Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-370/2023 23.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Şərifov Sarvan Şərif oğlunun iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 2-1(120)-2554/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək 683,05 manat məbləğində əlavə vergilərin hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********275400 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə və 40 manat maliyyə sanksiyasının hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********98922900 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Şahəli Musayev) 05 iyun 2023-cü il tarixli, 2- 1(120)-2554/2023 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün hesab edilərək mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şirvan İnzibati Məhkəməsi xx.xx.2023-cü il tarixli qərardadı ilə iddianı mümkün saymamış və əsas olaraq göstərmişdir ki, tələb olunan şikayət verilmə müddəti ötürülmüşdür. O, birinci instansiya məhkəməsinin qərardadında göstərilənlərin əksinə olaraq qeyd edir ki, iddia ərizəsini 20 mart 2023-cü il tarixdə deyil, 17 mart 2023-cü il tarixdə poçt vasitəsilə göndərmişdir (göndəriş qəbzi apellyasiya şikayətinə əlavə edilmişdir). 17 mart 2023-cü il tarixdən sonrakı günlər Novruz bayramı olmaqla iş günləri olmadığından ərizəsinin Şirvan İnzibati Məhkəməsinin icraatına nə vaxt daxil olması barədə cavabdehlik daşımır. O, vaxtında müraciət etdiyini, birinci instansiya məhkəməsinin həmin hala diqqət etmədiyini və əsaslandırmadan işi tələsik yekunlaşdıraraq iddianı mümkün hesab etməmişdir. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. İşdə olan vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********275400 nömrəli qərardan görünür ki, İddiaçı 500,4 manat əlavə vergi hesablanmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli, **********922900 nömrəli qərardan görünür ki, İddiaçı tərəfindən 2019-cu il gəlir vergisi hesabat(lar)ını və arayış(lar)ı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə ona qarşı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən cəmi 40 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İşdə olan poçt qəbzinin və teleqramın surətlərindən görünür ki, İddiaçı xx.xx.2023cü il tarixdə iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli, **********275400 nömrəli qərarı xx.xx.2023-cü ildə oxumuşdur (qəbul etmişdir). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 129.2-ci maddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Həmin Məcəllənin 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli, **********275400 nömrəli qərarı 17 fevral 2023-cü il tarixdə qəbul etmişdir (oxumuşdur). Həmin qərardan 30 gün müddətində məhkəməyə şikayət verilməsi müddətinin sonuncu günü xx.xx.2023-cü il tarixidir və həmin tarix bazar gününə təsadüf edir. İddiaçı isə 17 mart 2023-cü il tarixdə, yəni müddətin 28-ci günü iddia ərizəsini poçt orqanına təqdim etmişdir (yəni qanunvericiliyin müəyyən etdiyi müddəti ötürmədən). Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, İddiaçı mübahisələndirdiyi vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********275400 nömrəli qərardan xx.xx.2023-cü il tarixdən məlumatlı olmuş və prosessual müddətin axımı həmin qərarın təqdim olunduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən başlamışdır. İddia ərziəsi xx.xx.2023-cü il tarixdə poçta, xx.xx.2023-cü il tarixdə isə birinci instansiya məhkəməsinə daxil olmuşdur. İddiaçı inzibati icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə mübahisələndirdiyi xx.xx.2022-ci il tarixli, **********922900 nömrəli qərardan və xx.xx.2022-ci il tarixli, **********275400 nömrəli qərardan məlumatlı olduğu vaxtdan 3 gündən artıq vaxt keçdikdən sonra müraciət etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırdığından iddiası mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq ilk növbədə qeyd edir ki, iş materiallarının 19-cu vərəqində olan poçt zərfindən aşkar şəkildə görünür ki, İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri 17 mart 2023-cü il tarixdə poçt orqanına təqdim etmişdir. Bu, poçt zərfinin üzərindəki poçtun möhüründən aydın şəkildə görünür. Həmçinin iddiaçı tərəfindən apellyasiya şikayətinə əlavə edilərək məhkəməyə təqdim edilmiş poçt qəbzinin və teleqramın surətləri ilə də bu, öz təsdiqini tapır. Belə ki, iş materiallarının 19-cu vərəqində olan poçt zərfinin və apellyasiya şikayətinə əlavə edilmiş iş materiallarının 74-cü vərəqində olan poçt qəbzində və teleqramda qeyd edilmiş SS kodu (SS841928216AZ) eynidir. Məhkəmə kollegiyası qeyd edir ki, illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. İddia ərizəsi müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Belə olan halda 2023-cü ildə fevral ayı 28 gündən ibarət olduğundan iddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri prosessual müdətin 28-ci günündə poçt orqanına təqdim etmişdir ki, bununla da, iddiaçı prosessual müddəti ötürməmişdir. Məhkəmə kollegiyası həmçinin iddia ərizəsinin xx.xx.2023-cü il tarixdə poçta, xx.xx.2023-cü il tarixdə isə birinci instansiya məhkəməsinə daxil olması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyinə münasibətdə isə qeyd edir ki, iddia ərizəsi 20 mart 2023-cü il tarixdə poçta təqdim olunsaydı belə, yenə də iddia ərizəsi vaxtında verilmiş hesab olunmalıydı. Çünki 19 mart 2023-cü il tarixi həftənin bazar gününə təsadüf edir. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. 19 mart 2023-cü il tarixdən sonrakı günlər isə Novruz bayramı günlərinə təsadüf edir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsinin hansı tarixdə məhkəməyə daxil olmasından asılı olmayaraq rabitə orqanına təqdim edilməsi artıq həmin iddia ərizəsinin verilməsi deməkdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının müddəti ötürüb-ötürməməsi faktlarını düzgün araşdırmamış, eyni zamanda iddia tələbində mübahisələndirilən iki qərardan yalnız birinə münasibətdə müddətin ötürülübötürülməməsinə qiymət vermiş, digər qərara münasibətdə isə ümumiyyətlə, münasibət bildirməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən inzibati orqanlar məhkəmənin tələb etdiyi sənədləri və ya aktları, habelə zəruri məlumatları təqdim etməyə borcludurlar. Göstərilənlər onu deməyə əsas verir ki, hazırkı işə baxarkən və qərar qəbul edərkən birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, bununla da ciddi prosessual pozuntuya yol vermişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 2-1(120)-2554/2023 nömrəli qərardadı ləğv edilməli, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 2-1(120)-2554/2023 nömrəli qərardadı ləğv edilsin, inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kasasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-370/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-370/2023
23.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver