şərtləri 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Maddə 32. Əmək pensiyasının təyin edilməsi müddətləri 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu; Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli, 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti g) ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinanturada təhsil müddəti Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materialını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslı olmaqla təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia rədd olunmalıdır. Belə ki, iş materialında olan xx.xx.1982-ci il tarixli, A3E ******* nömrəli əmək kitabçasından çıxarışlardan görünür ki, İddiaçı xx.xx.1974-cü ildə Saatlı X3 Kombinatına fəhlə işinə qəbul edilmiş, xx.xx.1980-ci il tarixdə X3 Kombinatına Tikintidə usta işinə keçirilmişdir. xx.xx.2003-cü il tarixdə ərizəsinə əsasən X3 Kombinatına Tikintidə usta işindən azad edilmişdir. (əmək kitabçasının 42-43, 44-45-ci səhifələri). İş materialında olan Dövlət Sosial Müdafiə X11 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq etdiyi siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filial tərəfindən İddiaçı təqdim etdiyi 25 avqust 1982-ci il tarixli AZE ******* nömrəli əmək kitabçası araşdırılarkən orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, əmək kitabçasının 42-43-cü və 44-45-ci səhifələrində müvafiq olaraq sözlərin yazılışında qarışıq olaraq kiril və latın qrafikalı hərflərdən istifadə olunmuşdur. Qeyd edilənlərə əsasən, əmək kitabçasına və ondakı məlumatların həqiqiliyinə əsaslı şübhələr olduğundan məktubda qeyd etdiyiniz məsələlərə münasibət bildirilməsi mümkün deyil. Xahiş edirik, nəzərə alasınız. İş materialında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********57 nömrəli məktubda qeyd edilmişdir ki, Saatlı X3 Kombinatı barədə dövlət əmlakının Registrinə heç bir məlumat təqdim edilməmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”nin 3.0.11 -ci yarımbəndinə əsasən kommersiya hüquqi şəxslərin, publik hüquqi şəxslərin, xarici kommersiya hüquqi şəxslərin filial və nümayəndəliklərin dövlət qeydiyyatını həyata keçirmək və dövlət reyestrini aparmaq Dövlət Vergi Xidmətinin vəzifələrinə aid edilmişdir. İş materialında olan Saatlı rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli 44 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı Saatlı X3 Kombinatında işləməsi barədə məlumat Saatlı X3 Kombinatı Saatlı rayon Dövlət Arxivinə sənəd vermədiyi üçün araşdırmaq mümkün olmadı. İş materialında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********4 nömrəli məktubdan görünür ki, Saatlı X3 Kombinatının rekvizitləri (SUN və ya VÖEN) qeyd olunmadığından sığortaedən kimi uçotunun olubolmaması barədə məlumatların Nazirliyin elektron məlumat bazasından əldə edilməsi mümkün olmamış və qeyd olunan müəssisəyə aid rekvizitlər tərəfinizdən təqdim edildikdən sonra müraciətinizə yenidən baxılacağı bildirilmişdir. İş materialında olan Dövlət Sosial Müdafiə X11 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli müvafiq məlumatların təqdim edilməsi haqqında məktubdan görünür ki, iddiaçıya xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilmiş, xx.xx.2020-ci il tarixdən isə təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyası dayandırılmışdır. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim etdiyi 25 avqust 1982-ci il tarixli AZE ******* nömrəli əmək kitabçası araşdırılarkən orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, əmək kitabçasının 42-43-cü və 44-45-ci səhifələrinin müvafiq olaraq 02-03-cü qeydlərində sözlərin yazılışında qarışıq olaraq kiril və latın qrafikalı hərflərdən istifadə olunmuşdur. İş materialında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, dövlət reyestrində Saatlı X3 Kombinatı adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. İş materialında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh inzibati orqanın sorğusuna xx.xx.2022-ci il tarixli, **********60 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, Sizin xx.xx.1958-ci il təvəllüdlü İddiaçı (FİN 3ABHP14, AZE ********) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair 2-1(120)-756/2022 nömrəli inzibati işlə əlaqədar Saatlı X3 Kombinatının hansı tarixdə qeydiyyatdan keçməsi, təşkilati-hüquqi formasında dəyişikliyin olubolmaması, hüquqi varisliyin müəyyən edilib-edilməməsi, özəlləşdirildiyi halda özəlləşmə tarixi barədə ətraflı məlumatların təqdim edilməsi ilə bağlı 16 sentyabr 2022-ci il tarixli, **********4 nömrəli məktubunuza Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Bununla əlaqədar bildirilir ki, müraciətdə qeyd olunan Azərbaycan Respublikası Dövlət Sənaye Ticarət Konserninin X5 6 aprel 1995-ci ildə qeydiyyatdan keçmişdir (Dövlət qeydiyyat nömrəsi 337) və 12 may 1997-ci il tarixində özəlləşdirilmişdir. Əlavə olaraq bildiririk ki, müraciətdə qeyd olunan digər məsələlər barədə Əmlak Məsələləri Dövlət Xidmətində hər hansı məlumat yoxdur. İş materialında olan Saatlı Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, Q-31/137 nömrəli məktubu ilə göndərilmiş cinayət işinin materialında olan “Sübutların qiymətləndirilməsi barədə” 06 may 2020-ci il tarixli qərarında (31-ci vərəqin 5-ci abzası, 32-ci vərəqin 1-ci abzası və 33-cü vərəqin 3-cü abzasında) qeyd olunur ki, “...Bundan başqa Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsində 2019-cü ilin yanvar, aprel və may ayları ərzində pensiya təyinatı aparılmış 52 şəxsin (o cümlədən İddiaçı) əmək kitabçalarındakı iş yerləri və əmək stajları barədə qeydlərin saxta olmasını aparılmış istintaqla sübuta yetirmək mümkün olmamış, onların işləmiş olduqları əvvəlki iş yerləri, müəssisələri və sair ilə bağlı ittihamedici hər hansı maddi sübut aşkar edilməmişdir. Belə ki, istintaq zamanı çoxsaylı istintaq hərəkətlərinin aparılmasına və aidiyyəti dövlət orqanlarına sorğular verilib cavablar alınmasına baxmayaraq uzun müddət keçməsi, müəssisə ilə bağlı zəruri sənədlərin arxiv fondlarında belə mükəmməl şəkildə qalmaması səbəbindən adları yuxarıda qeyd edilən şəxslərin əmək kitabçalarında qeyd edilmiş iş yerlərində işləyib-işləməmələrini sübuta yetirmək mümkün olmamış, ümumiyyətlə işləmələrini şübhə altına alan sübutlar, habelə həmin şübhələri aradan qaldıran sənədlər aşkar edilməmişdir. Odur ki, yuxarıda qeyd olunanlara əsasən İddiaçı təqsirliliyi, ümumiyyətlə onlara təyin edilmiş pensiyanın qanunsuzluğu sübuta yetirilmədiyindən barəsində Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanması rədd edilməlidir. Birinci instansiya məhkəməsinin əsaslandığı xx.xx.1982-ci il tarixli, A3E ******* nömrəli kolxozçunun əmək kitabçasının 42-43, 44-45-ci səhifələrindəki qeydlərə baxış zamanı müəyyən olunur ki, iddiaçının Tikintidə usta işinə keçirilməsi barədə xx.xx.1980-ci il tarixli əmr bazar günü verilmiş, həmin qeyd kiril əlifbası ilə yazıldığı halda “usta” sözündə “u” hərfi, “əmr” sözündə “m” hərfi latın qrafikası ilə yazılmışdır. O cümlədən, xx.xx.2003-cü il tarixdə ərizəsinə əsasən X3 Kombinatına Tikintidə usta işindən azad edilməsi barədə əmrdə “usta” sözündə “u” hərfi, “əmr” sözündə “m” hərfi latın qrafikası ilə yazılmışdır. Bundan əlavə, iş materialında olan əmr kitabından çıxarışlarda iddiaçının işlədiyi hüquqi şəxsin adı “Saatlı X3” kimi göstərilmişdir /i.v.69-74/. Halbuki əmək kitabçasındakı qeydlərdə “Saatlı X3 Kombinatı” qeyd olunmuşdur. Eyni zamanda, İddiaçı xx.xx.1974-xx.xx.2003-cü il tarixlərdə Saatlı X3 Kombinatında işləməsi faktının dəqiqləşdirilməsi üçün cavabdeh inzibati orqanın sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, **********60 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Sənaye Ticarət Konserninin X5 6 aprel 1995-ci ildə qeydiyyatdan keçmişdir və 12 may 1997-ci il tarixində özəlləşdirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Saatlı X3 Kombinatı ilə X1 eyni müəssisə olması (halbuki adları eyni deyildir) qənaətinə gəlinsə belə, X5 12 may 1997-ci il tarixdə özəlləşdirilmişdir. Belə olan halda, yəni 12 may 1997-ci il tarixdə özəlləşdiriləndən sonra müəssisənin adı və möhürü dəyişdirilmiş olduğu halda iddiaçının 2003-cü il tarixdə işdən azad edilməsinin eyni möhürlə təsdiqlənməsi ağlabatan deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarının pozmuş olsun. Konkret halda isə cavabdehin imtinası ilə iddiaçının güzəştli şərtlərlə pensiya hüququnu pozduğu öz təsdiqini tapmır. Belə ki, iddiaçının xx.xx.2006-cı ilədək 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajı olması sübuta yetirilməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən bütün faktiki halların araşdırılmaması, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, məhkəmənin qərarda göstərdiyi nəticələrin işin hallarına uyğun gəlməməsi barədə dəlilləri ilə razılaşır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 68-ci, 69-cu, 87.6-cı, 52ci, 90.1-ci, 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 2-1(120)-756/2022 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının ləğv edildiyi tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası rədd edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar