Məhkəmə qərarları › İş №2-1(106)-373/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-373/2023

13.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-373/2023 13.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Həsənov Müşfiq Kamil oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X9 iştirakı ilə, İddiaçı cavabdeh Masallı rayon İcra Hakimiyyətinə qarşı “X6 əmlakını idarə etmək məqsədi ilə qəyyum və himayəçi təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qəbul edilmiş Şirvan İnzibati Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 2- 1(120)-1548/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı cavabdeh Masallı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 əmlakını idarə etmək məqsədi ilə qəyyum və himayəçi təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birnci instansiya məhkəməsində icraat və məhkəməsinin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, X6 əmlakını idarə etmək məqsədi ilə qəyyum və himayəçi təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, qardaşı X7 yoxa çıxmasına səbəkar olan şəxslər kənd nümayəndəsi X3, Vüqar, Telman və sahə müvəkkili İlqardır. O, yıxılıb ayağı sındığı üçün xətəxanaya yerləşdirilmiş və adlarını çəkdiyi şəxslər onun xəstəxanaya düşməyimdən sui-istifadə edib Səmədi yatdığı yerdə döyüblər. Döyən şəxslər qonşu olan və Telman guya Səməd onların həyətinə girib qonşuluqda olan qızı və yoldaşı evinən səs eşidib gəlib yuxarı çıxanda Telman və Vüqarı görüb və burda neynədiklərini soruşub. Vüqar və Telman deyib ki, biz Səmədi öldürəcəyik. Qızı da deyibki Səməd Sizə nə edib. Vüqar və Telman heçnə demədən gediblər. Qızı da polisə verməyə çəkinib. 2 gün sonra Səməd evdən yoxa çıxıb. Səmədin yoxluğunu görən qızı yola çıxıb ki, kənd camahatından Səmədi soruşub. Sonra qonşu qızını görüb çıxıb deyib ki, sahə müvəkkili İlqar Səmədi maşına mindirib apardı. Qızı Kənd sovetinə gedib kənd nümayəndəsi Vidadiyə deyib ki, Səməd yoxdu sahə müvəkkili Səmədi maşına mindirib aparıb. Vidadi deyib ki, Səmədi müalicəyə aparmışıq. Qızı da deyib ki, ailə üzvlərinin xəbəri olmadan hara aparmısız. Vidadi dedi ki, Səmədi Lənkəran ruhi dispanserə aparmışıq və həmən gün qızı Səmədi görməyə Lənkəran ruhi dispanserinə gedib.Orda işləyənlər deyib ki, Səməd yatır onu oyada bilmərik. 2-ci dəfə gedəndə qızına bildirdilər ki, artıq Səmədi buraxmışıq. O, vaxtdan bu vaxta qədər nə ölüsü var, nə də dirisi. Sonra biz Vidadini evlərinə çağırıb Səmədin harda olduğunu soruşublar. Vidadi onların ailə üzvlərinə söz verib ki, 3 günə Səmədi gətirəcək. Artıq 15 ildir ki, nə ölüsü nə dirisi var. Qızları polisə gedib ərizə yazıb polisə bildiriblər ki, kənd nümayəndəsi Vidadi Fətullayev ailə üzvlərinin xəbəri olmadan Səmədi ruhi dispanserə aparıb və yoxa çıxıb. Oğlunu döydüylərinə görə Vüqar və Telmanı polisə veriblər. Polis Vüqar və Telmanı çağırıb. Polislə nə danışıb nə ediblər bilmirlər. Buna görə də cinayət işi açmadılar. Telman və Vüqar Sumqayıtda oğlunun yanına gediblər və oğlunun heç nədən xəbəri olmayıb və deyiblər ki, bacıların bizdən şikayət verib. Telman və Vüqar boyunlarına alıblar ki, Səmədi döyüblər. Oğlu bu olan hadisələri bildi və rayon Polis bölməsinə gedib ərizə yazdı. Aradan 15 il keçməsinə baxmayaraq Masallı rayon polis şöbəsi heç bir axtarış işi aparmır və sonuncu dəfə xx.xx.2022-ci il tarixdə oğlu barədə olan axtarış işini qanunsuz olaraq Masallı rayon Pokuroru ilə əlbir olaraq xitam etmişlər. Oğlunun birinci qrup Qarabağ əlili kimi pensiyasının kim tərəfindən alınması və həmin pensiyanın kim tərəfindən dayandırılması barədə AR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində DSMF-na müraciət olunmuş və onun hərəkətlərindən Bakı İnzibati məhkəməsinə şikayət vermişdir. Bakı İnzibati məhkəməsi xx.xx.2022 ci il tarixli qərardadı ilə oğlunun əmlakının idarə olunması üçün qəyyum və himayəçilik orqanı ilə müqavilə bağlanmasını bildirmişdir. Onlar tərəfindən cavabdehə müraciət olunmuş və cavabdeh 24 noayabr 2022-ci il tarixli məktubla imtina verərək məkəməyə müraciət olunmasını tövsiyyə etmişdir. Şirvan İnzibati Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 2-1(120)-1548/2023 saylı qərardadı ilə (Şahəli Musayev) iddia tələbi mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, iş üzrə qəbul edilmiş Şirvan İnzibati Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 2-1(120)-1548/2023 saylı qərardadının ləğv edilməsini və iddia ərizəsinin mümkün hesab edilərək baxılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini belə əsaslandırmış ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkün sayılmaması barədə qərardadı əsassızdır və qanunsuz olduğundan ləğv edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. İddiaçı nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixdə apellyasiya instansıyası məhkəmə iclasında izahat verərək bildirmişdir ki, mübahisələndirilən birinci instansiya məhkəməsinin qərardadı anasının yaşadığı ünvana gəlməmişdir. Ona görə də tutduqları vəkil qərarı özü gedib məhkəmədən almışdır. Bu səbəbdən iddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün müddəti ötürməmişdir. Məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə 20.3. Məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Maddə 135.5. bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Apellyasiya şikayətinin mümkünlüyünə dair məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını, əvvəlki prosesdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən apelyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, işinin ədalətli araşdırılmasını, eləcə də hüquq və azadlıqları pozulduğu halda məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu ehtiva edir. Bununla belə ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda məhkəmə müdafiəsi hüququnun, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Həmçinin qeyd olunmalıdır ki, Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarına verilmiş şikayətlərə (müraciətlərə) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən inzibati məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 2- 1(120)-1548/2023 saylı məktubundan görünür ki, Şirvan İnzibati Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 2-1(120)-1548/2023 saylı qərardadı İddiaçı rəsmi qaydada təqdim edilmişdir (iş vərəqi 51). İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Şirvan İnzibati Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 2-1(120)-1548/2023 saylı qərardadı xəbərnaməyə imza edilməklə xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir (iş vərəqi 52). İş materiallarında olan İddiaçı tərəfindən tərtib edilmiş apellyasiya şikayətindən görünür ki, həmin şikayət xx.xx.2023-cü il tarixdə tərtib edilərək xx.xx.2023-cü il tarixdə poçtla Şirvan Apellyasiya Məhkəməsinə göndərilmiş və həmin apellyasiya şikayəti aidiyyətı üzrə baxılması üçün apellyasiya instansiya məhkəməsi tərəfindən Şirvan İnzibati Məhkəməsinə göndərilmiş və Şirvan İnzibati Məhkəməsinin dəftərxanasına xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. (iş vərəqi 54-56). İddiaçı nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixdə apellyasiya instansıyası məhkəmə iclasında izahat verərək bildirmişdir ki, mübahisələndirilən birinci instansiya məhkəməsinin qərardadı anasının yaşadığı ünvana gəlməmişdir. Ona görə də tutduqları vəkil qərarı özü gedib məhkəmədən almışdır. Bu səbəbdən iddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün müddəti ötürməmişdir. Məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli sorğusuna cavab olaraq "xxxx" MMC-nin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-27-109-2/1845 saylı məktubunda göstərilmişdir ki, müraciətə əlavə olunmuş xəbərnamə blankı əsasında sistem üzərindən aparılan araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə X16 Filialının 3 saylı poçt şöbəsində qəbul olunmuş sözügedən məktub xx.xx.2022-ci il tarixində xidmət ərazisi üzrə ünvan 1 ünvanı üzrə çatdırılmışdır. Belə ki, Qızılağac PŞ-nin müdürinin yazılı izahatına əsasən İddiaçı adına göndərilən məktub alıcının nəvəsi X10 təqdim olunmuşdur. Əlavə olaraq bildirilir ki, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi qaydalarının 9.22-ci bəndinə əsasən “Fiziki şəxlərə ünvanlanmış sifarişli poçt göndərişləri, poçt göndərişlərinin çatdırılması haqqında sifarişli xəbərnamələr, qeydiyyatlı poçt göndərişlərinin, pul köçürmələrinin daxil olması haqqında təkrar bildirişlər ünvan yerində və ya poçt obyektində ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə, şəxsiyyəti təqdim edən sənəd verilməklə təqdim edilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 200 nömrəli telefonoqramdan görünür ki, xəbərnamənin göndərilməsini dəqiqləşdirmək məqsədilə Şirvan Apellyasiya Məhkəməsində məhkəmə iclas katibi vəzifəsində işləyən X14 tərəfindən İddiaçı nəvəsi X10 telefon vasitəsilə zəng edilmiş və zəngə cavab olaraq X13 bildirmişdir ki, o, xx.xx.2023-cü il tarixdə məktubu özü qəbul etmiş və həmin gün axşam məktubu nənəsinə vermişdir. İş materiallarında olan X10 dair şəxsiyyət vəsiqəsinin məlumatlarına dair “X2” edilmiş çıxarışdan görünür ki, X13 xx.xx.1992-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmış şəxsdir və yaşayış yeri üzrə qeydiyyatı Masallı rayonu, Qızılağac kəndidir. Hansı ki, İddiaçı adına göndərilən məktub alıcının nəvəsi olaraq X10 təqdim olunmuşdur. Yuxarıda qeyd edilən sübutlardan müəyyən olunur ki, Şirvan İnzibati Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 2-1(120)-1548/2023 saylı qərardadı 05 iyun 2023-cü il tarixli məktubla İddiaçı sifarişli poçt göndərişi ilə rəsmi qaydada təqdim edilmiş və həmin qərardad İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. İddiaçı tərəfindən həmin qərardaddan apellyasiya şikayəti verilmiş və həmin şikayət xx.xx.2023-cü il tarixdə Bakı MXŞ poçtuna verilmiş, səhvən birinci instansiya məhkəməsinə deyil, Şirvan Apellyasiya Məhkəməsinə göndərilmiş və həmin apellyasiya şikayəti aidiyyətı üzrə baxılması üçün apellyasiya instansiya məhkəməsi tərəfindən Şirvan İnzibati Məhkəməsinə göndərilmiş və Şirvan İnzibati Məhkəməsinin dəftərxanasına xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Yəni, iş materiallarında müəyyən olunur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti həmin qərarın rəsmi qaydada alındığı gündən 32 gün sonra məhkəməyə daxil olmuşdur. Başqa sözlə, verilmiş apellyasiya şikayəti, qanunla şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətdən 05 (beş) gün gec verilmişdir. Bununla da, cavabdeh Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85-ci maddəsində nəzərdə tutulmuş 10 günlük müddəti ötürmüşdür. Məhkəmə kollegiyasının mövqeyinə görə təqdimetmə qanunla nəzərdə tutulmuş formada tərtib edilən və həyata keçirilən bir hərəkətdir ki, bunun vasitəsilə ünvanlanan şəxsə hər hansı bir sənədlə bağlı münasibət bildirmək imkanı yaradılır. Təqdimetmə müvafiq sənədin onun ünvanlandığı şəxs tərəfindən alınmasının təsdiq olunmasına və müddətlərin hesablanmasına xidmət edir. Tərəflərə aid olan müddətləri isə qanunla nəzərdə tutulmuş müddətlərə və hakim tərəfindən təyin olunan müddətlərə bölmək olar. Qanunla nəzərdə tutulmuş müddətlər müddətin başlanması və davamının qanunla müəyyən edilməsi ilə səciyyələnir. Buraya, xüsusilə, iddia qaldırma müddətləri və şikayət vermə müddətləri aiddir. Qanunla müəyyən edilmiş müddətin axımı müvafiq qanundakı göstərişlər əsas götürülməklə başlayır. Əlbəttə ki, proses iştirakçılarına məhkəmə qərarları müxtəlif günlərdə təqdim edilərsə, onlar üçün müddət axımının başlanma anı müxtəlif ola bilər. Nəzərə almaq lazımdır ki, İnzibati Prosessual Məcəllənin 20.3-cü və 22.1-ci maddələrinə əsasən məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir və müddətin axımı təqdim edilmə anından başlayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə kollegiyası yuxarıda şərh olunan hüquq normalarının tələblərini hazırki işin müəyyən edilmiş faktiki halarına tətbiq edərək belə qənaətə gəlir ki, məhkəmənin yekun aktının iddiaçı (və onun yetkinlik yaşına çatmış nəvəsi) tərəfindən xx.xx.2023-cü ildə poçt vasitəsilə əldə edildiyindən (təqdim edildiyindən) və iddiaçı tərəfindən həmin qərardaddan verilmiş apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə Bakı MXŞ poçtuna və xx.xx.2023-cü il tarixində məhkəməyə daxil edildiyindən, iddiaçı apellyasiya şikayətinin verilməsi üçün 10 günlük prosessual müddəti ötürmüşdür. Onu da qeyd etmək lazımdır ki, İnzibati Prosessual Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Lakin, iddiaçı tərəfindən buraxılmış prosessual müddəti bərpa edilməsi ilə bağlı məhkəməyə ərizə təqdim edilməmişdir. Əksinə, əvvəl keçirilən məhkəmə iclasında iddiaçının nümayəndəsi mübahisələndirilən birinci instansiya məhkəməsinin qərardadının anasının yaşadığı ünvana gəlmədiyini, tutduqları vəkilin qərarı özü gedib məhkəmədən aldığını, bu səbəbdən iddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün müddətin ötürmədiyini bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı qaydada iddiaçıya hüquqi yardım məktubu ünvanlayaraq apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin üzrlü səbəbdən buraxıldığını təsdiq edən sübutları məhkəməyə təqdim edilməsi təklif edilmiş və bununla bağlı müddət təyin edilmişdir. Lakin iddiaçı tərəfindən təyin edilmiş müddət ərzində (məhkəmə iclasına kimi) apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsinin üzrlü səbəblərdən baş verməsini təsdiq edəcək hər hansı bir mötəbər sübut (sənəd) təqdim edilməmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də bir sıra qərarlarında yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsini yolverilən hesab etmişdir. X5rşı iş üzrə Qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəməyə əlçatanlıq hüququ mütləq deyil və dolayı şəkildə yol verilən məhdudiyyətlərə məruz qala bilər. Bu xüsusilə də şikayətin qəbuledilənlik şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarı ilə, həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan Dövlət tərəfindən tənzimlənmə tələb edir (Luordo İtaliyaya qarşı iş üzrə 2003-cü il 17 oktyabr tarixli Qərar). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadından apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüş və hüquqi yardım olunmasına baxmayaraq iddiaçı müddətin üzrlü səbəbdən buraxıldığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şirvan İnzibati Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 2-1(120)-1548/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və onun qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kasasiya şikayəti vermək olar. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar