Məhkəmə qərarları › İş №2-1(106)-373/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-373/2025

29.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-373/2025 29.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X2 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi ilə, Şirvan İnzibati Məhkəməsinin 05 fevral 2025-ci il tarixli, 2-1(120)-1035/2025 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı təkmilləşdirmə kursuna və sertifikasiyaya buraxılma öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, təkmilləşdirmə kursuna və sertifikasiyaya buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 05 fevral 2025-ci il tarixli, 2- 1(120)-1035/2025 nömrəli qərarı ilə iddianın qismən təmin edilməsi, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəliyin qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, X3 18 aprel 2024-cü il tarixli məktubunda iddiaçının ali və orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün müraciət etmədiyi və barəsində X4 (əvvəlki Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) tərəfindən hər hansı təhsil müəssisəsinə qəbul əmri verilmədiyi qeyd olunmuşdur. İddiaçının qeyd olunan dövrdə ümumiyyətlə ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak etməməsi bu istiqamətdə əlavə araşdırılmanın aparılmasını istisna etmişdir. Birinci instansiya məhkəməsi, ümumiyyətlə, öz qərarında iddiaçının ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak etməməsi faktına heç bir münasibət bildirməmişdir. Bununla da işin hallarının tam və hərtərəfli araşdırılması prinsipi elə məhkəmənin özü tərəfindən kobud surətdə pozulmuşdur. Bundan əlavə, işin faktiki hallarının tam və hərtərəfli araşdırılmadan əsassız olaraq inzibati orqanın üzərinə inzibati icraatın aparılması öhdəliyinin qoyulması məzmunca inzibati orqanın həmin qərardan zərər çəkdiyini göstərir. Prosessual məsələlər: İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsədə cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, iddiaçı isə gəlməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma: Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. -81.2. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. -87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. -87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. -90.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qeyd edilən normaların məcmusunun təhlili onu göstərir ki, icraatın bütün iştirakçıları kimi cavabdehə münasibətdə də şikayət verə bilmək hüququnun yaranması üçün qəbul edilmiş məhkəmə qərarı ilə onun tələblərinin təmin olunmaması halı baş verməlidir. Surətləri iş materiallarına əlavə edilmiş: -xx.xx.1996-cı il tarixli, 000024 nömrəli X1 “Qarabağ” Kollecinin Diplomunun təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 1994-cü ildə X1 Laçın rayonu “Qarabağ” kollecinə daxil olmuş və 1996-cı ildə həmin kollecdə tibb bacısı işi ixtisası üzrə tam kursu bitirmişdir. -Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Ağcabədi Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 18-1-23/3-1583/2024 nömrəli arayışından görünür ki, iddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Ağcabədi Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Hacıbədəlli kənd həkim məntəqəsində tibb bacısı işləmişdir. -0169075 nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndinə əsasən peşəkarlıq səviyyəsinin olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərarın qəbul edilməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının əmək fəaliyyətini davam etdirməsi üçün təkmilləşdirmə kursu keçməsi və sertifikasiyaya buraxılması tələb olunur. Lakin işdə olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-28/2-M-9358-4-9443/23 nömrəli məktubundan görünür ki, X1 Laçın rayonu “Qarabağ” kollecinin orta ixtisas tibb təhsil müəssisəsi hesab edilməməsi əsası ilə tibb işçiləri üçün nəzərdə tutulan təkmilləşdirmə kursu və sertifikasiyadan keçirilməsindən imtina edilmişdir. Həmçinin Azərbaycan Respublikası Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli, 3-29-68/2-2160/24 nömrəli məktubunda qeyd edilmişdir ki, sorğuda göstərilən 000024 nömrəli sənədin (diplom) dövlət nümunəli olmadığı müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı 000024 nömrəli X1 “Qarabağ” Kollecinin Diplomuna əsasən 23 ildən artıq müddət ərzində tibb bacısı kimi fəaliyyət göstərmişdir. Buna görə də həmin sənədin və ya dəlilin mötəbərliyinə əsaslı şübhələr olduğu halda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görməli idi. Beləliklə, hazırki iş üzrə birinci instansiyası məhkəməsi hesab etmişdir ki, inzibati orqan kimi cavabdeh ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə, digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab etmişdir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Odur ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Göründüyü kimi, hazırki mübahisə birinci instansiyası məhkəməsi tərəfindən mahiyyəti üzrə həll edilməmiş, inzibati məhkəmə icraatı iştirakçılarının, o cümlədən cavabdeh inzibati orqanın əleyhinə və ya ziyanına hər hansı məhkəmə qərarı qəbul olunmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən məzmunda qərar qəbul edilməsi inzibati məhkəmə icraatı iştirakçılarının, hazırki mübahisəyə münasibətdə cavabdehin ziyanına şərh oluna bilməz. Odur ki, cavabdehin birinci instansiyası məhkəməsinin hazırki qərarından apellyasiya şikayəti vermək hüququ istisna edilir. Bu baxımdan hazırki iş üzrə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və onun qəbulundan imtina edilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar