Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-372/2023 21.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Bağırov Məhəmməd Ənvər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Dəmirova Nəcimə Arif qızının, İddiaçı nümayəndəsi Vəkil2, üçüncü şəxs Əliyev Elxan Nizam oğlunun nümayəndəsi Vəkil1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2-1(120)-591/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh İmişli Rayon İcra Hakimiyyətinə qarşı qərarın ləğv edilməsi barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh İmişli Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, İmişli şəhər XDS İK-nın 15 noyabr 1991-ci il tarixli, 11 nömrəli iclas protokolunun qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Fehruz Abbasov) 22 iyun 2023-cü il tarixli, 2- 1(120)-591/2023 nömrəli qərardadı ilə İddiaçı iddiasının mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İmişli rayon Dövlət Arxivindən əldə etdiyi xx.xx.2022-ci il tarixli, 64 saylı məktubda göstərilənləri əsas tutaraq İmişli şəhəri Mil küçəsində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinə dair Əliyev Elxan Nizam oğlunun adına verilmiş xx.xx.2015-ci il tarixli, **********68 reyestr nömrəli çıxarışın ləğv edilməsi xahişi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmişdir. Həmin İdarədən ona verilən xx.xx.2022-ci il tarixli, **********99 №-li cavab məktubunda mülkiyyət hüququnun ləğvi mövcud qanunvericiliyin tələblərinə əsasən hüquq sahibinin ərizəsi və ya müvafıq məhkəmə qərarı əsasında aparıldığı bildirilərək müraciətdə göstərilən məsələyə hər hansı köməklik etmək səlahiyyətinə malik olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq müvafıq məhkəmə instansiyasına müraciət olunması tövsiyə olunmuşdur. İmişli Rayon Dövlət Arxivindən əldə etdiyi xx.xx.2022-ci il tarixli, 64 saylı məktubda qeyd edilmişdir ki, İmişli şəhəri Mil küçəsində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin Əliyev Elxan Nizam oğluna verilməsinə dair İmişli şəhər Xalq Deputatları Sovetinin xx.xx.1991-ci il tarixli, 11 nömrəli qərarı mövcud olmamış və belə bir qərarın sonradan tərtib edilərək Çıxarışın verilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə təqdim edilmiş və adıçəkilən idarə tərəfindən sözügedən şəxsə xx.xx.2015-ci il tarixli, **********68 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ qeydə alınmışdır. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, işə yenidən baxılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının hazırkı iddia tələbini irəli sürmək üçün subyektiv hüququnun olmaması barədə məhkəmənin mövqeyi əsassız olmaqla yanaşı, həm də qeyri-müəyyəndir, yəni aydın deyildir. Məhkəmə 1992-ci ilin sərəncam kitabında İddiaçıin adına hər hansı tarixdə torpaq ayrılması qeydinin aşkar edilməməsinə və yaxud iddiaçının iddia etdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədin əslini əldə etmək mümkün olmadığına görə iddiaçının hazırkı iddia tələbi irəli sürmək üçün müvafiq subyektiv hüququnun olmaması qərarına gəlmişdir. Məhkəmə nəzərə almamışdır ki, İddiaçı adına torpaq sahəsinin verilməsinə dair qeyd 1992-ci ilin sərəncam kitabında aşkar edilməsə də o, artıq 2005-ci ildən 5000 manat verərək torpaq sahəsini alıb, həmin sahədə məskunlaşıb, ev tikib, ailə qurub, təsərrüfat yaradıb və onun həmin torpaq sahəsində ev tikməsinə, həmin evdə yaşamasına dövlət qurumlarından hər hansı etiraz daxil olmayıb, onun evi kommunal xidmətlərə - işığa, suya, qaza qoşulub, bütün bu illər ərzində kommunal xidmətlərə görə haqq ödəyib, bələdiyyəyə torpaq vergisi ödənilib, evə ünvan verilib, yəni həmin torpaq sahəsində yerləşən ev Avropa İnsan Hüquqları Məhkəməsinin çoxsaylı qərarlarında müəyyən etdiyi bir mənzil statusuna malik bir ev olub. Milli məhkəmələr də öz aktlarında tez-tez həmin qərarlara istinad edirlər. Yəni iddiaçının uzun müddət nə üçüncü şəxs, nə də dövlət və bələdiyyə qurumları tərəfindən 2005-ci ildən etiraz olmadan və yaşadığı evə və həmin evin həyətyanı mübahisəli torpaq sahəsinə sahiblik etməsi, 17 ildən çox müddətdə həmin torpaq sahəsində tikilən evə onun subyektiv hüqunun olması anlamına gəlir. Məhkəmə isə qeyd edilənləri nəzərə almamış, qeyd edilənlərə qiymət verməmişdir. İddia müddətinin buraxılması ilə bağlı məhkəmənin gəldiyi nəticə də səhvdir, ona görə ki, İddiaçıin irəli sürdüyü iddia öhdəliyin qoyulması ilə bağlıdır, yəni mübahisələndirmə və yaxud məcburetmə iddiası deyildir. İddiaçının bildirdiyinə görə, heç bir təhsilə malik deyil, 1992-ci ildə cinayətdə ittiham olunaraq əvvəlcə ölüm cəzasına məhkum edilib, daha sonra həmin cəza növü 1998-ci ildə 12 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilib, 2004-cü ildə cəzadan azad olub, latınca oxuya bilmir, özünün bildirdiyinə görə məhkumluq həyatı əsəbilik yaradıb, məhkəmə prosseslərində iştirak etsə də, ona imzaladılan sənədlərin məzmunu ilə tanış olmamışdır, çünki həmin sənədlərlə tanış olmağa səbri çatmamışdır. Prosessual məsələlər İddiaçı nümayəndəsi Vəkil2 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, iddianın mümkün sayılmasını və iddiaya mahiyyəti üzrə baxılması barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Üçüncü şəxs Əliyev Elxan Nizam oğlunun nümayəndəsi Vəkil1 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh İmişli Rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdeh İmişli Rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İşdə olan İmişli şəhər XDS İK-nin 15 noyabr 1991-ci il tarixli, 11 nömrəli iclas protokolunun çıxarışının təsdiq edilmiş surətindən görünür ki, İmişli şəhər sakini Cəfərov Rafiq Həmzə oğlunun ərizəsini və vəziyyətini nəzərə alaraq 23 iyul 1989-cu il tarixli, 7 nömrəli iclas protokolunun qərarı ilə Şərq küçəsinin başlanğıcından götürdüyü, 0,05 hektar torpaq sahəsinin ləğv edilməsi, həmin ləğv edilmiş 0,05 hektar torpaq sahəsi onun qohumu Əliyev Elxan Nizam oğluna verilməsi qərara alınmışdır. İşdə olan İmişli şəhər XDS İK-nin baş memarının planının təsdiq edilmiş surətindən görünür ki, İmişli şəhər sakini Əliyev Elxan Nizam oğluna İmişli şəhər XDS İK-nin 15 noyabr 1991-ci il tarixli, 11 nömrəli iclas protokolunun qərarı ilə qohumu Cəfərov Rafiq Həmzə oğlunun ləğv edilmiş ona verilmiş 0,05 ha torpaq sahəsi ayrılmış və miqyası 1:250 cm əks edilmişdir. İşdə olan İmişli şəhərində 20 noyabr 1991-ci il tarixdə İmişli şəhər XDS İK-nin sədri R.Əliyev, İmişli şəhər XDS İK-nin baş memarı V.Hüseynov, Cəfərov Rafiq Həmzə oğlu və onun qohumu Əliyev Elxan Nizam oğlunun iştirakları ilə tərtib edilmiş aktın təsdiq edilmiş surətində qeyd edilmişdir ki, İmişli şəhər XDS İK-nin 15 noyabr 1991-ci il tarixli, 11 nömrəli iclas protokolunun qərarı ilə Cəfərov Rafiq Həmzə oğluna məxsus olan 500 kv.m həyətyani torpaq sahəsi ölçülüb onun qohumu Əliyev Elxan Nizam oğluna verilmişdir. İşdə olan xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, İmişli şəhəri, Mil küçəsində yerləşən 0,05 hektar torpaq sahəsinə Əliyev Elxan Nizam oğlunun tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2-1(106)16/2015 nömrəli qərardadından görünür ki, iddiaçı Kazımov Nemət Kərim oğlunun cavabdeh İmişli rayon İcra Hakimiyyəti başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı qərarın qismən ləğv edilməsi barədə inzibati mübahisəyə dair iş üzrə qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1(86)306/2014 saylı qərarının ləğv edilməsi, iddiaçı Kazımov Nemət Kərim oğlunun cavabdeh İmişli rayon İcra Hakimiyyəti başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı İmişli şəhər XDS İK-nin 15 noyabr 1991ci il tarixli, 11 nömrəli iclas protokolun qərarının Əliyev Elxan Nizam oğluna İmişli şəhəri, Şərq küçəsinin başlanğıcından 0,05 ha torpaq sahəsi verilməsi hissəsində ləğv edilməsi tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. İşdə olan İmişli rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 08 nömrəli çıxarışından görünür ki, İmişli şəhər XDS İK-nın xx.xx.1989-cu il tarixli, 7 nömrəli iclas qərarı ilə Cəfərov Rafiq Həmzə oğluna İmişli şəhəri Şərq küçəsinin başlanğıcından 0,05 hektar həyətyani torpaq sahəsinin verilməsi qərara alınmışdır. İşdə olan İmişli rayon Dövlət Arxivinin 15 noyabr 2023-cü il tarixli, 3-48-22RA/2- 191/2023 nömrəli məktubundan görünür ki, İmişli rayon Dövlət Arxivinin 54-cü fondunda mühafizə olunan və saxlanılan İmişli şəhər XDS İcraiyyə Komitəsinin 15 noyabr 1991-ci il tarixli, 11 nömrəli iclas protokolu mövcuddur, lakin bu protokol kitabında Əliyev Elxan Nizam oğluna həyətyani torpaq sahəsi ayrılması barədə hər hansı bir fakt qeyd olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddiaçının nümayəndəsi Vəkil2 qeyd edir ki, İddiaçı 2005-ci ildə sənədləşdirmədən, öz aralarında razılığa gələrək, Kazımov Nemət Kərim oğluna 5000 manat pul verərək sözügedən torpaq sahəsinin satın almışdır. Qeyd edilən torpaq sahəsi İmişli Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 05 saylı ümumi iclasının protokolundan çıxarış əsasında Kazımov Nemət Kərim oğluna fərdi yaşayış evinin tikintisi üçün verilmişdir. İddiaçı Kazımov Nemət Kərim oğlundan aldığı torpaq sahəsində 2005-ci ildə ev tikmiş və uzun illərdir ki, mübahisəsiz həmin evdən istifadə etmişdir. Lakin sonradan Əliyev Elxan Nizam oğlunun adamları İddiaçı narahat etdiyindən bu barədə torpağı satın aldığı Kazımov Nemət Kərim oğluna bildirmiş, o isə öz növbəsində sənədləri qaydasına salıb ona təqdim edəcəyini bildirmişdir. İmişli şəhər XDS İK-nin 15 noyabr 1991-ci il tarixli, 11 nömrəli iclas protokolunun qərarını məhkəmədə mübahisələndirərkən birinci instansiya məhkəməsi iddiaçının subyektiv hüququnun olmadığını əsas gətirib iddianı mümkün saymamışdır. Halbuki iddiaçı Kazımov Nemət Kərim oğlundan aldığı torpaq sahəsində 2005-ci ildə ev tikmiş və mübahisəsiz həmin evdən istifadə etmişdir. Bu da iddiaçıya hüquq vermişdir ki, hazırkı iddianı qaldırsın. Üçüncü şəxsin nümayəndəsi Vəkil1 qeyd edir ki, sözügedən torpaq sahəsi İmişli şəhər XDS İK-nin xx.xx.1991-ci il tarixli, 11 nömrəli protokol qərarına əsasən İmişli şəhər sakini Cəfərov Rafiq Həmzə oğlunun ərizəsi və vəziyyəti nəzərə alınaraq xx.xx.1989-cu il tarixli, 7 nömrəli protokol qərarı ilə Şərq küçəsinin başlanğıcından götürdüyü 0,05 hektar torpaq sahəsi ləğv edilmiş, həmin ləğv edilmiş 0,05 hektar torpaq sahəsi onun qohumu Əliyev Elxan Nizam oğluna verilmişdir. Həmin torpaq sahəsinə Əliyev Elxan Nizam oğlu Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-də xx.xx.2015-ci il tarixdə, ********** qeydiyyat nömrəli çıxarış əsasında öz adına rəsmiləşdirərək mülkiyyətinə keçirmişdir. Həmçinin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 6 saylı Ərazi İdarəsi xx.xx.2015-ci il tarixdə, A № 018568 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edərək Əliyev Elxan Nizam oğluna vermiş və həmin torpaq sahəsinin planı və ölçüsü sənədindən torpaq sahəsinin həmin vaxt boş olması görünür. Yəni, həmin ərazidə hər hansı bir tikili mövcud olmamışdır. Daha sonra iddiaçı Əliyev Elxan Nizam oğlu İddiaçı qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması və sair tələbinə dair iddia ərizəsinə İmişli Rayon Məhkəməsində baxılarkən iş üzrə cavabdeh İddiaçı bildirmişdir ki, həmin torpaq sahəsini Kazımov Nemət Kərim oğluna 5000 manat ödəməklə əldə etmişdir. Bunu İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(032)86/2022 saylı, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(106)-1151/2022 saylı və Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(102)-5390/2022 saylı qərarından açıq aşkar görmək olar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kazımov Nemət Kərim oğlu ifadəsində bildirdi ki, mübahisələndirilən İmişli şəhəri Mil küçəsindəki 0,05 ha torpaq sahəsi 2000-ci ildə İmişli şəhər bələdiyyəsi tərəfindən ona ayrılmışdır. Həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa etmiş və 2005-ci ildə pula ehtiyacı olduğu üçün aralarındakı razılıq əsasında qeyd edilən torpaq sahəsini İddiaçı 5000 manata satıb, özü Bakı şəhərinə köçərək orada yaşamışdır. Qeyd edilən torpaq sahəsini satarkən İddiaçı bildirmişdir ki, həmin torpaq sahəsinin sənədlərini qaydasına salıb ona təqdim edəcək. Lakin sonradan İddiaçı ona bildirmişdir ki, Əliyev Elxan Nizam oğlunun adamları onları narahat edir və bildirirlər ki, İmişli şəhər Xalq Deputatları Sovetinin xx.xx.1991-ci il tarixli, 11 nömrəli qərarı əsasında İmişli şəhəri Mil küçəsində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi Elxan Əliyevə verilmiş, bu səbəbdən də Elxan Əliyev torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnu qeydə aldırmışdır. Bu səbəbdən o, 2014-cü ildə Şirvan İnzibati-İqtisadi Məhkəməsində cavabdeh İmişli rayon İcra Hakimiyyəti Başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı İmişli şəhər XDS İK-nın xx.xx.1991-ci il tarixli, 11 nömrəli protokol qərarının İmişli şəhəri Şərq küçəsinin başlanğıcından 0,05 ha torpaq sahəsinin verilməsi hissəində ləğv edilməsi tələbinə dair iddia qaldırmışdır. Məhkəmə qərarı ilə onun iddiası təmin edilməmiş, qeyd edilən qərardan apellyasiya şikayəti versə də, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2-1(106)16/2015 nömrəli qərardadı ilə yuxarıda qeyd edilən iddiasının mümkün sayılmaması qərara alınmışdır. Lakin o, iddiasının mümkün sayılmaması barədə qərardaddan kassasiya qaydasında şikayət verməmişdir. Birinci instansiya məhkəməsi iddiaçının mübahisələndirdiyi inzibati aktı mübahisələndirməsi üçün subyektiv hüququnun olmaması və inzibati aktı mübahisələndirməsindən ötrü müddəti ötürdüyü üçün iddianı mümkün saymamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq həmçinin qeyd edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İddiaçı mübahisələndirdiyi qərarla onun hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir, lakin həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı hazırda mübahisəli torpaq sahəsini istifadə etdiyini və ona məxsus olduğunu qeyd etsə də, həmin torpaq sahəsinin ona məxsus olması barədə hər hansı mötəbər sübut təqdim edə bilmir. İddiaçı mübahisələndirdiyi qərarın arxivdə mövcud olmadığını və həmin qərarın əsasında üçüncü şəxsin mübahisəli torpaq sahəsinə mülkiyyət hüququnun qanunsuz olaraq qeydə alındığını qeyd edir. Lakin iddiaçı mübahisəli torpaq sahəsinə subyektiv hüququnun olmasına dair mötəbər sübut təqdim edə bilmədiyi təqdirdə onun həmin qərarı və həmin qərar əsasında qeydə alınmış hüququ mübahisələndirməsi üçün subyektiv hüququ yoxdur. İddiaçı mübahisəli torpaq sahəsini sənədləşdirmədən Nemət Kazımovdan aldığını qeyd edir. Nemət Kazımov isə hazırda mübahisələndirilən qərarı ayrıca mübahisələndirmiş və onun iddiası mümkün sayılmamışdır. Məhkəmə kollegiyası İddiaçı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddianı qaldırmaq üçün hər hansı bir subyektiv hüququ müəyyən olunmur. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2-1(120)-591/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-372/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-372/2023
21.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver